25 Dekabr 2024

Çərşənbə, 20:23

BİR DAM ALTINDA

Gimnastika üzrə birləşmiş çempionat Azərbaycan idmançılarının iddialı olduqlarını təsdiqlədi

Müəllif:

10.03.2015

Bakıda gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı keçirilib. İlk dəfə azarkeşlər eyni zalda bütün növlər üzrə gimnastların çıxışını izləmək imkanına malik olub. Çempionat Avropa Oyunlarına test xarakteri daşımaqla yanaşı, həm də gimnastika tarixində yeni səhifə açdı. 

"Bu çempionatın əsas xüsusiyyəti Avropa Oyunlarının formatında keçirilməsidir. Yarışlar gimnastika tarixində ilk nümunə olacaq, həmçinin aerobika və akrobatika gimnastlarının bədii gimnastlarla bərabər, idman gimnastlarının isə batutçularla bərabər eyni məkanda mübarizə aparmaları üçün gözəl fürsət olacaq", - deyə Azərbaycan Gimnastika Federasiyasından bildiriblər. 

Sirr deyil ki, Avropa Gimnastika İttifaqının rəhbərliyi analoji yarışın keçirilməsinin tərəfdarı olduğunu dəfələrlə söyləyib. Çünki məhz bu amil azarkeşi, eyni zamanda, gimnastikanın növləri arasından seçim etməyə imkan verir. 

22 ölkənin yarışdığı Azərbaycan çempionatında 6 gimnastika növü - 4-ü olimpiya, 2-si qeyri-olimpiya növü - təmsil olundu. İştirakçılar bədii gimnastika, kişi və qadın idman gimnastikası, aerobika, akrobatika, batutdan tullanmada medallar uğrunda mübarizə apardı. 

Azərbaycan gimnastları Oleq Stepko və Kristina Pravdina çoxnövçülük üzrə qızıl medala layiq görüldülər.

Azərbaycanın ikinci komandası açıq Azərbaycan çempionatında bədii gimnastika üzrə çoxnövçülüyün qrup yarışlarında bürünc medal qazandı, Rusiya birinci, Fransa isə ikinci oldu. Azərbaycanın birinci komandası dördüncü yerdə qərarlaşıb.

Akrobatika üzrə qarışıq cütlüklərin yarışında birlikdə çıxış edən azərbaycanlı gimnastlar Ulyana Dyakova və Anatoli Leonov kombinasiyalı tapşırıqların yekunu üzrə finalda üçüncü olublar. Qızıl medalları Bolqarıstan təmsilçiləri, almaniyalı cütlük isə gümüş qazanıb.

Turnirin favoriti Marina Durunda çoxnövçülükdə gümüş medal qazanıb. Qızıl medalı titullu Rusiya gimnastı Yana Kudryavtseva qazanıb, bürünc isə Azərbaycanın digər idmançısı - Gülsüm Şəfizadəyə qismət olub. 

Durunda həm də halqa ilə tapşırıqda turnirin bürünc mükafatçısı olub. Birinci yeri Yana Kudryavtseva, ikinci yeri isə gürcüstanlı Salome Pajava tutub. Ümumilikdə, 5 dəfə fəxri kürsüyə çıxan Durunda lentlə yarışların finalında dünya çempionu Yana Kudryavtsvenanı üstələyərək qızıl medala layiq görüldü. 

Qadınlar arasında akrobatika üzrə qrup yarışmalarının təsnifatında Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət Azərbaycan komandası Almaniyanı qabaqlayaraq qızıl medala yiyələnib. Qeyd edək ki, çempionatda bu proqram növündə iki ölkə təmsil olunub.

Azərbaycan gimnastı Oleq Stepko tirlər üzərində hərəkətlərdə qazanıb. Azərbaycanın digər təmsilçisi Pyotr Paxnyuk isə bu yarışda dördüncü gümüş medalını əldə edib. Üçüncü yeri türkiyəli Əhməd Öndər tutub. 

Stepko daha öncə paralel tirlər üzərində hərəkətlərdə, halqalarla yarışda, idman gimnastikasında, idman gimnastikasının çoxnövçülüyündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və ümumilikdə 5 qızıl medal qazanıb.

Azərbaycan gimnastı Oleq Piunov batutda tullanma üzrə fərdi yarışlarda qızıl medal qazandı. İkinci yeri Türkiyə təmsilçisi Gorkan Mutlu , üçüncü yeri isə portuqaliyalı Pedro Ribeyro Ferreyra tutub. 

Qarışıq cütlüklərin yarışmasında isə Azərbaycanın aerobika cütlüyü Yekaterina Kotlyarova - Timur Ələkbərov bürünc medal qazanıb. Qızıl İspaniyadan olan cütlüyə, gümüş medal isə Rumıniya təmsilçilərinə qismət olub.

Azərbaycan gimnastları Ulyana Dyakova və Anatoli Leonov gimnastlar qarışıq cütlüklər arasında keçirilən statik tapşırıqların finalında Almaniya millisini qabaqlamaqla birinci yeri tutub. Bolqarıstandan olan cütlük isə bürünc medal qazanıb.

Bədii gimnastika üzrə Azərbaycan yığması qrup yarışlarında üç cüt gürz və iki halqa ilə tapşırıqların yekununa görə bir gün ərzində ikinci gümüş medalını qazanıb. Qızıl medal yenə də rusiyalı gimnastlara qismət olub. Latviya üçüncü olub. Azərbaycanın ikinci yığması kiçik geriləmə ilə dördüncü yerdə qərarlaşıb.

Yarışın yekunlarıyla bağlı danışan Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov jurnalistlərə açıqlamasında ölkə çempionatının nəticələri haqda bunları dedi: "İyun ayında Bakıda idman tarixində ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək. Həmin möhtəşəm idman bayramına hazırlıq üçün bu turnir keçirilir. Çünki adətən Avropa çempionatında hər idman növündə yarışlar ayrı-ayrı keçirilir, bu dəfə isə biz 6 idman növünü cəmləşdirib Milli Gimnastika Arenasında və xüsusi yeni bir proqramla keçirdik. Nəticələrə gəlincə həm idman gimnastlarımız, həm də bədii gimnastlarımız yaxşı çıxış etdi. Marina Durunda da burada yaxşı çıxış etdi. Biz qarşıda onlardan daha çox uğurlar gözləyirik. İndi əsas o idi ki, bu formada, yəni 4 Olimpiya idman növü, 2 qeyri-olimpiya idman növünün vahid bir idman tədbiri kimi keçirilməsində bizim idmançılarımız özlərini necə hiss edəcəklər. İdmançılarımız, məşqçilərimiz, yəni bu işə aidiyyəti olan bütün insanların hazırlığı da qənaətbəxşdir. Təbii ki, nəticələr çıxaracağıq. Biz Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsi ilə əməkdaşlıq edirik və bir-birimizə tövsiyələr veririk. İnşallah, iyun ayını gözləyirik ki, Avropa Oyunları daha uğurlu keçsin, bu Oyunlar idman tarixinə yazılsın və təbii ki, Azərbaycan Bayrağı dəfələrlə dalğalansın, himnimiz səslənsin".

Açıq Azərbaycan çempionatında qazanılan nəticələr gimnastlarımızın Avropa Oyunlarında medala iddialı olacağını təsdiqlədi.



MƏSLƏHƏT GÖR:

663