
BERTİ FOQTS ÜÇÜN ETİMAD KREDİTİ
Çox güman ki, Alman mütəxəssis Azərbaycan yığmasının sükanı arxasında qalacaq
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Beləliklə, futbol üzrə "Dünya Çempionatı-2010"un seçmə mərhələsi Azərbaycan üçün artıq tarixin bir hissəsidir. Seçmə mərhələnin yekununda komanda 5 xal toplayıb - ondan 4-nü Lixtenşteyn (0:0, 2:0) və Rusiya (1:1) milliləri ilə keçirilmiş son qarşılaşmalarda əldə edib. Bununla yanaşı, Bakıda ruslarla keçirilmiş qarşılaşma meydan sahiblərinin o qədər də ümidsiz olmadıqlarını, oyunun düzgün qurulduğu təqdirdə, yaxşı nəticəyə ümid edə biləcəklərini göstərdi.
Gələcəyə ümidlə
Qarşılaşmaların əksəriyyətində komanda anlaşılmaz təsir bağışlayırdı və yalnız payızın əvvəllərində onun çıxışlarında hardasa oyun əlamətləri müşahidə olunmağa başladı. Seçmə mərhələnin sonunda əldə olunan uğurların səbəbi də məhz bu idi.
Müəyyən dərəcədə yerli klubların avrokuboklardakı uğurlu çıxışı, xüsusilə də "Qarabağ"ın Avropa Liqasında üçüncü mərhələyədək irəliləməsi də buraya öz təsirini göstərməmiş deyildi. Həmin qarşılaşmalarda Vaqif Cavadov, Vüqar Nadirov, Elvin Məmmədov, Maksim Medvedev kimi oyunçuların potensialı üzə çıxdı və millinin baş məşqçisi Berti Foqts məhz onlara güvənmək qərarına gəldi. Mütəxəssisin bu qərarı özünü tam doğrultdu. Hər halda, E.Məmmədov və V.Cavadov seçmə mərhələni hərəyə 2 qolla bitirdilər. Vaqifin ruslara vurduğu qolu isə xüsusi qeyd etmək lazımdır.
O da qeyd olunmalıdır ki, millimiz autsayderlərdən biri sayılsa da, seçmə mərhələ çərçivəsində, Almaniya yığması ilə Hannoverdə keçirilmiş qarşılaşma istisna olmaqla, heç bir oyunda böyük hesabla məğlub olmayıb. Yalnız həmin matçda qrupun favoriti komandamızın qapısına 4 qol vurdu. Digər uğurumuz - qarşılaşmalarda Azərbaycan millisinin qapısından maksimum 2 top keçirilməsidir.
Bundan başqa, artıq komandanın liderləri də müəyyənləşib və növbəti seçmə mərhələlərdə üstünlüyü məhz onlara vermək olar.
Məsələn, qapıçı Kamran Ağayev ən tərifli sözlərə layiqdir.
Nominal müdafiəçi, fəal şəkildə hücumlara qoşulan Mahir Şükürov da öz oyununu tapıb.
Ortaya qoyduğu oyunla xoş sözlərə layiq olan daha bir oyunçu isə Vaqif Cavadovdur.
Digər yandan, B.Foqts gənc və perspektivli futbolçuları da milliyə çağırmağa başlayıb və bu baxımdan, artıq yuxarıda adı çəkilmiş M.Medvedevi, həmçinin, son qarşılaşmada özünü əla göstərən Ruslan Abışovu qeyd etmək olar. Yəni alman mütəxəssis artıq "Avro-2012"nin seçmə mərhələsini hədəf götürmüş komandanı yaratmaqla məşğuldur və həmin turnirdə o, əvvəlkilərdən daha uğurlu çıxış etmək niyyətindədir. Artıq AFFA-dan növbəti inam krediti almış B.Foqts, yəqin ki, millinin sükanı arxasında işini davam etdirəcək.
Düzdür, alman mütəxəssislə müqavilənin uzadılmasının mümkünlüyü hələ assosiasiyada müzakirə ediləcək, lakin artıq indidən söyləmək olar ki, onun postunda qalma ehtimalı çoxdur. AFFA rəhbərliyi də məşqçinin fəaliyyətindən razı olduqlarına işarə vurub. Digər yandan, Foqts artıq pis-yaxşı, Azərbaycan futbolundakı vəziyyəti bilir, yeni mütəxəssis isə hər şeyi sıfırdan başlamalı olacaq.
Üstəlik, millinin üzvlərinin də Foqtsu dəstəklədikləri aydındır.
Qrupda beşinci yer Azərbaycanın turnir cədvəlindəki real vəziyyətini əks etdirir. Axı biz altıncı olan Lixtenşteyni səviyyəcə üstələsək də, qrupda daha yüksək yerlərdə qərarlaşmış Uels və ya Finlandiya haqda eyni sözləri söyləmək olmaz.
Lakin hər şey tədricən yaranır və bu seçmə mərhələ, artıq millinin oyununu müəyyənləşdirən yeni nəsil futbolçular üçün yaxşı təcrübə oldu.
Bizə isə davamını gözləmək qalır.
Əcnəbi skautlar maraqlanırlar
"DÇ-2010"un seçmə mərhələsinin bitməsi ilə Azərbaycan millisinin üzvlərinə maraq xeyli artıb. Seçmə mərhələnin son turlarında komandanın kifayət qədər yaxşı oyun göstərdiyini nəzərə alsaq, bir sıra seleksionerlərin diqqətinin oyunçularımıza yönəlməsi təbiidir. Beləliklə, millinin aparıcı üzvlərinin tezliklə xarici ölkələrdə top qovmaları mümkündür.
Avropa klublarına transfer olunmağa əsas namizədlərdən biri Vaqif Cavadovdur. O, mövsümün ikinci yarısında həm "Qarabağ"ın heyətində Avropa Liqasındakı oyunlarda, həm də millidə mükəmməl təsir bağışlayıb. Son turda Rusiya millisinin qapısından keçirilmiş qol isə Vaqifin karyerasında özünəməxsus mərhələdir.
Xatırladaq ki, Vaqif vaxtilə futbola Moskvanın OMİK klubunun ikinci heyətində başlayıb. İndi isə Avropa Liqasının üçüncü turunda "Qarabağ"ın rəqibi olmuş "Tvente" ona "göz qoyub". Ağdamlılar həmin qarşılaşmada favoritə əməlli-başlı müqavimət göstəriblər və qarşılaşmadan sonra hollandlar Cavadova ciddi maraq göstərməyə başlayıblar. "Tvente"nin yaxın transfer pəncərəsi dönəmində və ya ərizələrin qəbulu dövründə futbolçuya rəsmi təklif göndərəcəyi istisna olunmur.
Seçmə mərhələnin gedişində əsas tapıntılardan birinin də qapıçı Kamran Ağayev olduğunu söyləmək mümkündür. Bir çox qarşılaşmalarda milli məhz onun sayəsində böyükhesablı məğlubiyyətdən yaxa qurtara bilib. Kamranla "Köln" və bir sıra digər alman klubları fəal şəkildə maraqlanır. Lakin Ağayevin 1 nömrə olduğu "Xəzər-Lənkəran", çətin ki, belə istedadlı oyunçunu buraxmaq istəsin. Digər tərəfdən, Ağayevə həqiqətən də peşəkarlığı artırmaq lazımdır, lakin xaricdə onun dərhal əsas heyətə düşəcəyini də söyləmək çətindir. İstənilən halda, legionerlik təcrübəsi Kamran üçün yaxşı dərs ola və onun karyerasını yeni səviyyəyə yüksəldə bilər.
Millinin həlledici qarşılaşmaları zədə üzündən buraxmış kapitanı Rəşad Sadıqova da ciddi maraq var. Zədəyə baxmayaraq, Moskva "Lokomotiv"i də daxil olmaqla, bir sıra Rusiya klubları Sadıqovun xidmətində maraqlıdır. Rəşadın Bosfor sahillərindəki çıxışından onu yaxşı tanıyan Türkiyə klubları haqda da eyni fikirləri söyləmək olar.
Rəşad isə hələ ki seçim etməyə tələsmir. Mövsüm ərəfəsində o, "Qarabağ"a yalnız Avropa Liqası matçlarında kömək etməyə razılıq verərək, karyerasını Türkiyədə davam etdirmək niyyətini açıqlamışdı. Lakin sonradan ağdamlıların "Avrokubok"da mükəmməl çıxışı və ölkə çempionu tituluna iddia etməsi Rəşadın komandada qalmasına səbəb oldu.
Hansı müddətə, bunu zaman göstərəcək.
"Olimpik" üçün stadion
Azərbaycan yığmasının "DÇ-2010"un seçmə mərhələsindəki qarşılaşmaları ilə əlaqədar olaraq, ölkə çempionatında yaranmış pauzadan klublar müxtəlif cür istifadə edib. Bəziləri məzmunlu start dövründən sonra nəfəsini dərib, digərləri turnir cədvəlinin zirvəsinə yüksəlmək üçün səyləri davam etdirib, üçüncü qrup isə stadion tikintisi ilə məşğul olub. Öz stadionunun tikilməsi təşəbbüsünə start vermiş "Olimpik-Şüvəlan" sonunculardandır. Qeyd edək ki, komanda son dövrədək oyunlarını "Şəfa" stadionunda keçirsə də, bəzi səbəblər üzündən öz meydanının tikintisinə qərar verib. Bu da anlaşılandır. Axı icarəyə götürülmüş meydandansa, öz stadionunda oynamaq daha xoşdur. Digər tərəfdən, klubların UEFA və AFFA tərəfindən lisenziyalaşdırılması qaydaları getdikcə sərtləşdirilir və bu zaman klubun öz stadionunun olması əsas şərtlərdən biri kimi irəli sürülür.
Tikinti işlərinə ötən ilin avqustunda başlanılıb və o, yaxın vaxtlarda bitməlidir. İşlərin aparıldığı dövrdə detallar bir neçə dəfə dəyişdirilib və son dəyişikliklər UEFA standartları əsasında həyata keçirilib.
Stadionun kiçik, lakin son dərəcə rahat olması nəzərdə tutulub. Onun azarkeş tutumu 3 mini ötməyəcək və tribunalar yalnız iki tərəfdə qurulacaq. Onların yerdən hündürlüyü isə 5 metrdən çox olmayacaq ki, nəticədə belə stadionda futbolu izləmək hər kəsə zövq verəcək.
Bir sözlə, yaxın gələcəkdə Azərbaycanda daha bir rahat stadion istifadəyə veriləcək və hazırda, sadəcə, işlərin sona çatmasını gözləmək lazımdır. Stadionun bazasında mehmanxana, məşq meydançası, trenajor zalı yaradılacaq.
Bir sözlə, orada futbol infrastrukturuna aid olan hər şeyə rast gəlinəcək.
Turnir cədvəlində isə "Olimpik-Şüvəlan" hələ ki 8-ci yerdədir. Məlum olduğu kimi, bu mövsüm ölkə çempionatı yeni qaydalar üzrə keçirilir - müntəzəm birinciliyin sonunda 6 ən yaxşı klub ikidövrəlik turnirdə medallar uğrunda mübarizə aparacaq. Odur ki, Əsgər Abdullayevin yetirmələrinə yüksək yerlər uğrunda mübarizə aparmaq üçün ilk altılığa düşmək çox vacibdir. Ötən mövsüm "Olimpik" bir qədər geriləsə də, iki mövsüm əvvəl ilk yer uğrunda mübarizə aparmış və xeyli müddət turnir cədvəlinə liderlik etmişdi. Həmin il klub yalnız sonda büdrəyərək, qızıl medallara sahib çıxa bilmədi.
Stadion tikintisi ilə bağlı mövzunu davam etdirərək, "Qarabağ" və "Neftçi"nin də bu işlə məşğul olduqlarını qeyd edə bilərik - bu klublar da qarşılaşmalarını doğma publika önündə, azarkeşlərinin dəstəyi ilə keçirmək istəyir. Arenalar lazım olan sertifikatı ala bilsələr, "Avrokubok" qarşılaşmalarının da həmin meydanlarda keçirilməsi mümkün olacaq.
Odur ki, əsası işə başlamaqdır, sonrası asan olur.
MƏSLƏHƏT GÖR: