
ATURUN ÖVLADLARI
Azərbaycan xalqının formalaşma tarixi haqda faktlar
Müəllif: Leyla SƏBZƏLİ Bakı
Müəllif oxuculara hələ başa çatdırmadığı kitabından bir neçə fəsil təqdim edir. Kitab rəvayət, yəni tarixi publisistika janrında yazılır. Mətn xüsusi olaraq "Region plus"un formatına uyğun şəkildə ixtisarla təqdim edilib.
Bu alışqan, xüsusi qoxuya malik yağlı maye hərdən qırmızı-boz, hərdən də qararəngli olur. Çox nadir hallarda isə sarı-yaşıl çalarda və ya tamam rəngsiz olan bu maddə oksigen, kükürd, azot birləşmələrinin qarışdığı müxtəlif quruluşlu karbohidrogenlərin qatışığıdır. Onun yataqları torpağın çöküntü laylarında yerləşir.
Təbii sərvətlər planetin Böyük Yaradan tərəfindən insanın rifahı üçün bəxş edilmiş zənginlikləridir. Bu zənginlik təəssüf ki, dahi niyyətin əleyhinə bəzən heç də xoşbəxtlik gətirmir. Hərdən ona sahib xalqlar üçün uğura, bəzən də lənətə səbəb olur. Tez-tez bir xalqın başqa xalqlar üzərində dominantlığının arzulanan atributuna, dünya ağalığının kriteriyasına və yağlı tikə uğrunda savaşların başlıca səbəbinə çevrilir. İnsan neftlə tanışlıq anından ona "daş yağı", "odlu su", "torpağın qanı", "qara qızıl" kimi epitetlər verib. Çoxəsrlik tarix boyunca neft ibtidai insanın mağarada tüstülü alov üçün işlətdiyi vasitədən son iki yüz ildə bizim "mühərrik-benzin", kimya-texnoloji sivilizasiyamızın işlətdiyi maddəyə çevrilib. Karbohidrogenlər çağdaş iqtisadiyyatın güclü aləti və açarı, dünya siyasətinin strateji kozırıdır. Onun yataqlarının yaxınlığında sivilizasiyalar yaranıb, dövlətlər peyda olub və öz hüdudlarını dəyişiblər, dinlər yaranıb və məhv olublar.
Odlar Yurdu
Azərbaycanın adı, demək olar ki, belə tərcümə edilir. İlk öncə çağdaş azərbaycanlıların ulu əcdadlarından biri olan qədim albanların dilində səslənən Aturpatkan və Atura ölkəsi, yaxud od tanrısıdır. Və burada qəribə bir şey yoxdur! Minilliklər boyunca bütün Abşeron yarımadasında qaz və neft məşəlləri yanırdı. Alov burada məskunlaşmış xalqın uzun əsrlər boyunca həyatına və inancına çevrilib. Bu neft bölgəsinin tarixində taleyüklü rol oynayan başqa amil isə dəfələrlə önəmli tarixi və siyasi hadisələrin episentrinə düşməsi idi. Tarixi süjetin hadisələrlə zəngin olması və dinamikliyi hələ qədim zamanlardan dünyanın bir çox tarixşünaslarında maraq doğurub. Məhz alov Abşeron yarımadasının boynuna ən qədim mədəniyyətin, Zərdüşt atəşpərəstliyinin beşiyi, dünya neft və qaz ticarətinin mərkəzi olmaq yükünü qoyub. Bu həm də bütün tarixiboyu bölgənin bütün Qafqazın və eyni zamanda ona bitişik vilayətlərin iqtisadi, siyasi və mədəni inkişafına ciddi təsir göstərən regiona çevrilməsinə imkan yaradıb.
İş belə gətirib ki, Abşeron yarımadasının və Bakı şəhərinin tarixi elə ilk başdan ayrılmaz olaraq neftlə bağlı olub. Öz-özünə yanan təbii qaz məşəlləri və neft hələ çox qədim zamanlardan bu torpağı insan üçün cəlbedici edib. Davamlı yanması üçün kənardan heç bir dəstəyə ehtiyacı olmayan qaz alovu bu ərazilərdə ilk insan icmalarının yaranmasında böyük rol oynayıb. Və paleolit dövrünün insanı öz həyatını qorumaqla yanaşı, həm də ilkin mədəniyyət baxımından inkişaf etmək imkanı da qazanıb. Özü də bu başqa, daha çətin həyat şəraitində olanlara nisbətən yetərincə sürətli templərlə baş verirdi. Qobustan mağaraları bunun danışan sübutlarıdır. Üstündən min illər keçsə də, bu, ilkin insan məskəni qayaüstü təsvirləri ilə öz qədim sakinlərinin məişət və həyatından bəhs edir.
Müqəddəs Qobustan
Böyükdaş, Kiçikdaş, Cınqırdağ, Şonqardağ, Şıxqaya və s. bunlar Qobustan dağlarının adlarıdır. Bu adlar Xəzər torpağının hələ qədim tarixi dövrdən orta yüzilliklərə qədər olan dövrünü əks etdirən tarixi matrisalardır. Minlərlə qayaüstü təsvir - petroqlif var. Rəsmlərdən görünür ki, indi bitki örtüyü solğun olan bu çöllükdə bir vaxtlar böyük yaşıllıq var imiş. Bir növ cənnət məkanı, savanna ! Bitki örtüyü sıx olan bu yerlərdə quş dəstələri, heyvan sürüləri varmış. Ceyranlar - "Tanrı qoyunları", vəhşi keçilər, dağkeçiləri, kəllər, qabanlar, atlar, canavarlar, tülkülər, aslanlar, pələnglər, vaşaqlar yaşayırmış. Hətta Şimal genişliklərinin sakini olan marallar da burada çox imiş. Dənizdə isə balıq sürü ilə üzərmiş. Amma indi burada ilan və kərtənkələlərdən, nadir hallarda rast gəlinən kürən tülküdən və sünbülqırandan, eyni zamanda qayalarda təsvir edilmiş heyvan aləmindən qeyri heç nə qalmayıb. Qayaların arasında gizlənmiş tək-tük xırda ağaclar və kollar görünür.
Cansız mağaralar ibtidai insanların məskəni olub. Divarlarda müxtəlif rəmzlər, işarələr var: svastika, spirallar, üçbucaqlar, çevrələr, xaçlar, ulduzlar təsvir edilib. Mağaralarla yanaşı məzarlar - kurqanlar da var. Onların sayı qırxa qədərdir. Bir az aralıda nisbətən sonrakı çağların başdaşları yerləşir.
Rəsmlər qədim sakinlərin ov etməsindən və ilk sənətkarlıq nümunələrinin yaranmasından danışır. Əmək və ov alətləri düzəldən ilk silah ustaları və ilk dulusçular təsvir edilib. Hələ ki dəyirmi quruluşlu tikililərin inşaatçılarından və əkinçilərin birgə əməyindən bəhs edilir. Oynayan insanların qayaüstü rəsmləri ilkin insanların incəsənət aləmindən və onların ən qədim rəqs sənətindən danışır. Təsvir edilmiş rəqs bu gün də Azərbaycan məişətində bayram rəqsi kimi ifa olunur. Özü də təkcə azərbaycanlıların deyil, bu rəqs bütün Hind-Avropa xalqlarının mədəniyyətində var. Azərbaycanlılarda bu rəqsə "Yallı" deyirlər. "Yal" yemək deməkdir. Yəni bu, qədim insanların uğurlu ov rəqsidir.
Daşlar ox və nizələrlə silahlanmış qədim savaş amazonkalarından və bədəninə qəribə naxışlar döyülmüş sirli qadınlardan bəhs edir. Çox sayda sirlərin və gizlinlərin bu daş kitabələri iri avarlı gəmilərdə Günəşə bənzər böyük kürələr gətirən qədim dənizçilərdən bəhs edir. Rəsmlərdə əfsanəvi insana bənzər məxluqlar - ildırımsaçan titanlar da təsvir edilib. Bütün bunlar nə vaxtsa bu yerlərə tez-tez baş çəkən böyük səyyah Tur Heyerdalı heyrətə salıb. Ola bilər ki, o, sirlərin axtarışında imiş.
Qobustanda hər şey adamı heyrətə salır, qorxu və titrəmə yaradır. Hər şeydən öncə dağların özü. "Aşxana" adlanan iki qəribə görkəmli dağın zirvəsi sanki ülgüclə kəsilib. Cınqırdağ (Tanrılar Dağı) ilkin orta yüzilliklər dönəminə qədər qədim insanların mərasim yeri olub. Bura qədim sevgi ilahəsi Anannuya tapınma yeri olub, daha sonra ilahə Anahitə çevrilib. Zirvəsində iri daş parçasından düzəldilmiş "qavaldaş" yerləşdirilib. Çox qədimlərə aid bu musiqi alətinə toxunduqda səsi heyrətə salır və yüngülcə qorxudur.
Qaya süxurları üzərində ovulmuş "qazan" bu ilahəyə qurban verilməsi üçün nəzərdə tutulub. Qədim insanların bu qorxulu inanc yerinin adının energetikası belə adamı heyrətə salır. Qobustan?.. Bu bəlkə, "Q'əpüstan"dır - unudulmuş bu arxaik söz zalım ruhlarla və başqa şər əməlləri ilə bağlı dəhşətli yer mənasını verir...
Qədim salnaməçilər bizə ibtidai insanın ruh dünyasından və tapındığı ilk inanclarından xəbər verir. Onların əsas inancı od olub. Od həyat deməkdir. Burada, bu "istixana" şəraitində cücərən sivilizasiya inkişaf edərək, Cənubi və Şimali Qafqaz ərazilərinə yayılıb. Sonra isə Anadolu yaylasına, Yaxın və Orta Şərqin bir sıra ərazilərinə gedib. Abşeron nefti bu əraziyə çoxsaylı gəlmə xalqları da cəlb edib, nəticədə, onlar burada məskunlaşaraq bu xalqın bir hissəsinə çevriliblər. Bu etnoloji kokteyldə yeni etnos yaranıb, sonucda Azərbaycan xalqı anlayışı formalaşıb.
Sirli Xəzər
Çox qədim zamanlarda Qulzumdənizin sahillərində məskunlaşmış sirli gəlmə tayfalar - kasplar və ya kaspilər bu ərazilərdə dövlət yaradıblar və bu xalqın adı altında sonradan dövlət - Kaspiana formalaşıb (bizim eradan əvvəl IX-VIII əsrlər). Bəlkə dəniz də "Kaspi" adını qədim gəmiqayıranların və igid dənizçilərin şərəfinə qazanıb. Əfsanəvi Kaspiana haqqında yazılı məlumatlar, demək olar ki, qalmayıb. Sadəcə, sonrakı abidələrdə nə vaxtsa Xəzər dənizi sahillərindən Daşkəsənin dağ ətəklərinə qədər və Kür - Araz ovalığı boyunca belə bir dövlətin olduğu xatırladılıb. Amma kasplar haqqında xeyli məlumat qalıb.
Amma bu məlumatlar, əsasən, indiki Azərbaycan və Dağıstan ərazisində yaranmış Qafqaz Albaniyası dövlətinin zamanına aiddir. Kasplar haqqında antik və Şərq tarixçiləri də yazıblar, onların arasında rodoslu Apollonini və Polibini, bizanslı Stefanı və Strabonu, Plinini və Ptolemeyi, əl-Məsudini və əl-Müqəddəsini, həmçinin çox sayda başqalarını göstərmək olar. Kaspiya məşhur Bisütun yazılarında Atropatenanın 23 satraplığı arasında yer alır. Bu sirli tayfa haqqında zərrə-zərrə yığılmış tarixi məlumatlar bizə əcdadımız olan bu unudulmuş xalqı təsvir etməyə imkan yaradır. Həyatın müxtəlif sahələrində - aqronomluqdan tutmuş kimyaya, tibbə və astrologiyaya, astronomiyaya və dəniz naviqasiyası vərdişlərinə qədər biliklərə sahib kaspilər yeni dövlət qurumunun - Qafqaz Albaniyasının (eradan əvvəl 4-3-cü yüzillik) tərkib hissəsinə çevrilərək, dövlət quruluşlarını itiriblər; amma Albaniya xalqları üçün həmişəlik avtoritetə çevriliblər, yeni milli icmanın mədəni və ruhi özəyi olublar. Bu tayfa ari birləşmələrinin inkişafına yetərincə önəmli təsir göstərib.
Alban əlifbasının yaranmasında qədim kaspilərin rolunun olması da istisna edilmir. Magiya ritualistikasının və simvolikanın - zikkuratların, svastika işarələrinin, ayparanın, Sirius ulduzunun yaranmasında da kaspilərin kosmoqonik düşüncəsinin rolu da istisna edilmir və bunlar daha sonra insanlıq tarixinin ilk odlu dini bəyanının - zərdüştiliyin özülünə çevrilib. İş elə gətirib ki, məhz bu ulduz və aypara aradan minilliklər keçəndən sonra Azərbaycan Respublikasının bayrağını bəzəyib.
Hamıdan gizli saxladıqları biliklərdən istifadə edən kaspilər irriqasiya ilə məşğul olublar (qədim suvarma sisteminin qalıqları indi də Abşeronda və Muğan çölündə qalmaqdadır). Onlar görünməmmiş miqdarda taxıl və meyvə bitkiləri becərir, yeni heyvan cinsləri yetişdirirmişlər. Kaspilərin xidmətləri sırasında adı tarixə düşmüş kaspi atlarını göstərmək olar. Onlar toxuculuq sənətini bilirmişlər, kətan və yun parçalar, xovsuz xalçalar toxuyurmuşlar. Daşkəsən ətəklərindən dəmir filizi çıxarırmışlar. Tökmə və dəmirçilik işini bilirmişlər, dəmir baltalar, kotan üçün gavahınlar, silah düzəldirmişlər. Məbədlər və şəhərlər tikirmişlər.
Gildən, saxsıdan, bürüncdən, rəngli şüşədən yüksək bədiyyatlı əsərlər yaradıblar, keramika üzərinə incə, demək olar ki, torabənzər ağ həndəsi naxışlar salıblar. Onları günəş, ay, svastika işarələri ilə, ulduzlarla, həyat ağacı ilə, bəzən qoç və öküz başı ilə, bəzən də piktoqrafik yazılarla bəzəyiblər. Kaspilər zərgərlik sənətində də uğur qazanıblar, gümüş və qızıldan bahalı daşlar istifadə etməklə nəfis bəzəklər düzəldiblər. Kaspi mədəniyyətinin bəzi inciləri ilə Azərbaycanın tarix muzeylərində də tanış olmaq mümkündür.
Öz evlərini kaspilər əvvəlcə ağacdan və çiy kərpicdən, daha sonra isə bişmiş kərpicdən və yerli əhəng daşından tikirmişlər. Qədim dəfn materiallarından görünür ki, kaspilər, demək olar ki, eyni cür geyinirmişlər. Kişilər kətan və ya yun köynəyin üstündən xəz arxalıq geyinirmişlər. Keçə, ya da qoyun və keçi dərisindən papaq qoyurmuşlar. Qışda yapıncıya bənzər yun plaşa bürünərmişlər. Qadınlar da köynəyin üstündən arxalıq geyinirmişlər. Varidatdan asılı olaraq özlərini çox sayda əqiq, lazurit və sümük muncuqlarla bəzəyirmişlər. Mis, bürünc, gümüş və qızıl bəzəklər taxırmışlar. Kişilər və qadınlar əllərində və ayaqlarınada metal bilərziklər gəzdirirmişlər. Kosmetikadan da istifadə olunurmuş - gözlərə və qaşlara çəkilən sürmələr, ətirli yağlar və s. Sonradan çoxmillətli dövlətdə assimilyasiyaya uğrayaraq, ümumi dəbə uyublar.
Bacarıqlı gəmiqayıran olan kaspilər dəfələrlə fars hökmdarları tərəfindən donanma tikintisinə cəlb olunublar; bu barədə Bisütun yazılarında məlumat verilir. Yaxşı dənizçi olduqlarından, yalnız ölkə içində deyil, ondan kənarda da fəal alış-verişlə məşğul olublar. Gözəl kaspi mallarına Hindistanda da, Xarəzmdə də, Yaxın Şərq ölkələrində də, Şimaldakı rus torpaqlarında da rast gəlmək olardı. Kənd təsərrüfatı malları, dəri və yun əşyalar, yumşaq şərablar və qurudulmuş qırmızı balıq, balıq qovuqlarından bişirilmiş yapışqan, qab-qacaq və zərgərlik əşyaları alveri ilə məşğul olublar. Bu sıraya atları və dəmir silahları, boyaqotundan bişirilmiş qırmızı boyanı, dərman bitkilərindən alınmış şəfaverici içkiləri, balıq yağını və nefti, həmçinin ağ Abşeron əhəng daşlarını da aid etmək olar. Kaspiləri Abşeron ərazisinin ilk neftçiləri də adlandırmaq olar.
Kaspilərin qədim bilikləri sırasına "napata" adlandırdıqları neftin çıxarma üsulları da daxil idi. Onlar nefti karxana üsulu ilə neftli qumlardan alırmışlar. Kaspilər neftdən istifadə etməyi də bacarırmışlar. Bitum və asfalt istehsalından xəbərdar olan kaspilər evlərinin üzərini bitumla örtərək ona "qır" deyirmişlər. Öz məskənlərinin, daha sonra isə şəhərlərinin küçələrinə asfalt tökürmüşlər.
Bu adətlər indiyə kimi yaşayır, Bakı evlərinin damına qır tökmək adəti, görünür, bizlərə qədim kaspilərdən qalıb. Onlar neftin müalicəvi xassələrindən də xəbərdar olublar. Ondan yaraların və xoraların, sümüklərin müalicəsində istifadə ediblər. Mədə ağrıları zamanı neft qatranı - "saqqız" çeynəyirmişlər. Neftin qatışıqlardan zəif də olsa təmizləmə üsullarından da xəbərdar olublar. Rəssam və musiqiçi (muğamın yaradıcısı), şair və filosof olmaqla yanaşı, kaspilər həm də döyüş sənətindən yaxşı baş çıxarırmışlar : onların Makedoniyalı İsgəndərə qarşı necə döyüşdüklərini, eləcə də Kserksin Elladaya yürüşlərində iştiraklarını Herodotdan öyrənmək olar.
Yunanların "maq" adlandırdıqları kaspi kahinləri "muğlar" başqa biliklərlə yanaşı, magiyanın sirlərinə də vaqif olublar. Onlar ekstrasensor qabiliyyətlərə malik idilər. Qanı danışdırmağı, alətsiz cərrahiyyə əməliyyatları (perstorez) etməyi bacarırdılar, hipnoz vərdişlərinə sahib idilər. Müdrik və öncəgörücü idilər. Kahinlər tayfası olan muğlar öz biliklərini cahillərdən səylə gizlədərək ayrıca ərazilərdə - indi də adını min il əvvəl olduğu kimi qorumuş Muğanda yaşayırdılar.
Həyat yolunu başa vurmuş soydaşlarını kaspilər əvvəllər kərpicdən, sonrakı dövrlərdə isə daşdan düzəldilmiş kurqanlarda dəfn edirmişlər. Bu uzaq yol səfərində onları lazım olan hər şeylə - ev əşyaları, ritual təsvirləri olan qab-qacaq, yemək, heyvanlar, əmək alətləri və silahla təmin edirmişlər. Bəzi hallarda qadın və qulluqçularını da özləri ilə birgə dəfn edirmişlər. Bu zaman məzara çox sayda muncuq və ulduzlara bənzər başqa parıltılı əşyalar da səpirmişlər. Məzarların yanında daş üzərində çuxurlar - boşqablar yaradaraq içərisinə gil sürtürmüşlər, anım günlərində onu nəzirlə doldururmuşlar. Qurban heyvanlarını da orada kəsirmişlər və qanını novla həmin çuxura doldururmuşlar.
Kaspilər türk qrupuna aid dildə danışırmışlar. Bu arealın indiki irandilli və Hind-Avropa qrupuna aid, bu bölgəyə daha gec gəlmiş əhalisi olan - talışların kaspilərə birbaşa etnoloji bağlılığı yoxdur. Əks halda, bu xalqın yaddaşında kaspi mədəniyyətinə aid nəsə qalmış olardı. Bəs onda kaspilər Abşerona haradan gəliblər? Bu məsələ ilə bağlı yetərincə çoxlu versiya var. XIX yüzilliyin məşhur tarixçisi və qafqazşünası İ.Şopen iddia edirdi ki, kaspilər sağ qalmış atlantlardır. O hesab edirdi ki, əfsanəvi Atlantidanın qurtulmuş sakinləri aşağıdakı marşrutla hərəkət ediblər: Xəzər ətrafından Mesopotomiyaya, oradan Sinay yarımadasına və Nil vadisinə gediblər. Ekstremallığı nisbətən zəif olan versiyalar da var: kaspilər - şumerlərdir.
Şumerlər
Şumer-Akkad sivilizasiyası. Mesopotomiya sakinlərinin çiçəklənən yüksək inkişaflı sivilizasiyası. Bu insanlar bir çox biliklərin və bacarıqların, dünyanın bir çox dinlərinə, o cümlədən, zərdüştiliyin və üç İbrahimi dininə hopmuş kosmoqonik düşüncənin daşıyıcıları idilər. Onların beş min ildən çox mövcud olan sivilizasiyası elə bir an gəlib ki, yoxa çıxıb. Qismən sami tayfalarının mühitində əriyən bu sivilizasiya Bibliya etnosunun başlanğıcına təkan verib. Öz ərazilərindən müxtəlif istiqamətlərə bir qədər aralanan bu tayfalar yolları üzərində müxtəlif başqa etnoslara da başlanğıc veriblər. Dünya bu barədə ilk dəfə Assuriya hökmdarı Aşşurbanipalın kitabxanasında tapılmış cədvəldən xəbər tutdu. Orada hansısa "gizli şumer sənədlərindən" danışılırdı. 1852-ci ildə Fərat çayının aşağı axarlarında arxeoloji təqdiqatlara başladılar və… bu, dünyaya Assuriya-Babil sivilizasiyasından xeyli qabaq mövcud olmuş bir sivilizasiyanı bəxş etdi. Bu sivilizasiya öz 25 min illik tarixini dünyaya bəlli olmayan dildə yazılmış gil lövhələrdə qoyub getmişdi. Bu sivilizasiyanı şumer sivilizasiyası da adlandırırlar. Və yalnız sonradan açılmış gil mətnlərdən aydın oldu ki, şumer adlandırılan adamlar özlərinə "saq-nqiq" deyirmişlər ki, bu da həmin qədim dildən tərcümədə "qara baş" demək imiş.
"Qarabaşlar...
Təkərin və təqvimin, əlifbalı yazının və pulun ixtiraçılarıdır. Dulus dəzgahı, uşaqların məktəblərdə oxuması, toxuculuq aləti və əczaçılıq da onların işidir. Bişmiş kərpici, poladı, sorğu kitabçalarını və kitabxanaları da onlar yaradıblar. Əkinçilik, yarımköçəri heyvandarlıq, gəmiçilik və şüşə onların icadiyyətidir. Alkoqollu içkiləri, o cümlədən pivəni və üzüm şərabını onlar kəşf ediblər, hüquq, onluq say sistemi və vergi anlayışını da ilk dəfə onlar tətbiq ediblər. Dəmirçi körüyü, həndəsə, saat, ordu, mətbuat, gigiyena!.. Uzun-uzadı sadalamaq olar. Bilik səviyyəsi indiki bəşəriyyətdən azacıq geri qalan toplumu təsvir etmək elə də mürəkkəb iş deyil. Bu sivilizasiyanın ali riyaziyyat və astronomiya, kimya və tibb, botanika və zoologiya, coğrafiya və geologiya kimi elmlərdən xəbəri olub. Onlar "qızıl kəsik" prinsipindən və uçan aparatların quruluşlarından da xəbərdar olublar. Günəş sisteminin quruluşu, incəsənət, fəlsəfə, psixologiya anlayışları onlar üçün aydın olub. Bu ekstrasenslər və maqlar sivilizasiyası zərif materiyanın mövcudluğundan məlumatlı imiş. Günəş işığının yer üçün qiymətini də bilirmişlər. Bu sivilizasiyanın məqsədi cəmiyyətdə və dünyada sülh olub. Onlar iddia edirdilər ki, öz biliklərini və bacarıqlarını tanrılardan alıblar.
Şumerlər qədim Azərbaycan ərazisində necə peyda olublar? Müxtəlif ehtimallar irəli sürmək olar. Mümkündür ki, miqrantların bir hissəsi Ön Asiya və Cənubi Qafqaz ərazilərində məskunlaşıb. Qədim zamanlarda, təxminən, bizim eradan əvvəl 3-2-ci minilliklərdə çağdaş Azərbaycan ərazisində yaşayan soyların Şumer-Akkad dövləti ilə əlaqələri olub. Həm də tez-tez olub. Hətta Şumer-Akkad çarlığı bu ərazilərdən olan qutey və lullubəy soylarının birləşməsi tərəfindən işğal edilib. Bütöv yüz il boyunca! Yəni mümkünsüz heç nə yoxdur. Özü də şumerlər Azərbaycan ərazilərində olmaları barədə maddi dəlillər qoyublar. Onların sayı kifayət qədər çoxdur! O qədərdir ki, adam bilmir bu barədə nə düşünsün.
Antropoloji olaraq şumerlər böyük hind-ari irqinin kiçik qolunu təşkil ediblər. Alimlər onları kavkasionlara aid ediblər. Şumerlər kətan köynəklər üzərindən xəz arxalıq geyiniblər. Keçə, qoyun və keçi dərisindən papaqlar qoyublar. İlin soyuq vaxtlarında yun bürüncəkdən istifadə edirmişlər. Qadınlar da eyni cür geyinirmişlər, əqiq, lazurit, sümük muncuqlar taxırmışlar. Qızıl bəzəklər də istifadə edirmişlər. Gözlərə və qaşlara sürmə çəkirmişlər, ətirli yağlardan istifadə edirmişlər. Qadınlar və kişilər doğuşdan ölümə qədər geyimin altında bellərinə (zərdüştilərin "kuşti" kəmərinə çox oxşayan) müqəddəs saydıqları iki çiçəkdən hörülmüş kəndir bağlayırmışlar.
Döşlərində pektoral, əllərində və ayaqlarında metal qurşaqlar daşıyıblar. Bəllidir ki, şumerlər neft çıxarılması texnologiyası ilə yaxından tanışdırlar və onu müxtəlif məqsədlər üçün istifadə etməyi yaxşı bacarıblar. Evləri və məbədləri yanan neftlə işıqlandırıblar. Yanar qatışıq kimi onlardan hərbi məqsədlə də istifadə ediblər. Neftin müalicəvi xassələrindən xəbərdar olublar. Onu müxtəlif qatışıqlarla qarışdıraraq dəri xəstəliklərini sağaltmaq üçün sürtkülər əldə ediblər. Neftlə xəstə oynaqları sağaldırmışlar, mədə ağrılarını isə neft qatranından düzəldilmiş həblərlə sağaldırmışlar. Qədim həkimlər həbləri saqqız kimi çeynəməyi buyururmuşlar. Neft tikintidə də istifadə olunurmuş. Nefti şumerlər neftli qumlardan mədən üsulu ilə əldə edirmişlər.
Dəfn mərasimi barədə, hətta danışmağa belə dəyməz. Bu barədə yuxarı - kaspilərin dəfn ənənələrinə baxmaq yetərlidir. Bəlkə də bu, adi uyğunluqdur və ona görə də arqument saymaq olmaz. Mümkündür, amma istənilən halda görəsən bu necə baş verib?..
(Ardı var)
MƏSLƏHƏT GÖR: