14 Mart 2025

Cümə, 21:45

"BAL AYI"ndan SONRAKI ACI İL

Barak Obamanın ABŞ prezidenti postunda "Bəli, biz bacaracağıq!" şüarını reallaşdırmaq üçün hələ vaxtı var

Müəllif:

01.12.2009

ABŞ-da, həmçinin ondan kənarda, Barak Obamanın - seçkiqabağı kampaniyasını "Yes, we can!" - "Bəli, biz bacarırıq!" şüarı ilə aparmış prezidentin Ağ evə rəhbərliyə başlamasının 1 ilinin yekunları müzakirə olunur. Həmin vaxt Obamanın reytinqi həm ABŞ daxilində, həm də ondan kənarda bütün rekordları sındırmışdı. Seçki ərəfəsində əksər sorğuların İllinoysdan olan demokrat senatorun (vitse-prezidentliyə namizəd Cozef Baydenlə birlikdə) birmənalı lider olduğunu göstərməsinə baxmayaraq, siyasi və nəzəri hesablamalar onun əleyhinə idi. 11 Sentyabr faciəsindən 7 il sonra, İraq və Əfqanıstanda gedən müharibələrin fonunda "müsəlman" adı daşıyan, hətta bir neçə il müsəlman məktəbində təhsil almış namizədin qələbə şansları o qədər də ciddi görünmürdü. 

Üstəlik, hələ də White only - "Yalnız ağlar üçün" şüarına əsaslanan nəslin yaşadığı ABŞ-da qaradərili siyasətçinin prezident seçiləcəyi də inanılmaz görünən daha bir məqam idi.

Nəticələr isə tam əksini göstərdi: Amerikanın tarixində ilk qaradərili prezident 2025, onun respublikaçı rəqibi Con Makkeyn isə cəmi 1517 seçici dəstəyi aldı. 

Obamanın inauqurasiyası günü onu seçicilərin düz 83%-i dəstəkləyirdi.

Əslində, Obamanın prezidentliyinin 1 ili hələ tamam olmayıb: ABŞ prezidenti səlahiyyətlərinin icrasına 2009-cu il yanvarın 20-də başlayıb. Birləşmiş Ştatlarda noyabrın ilk bazar ertəsindən sonrakı gündən etibarən, ənənəvi olaraq, yeni dövlət  başçısının inauqurasiya mərasiminin keçirildiyi 20 yanvaradək olan dövr qalibin "bal ayı" sayılır. Lakin "The New York Times" qəzetinin İllinoysdan olan senatorun qələbəsinin səhəri gün yazdığı kimi, "Obamanın arxayınlığa vaxtı yox idi". "Barak Obamayadək heç kim Ağ evin dairəvi kabinetinə bu qədər ağır sınaqlar dövründə rəhbərlik etməmişdi; bu məqamı vətəndaş müharibəsi öncəsi Linkolnun və ya nəhəng depressiya dövründə Ruzveltin hakimiyyətə gəlişi ilə müqayisə etmək olar. Prezident seçilmiş 47 yaşlı senator iki müharibə aparmalıdır - ölkəni terrorçulardan qorumaq və çətin iqtisadi problemləri həll etmək", - deyə qəzet yazır.

Obama seçkiqabağı kampaniyası dövründə də birbaşa bəyan etmişdi ki, o, iqtisadi böhranı aradan qaldırmaq, İraq müharibəsini başa çatdırmaq, Quantanamo bazasındakı həbsxananı bağlamaq, tibbi yardım və sığortanı hər kəs üçün açıq etmək fikrindədir. Ondan real dəyişikliklər və "ənənəvi elita" ilə sərt mübarizə gözləyirdilər. 

Qeyd olunanlarla yanaşı, Obama "erməni soyqırımı"nı tanımağı və Ermənistana hərbi yardımı artırmağı da vəd edirdi.

Çoxlarının qeyd etdiyi kimi, Barak Obamanın prezident seçilməsindən bir il sonra onun reytinqi 83%-dən 52-53%-ə enib. Bu gün ABŞ-da Avropa sistemi ilə (məlum olduğu kimi, amerikalılar hər ştatda partiyaların seçici siyahısına səs verir və prezidenti həmin seçicilər müəyyənləşdirir) prezident seçkisi keçirilsəydi, əlbəttə ki, bu nəticə ilk turda qələbəni təmin edərdi. Lakin eyni zamanda, çoxlarının fikrincə, Obamanın bugünkü reytinqi İkinci Dünya müharibəsindən sonra Ağ evə rəhbərlik etmiş şəxslər arasında ən aşağı reytinqlərdən biridir.

Obama İraqdan qoşunların çıxarılması və Əfqanıstanda situasiyanın normallaşdırılmasına dair vədlərinə əməl edə bilməyib. Quantanamodakı həbsxananın bağlanması prosesi də dayanıb. 

Üstəlik, yeni prezidentin qələbəsinin birinci ildönümü Texasdakı hərbi bazada yaşanan faciə ilə üst-üstə düşdü - hərbi psixoloq, mayor Malik Həsənin insanları güllələməsinin planlı şəkildə təşkil edilmiş terror aksiyası olması tamamilə mümkündür.

Əlbəttə ki, ABŞ-da seçkiqabağı vədlərlə real siyasət arasında müəyyən uyğunsuzluğun olmasına vərdiş ediblər. Digər tərəfdən, belə bir fikir də var ki, Barak Obama ilə həddindən artıq, özü də bəzən reallaşması mümkün olmayan ümidlər bağlanırdı; odur ki, məyusluğun həcmi də az olmayacaq. Amma Obama, artıq Rusiya analitiklərinin də etiraf etdiyi kimi, iqtisadi böhranın öhdəsindən gələ bilib. Artıq ABŞ iqtisadiyyatında bərpa prosesi başlayıb. 

Bəziləri etiraz edə bilərlər ki, situasiyanın dəyişməsi, guya heç də administrasiyanın fəaliyyəti ilə əlaqədar deyil. Amma statistika işgüzar fəallığın artdığını və alıcı marağının yüksəldiyini göstərir. Üstəlik, hələ Böyük Depressiya dövründən bir məqam da hər kəsə bəllidir: heç də bütün bazarlar özü-özünü tənzimləyə bilmir.

Hazırkı administrasiya, faktik olaraq, bank sistemini də dirçəldib. Amerikanın avtomobil sənayesindəki tənəzzülün qarşısı alınıb, kiçik biznesə ciddi dəstək göstərilir. Obamanın prezident seçilməsinin birinci ildönümü ərəfəsində ABŞ-da "həftənin qəhrəmanı" adı işsiz gəncə verilib. O, böhranın tüğyan etdiyi dövrdə ABŞ-ın 50 ştatını gəzib və hər ştatda özünə müvəqqəti - birhəftəlik iş tapıb. Onun tapdığı işlər ən nüfuzlu və rahat əmək olmasa da, hər halda real iş yerləri olub.

Ekspertlər etiraf edirlər ki, Obama qarşısına qoyduğu əsas vəzifə - nazirlər və idarə rəhbərlərini birləşdirmək, dəqiq və razılaşdırılmış qərarlar qəbul edəcək vahid komanda yaratmağın öhdəsindən gələ bilib. Ən başlıcası isə o, özəl sektoru məsuliyyətli bölüşməyə məcbur edib: "bonuslara qarşı müharibə" çoxlarının yaddaşından uzun müddət silinməyəcək.

Lakin indiyədək Obamanın əsas vədi heç cür reallaşmır. Söhbət çoxlarının etiraz etdiyi məsələdən - tibbi sığorta sahəsində islahatlardan gedir. Yalnız sığorta şirkətləri deyil, hətta "orta sinfə" aid olan bir çox dairələr də buna qarşı çıxır. Onlar özlərinə məxsus "sığorta limiti"ni Obamanın təklif etdiyi islahatlarla razı olan, pulsuz tibbi yardım əldə edəcək şəxslərlə bölüşmək istəmirlər. Obamanın əleyhdarları onu, az qala, "sosializm"də ittiham edirlər. ABŞ-da isə bu, siyasi söyüş sayılır. 

Üstəlik, səhiyyə sahəsində islahatların çətinliyi, hətta Obamanın ən sadiq tərəfdarlarını da əsəbiləşdirir.

Xarici siyasətin amerikalı seçici üçün xüsusi maraq kəsb etmədiyini vurğulamaq lazımdır. Lakin o da məlumdur ki, vaxtilə Corcianın qubernatoru olmuş Cimmi Karter ABŞ prezidenti Cerald Fordu məhz xarici siyasətə dair ritorika ilə üstələyə bilmişdi. Ronald Reyqan da inanılmaz populyarlığına görə, xarici siyasətdəki uğurlarına borcludur. Onun vitse-prezidenti olmuş böyük Buşun seçkidə qələbəsi də bu məqamla əlaqədar olub.

Har halda, Obamanın qələbəsi ilə çoxları ətraf aləmin ABŞ-a münasibətinin dəyişəcəyinə ümid edirdi. Axı kiçik Corc Buşun 8 illik prezidentliyi dönəmində dünyada antiamerika əhvalı özünün pik həddinə çatmışdı. Üstəlik, Obama prezidentlik uğrundakı yarışda müsəlmanlar, afrikalılar, Cənubi Asiya sakinləri (o, bir neçə il İndoneziyada yaşayıb) üçün digər rəqibləri ilə müqayisədə daha "doğma" idi/. İllinoysdan olan senator gərginliyi azaldacağına, İrana "yeni yanaşma" tapacağına dair vədlər verir, Buşun HHM sistemi ilə əlaqədar planını tənqid edir, Yaxın Şərq probleminin həllində irəliləyişə nail olacağını bildirirdi.

Çoxlarının fikrincə, Obamanın Qahirə Universitetindəki çıxışı müsəlmanlara çoxdan gözlənilən mesaj idi. Üstəlik, ABŞ-ın müsəlman dünyasında imicinin yaxşılaşdırılmasına yönəlmiş yeni strategiyasını görməmək mümkün deyil: bəzi analitiklər, hətta Hillari Klintonun Kazana səfərinə də eyni mövqedən yanaşırlar. 

Bütün bunlarla yanaşı, ABŞ-ın heç bir prezidenti indiyədək Ağ evə rəhbərliyə başlamasından bir il keçməmiş Nobel mükafatı əldə edə bilməyib. Amma əksər analitiklər Obamanın bu mükafatı avans kimi aldığını düşünür. Hər halda, onun xarici siyasətdə hansısa xüsusi uğurlar qazandığını söyləmək mümkün deyil. Yaxın Şərqdə hələ hər hansı irəliləyiş, təəssüf ki, yoxdur: dövlət katibi Hillari Klintonun Misirə səfərindən sonra isə Ərəb Dövlətləri Liqası Vaşinqtonun Yaxın Şərq probleminin həllində göstərdiyi səylərin heç bir müsbət nəticə vermədiyini bəyan etməli olub. 

İranla danışıqlar da hələ ki heç bir nəzərəçarpacaq nəticə verməyib. Rusiya ilə münasibətlərdə "yeniləşmə"yə dair vədin də son dərəcə uğurlu alındığını söyləmək olmaz. 

Buşun dəstəklədiyi HHM sistemi proqramından imtina isə Polşa və Çexiyanı məyus edib və onların ABŞ-a etibarına xələl gətirib. Özü də bu heç Moskvanı da tam sakitləşdirməyib: Rusiya ABŞ-ı qıcıqlandırmaq üçün, hətta Qəddafi və Çaves kimi şəxslərdən də istifadə etmək imkanını əldən vermir.

Bütün bunlarla yanaşı, seçkidən keçən 1 il son nəticələr və uzağa gedən proqnozlar səsləndirmək üçün hələ çox tezdir. Obamanın yaxın zamanlarda situasiyanı dəyişəcəyini də istisna etmək olmaz. 

Unutmaq lazım deyil ki, qlobal xarakterli siyasi təşəbbüslərin bir ilə reallaşdırılması, heç də həmişə mümkün olmur.


MƏSLƏHƏT GÖR:

589