14 Mart 2025

Cümə, 20:57

CAZİBƏLİ PERSPEKTİVLƏR

Macarıstanın Azərbaycandakı səfiri: "Neftdənkənar bölmədə iqtisadi münasibətlərin inkişafı üçün böyük potensial görürük"

Müəllif:

15.11.2009

- Cənab səfir, Macarıstanın Azərbaycanla siyasi-iqtisadi münasibətlərinin səviyyəsini necə qiymətləndirirsiniz? 

- İlk öncə, "Region plus" jurnalının redaksiyasına Macarıstana göstərdiyi marağa görə təşəkkür edirəm. Əminəm ki, sizin jurnalın səhifələrindəki məlumatlar bizi bir-birimizə daha da yaxınlaşdıracaq. 

Azərbaycanla Macarıstan arasındakı siyasi münasibətlərə gəldikdə isə, xoşbəxtlikdən əlaqələrimizə  münaqişələrlə, fikir ayrılıqları ilə kölgə düşməyib. Əksinə, qarşılıqlı hörmət və anlayış  şəraitində, BMT Nizamnaməsində bəyan edilmiş prinsiplər əsasında, Ümumi İnsan Haqları  Bəyannaməsinin, həmçinin, 2004-cü ildən Macarıstanın üzvü olduğu Avropa Birliyi və Azərbaycan arasında imzalanmış çoxsaylı sənədlər əsasında münasibətlərimiz gündən-günə inkişaf edir. 

Bizim ikitərəfli münasibətlərimizin inkişafını yüksəkçinli nümayəndələrin çoxsaylı səfərləri də göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə Budapeştə baş çəkib, həmçinin, macar siyasətçiləri, dövlət rəhbərləri tez-tez azərbaycanlı həmkarlarının qonağı olurlar. 

İqtisadi münasibətlərin səviyyəsi barədə demək istərdim ki, onlar hər il dinamik inkişaf edir. 2008-ci ildə bizim ticarət dövriyyəsi $86 mln.-dan çox olub. 2004-cü ildən 2008-ci ilə kimi Macarıstandan ixracatın 8 dəfədən çox, yəni $10 mln.-dan $85,8 mln.-a qədər artması münasibətlərimizin dinamizmindən xəbər verir. Təəssüf ki, Azərbaycanın ixracatı bu səviyyədən geri qalır. 2008-ci ildə o, yalnız $35 min olub.

Bizim səfirliyin öhdəliklərindən biri məhz bu baza əsasında ticari-iqtisadi münasibətlərin qarşılıqlı faydalı əsasda inkişafına yardım göstərməkdir. Bu məqsədlə bizim səfirlikdə  məsələ ilə bağlı ixtisaslaşmış əməkdaşlar çalışır. 

- Bu münasibətlərin inkişafı üçün - normativ-hüquqi bazanın inkişafı üçün hansı addımları atmaq  lazımdır?

- Bizim ölkələr Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində əsas beynəlxalq və dövlətlərarası sazişlərin və qətnamələrin, həmçinin, BMT və onun xüsusi bölmələri kimi beynəlxalq qurumların çərçivəsində imzalanmış çoxtərəfli normativ aktların iştirakçılarıdırlar. Təbii ki, yeni sahələr də var və  daha da irəli getmək mümkündür. Məsələn, elmlər akademiyaları, elmi institutlar, ali məktəblər arasında birgə tədqiqatlar, ixtiralar, məlumat  mübadiləsi və s. sahələrdə əməkdaşlığı göstərmək olar. 

Mən tam əminliklə bildirə bilərəm ki, bizim ölkələr arasında normativ-hüquqi baza gələcək birgə əməkdaşlıq üçün əlverişlidir. Diplomatik münasibətlərimizin qurulduğu 1992-ci ildən bu yana 15-ə yaxın saziş bağlamışıq və onların çoxu iqtisadiyönümlüdür. Məsələn, yatırımların qarşılıqlı təşviqi və qorunması, ikili vergitutmadan qaçmaq və s. kimi sazişləri göstərmək olar. 2008-ci ildə biz iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın yaradılması haqqında anlaşmışıq. Hər iki tərəf artıq bu komissiyanın gələn ilin birinci yarısında burada - Bakıda keçirilməsi nəzərdə tutulan  birinci iclasa hazırlaşmağa başlayıblar. 

- Macarıstan "Nabucco" layihəsinin fəal iştirakçılarından biridir. Bir sıra analitiklər bu layihənin gerçəkləşmə şanslarına skeptik yanaşırlar. Sizcə, bu məsələdə real irəliləmələri nə vaxt müşahidə edəcəyik?

- "Nabucco" layihəsi inanılmaz dərəcədə iriölçülü təşəbbüsdür, burada müxtəlif bölgələrdən, hətta müxtəlif qitələrdən ən müxtəlif ölkələr iştirak edirlər. Tamamilə aydındır ki, layihənin  hazırlanmasının təşkili, iştirakçıların şərtlərinin və maraqlarının razılaşdırılması gərgin iş tələb edir. Gündən-günə nəsə irəliləyir və məsələləri həll edirik. Görüntü  və  sürətli nəticələr əvəzinə, bizə çoxtərəfli birgə iş üçün möhkəm, uzunmüddətli əsaslar lazımdır. 

- Azərbaycan bu layihənin gerçəkləşdirilməsinin sürətləndirilməsində, sizcə, hansı rolu oynaya bilər? 

- "Nabucco" layihəsində Azərbaycanın rolu çox vacibdir: o, boru kəməri ilə ötürüləcək qazın təchizatçılarından biridir. Azərbaycan hökuməti dəfələrlə qazı verməyə hazır olduğunu bəyan edib ki, bu da Avropa Birliyi və layihə iştirakçısı olan ölkələr tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə, qazın ötürülməsinə başlanılması üçün bir sıra başqa şərtlər də önəmlidir. 

- Neftdənkənar bölmədə Azərbaycan - Macarıstan  iqtisadi münasibətlərinin potensialını necə qiymətləndirirsiniz? 

- Biz neftdənkənar bölmədə iqtisadi münasibətlərin inkişafı üçün böyük potensial görürük və sizin ölkənin neft-qaz sahəsindən gələn vəsaitləri istifadə etməklə iqtisadiyyatın başqa sahələrinin inkişafına yönəlmiş iqtisadi siyasətini yüksək qiymətləndiririk. Macar iqtisadiyyatının quruluşu aşağıdakı kimidir: 54% - maşın və avadanlıqlar, 38% - emal sənayesi, 7% - qida məhsulları. Çox kiçik ölçüdə olsa da, biz artıq neftdənkənar sahələr üzrə əməkdaşlığa da başlamışıq. 

- Macar şirkətləri Azərbaycan iqtisadiyyatının hansı sahələrinə maraq göstərirlər və bu marağı necə artırmaq olar?

- Biz çox sahələrdə maraqlıyıq:  kiçik və orta sahibkarlığın inkişafı, ticarətdə və istehsalatda birgə müəssisələrin yaradılması; 

- kənd təsərrüfatı - ərzaq məhsullarının, yüksək keyfiyyətli toxumların, kənd təsərrüfatı məhsullarının emalı üçün avadanlığın göndərilməsi, Azərbaycan mütəxəssislərinin öyrədilməsi və s.  Bir şeyi qeyd etmək istərdim. Biz çox şad olardıq ki, "Qlobus" konservləri kimi yaxşı tanınan macar ərzaq məhsullarının bir qismini sizin bazara qaytara bilək.  Liman kranlarının göndərilməsi və ya onların modernləşdirilməsi; 

- müxtəlif obyektlərin tikintisində və yenidənqurulmasında macar firmalarının iştirakı; 

- ekoloji sahədə əməkdaşlıq - Macarıstan, məsələn, zərərli tullantıların emalı və utilizasiyası, ətraf mühitin (torpağın, suyun) təmizlənməsi üzrə xidmət və texnologiyalar təqdimatında böyük potensiala malikdir. Bura həm də təkrar xammalın utilizasiyası, bioloji rekultivasiya və s. aiddir; 

- turizm sahəsində əməkdaşlıq - Macarıstanın bu sahədə və xüsusilə də Wellness turizm sahəsində böyük təcrübəsi var. Azərbaycanlı və macar turistlərin mübadiləsini inkişaf etdirmək lazımdır. Sizin xarici turistləri cəlb etmək üçün əla imkanlara malik gözəl ölkəniz var. Biz sizin və Macarıstanın turizm universitetləri arasında əlaqələrin qurulmasına yardım edirik;

- səhiyyə və əczaçılıq sənayesi sahəsində əməkdaşlıq: iki macar əczaçılıq şirkəti "Qedeon Rihter" və "Eqis" artıq öz yüksək keyfiyyətli preparatları ilə Azərbaycanda təmsil olunurlar. Bundan başqa, Macarıstan xəstəxanalar və poliklinikalar üçün çağdaş tibbi avadanlıq göndərə bilər.

- Azərbaycan yüksək texnologiyaların inkişafını gələn ilin iqtisadi prioriteti elan edib. Bu sahədə Macarıstan nə təklif edə bilər?

- Yüksək texnologiyalar sahəsində biz nəsə təklif edə bilərik. Məsələn, Macarıstanda elektronika yeni bir sahə kimi artıq ümumi daxili məhsulun (ÜDM) 16%-ni təşkil edir. İxracatdan gəlirimiz  $20 mlrd.-dır. Əsas məhsullar: mobil telefonlar, tibbi diaqnostika, avtomobil sənayesi, sənaye elektronikası, məişət texnikası və s.-dir.  

Bundan başqa, biz uğurla biotexnologiyalar sahəsində - kliniki diaqnostika, nano tibb, əczaçılıq  üçün xidmət və texnologiyalar sahəsində də əməkdaşlıq edə bilərik. 

- Və nəhayət, Bakıda səfirliyin açılmasına qədər Macarıstanın Baş Konsulluğu fəaliyyət göstərirdi. Baş Konsulluğun fəaliyyətini necə qiymətləndirirsiniz, indiyə kimi əməkdaşlıq üçün yaradılmış bazadan razısınızmı?

- Azərbaycanda fəxri konsul Kamran Həsənovun rəhbərliyi altında işləmiş Macarıstan Konsulluğu bizim sonrakı əməkdaşlığımızın bünövrəsini qoyub. Ancaq ikitərəfli münasibətlərin daha geniş və miqyaslı inkişafı üçün onun çərçivəsi və imkanları yetərli deyildi. Səfirliyin açılması və yüksək səviyyədə onun təqdim edilməsi, uyğun səlahiyyətlərlə təmini  qaçılmaz oldu. Misal üçün, deyə bilərəm ki, bizim Bakıdakı səfirliyimizdə dörd nəfər çoxtərəfli və yüksəkixtisaslı, təcrübəli diplomat işləyir, amma başqa səfirliklərdə əməkdaş sayı daha azdır. Düşünürəm, bu, Macarıstanla Azərbaycan arasında münasibətlərin önəmindən xəbər verir. 

Yekunda icazə verin, sizin hökumətə və xalqınıza bizim ölkəyə qarşı göstərdiyiniz qonaqpərvərliyə və dost münasibətə görə təşəkkür edim.


MƏSLƏHƏT GÖR:

630