25 Dekabr 2024

Çərşənbə, 17:13

AKTYORUN DRAMI

Məşum 30-cu illərdə Ülvi Rəcəbə istedadı çox baha başa gəldi

Müəllif:

10.03.2015

Sovet hakimiyyətinin ilk illəri Azərbaycanın yaradıcı ziyalıları (ilk növbədə, teatr sahəsi) üçün faydalı olubsa, 30-cu illər onun üçün ən qorxulu və məşum dövr sayıla bilər. Onilliklər boyu cəmiyyətin ən parlaq simaları baş verənləri yalnız sakitcə - başı ilə razılıq bildirməklə izləmək məcburiyyətində qalıb. Ülvi Rəcəbin həyatı və acı taleyi bunun ən bariz təsdiqidir. Həmin dövrdə yaşayan çox istedadlı və ziyalı bir insanın başına gələn faciənin kökündə bu dayanırdı.

 

Evdən teatra

Onun ötən əsrin əvvəllərində yaşadığı Batumidə o zaman bir neçə həvəskar truppa var idi. 1912-ci ildən isə oraya 2 peşəkar truppa mütəmadi olaraq səfər etməyə başlamışdı. Bunlar Tiflis Dram Teatrının (sonradan Ş.Rustavelinin adını daşıdı) və Bakıdan Hüseyn Ərəblinskinin rəhbərlik etdiyi truppalar idi. Bakıdan getmiş truppa orada xeyli müddət qalır - 1 aydan çox. Bu, məhərrəm ayı ilə əlaqədar idi. Çünki həmin ayda Bakıda teatra getmirdilər. Nəticədə, səhnənin icarəyə götürülməsi sərf etmirdi. Rəcəbin taleyinin həll olunduğu 1918-ci ildə Ərəblinski öz truppası ilə Batumidə iki hit tamaşanı səhnələşdirir - Hacıbəyovun "Arşın mal alan"ı və Şekspirin "Otello"su. Yeri gəlmişkən, Batumidə yalnız operetta deyil, ingilis şedevri də Azərbaycan dilində nümayiş olunurdu. Yerli sakinlər o zaman türk dilini bilirdilər və nəticədə, onlar azərbaycanca verilən tamaşanı da başa düşürdülər. Batuminin əksər sakini Rəcəbin ailəsi kimi müsəlmanlar idi. Gənc aktyor üçün (o zaman onun cəmi 15 yaşı var idi) əsas maneə də məhz bu idi. O, həvəskar teatrda atasından gizlin işləyirdi.

Bakıdan yollanmış truppa yerli aktyorların xidmətindən böyük həvəslə yararlanırdı. Lakin onlardan massovka kimi istifadə olunurdu. Sonda Batumidəki tamaşalar əsl kütləvi tədbirə çevrildi və artıq orada əzəmətli xor ifası da var idi (yeri gəlmişkən, bu, heç Bakıda da yox idi). 

Günlərin birində növbəti tamaşaya 1 gün qalmış Sultan bəyi oynamalı olan aktyor xəstələnir. O, rütubətli, küləkli havada soyuqladığı üçün oxuya bilməycəkdi. O dövrdə operettanın redaksiyasında Sultan bəy rolu kiçik, asan rol idi. Bu səbəbdən də, Sultan bəy obrazını asanlıqla həvəskar gənc aktyora - Rəcəbə həvalə etdilər. Bunun üçün Rəcəbi sadəcə qrimlə bir qədər "qocaltmaq" lazım idi. Rəcəbin ifasını çox diqqətlə izləyən Ərəblinski onun səhnədə özünü inamlı aparmasını, yüksək səviyyəli ifasını və əla səsini bəyənir. Ərəblinskinin ən çox bəyəndiyi isə Rəcəbin rolun sözlərini, bütün nüanslarını əla bilməsi olur (çünki o, tamaşaçı qismində bu tamaşanı çoxdan izləyirdi). Elə tamaşanın oynandığı axşam Ərəblinski gənc aktyoru məşqlərə dəvət edir (həmin il truppa 3 ay Batumidə qalmaq qərarına gəlmişdi). Ülvi Rəcəb, əlbəttə ki, dəvəti məmnuniyyətlə qəbul edir. Tezliklə o, tamaşalarda rollar almağa başlayır. Bu, istedadlı aktyora həyəcanla azarkeşlik edən yerlilərini çox sevindirirdi. Amma bu, Rəcəbə yalnız ziyan gətirdi. Onun şöhrətinin sorağı gedib atasına çatdı və fanatik dindar olan kişi oğlunu hansı gələcəyin gözlədiyini bildiyi üçün Rəcəbi evdən qovdu. Qastrolun son ayını Rəcəb teatrda gecələdi, sonra isə truppa ilə birlikdə Tiflisə yollandı.

 

Aktyorluq

Məlum olduğu kimi, 20-ci illərdə dövlətin dəstəyilə hər yanda teatr tikilirdi. Bu dövrdə Batumi Dram Teatrı (hazırda İlya Çavçavadzenin adını daşıyır) da açıldı. Teatr, təbii ki, yerli aktyoru da işə dəvət etdi. Fəaliyyətə yeni başlamış digər teatrlar kimi, Batumi teatrında da çatışmazlıqlar var idi - o, hətta Tiflisə belə, qastrolları lazımi səviyyədə təşkil edə bilmirdi. Amma eyni zamanda onun haqqını da vermək lazımdır: 30-50-ci illərdə teatr hələ özünü göstərəcək, orada teatr və kino sahəsində əfsanəyə çevrilmiş şəxslər çalışacaqdılar. 20-ci illərin əvvəllərində isə o, idealdan çox uzaq idi və bu üzdən Rəcəb iş yerini dəyişmək haqda düşünməyə başlamışdı. Tiflisdə o, Azərbaycan Tiflis Teatrına getsə də, əsas hədəf ilhamvericisi olan Ərəblinskinin işlədiyi Bakı idi. Nəhayət, 1925-ci ildə Rəcəb Bakıda, üstəlik, birbaşa Azərbaycan Dram Teatrında çalışmağa başlayır.

Bu yerdə Ülvi Rəcəbin həyatında vacib rol oynamış daha bir şəxsin adını qeyd etmək lazımdır. Bu, unudulmağa layiq olmayan, lakin təəssüf ki, unudulmuş Aleksandr Aleksandroviç Tuqanovdur. Tuqanov böyük teatr təcrübəsinə malik şəxs idi. Moskva teatrlarında o, Hamlet, Petruççio, Çadski kimi rolları oynamış, bütün imperiyanı dolaşmış, əyalət teatrını yeni səviyyəyə yüksəltmişdi. Tuqanov bir missiya daşıyıcısı kimi davranırdı. Onun və Lev Tolstoyla dost olması heç də təəccüblü deyildi. Xarici dillərə həvəsli olan Tuqanov Azərbaycan dilini də öyrənmişdi və həmin illərdə Tiflis Azərbaycan Teatrına rəhbərlik edirdi. Həmin teatrda Tuqanov "Ölülər", "Pəri-cadu", "Hacı Qara", "Aydın", "Oqtay Eloğlu" və s. kimi tamaşaların rejissoru olmuşdu. Rəcəbi əla aktyor kimi hazırlayan Tuqanov 1924-cü ildə Tiflisdən Bakıya köçür, burada Cəfər Cabbarlı ilə birlikdə "Azdrama"nın yaradılmasında iştirak edir. Onun özü ilə Bakıya gətirdiyi şəxslərdən biri, əlbəttə ki, sevimli tələbəsi Ülvi Rəcəb olur. O dövrdə "Azdrama"da Hüseyn Ərəblinski ilə yanaşı, Abbas Şərifzadə, Mərziyə Davudova, Mirzağa Əliyev, Sidqi Ruhulla və Azərbaycan teatrının digər əfsanələri çalışırdılar. 

 

Şərqin Hamleti

Rejissorun Rəcəbi aktyor kimi qəbul etdiyini göstərən faktlardan biri onun cəmi 22 yaşı olanda Hamlet rolunu oynamasıdır. Məlum olduğu kimi, Hamlet istənilən aktyorun arzuladığı roldur. Tarixdə aktyorların bu rola sahib çıxmaq üçün rəqiblərini zəhərlədikləri hallar olub. Vladimir Vısotski isə Taqanka Teatrının aktyoru olarkən etiraf edirdi ki, bəzən qadınlar belə, rejissoru bu rolun onlara verilməsinə məcbur edirlərmiş. Tuqanov və Cabbarlının interpretasiyasında "Hamlet" (birinci rejissor idi, ikinci isə səhih tərcüməçi idi) tamamilə qeyri-adi idi. Tamaşada yerli tamaşaçı üçün anlaşılmayan uzaq Danimarkadakı hadisələr Şərqə "daşınmış", bəzi adlar isə dəyişdirilmişdi.

Tuqanov "Hamlet"in məğzini əla anlayırdı. İllər sonra gürcü teatr rejissoru, aktyor, SSRİ xalq artisti Robert Sturua tamamilə haqlı olaraq deyirdi ki, "Hamlet" əsas gücü interpretasiya üçün geniş imkanlarında olan modeldir. Onun fikrincə, bunu istər aktyorlar, istərsə də rejissorlar yaxşı bildikləri üçün bu tamaşada yer almağa çalışırlar. Tuqanov məhz, bu səbəbdən, yazırdı: "Ola bilməz ki, "Hamlet"in bütün mənası qara triko və lələkli şlyapada olsun, və başa şlyapa əvəzinə çalma qoymaqla bu məna dəyişsin".

Mətbuat Rəcəbin ifasındakı "Hamlet"in yüksək qiymətləndirir, yazırdı ki, "gənc Azərbaycan teatrı yetkinlik imtahanından üzüağ çıxıb". Güclü səs, aydın diksiya, zəngin mimika, səlis, amma tamamilə yerində olan hərəkətlər, möhtəşəm ifa - Ülvi rejissorun etimadını doğrultmuşdu. Məşhur tənqidçi Əziz Şərif həmin tamaşanı qiymətləndirərkən yazırdı: "Ülvi tamaşaçıların diqqət mərkəzində idi. O, tamaşaçını bütün tamaşa ərzində gərginlikdə saxlayırdı". Bunu Tuqanov da etiraf edirdi. Məhz, bu səbəbdən, o, tam rahatlıqla "Azdrama"nı, tələbəsini qoyaraq artıq Uzaq Şərqdə teatr fəaliyyətini dirçəltməyə yollandı.

 

Məşum 30-cu illər

Saysız-hesabsız casusların, sovet əleyhdarlarının ən yuxarı dairələrin tapşırığı ilə güllələnməsi, məhkəmələrin çoxluğu, qərəzli dindirmə sistemi, danosbazlıq - bütün bunlar ötən əsrin 30-cu illərin sonlarında insanların qarşı-qarşıya qaldıqları hallar idi. İlk zərbəni alanlar isə üzdə olanlar - insanların həsəd apara biləcəkləri tanınmış istedadlı şəxslər oldu. Həmin günlərin birində 34 yaşlı aktyor gənc dramaturq Mirzə İbrahimovun "Həyat" debüt pyesində oynayırdı. Evə qayıdarkən o, rəngi ağarmış xanımı Mərziyə Davudovanı, XDİK əməkdaşlarını, təbii ki, qonşularını və daha çox talanı xatırladan axtarış nəticəsində hər tərəfə səpələnmiş ev əşyalarını görür. Əlbəttə ki, evdən şübhəli heç nə tapılmamışdı. Nəticədə, "müstəntiqlər" bəhanə kimi Rəcəbin evindəki xarici ölkə istehsalı olan plastinkaları göstərirlər. Halbuki plastinkadakı sadəcə opera idi.

Nəticədə, Ülvi Rəcəb nə az, nə çox - hakimiyyəti silah gücünə ələ keçirməyə cəhddə ittiham olunur. Onun evindən hər hansı silahın çıxmaması belə, aktyorun güllələnməsinə qərar verənlər üçün utanc olmur. Bütün bunlar Azərbaycanın Xalq Maarif Komissarlığının incəsənət şöbəsinin sabiq rəhbəri Əli Kərimov adlı birinin ifadəsilə baş verir. Kərimov təzyiqlərə tab gətirməyərək etmədiyi əməlləri boynuna alır (XDİK planı doldurmalı idi), guya könüllüləri ələ almaqla məşğul olduğunu "etiraf edir". Bu zaman o, məşhur aktyorların adlarını çəkir. Söhbət yalnız Rəcəbdən yox, həm də onun "Otello"dakı dublyoru Şərifzadədən gedirdi. Nəticədə, hər iki aktyor güllələnir. Rəcəb 2 ay ittihamları rədd etsə də, o dövrdə ənənə halına çevrilən yuxusuzluq işgəncəsindən sonra (Müşfiq də eyni aqibəti yaşamışdı), sonda "günahını" etiraf edir. Ölümündən sonra, 1955-ci ildə Rəcəbə bəraət verilir.

Ülvi Rəcəb qısa sürən yaradıcılıq həyatında tamaşaçılara Otello, Hamlet, Romeo ("Otello", "Hamlet", "Romeo və Cülyetta", Şekspir), Frans Moor ("Qaçaqlar", Şiller), Satin ("Dibdə", Qorki), Kreçet ("Platon Kreçet" Korneyçuk), Siyavuş və Şeyx Sənan ("Siyavuş", "Şeyx Sənan", H.Cavid) və bir çox digər obrazları bəxş edib.


MƏSLƏHƏT GÖR:

586