24 Noyabr 2024

Bazar, 19:52

EKOLOJİ TERROR

İşğal edilmiş Azərbaycan ərazilərində ətraf mühitin vəhşicəsinə məhvi davam edir

Müəllif:

01.11.2009

Ermənistanla Azərbaycanın arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar uzandıqca, münaqişənin dondurulması davam etdikcə, ermənilər daha çox qiymətli ağac növlərini kəsəcək və yandıracaq, Azərbaycanın çaylarını daha çox çirkləndirərək, onları ölü zonaya çevirəcəklər. Dağlıq Qarabağda ekoloji durum kritikdir və hətta erməni separatçıları tərəfindən tutulmuş ərazilərdə ekoloji vəziyyət barədə birbaşa məlumat olmasa da, bununla bağlı çıxarılan nəticələr belə deməyə əsas verir. 

6 noyabr BMT-nin müharibə və hərbi münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması günü kimi qeyd olunur.

Belə bir ərəfədə Azərbaycan ərazisi işğal olunmuş və işğalçıların daimi ekoloji pressinqini hiss edən bir ölkə kimi yenidən beynəlxalq ictimaiyyətin diqqətini hərbi münaqişələr zamanı ətraf mühitə vurulan zərər probleminə yönəldir. Çünki nəticədə eksosistemin və təbii ehtiyatların vəziyyəti uzun müddətə pisləşir, yalnız bir dövlətə  və yalnız indiki nəslə deyil, daha geniş miqyasda zərər  vurulur. 

6 noyabrın müharibə və hərbi münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması haqda beynəlxalq  gün kimi qeyd olunması barədə qərar BMT-nin 5 noyabr 2001-ci il tarixdə keçirilmiş Baş Assambleyasında BMT-nin Minillik Bəyannaməsinə istinadən verilib. Bəyannamədə  gələcək nəsillərin rifahı naminə bizim ümumi ətraf mühitimizin qorunması üzrə tədbirlərin vacibliyi qeyd edilir. 

 

Nəzarətsiz ekologiya  

BMT Baş Assambleyası tərəfindən 5 noyabr 2001-ci il tarixdə qəbul edilmiş 56/4 saylı bəyannamədə  BMT Nizamnaməsinin 4-cü fəslinin bəndinə istinadən bildirilir ki, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində güc təhdidlərindən və istənilən dövlətin ərazi toxunulmazlığına  və  uyğun olaraq onun təbii ehtiyatlarına qarşı güc tətbiqindən uzaq durmalıdırlar. Bu gün Dağlıq Qarabağda ekoloji tarazlıq baxımından vəziyyəti ən pis kimi dəyərləndirmək olar.  "Qanunsuz qurum olan "DQR" beynəlxalq qurumların qarşısında işğal olunmuş ərazilərdə ekoloji mühitin qorunması üzrə heç bir məsuliyyət daşımır, bölgənin ekoloji vəziyyəti isə getdikcə pisləşir", - deyə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Region plus"un sualına cavab verərkən bildiriblər. Müvafiq qurumlarda əmindirlər ki, işğaldan azad ediləndən sonra, bölgənin ekoloji mühitinin yaxşılaşdırılması üçün təcavüzkarlar Azərbaycanın ətraf mühitinə uzun illər vurulmuş zərərin əvəzini ödəməlidirlər. 

Azərbaycanın nəzarət edə bilmədiyi ərazilərdə ekoloji durum həm də onunla pisləşməyə başlayır ki, 2006-cı ilin iyun ayından üzü bəri, ermənilər məqsədli şəkildə, qoruq sahələri də daxil olmaqla, həmin ərazilərdə yanğınlar törədərək, meşə sahələrini məhv ediblər. Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının işğal edilmiş kəndləri yandırılıb. Ermənilər tərəfindən törədilmiş yanğınlar Azərbaycanın nəzarəti altında olan ərazilərə də keçib. Təkcə 2006-cı ildə baş verən 20 günlük  yanğınlar nəticəsində ümumilikdə 132,2 kvadrat-kilometr ərazi yandırılıb. 

Zəngilan rayonunun Topmeşə sahəsində bitən Şərq çinarları, qədim növə malik qoz ağacları məhv edilib. Burada dünya üzrə ikinci və Avropada birinci olan Şərq çinarı meşəsi demək olar ki, yox edilib. Hazırda tikintiyə və mebel istehsalına yararlı olan ağaclar kəsilir və Ermənistana aparılır, başqa ölkələrə satılır.  Ermənilər tərəfindən işğal müddətində Bartaz, Vecnəli, Daşbaşı və Leşkər meşələrində dəfələrlə yanğınlar törədilib. Bu meşə sahələrini əhatə edən və ümumi sahəsi 55 hektara çatan 40-50 yaşlı qoz ağacları da qırılıb. Top və Şükürataz meşə sahələrində 350 - 400 yaşlı palıd ağacları kəsilib. İşğal edilmiş ərazilərdə narkotik vasitələr yetişdirilir. Azərbaycanın işğal edilmiş ərazilərinə yanğınla vurulmuş zərər 2007-ci il üzrə 15 mln manat (cari məzənnə ilə $18,2 mln) səviyyəsində,  2006-cı il üzrə isə 159 mln manat ($193 mln) həcmində  qiymətləndirilir.

Azərbaycan hökuməti dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağdakı və digər işğal olunmuş ərazilərdəki dəhşətli ekoloji duruma yönəldib. Bunun nəticəsi BMT BAŞ Assambleyasının 60-cı sessiyası tərəfindən 7 sentyabr 2006-cı il tarixdə Ermənistan - Azərbaycan münaqişəsi başlayandan sayca altıncı (№60/285) qətnamə qəbul edilib. Baş Assambleya "Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət" adlı qərarında durumdan ciddi narahat olduğunu qeyd edərək, yanğınların söndürülməsi və onların dağıdıcı nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz ekoloji əməliyyatların aparılmasını vacib sayıb. Yanğınla mübarizə məqsədilə tədbirlər barədə qərarlar da qəbul edilib. 

Yanğınlarla bağlı məsələ Azərbaycan nümayəndə heyəti tərəfindən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyalarında da qaldırılıb. Bilərəkdən törədilən yanğınların və onların yaratdığı təhlükəli ekoloji durumun qısamüddətli və uzunmüddətli təsirlərinin qiymətləndirilməsi üçün AŞ PA çərçivəsində qiymətləndirmə missiyası və beynəlxalq ekspertlərdən ibarət komissiya da yaradılıb.  Təəssüf ki, erməni tərəfi missiyanın başa çatmasından sonra birgə tədbirlər barədə verilmiş qərarları yerinə yetirməyib. İşğal olunmuş ərazilərdə yanğınlar 2007, 2008 və 2009-cu illərdə də davam etdirilib. Son yanğınlar 2009-cu il iyulun 20-də qeydə alınıb. "Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 20-si axşamı Ağdam və Ağdərə rayonlarının dağ ərazilərində törədilən yanğınlar çox böyük sürətlə yayılıb. Dağlardakı yanğını yalnız Ağdamda, Ağcabədidə, Bərdədə  və Tərtərdə deyil, həm də daha uzaq rayonlarda görmək olardı", - Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) hesabatlarında belə deyilir. 

Bu gün ETSN və Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının əməkdaşlarının əllərində sovet illərində tərtib edilmiş və həmin ərazilərdə hansı meşələrin, hansı nadir bitkilərin olduğu barədə reyestr məlumatları var. Bu sənədlərə baxmaq ürəkağrıcıdır, çünki başa düşürsən ki, göstərilənlərin çoxu artıq məhv edilmiş ola bilər. 

 

Çayların çirkləndirilməsi      

"Bəllidir ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədədir və bir elementdə baş vermiş dəyişiklik zəncirvari reaksiya ilə o birilərinə də ötürülür. Hazırda Dağlıq Qarabağ ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının işğal olunmuş ərazilərindəki torpaqlar becərilmir və insan nəzarətindən kənardadır. Bu da təbii ki, böyük ekoloji fəlakətlər deməkdir", - ETSN-də bu qənaətdədirlər. Beləliklə, separatçıların fəaliyyəti yanğınlardan əlavə daha irimiqyaslı ekoloji problemlərin yaranmasına da səbəb olur. 

Ermənistandan başlanan çayların hamısı daha sonra Azərbaycan ərazisində Araz və Kür çaylarına tökülərək, onların  vasitəsilə də Xəzərə axır. Artıq uzun illərdir ki, Ermənistandan gələn Oxçu, Zəngi, Araz, Ağstafa  və s. çaylar öz suları ilə Azərbaycanın çaylarını çirkləndirir. Bunun nəticəsidir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Zəngilan rayonu iri ekoloji terrora məruz qalan zonaya çevrilib. ETSN-in məlumatına görə, Ermənistan tərəfindən mütəmadi olaraq rayonun çaylarına gündə 2,1 min kubmetr çirkli su tökülür. Çirkli su Araza onun sol qolu olan Oxçu çayı vasitəsilə gəlir. Ermənistan Qacaran mis-molibden zavodunun və Qafan filiztəmizləmə kombinatının ərazisində kimyəvi çirkləndirilmiş sular təmizlənmədən Arazın bu sol qoluna tökülür. Nəticədə, çayın hövzəsi ölü zonaya çevrilib. Çayın mikroflorası və faunası tamamilə məhv edilib. 

Ermənistan AES-də işlədilmiş radioaktiv tullantıların Azərbaycanın işğal edilmiş ərazilərində bas-dırılması barədə məlumatlar var. Müharibə əməliyyatlarından sonra qalmış mina sahələri, çox sayda mərmi gilizləri, dağ rayonlarına hərəkət edən ağır hərbi texnika bitki aləminə torpaq örtüyünə böyük zərər vurub. 

Təbii ki, nəzarətsiz torpaqlarda təbiəti mühafizədən söhbət belə gedə bilməz. Dağ meşələri sürətlə qırılır, taxtası qonşu ölkələrə aparılır, nadir bitkilər və heyvanlar məhv edilir. Öz başlanğıcını işğal olunmuş ərazilərdən alan meliorasiya kanallarının işləməməsi Azərbaycanın aşağı rayonlarının da təsərrüfatına ağır zərbə vurur. 

Deyilənlərdən aydın olur ki, insanlarımızla yanaşı Azərbaycanın ölçüyəgəlməz zərərə məruz qalan təbiəti də işğalın acı nəticələrini yaşayır. Tutduqları torpaqlarda müvəqqəti olduqlarını başa düşən ermənilər burada olan faydalı qazıntıları, təbii resursları vəhşicəsinə dağıdırlar. Asan əldə edilən mineral sular, müxtəlif tikinti materialları və başqa sərvətlər iri həcmlərlə mənimsənilir.  

ETSN-nin Azərbaycanın işğal olunmuş ərazilərindəki durumla bağlı I hesabatında bildirilir ki, Ermənistanın işğal etdiyi ərazilərdə qoruq rejimi tamamilə məhv edilib. 

 

Beşitçay Dövlət Qoruğu 

Beşitçay Dövlət Qoruğu Azərbaycan SSR hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdı. Azərbaycanın cənub-qərbində Beşitçay çuxurunda yerləşir. Qoruq ərazinin, xüsusilə nadir olan landşaft kompleksinin, sahəsi 107 hektar təşkil edən nadir təbii çinar meşəsinin qorunması üçün yaradılıb, ərazinin 79,4% -i meşəylə örtülüb və bunun 14% -i nadir meşələrdir. Ərazinin iqlim şəraiti çinar meşələrinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Burada çinarın qarışıq növləri var. Qoruqda çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m-dir. Elə nümunələr var, yaşı 1200-1500 ildir, hündürlüyü 50 m, diametri 4 m-ə çatır.  İşğala qədər meşənin bitki ehtiyatı hər bir hektar üzrə 190 kub.m,  ümumi sahə üzrə isə 16200 kub.m təşkil edib, hər hektar üzrə illik artım 1,22 kub.m olub. 

Azərbaycanlılar çinarı həmişə yüksək qiymətləndiriblər və onu ağacların şahı, bitki aləminin rəmzi sayıblar. Çinarlar Azərbaycan təbiətinin bəzəyi və fəxri sayılıb. Amma bu, Beşitçay qoruğunun tək incisi deyil. Burada həmçinin qoz, karkas, tut, söyüd, qovaq, yemişan, itburnu, çaytikanı və bir sıra kol ağacları da bitir. 

Ancaq 1993-cü ildən başlayaraq,  Ermənistan bu inciləri məhv edir. Meşələr amansızcasına qırılır, mebel istehsalı üçün daşınır. ETSN tərəfindən 2006-cı ildə aparılmış araşdırmadan və erməni kəndi Savdan verilmiş məlumatdan bəlli olub ki, ermənilər qoruğun yerləşdiyi Razdərə kəndində mebel sexi açıblar və ətrafdakı bütün ağacları - çinar, palıd, qoz ağaclarını kəsirlər. Sonra əməllərinin izlərini itirmək üçün ağacların kökünə partlayıcı maddə qoyaraq izi yox edirlər və bundan sonra ərazidə əkin-biçin işləri aparırlar. Zəngilan meşə təsərrüfatı idarəsinin müxtəlif mənbələrdən aldığı məlumata görə, Topmeşədə bütün qiymətli ağac növləri artıq məhv edilib. 

 

Qaragöl Dövlət Qoruğu 

Qaragöl Dövlət Qoruğu Azərbaycan SSR hökumətinin 17 noyabr  1987-ci il tarixli qərarı ilə respublikalararası qoruq kimi yaradılmışdı. Laçın və Gorus rayonlarının sərhədində dəniz səviyyəsindən 2658 m hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 ha-dır. Buraya, həmçinin, Qaragöl gölünün su hövzəsi və gölün sahili boyunca eni 100 metr olan 64 ha-lıq sahə də daxildir.  Qaragöl gölü Qarabağ vulkanik dağ silsiləsinin cənub tərəfində - dəniz səviyyəsindən 2658 m hündürlükdə yerləşib. Bu göl sönmüş vulkanik krateri xatırladan qədim su mənbəyidir. Qoruqda 102 bitki növü və yarımnövü var, onlar 68 növ müxtəlifliyinə və 27 ailəyə məxsusdurlar. Göldə su həmişə çox təmiz və şəffaf olub, bu da su axınının olmaması ilə izah edilir. Xalq həmişə oranı müqəddəslərə ibadət yeri sayıb. 

1964-cü ildə gölün Ermənistan sahilində heyvandarlıq kompleksinin tikilməsi, həmçinin, Ermənistanın Gorus rayonunda əkin sahələrinin suvarılması üçün güclü su nasoslarının qurulması çirklənməyə və suyun səviyyəsinin enməsinə səbəb oldu.  Hazırda işğalçılar bu təbii abidənin suyundan nəzarətsiz istifadə edirlər. 

 

Laçın Dövlət Qoruğu  

Laçın Dövlət Qoruğu 1961-ci ildə Laçın rayonunun ərazisində burada olan heyvanların və quşların saxlanması və artırılması üçün yaradılıb. Qorunan ərazidə  cüyür, dağkeçisi, çöldonuzu, ayı v s. kimi heyvanlara rast gəlinir. Burada  turac, kəklik və b. quşlar da var. Yasaqlığın sahəsi 21,4 ha-ya bərabərdir ki, bu da ölkə üzrə qorunan təbiət zonalarının 8,8%-ə bərabərdir. 

Meşələrdə, əsasən, vələs, palıd, küknar ağacları, həmçinin, qarışıq növlər bitir. Yasaqlığın bir hissəsi Dağlıq Qarabağ ərazisinə düşür və nəzarətsizlikdən sui-istifadə edən ermənilər nadir heyvan və quş növlərini məhvə məruz qoyublar. Yasaqlıq ərazisində Hacısamlı meşəsində dünya üzrə ən qiymətli olan nadir qırmızı palıd - qızıl palıd bitir. Bu ağaclardan sənaye məqsədi ilə istifadə etmək üçün fransızlar hələ çar zamanlarında Xankəndidən bu meşəliyə Qırxqız dağlarından keçməklə yol çəkmişdilər. Ancaq Sovet hakimiyyətinin gəlməsi Fransaya taxta aparılmasına mane oldu. Sonra isə  qırmızı palıdın taxtası Sovet İttifaqının özündə də populyarlıq qazandı. Hacısamlı kəndində erməni işğalına qədər qırmızı palıdın emalı zavodu işləyib.  Müəssisəyə o qədər böyük önəm verilirdi ki, kəndin adı xalq arasnıda Hacısamlı yox, zavod kimi daha çox məşhur idi. Qırmızı palıddan bahalı mebel, konyak spirtini saxlamaq üçün çəllək və s. hazırlanır. Azərbaycanda bu növ ağac yalnız həmin təbiəti mühafizə zonasında mövcuddur. 

ETSN-nin məlumatına görə, hazırda bu ağaclar işğalçılar tərəfindən vəhşicəsinə qırılır. İşğal edilmiş Laçın rayonunun Piçenis və Hacısamlı meşələrindən qırılmış ağaclar Ermənistan vasitəsilə Fransaya konyak çəlləyi hazırlamaq üçün göndərilir. Bununla yanaşı, həmin meşə massivlərindəki qoz ağacları kütləvi şəkildə mebel istehsalı üçün İrana və Avropa ölkələrinə satılır. Hacılar və Sadınlar kəndlərinin ərazilərindəki  65 hektarlıq meşə massivi də tam məhv edilib. Bütövlükdə, Laçın rayonunun meşə fondu 33 min 285 hektar olub, bunun 26 min 647 hektarı (80,05%) ağaclarla örtülüb. ETSN öz hesabatında Laçın rayonunun  meşə təsərrüfatının beş ay ərzində erməni əsirliyində olmuş bir işçisinin sözlərini misal gətirir. Ermənilər onu və başqa əsirləri Ağdərədə meşə qırmağa məcbur edirmişlər. Əldə edilən material İrana satılırmış, qalığını isə ermənilər odun kimi evlərində yandırırmışlar. Ermənilər Laçının başqa təbii resurslarını, o cümlədən, müalicəvi sularını da  amansızcasına talayırlar. 

 

Qubadlı Qoruğu   

Qubadlı Dövlət Təbiəti Mühafizə Zonası 1969-cu il iyun ayında Beşitçay Dövlət Qoruğu-nun nəzdində Qubadlı və Laçın rayonlarının ərazisində yaradılıb. Yasaqlıq Qubadlı rayonunun şimal tərəfini və Laçın rayonunun cənub tərəfini əhatə edir və dağ-qonur ərazilərdən ibarətdir. Bu təbiəti mühafizə zonasını yaratmaqda məqsəd heyvanat aləmini, o cümlədən, orada olan ceyranları, çöldonuzlarını, kəklikləri və başqa heyvanları, quşları qorumaq olub. 

Qubadlı yasaqlığının sahəsi 20 min ha-ya bərabərdir ki, bu da Azərbaycanın ümumi təbiəti mühafizə ərazilərinin 8,2%-i deməkdir. Burada qırmızı palıd, vələs bitir.  Yemişan, itburnu və böyürtkən geniş yayılıb. Yerin ekoloji amili burada quş və heyvanların normal yaşayışı üçün lazımi şərait yaradıb. 

İşğala qədər yasaqlıqda 101 çöldonuzu, 21 qonur ayı, 35 cüyür, 420 dovşan, 25 canavar,  310 çaqqal, 75 porsuq olub. Quşlardan ən çox kəklik (560) yayılıb. Qırqovul, turac, bildirçin və göyərçin bu yerlərin daimi sakinləridir. 

Artıq çox illərdir, bu təbiəti mühafizə zonası işğal altındadır. 1998-ci ildə ağır həyat üzündən Rusiyanın Tatarıstan Respublikasına qaçmış bir nəfər Ermənistan vətəndaşının sözlərinə görə, işğaldan sonra o, dəfələrlə Laçın və Qubadlı rayonlarında olub və ağır yüklər daşıyıb. O, həmçinin orada evlərin yandırılması, meşələrin yanacaq və tikinti materialı kimi istifadə edilməsi barədə məlumatları da təsdiq edib. 

   

Arazboyu Qoruğu 

1993-cü ilin iyun ayında Beşitçay Dövlət Qoruğunun nəzdində Zəngilan rayonunda İranla sərhəddə Araz çayı boyunca yaradılıb. 5000 ha sahəsi var. Yasaqlığın yaradılmasında əsas məqsəd burada olan flora və faunanın qorunmasıdır. Çox su tələb edən ağaclarla zəngindir. Mövcud torpaqlar və iqlim şərtləri bitkilərin bitməsi və inkişafı üçün normal şərait yaradır. İşğala qədər burada rast gəlinən heyvanların  sayı dəqiqləşdirilib və 300 çöldonuzu, 7 ayı, 350 tülkü, 12 baş cüyür qeydə alınıb. Ərazidə daimi məskunlaşmış quşların sırasında turac, qırqovul, kəklik, bildirçin və ördəyi göstərmək olar. 

ETSN-nin araşdırmasına görə, ermənilər dövlət mühafizəsi altında olan bu ərazidə tez-tez yanğınlar törədirlər. 2001-ci ildə İranın Təbriz Təbiəti Mühafizə İdarəsinin əməkdaşı Bakıda olarkən bildirib ki, iki ay boyunca davam edən yanğınlar gözlə görünən bütün bitki örtüyünü məhv edib. Əgər Azərbaycanın işğal olunmuş ərazilərinə İran tərəfindən baxılarsa, aydın görmək olur ki, Maralyan, Mərcanlı, Mehtili, Çaxırlı, Mahmudlu stansiyaları tam məhv edilib, evlər dağıdılıb və yandırılıb. Bu ərazilərdəki qiymətli qoz ağacları məhv edilib. İran əhalisi bildirir ki, ermənilər, demək olar ki, hər ay Araz çayı yaxınlığındakı ağacları yandırırlar. 

 

Daşaltı Qoruğu  

1988-ci ildə Şuşa və Əsgəran rayonları ərazilərində nadir təbiət komplekslərinin mühafizəsi üçün yaradılıb, 450 hektar ərazini əhatə edir. 1992-ci ildən işğal altında olan təbiəti mühafizə zonası tamamilə məhv edilib. 

ETSN-nin məlumatına görə, Şuşada Cıdır düzündən bazara qədər olan düzənlikdə, Ağzıyastı adlanan yerdə və Topxana meşəsinə qədər olan ərazidə, meşə zolağının yuxarı nöqtəsində  geniş bir meydan yaradılıb - ermənilər ağacları kəsərək tikinti işləri aparıblar. Xüsusi qorunan təbiət əraziləri haqqında beynəlxalq hüquq normalarına əks olan bu fakt ETSN-nin arxivində saxlanılan videomateriallarla təsdiq edilir. 

Tarixi abidələr yox olmaq təhlükəsi ilə üz-üzədir

Erməni işğalı təkcə Azərbaycanın təbii mühitinə zərər vurmayıb. Vəhşilik əməlləri nəticəsində  Azıx, Tağlar, Qaraköpək təpə mağaraları və başqa tarixi abidələr yararsız hala düşüb. Yada salaq ki, Azıx və Tağlar mağaraları dünyanın qədim tarixi abidələri kimi YUNESKO-nun siyahısına düşüb. 

Azıx mağarasındakı düşərgədə tapılmış maddi-mədəniyyət nümunələri 1981-ci il dekabrın 8-də Parisdə insan muzeyində keçirilən "Avropanın ilk insanları" beynəlxalq sərgisində  nümayiş etdirilib. Hazırda işğalçılar bu mağaranı dünya birliyinə "qədim erməni mədəniyyəti" abidəsi kimi təqdim etməyə çalışırlar. Özü də tarixi gerçəkliyi saxtalaşdırmaq üçün gerçəkdən xarici mütəxəssislər cəlb edilir və bu həm YUNESKO, həm də başqa beynəlxalq təşkilatlar üçün həyəcan siqnalı kimi səslənməlidir. 


MƏSLƏHƏT GÖR:

686