
İKİNCİ TUR LƏĞV OLUNDU, MÜHARİBƏ DAVAM EDİR
Həmid Kərzainin ikinci müddətə Əfqanıstan prezidenti seçilməsi antitaliban əməliyyatlarının tezliklə bitəcəyinə ümid yaratmır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Həmid Kərzai ikinci müddətə Əfqanıstan prezidenti seçildi. Hazırkı dövlət başçısının yeganə rəqibi olan Abdulla Abdullanın prezident seçkisinin noyabrın 7-nə təyin edilmiş ikinci turunda iştirakdan imtinasından sonra, Müstəqil Seçki Komissiyası belə qərar qəbul edib. Lakin ikinci turun ləğvi və Kərzainin prezident seçkisinin qalibi elan edilməsi ölkədə siyasi gərginliyi heç də azaltmayıb. Əfqanıstan kompromissiz vətəndaş müharibəsi və beynəlxalq antiterror koalisiyasının bitib-tükənmək bilməyən döyüş meydanına çevrilib.
Güman edilirdi ki, Əfqanıstanda prezident seçkisinin ikinci turunun keçirilməsi, burada ABŞ və Qərbin "Taliban"a qarşı start verdiyi hərbi əməliyyatlar nəticəsində qurulmuş siyasi hakimiyyəti hansısa dərəcədə legitimləşdirərdi. Seçkinin avqustun 20-də keçirilmiş ilk turunun iflasa uğraması, hazırkı hakimiyyətin hüquqi və mənəvi köklərinə ciddi zərbə vurub. Xatırladaq ki, ilk turda ciddi saxtakarlıq hallarının baş verdiyi üzə çıxıb, BMT-nin dəstəyi ilə bu saxtakarlıq faktları prosesi araşdıran komissiya tərəfindən təsdiqlənib və Kərzai ikinci turun keçirilməsinə razılıq verməli olub. Lakin ikinci turun elan edilməsinə nail olmuş Abdulla səsverməyə bir müddət qalmış yarışdan çəkilmək qərarına gəlib və bu qərarını seçkinin ilk turunun saxtalaşdırılmasında günahkar olan şəxslərin seçki komissiyasındakı aparıcı vəzifələrdən kənarlaşdırılmaması ilə əsaslandırıb. Məlum olub ki, "yeni, demokratik" Əfqanıstanın iki əsas siyasətçisi arasında koalisiya yaradılmasına çalışan Qərbin birbaşa dəstəyi ilə aparılan danışıqlar iflasa uğrayıb. Böyük koalisiyanın yaradılması hakimiyyətin bölüşdürülməsi variantı hazırkı prezident və sabiq xarici işlər nazirinin qərargahları tərəfindən qəbul edilməyib. Hakimiyyətin ikinci turu ləğv etməsindən sonra isə Abdulla rəqiblərinin ünvanına yeni və sərt tənqidlər səsləndirməyə başlayıb: "Seçki komissiyasının qəbul etdiyi qərar heç bir qanuni əsasa malik deyil. Yeni hökumət qarşıda duran vəzifələrin öhdəsindən gələ bilməyəcək. Çünki xalq onları dəstəkləmir".
Aparıcı dövlətlər, xüsusilə ABŞ, Böyük Britaniya, Rusiya, həmçinin, BMT artıq Kərzaini seçkidə qazandığı qələbə münasibətilə təbrik edib. Lakin hər kəs anlayır ki, Əfqanıstanın yalnız kiçik bir hissəsinə nəzarət edən Kərzainin mövqeləri bununla daha da zəifləyib.
"İndi Kərzai zəif lider rolunda çıxış edəcək, onun legitimliyi həm ölkə daxilində, həm də kənarda problemə çevriləcək", - deyə məşhur fransalı politoloq Yam Torabi bildirir. Politoloqun fikrincə, "Bu seçkidə qalib yox, yalnız məğlub var. Abdulla seçkini siyasi meydandan çıxdığı üçün uduzdu və o, daha ölkə rəhbərliyində heç zaman təmsil olunmayacaq. Kərzai isə çox zəif hökuməti olacağı üçün uduzub. Sadə əfqanlara gəlincə, onların məğlubiyyəti ədalətli və azad seçkidə iştirak etmək hüquqlarının itirilməsindədir".
ABŞ və müttəfiqləri üçün Əfqanıstanla bağlı prioritetlər arasında əsası, əlbəttə ki, burada əhalinin böyük hissəsi tərəfindən dəstəklənən hökumətin formalaşdırılması idi. Vaşinqton anlayır ki, legitim hökumət olmadan əfqan xalqını Qərbin himayəsi altındakı Kərzai hakimiyyətinin, səhra komandirləri və tayfa başçılarının hakimiyyətindən daha yaxşı olacağına inandırmaq çətindir. Kərzai hakimiyyətinin zəifliyi isə Üsəma ben Laden və onun rəhbərlik etdiyi "Əl-Qaidə"nin kölgəsində fəaliyyət göstərən taliblərlə müharibədə ciddi məğlubiyyətlə üzləşmiş NATO qüvvələri, həmçinin, beynəlxalq koalisiya üçün perspektivləri daha da pisləşdirir. BMT-nin qonaqlar üçün nəzərdə tutulmuş iqamətgahında törədilmiş və qurumun Əfqanıstan missiyasında çalışan 5 nəfərin ölümü, 7 əməkdaşının yaralanması ilə nəticələnən terror aksiyasını isə taliblərin beynəlxalq koalisiyaya ünvanladığı mesaj hesab etmək olar. Qeyd edək ki, bundan dərhal sonra BMT-nin Baş katibi Pan Qi Mun Əfqanıstana səfər edib və rəhbərlik etdiyi qurumun bu ölkədə fəaliyyət konsepsiyasına yenidən baxacaqlarını bildirib.
Bundan sonra BMT missiyasının diplomatları və mülki işçiləri, həmçinin, ixtisaslaşmış agentlərinin yarısı Kabuldan daha təhlükəsiz yerlərə - "Taliban" yaraqlılarının terror aksiyaları törətmədiyi şimal rayonlarına köçürüləcək. BMT əməkdaşlarının bir hissəsinin isə ümumiyyətlə, Əfqanıstandan çıxarılması nəzərdə tutulub. "New York Times" yazır ki, "BMT-nin qərarı Əfqanıstanda situasiyanın getdikcə pisləşdiyini göstərir". Qəzet artıq 8 ildir beynəlxalq təhlükəsizlik qüvvələrinin NATO-nun himayəsi altında islamçıların gizli fəaliyyətinin qarşısını almaq istiqamətində keçirdiyi əməliyyatların uğursuz olduğunu da qeyd edir.
Daim Əfqanıstan hökumətini birbaşa tənqid etməkdən çəkinən BMT missiyasının özü isə, bu dəfə, Həmid Kərzaini ölkədə situasiyanı normallaşdıra bilməməkdə günahlandırıb.
Əfqanıstanda baş verən son hadisələr, həqiqətən də, "Taliban"ın 2001-2003-cü illərdəki məğlubiyyətindən sonra öz qüvvələrini səfərbər etdiyini və artıq əks-hücuma keçdiyini göstərir. Seçki zamanı qruplaşmanın əhalidə qorxu yaradaraq, prosesin ABŞ və müttəfiqlərinin arzuladığı kimi keçməsinə imkan verməməsi də taliblərin gücünün göstəricisi sayıla bilər. Taliblər həm Kərzai, həm də Abdullanı işğalçıların əlindəki oyuncaq sayır. Məhz bu səbəbdən də elektoratın bir hissəsi radikal fundamentalistlər tərəfindən qisas obyektinə çevriləcəklərindən ehtiyat edib.
Lakin indi, seçkidən sonra, Qərb rəsmi Kabula başa salmalıdır ki, hər şey Kərzainin birinci prezidentlik dönəmində olduğu kimi davam edə bilməz. Söhbət, ilk növbədə, Əfqanıstan hakimiyyətini bürümüş korrupsiyadan gedir. Kərzaini qələbə münasibətilə təbrik edən ABŞ prezidenti Barak Obama ondan israrla bir məsələni xahiş, əslində isə tələb edib: ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi. Bununla yanaşı, Obama Kərzainin rəhbərliyinin "sözə yox, əmələ görə qiymətləndiriləcəyini" də bəyan edib.
ABŞ-ın qərargah rəisləri birləşmiş komitəsinin nümayəndəsi admiral Mayk Mallen öz növbəsində Kərzaini korrupsiyaya qurşanmış məmurların həbsinə çağırıb. O bildirib ki, Əfqanıstan prezidenti hökumət dairələrindən korrupsiyanın kənarlaşdırılması üçün konkret tədbirlər görməlidir. "Bu, o deməkdir ki, korrupsiyaya qurşanmış ətrafdan yaxa qurtarmaq, onları həbs etmək və cəzalandırmaq lazımdır", - deyə Mallen qeyd edib.
Bu məsələdə Vaşinqtonun mövqeyi London tərəfindən də dəstəklənir. Böyük Britaniyanın Baş naziri Qordon Braun Həmid Kərzaini rəhbərlik etdiyi hökumətin "korrupsiyanın sinonimi"nə çevrilməkdə günahlandırıb. O, Londonun Əfqanıstan hökumətinə dəstəyinin ölkədə aparılacaq islahatlardan asılı olacağını da söyləyib.
Qeyd edək ki, Braunun "antikorrupsiya" çağırışları, Əfqanıstanda yerli polisin 5 britaniyalını qətlə yetirməsindən dərhal sonra səslənib (həmin polislərə vaxtilə məhz britaniyalılar təlim keçib). Bununla yanaşı, Braunun bəyanatları Əfqanıstanda həyata keçirilən antiterror əməliyyatlarının bundansonrakı gedişinə müəyyən təsir göstərə bilər. "Mən korrupsiyaya qarşı mübarizə apara bilməyən hökumət üçün britaniyalı kişilərin və qadınların həyatını risk qarşısında qoya bilmərəm", - deyə Baş nazir bildirib.
Bununla əlaqədar olaraq, o bildirib ki, Britaniyanın Əfqanıstana yardımının həcmi, həmçinin, bir müddət əvvəl bu ölkədəki hərbi kontingentinin 500 nəfər artırılacağına dair bəyanatının reallaşdırılıb-reallaşdırılmayacağı Kərzai hökumətinin islahatlar sahəsindəki uğurundan asılı olacaq.
Həmid Kərzaini hakimiyyətə gətirmiş fövqəldövlətlərin liderlərinin bu bəyanatlarından sonra, Əfqanıstan prezidentinin dövlət başçısı postuna yenidən təsdiqləndikdən sonra, "korrupsiya biabırçılığı"na son qoyacağına dair bəyanat səsləndirməkdən başqa yolu qalmayıb. Seçkidənsonrakı ilk bəyanatında Kərzai yeni hökuməti Əfqanıstanın bütün vətəndaşlarının maraqlarına uyğun şəkildə formalaşdırmağa hazır olduğunu söyləyib. O, hətta "qardaş talibləri ölkəni olduğu kimi qəbul etməyə" də səsləyib. Milli televiziyanın efirində çıxış edən prezident bir daha barışmaz müxalifəti sülhə qayıtmağa çağırıb.
Sonuncular seçkinin qalibinin çağırışlarını qəbul edəcəklərmi? Hələ ki Qərbə qarşı ölüm müharibəsi elan etmiş qarşı tərəfdən müsbət heç nə hiss edilmir. Lakin regionda yaşanan son proseslər göstərir ki, bu müharibənin episentri, artıq Əfqanıstandan talib hərəkatının yeni meydanına çevrilməkdə olan qonşu Pakistana keçir. Pakistanın nüvə dövləti statusu isə Qərblə taliblərin döyüşünün qlobal əhəmiyyətini daha da artırır.
MƏSLƏHƏT GÖR: