14 Mart 2025

Cümə, 21:47

İŞIQ SÜRƏTİ İLƏ

Azərbaycan məlumatın ötürülməsi üçün simsiz şəbəkə yaradır

Müəllif:

15.11.2009

Yeni transmilli IP magistrallarına qoşulma planları, "Şərq-Qərb" layihəsinin gerçəkləşdirilməsi ilə yanaşı, ölkəmiz yaxın illərdə öz daxilində yüksək sürətli məlumatötürücü  şəbəkənin yaradılmasını başa çatırmaq niyyətindədir. Burada söhbət məlumatların optik rabitə kanalları vasitəsilə sürətli ötürülməsini təmin edən "Next Generation Network" (NGN) şəbəkəsinin yaradılmasından gedir. 

Başqa inkişaf layihəsi isə sürətli simsiz rabitənin, o cümlədən "WiMax" sisteminin inkişafı ola bilər. Sürətli məlumat şəbəkələrinin çağdaş arxitekturasının yaradılması üzrə layihələrin gerçəkləşdirilməsi artıq üç ildir aparılır və bu gün onların xidmətindən 300 mindən çox adam yararlanır. 

 

Optika mis kabelləri əvəz edir

Hazırda NGN məlumatların sürətli (saniyədə bir neçə terabit) ötürülməsi, həmçinin, optik rabitə kanalı ilə səsli və videorabitənin təmin edilməsi üçün ən çağdaş platformadır. Onu məcazi olaraq istənilən avtonəqliyyat növünün - çoxtonnajlı yük maşınından və avtobusdan tutmuş, minik maşınına kimi bütün avtomobillərin keçə bildiyi keyfiyyətli çoxzolaqlı avtomobil yollarının tikilməsi ilə müqayisə etmək olar. Bu texnologiya bizim istifadəçilərimiz üçün adi olan ənənəvi telefon kabelləri ilə qoşulmadan keyfiyyətcə seçilir, adi kabellərin əbədi problemləri sırasında aşağı sürəti, xətaları və trafik həcminin məhdud olmasını göstərmək olar. 

Əksinə,  NGN texnologiyaları sürətli İnterneti, IP protokolun yardımı ilə çoxfunksiyalı telefon və videorabitəni, altı və daha çox abunəçinin arasında eyni vaxtlı konferens rabitəni təmin edir, həmçinin, 100 televiziya kanalını və başqa multimedia xidmətlərini qəbul etməyə imkan verən "Triply play" və IP-TV xidmətlərinin tətbiqinə şərait yaradır. Sürətli şəbəkənin tətbiq edilməsi hesabına yeni ximət növləri, o cümlədən, ani məlumat mübadiləsi, faylların ötürülməsi, baza qoşulmaları xidmətləri yaradılacaq. Bu sistemin imkanlarına, demək olar ki, iqtisadiyyatın və ictimai həyatın bütün sahələrində - təhsil sistemi və bank bölməsindən tutmuş, fiskal qurumlara, həmçinin, müxtəlif nazirliklərə, özəl şirkətlərə və sadə vətəndaşlara qədər hər yerdə tələbat var. 

Maraqlıdır ki, bizim ölkədə NGN rabitənin ayrı-ayrı elementlərinin tətbiqinə hələ 2006-cı ildə başlanılıb, bu, ilk pilot layihələr paytaxtın rabitə şəbəkəsində gerçəkləşdirilib. Regional NGN şəbəkəsinin yaradılmasına 2007-ci ildə Şamaxı rayonunda başlanılıb. Bu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) struktur bölməsi olan "Aztelekom" İstehsal Birliyi tərəfindən gerçəkləşdirilən "Elektron Şamaxı" pilot layihəsi çərçivəsində baş tutub. Şamaxı rayonunun iyirmi üç telekommunikasiya qovşağının bazasında tutumu 20 min telefon nömrəsi olan və bütün iyirmi bir geniş zolaqlı xidmətə imkanı çatan NGN şəbəkəsi yaradılıb. 

2007-ci ilin sonlarından nazirlik Böyük Bakının, Sumqayıtın, Gəncənin və bir sıra regional mərkəzlərin rabitə sistemlərinin bu texnologiyaya keçirilməsi üzrə bir sıra layihələr gerçəkləşdirir. Hazırda "Aztelekom" paytaxtın və onun qəsəbələrinin bütün telefon stansiyalarının NGN sisteminə keçirilməsi üzərində işləyir, Sumqayıt, Gəncə və s. yerlərdə də artıq işlərə başlanılıb. Abşeron yarımadasında NGN şəbəkəsinin yaradılması üçün Sloveniyanın "Iskratel" şirkətinin avadanlığından istifadə olunur. Bir neçə il qabaq "Aztelekom" tərəfindən keçirilmiş tenderin qalibi olmuş şirkət Şamaxı rayonunda sürətli məlumatötürmə şəbəkəsinin yaradılmasına da yardım edib. Ən irimiqyaslı layihə isə Xırdalanda Abşeron yarımadasının başqa hissələrində şəbəkənin işini təmin edən ATS-442-nin bazasında gerçəkləşdirilib. Bunun yardımı ilə paytaxt qəsəbələrindən 45 mindən çox abunəçi  sürətli (ən azı 2 meqabit/san) rabitə xəttinə çıxış imkanı əldə edib. 

Paralel olaraq analoji işlər Sumqayıtda da görülür və podratçı Azərbaycanın "Komplas" şirkətidir. Kimyaçılar şəhəri sürətli şəbəkənin tətbiqi ilə yanaşı, 12 min yeni telefon nömrəsi də əldə edəcək. Bu ilin birinci yarısında rabitə qurumu Gəncədə 8 min yeni telefon nömrəsi istifadəyə verib,  həmçinin, burada olan ATS-lərin bazasının üçdəikisi NGN sisteminə uyğun müasirləşdirilib. Genişzolaqlı sürətli məlumat ötürülməsi sisteminə qoşulma siyahısında növbədə Salyan, Göyçay, Neftçala, Şəmkir, Ağdaş  və Kürdəmir telekommunikasiya şəbəkələridir. Burada həm də ATS-lərin avadanlığının və rabitə xətlərinin NGN texnologiyaları əsasında yenidənqurulması üzrə tenderlər elan edilib.  

Yaxın zamanlarda Naftalan, Ağcabədi, Cəlilabad üzrə bir neçə layihəyə də başlanılacaq. RİTN daha genişmiqyaslı regional layihəni Naxçıvan Muxtar Respublikasında gerçəkləşdirməyi düşünür. NGN texnologiyalarının Naxçıvanda tətbiqi 2015-ci ilə kimi dörd mərhələdə gerçəkləşdiriləcək. Birinci mərhələ çərçivəsində gələn ilin yazında muxtar respublikanın paytaxtında, həmçinin, Babək qəsəbəsində və Nehrəm kəndində Çinin "Huawei Technologies" şirkəti köhnə ATS-ləri yeni nəsil elektron stansiyalarla əvəzləyəcək və onların tutumunu səkkiz min nömrəyə qədər artıracaq. Gələcəkdə NGN şəbəkəsi Şərur, Sədərək, Culfa, Ordubad, Şahbuz rayonlarında, həmçinin, Babək rayonunun qalan yaşayış məntəqələrində inkişaf etdiriləcək.

Bütövlükdə, hazırda Azərbaycanda NGN şəbəkəsi ilə "Aztelekom" və "Bakı Telefon Şəbəkəsi" birlikləri tərəfindən xidmət göstərilən 300 mindən çox telefon nömrəsi əhatə edilib. "Hazırda bütün ölkə üzrə elekton ATS-lərin payı 85%-ə yaxınlaşıb. Gələn ilin ortalarına paytaxtın bütün telefon stansiyaları NGN texnologiyalara keçiriləcək, yaxın bir neçə ildə isə bu proses ölkənin regionlarında başa çatdırılacaq", - deyə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. 

 

WiMax kabel sistemindən ucuzdur

Sürətli məlumat ötürülməsinin təminatında başqa variant isə yeni nəsil sistemlər, o cümlədən, "WiMax" texnologiyaları ola bilər. Bu rabitə növü kabel sistemi ilə müqayisədə yetərincə ucuzdur. Bu amil coğrafi baxımdan uzaq və az məskunlaşmış kənd yerlərinə sürətli genişzolaqlı İnternet xidməti göstərilməsi baxımından yetərincə önəmlidir. Təəssüf ki, bizim ölkədə "Wi-Fi" və ya "WiMax" sistemlərində radioçıxış yetərincə inkişaf etdirilməyib. Üç il qabaq Bakıda birincilər sırasında "Wi-Fi" sisteminə qoşulmanı "Ultra" şirkəti gerçəkləşdirib və bununla da Azərbaycanda internetə simsiz qoşulma üzrə birinci kütləvi nöqtəni - hot-spotu açıb. 

Paytaxtda və onun ətrafında simsiz  çıxış "Wi-Fi" üzrə aparıcı provayder hazırda "Elcell"dir ("DataCeM LLC" BM-in ticarət nömrəsidir). Başqa şirkət -  "AzQtel" Bakıda və Abşeron yarımadasında, həmçinin, tezliklə Gəncə şəhərində "WiMax" texnologiyası üzrə simsiz çıxışın əhatə dairəsini genişləndirməkdədir. Bununla belə, İnternetə simsiz çıxış üzrə xidmətin başlıca çatışmazlığı, paytaxtın müxtəlif hissələrinin şəbəkə ilə yetərincə örtülməməsidir. Provayderlər tərəfindən bəyan edilmiş standartlara baxmayaraq, Bakıda çox sayda "ölü" zonalar var və burada qəbuletmə ya mümkün deyil, ya da qırılır. Müştəriləri çəkindirən əsas amil radiomodemlərin qiymətinin və abunəçi ödənişi tarifinin yüksək olmasıdır. 

Simsiz şəbəkələrin inkişafında gerçək çevriliş Azərbaycanın "Delta Telekom" Dövlət Şirkətinin layihələrinin gerçəkləşdirilməsindən sonra gözlənilir. O, "Alcatel-Lucent"lə birgə bu ilin sonuna irimiqyaslı İnternet girişi sistemi "WiMax"ı işə salmağı planlaşdırır. WiMax sisteminin buraxılış imkanı 4,4 qbit/san təşkil edir, Bakı və Abşeron yarımadası ərazisində əhatəni təmin edəcək burada 110 baza stansiyası qurulub. Buna paralel olaraq şirkət "WiMax" şəbəkəsinin regional səviyyədə genişləndirilməsinə çalışır. İşlər Quba, Gəncə, Astara və başqa rayonlarda aparılır. Regonlar səviyyəsində baza stansiyalarının ümumi sayı 140-a bərabərdir. 

İlin sonuna "Delta Telecom" şirkəti simsiz genişzolaqlı çıxış "Mobile WiMax"ın kommersiya istismarına başlamaq niyyətindədir. Şirkət artıq "USB" modemlərdən, "Express Card" adapterlərindən və "WiMAX" stasionar modemlərdən ibarət istifadəçi avadanlığının təqdimatını keçirib. Qurğular yaxın zamanlarda pərakəndə satışa daxil olacaq. "Delta Telekom" tərəfindən yaradılan şəbəkə mobil genişzolaqlı çıxışı internet-televiziya, mobil videobloq, şəbəkə videooyunlarından və s.-dən istifadə üçün lazım olan ifrat yüksək sürətli məlumat ötürülməsi hesabına keyfiyyətcə yeni səviyyəyə çıxaracaq. 

Nəticədə, "NGN" və "WiMax" texnologiyalarının tətbiqi istehlakçıların sürətli genişzolaqlı İnternet xidmətlərinə girişini dəfələrlə ucuzlaşdıracaq. 


MƏSLƏHƏT GÖR:

606