14 Mart 2025

Cümə, 20:48

GÖZLƏNİLMƏZ GEDİŞ

Azərbaycan öz qazını avropaya çıxarmaq üçün yeni üsula əl atdı

Müəllif:

15.11.2009

Noyabrın ortalarında Azərbaycan Avropanın qaz bazarının əsas oyunçularından biri kimi, yenidən analitiklərin diqqət mərkəzinə düşüb. Noyabrın 13-də Sofiyada Azərbaycan və Bolqarıstan prezidentləri İlham Əliyev və Georgi Pırvanovun iştirakı ilə Azərbaycan-Bolqarıstan razılaşmasının imzalanma mərasimi keçirildi. Söhbət Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə Bolqarıstanın Energetika və Turizm Nazirliyi arasında imzalanmış əməkdaşlıq memorandumu, həmçinin, Bolqarıstanın "Bulqartransqaz" şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkəti arasında imzalanmış təbii qazın nəqli üzrə qarşılıqlı anlaşma memorandumlarından gedir.

Razılaşmaya əsasən, 2011-2012-ci illərdə Azərbaycan Bolqarıstana 1 milyard kubmetrdən artıq təbii qaz nəql edəcək. Bolqarıstanın energetika naziri Trayço Traykovun bildirdiyinə görə, Azərbaycan qazı bu ölkəyə Türkiyə - Yunanıstan - İtaliya (TGI) boru xəttinin gələcək qanadı vasitəsilə nəql olunacaq. Sonradan qazın Nabucco layihəsi çərçivəsində ixracı da mümkündür. 

Bundan başqa, imzalanmış sənəd Azərbaycan qazının mayeləşdirilmiş formada Qara dənizdəki terminallar vasitəsilə nəqlini də mümkün edir ki, bu da enerjidaşıyıcılarının dünya bazarlarına çıxarılması yollarının tamamilə yeni formada diversifikasiyasıdır. "Mayeləşdirilmiş qazın xüsusi tankerlərlə Qara dəniz vasitəsilə daşınmasını Azərbaycan heç zaman həyata keçirməyib və bu bizim üçün yeni formadır. Biz bu istiqamətdə işləyəcək, araşdırmalar aparacağıq. Bu ideya hərtərəfli öyrəniləcək", - deyə Azərbaycanın sənaye və energetika naziri Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın öz karbohidrogenlərini dünya bazarına çıxarması üçün digər yolları da var. O, Azərbaycan üçün "Cənubi dəhlizi"nin yalnız Nabucco qaz kəmərindən ibarət olmadığını söyləyib: "Biz "Cənub dəhlizi" layihəsinə daha geniş yanaşırıq".

Qeyd etmək lazımdır ki, Azərbaycanla Bolqarıstan arasında razılaşmanın əldə edilməsinə layihənin bir hissəsi kimi baxılır. Bunu İlham Əliyevlə apardığı danışıqların sonunda Bolqarıstanın dövlət başçısı Georgi Pırvanov da bildirib.

İ.Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycanın Nabucco ilə bağlı öhdəlikləri artıq Praqada keçirilən eneji sammitində təsdiqlənib və Bakının bunun üçün lazımi resursları var. Eyni zamanda o, sözügedən layihə ilə bağlı bir sıra məsələlərin hələ də həll edilmədiyini, buraya qazın tranzit marşrutu və tikinti işlərinin maliyyələşdirilməsinin də daxil olduğunu söyləyib.

Qeyd edək ki, cəmi bir müddət əvvəl bəzi analitiklər Azərbaycanı Nabucco qaz kəmərinə "mavi yanacaq" vuracaq potensial ölkələrin siyahısından çıxarmağa tələsirdi. Buna səbəb isə Azərbaycanla Türkiyə arasında qazın qiyməti və onun tranzit xərcləri ilə bağlı aparılan danışıqların nəticə verməməsi idi. 

Bəziləri bunu, hətta Ankaranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanla yaxınlaşmasına cavab olaraq, Bakının Türkiyə və Avropanı "cəzalandırması" kimi də qiymətləndirirdi.

Bundan əlavə, Azərbaycanın öz qazını Rusiyaya satmağa meyilli olması da hətta artıq Rusiya ilə razılaşma imzalanması da qeyd olunan məqamlar arasında idi. 

Yeri gəlmişkən, artıq Azərbaycanın İranla da müvafiq razılaşması mövcuddur. Noyabrın 12-də Azərbaycan Dövlət Neft Şirkəti və İranın Milli Qaz İxracı Şirkəti (NIGEC) bu ölkəyə qaz satışını nəzərdə tutan sənədi imzalayıb. Bakı Rusiyaya olduğu kimi, İrana da ildə 0,5 milyard kubmetr qaz satmaq fikrindədir.

İlham Əliyevin Sofiyaya səfərindən sonra isə demək olar ki, bütün analitiklər belə qənaətə gəliblər ki, Azərbaycan sabit və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyib - rəsmi Bakı sözünün sahibidir və lazımi şərait olduğu təqdirdə, öz qazını Avropaya nəql etməyə hazırdır.

Digər tərəfdən, prezidentin səfəri nəticəsində Avropadan olan tərəfdaşlar anladılar ki, indi top meydanın onlara aid hissəsindədir və Avropa İttifaqı ölkələrinin gələcək enerji təhlükəsizliyi daha çox onların tələskənliyindən asılıdır. "Bu sənədlər ikitərəfli xarakter daşıyır. Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq çox uğurlu olacaq. Gələcəkdə bu əməkdaşlıq genişlənəcək, bu müsbət təşəbbüsə digər dövlətlər də qoşulacaq. Əminəm ki, bu həm Avropa İttifaqı, həm də bizim üçün vacibdir", - deyə İlham Əliyev bildirib.

Bu məsələdə avropalıların Bolqarıstandan öyrənməli olduqları məqamlar var. Aİ-nin Nabucco qaz kəmərinin tikintisinə maliyyə ayrılmasını ləngitməsi, həmçinin, bir sıra digər qərarların qəbulunda hələ də gözləmə mövqeyi tutması fonunda, Sofiya "bir güllə ilə iki dovşan vurdu". Birincisi, Azərbaycandan qaz idxalına dair memorandumu imzalamaqla, o, mənbələrin diversifikasiyası yolu ilə ölkənin enerji təhlükəsizliyini təmin etdi.

İkincisi, Sofiya perspektivdə Avropaya təbii qazın nəqli mərkəzinə çevrilməsi şanslarını da artırır. Bunu bolqarıstanlı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında İ.Əliyev də təsdiqləyib: "Əminəm ki, Bolqarıstan bu məsələdə - Azərbaycan qazının Avropa qitəsinə nəqlində çox vacib rol oynayacaq".

RBK xəbər verir ki, Bolqarıstan Rusiya ilə Ukrayna arasında yanvarda yaşanmış qaz müharibəsi zamanı digər Avropa ölkələrindən daha çox əziyyət çəkib. Bununla əlaqədar olaraq, Sofiya təchizatçıların diversifikasiyasına nail olmaq üçün fəal işə başlayıb. Moskva ilə Kiyev arasında qaz nəqlinə görə ödənişlərin edilməməsi ilə əlaqədar yeni qaz müharibəsinin qızışması ehtimalı isə Bolqarıstanın məsələyə daha da ciddi yanaşmasına səbəb olub.

Sofiya Avropaya Qara dənizin dibi ilə təbii qazın nəqlini nəzərdə tutan "Cənub axını" layihəsində də iştirak edir. Qeyd edək ki, bu qaz kəmərinin 2015-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur və bu səbəbdən də Sofiya artıq 2011-ci ildən nəqlə başlamağa hazır olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Azərbaycanın özünə gəlincə, noyabrın ilk yarısında baş verən hadisələr, həmçinin, İran və Bolqarıstanla imzalanmış razılaşmalar və İ.Əliyevin Belarusa səfəri bir daha göstərdi ki, rəsmi Bakı müstəqil, balanslaşdırılmış və sabit xarici siyasət, həmçinin, iqtisadi kursa sadiqdir. Bu isə özündə qarşılıqlı səmərəyə əsaslanan əməkdaşlığı nəzərdə tutur.

Çoxistiqamətli siyasət və karbohidrogen nəqlinin diversifikasiyası, şübhəsiz ki, Azərbaycanın iqtisadi rifahına da öz təsirini göstərir. Rusiyanın "Utro" elektron qəzeti "Böhran okeanında çiçəklənmə adası" adlı məqaləsində yazır: "Azərbaycan açıq şəkildə göstərir ki, neft hasil edən ölkə böhranı iqtisadi tənəzzül olmadan keçirə, iqtisadi artıma görə, regionun lideri statusunu qoruya bilər. MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, bu ilin 9 ayı ərzində Azərbaycan ümumi daxili məhsulun 6,1%-lik artımı ilə postsovet məkanında liderdir. Bu, yeganə belə uğurdur. Regionun digər neft-qaz ölkələrində göstəricilər məyusedicidir".


MƏSLƏHƏT GÖR:

383