24 Noyabr 2024

Bazar, 19:56

"KİÇİK AZƏRBAYCAN"ın 60 YAŞI TAMAM OLUR

Sumqayıt yenə də əvvəlki kimi ölkənin iri sənaye mərkəzidir

Müəllif:

01.11.2009

Sumqayıt - gənclik və gənclər şəhəridir. Öz, bir növ, kiçik 60 illik həyatıboyu bu şəhərin "üzü" çox şey görüb, yoxsul baraklarından çoxmərtəbəli çağdaş binalara qədər, sadə sənətkar sexlərindən sənaye nəhənglərinə qədər çox şeylərlə üzləşib, ekoloji baxımdan ən natəmiz şəhər statusundan geniş və yaşıl parklara qədər çox şeyə nail olub.  Bu gün Sumqayıta çox ümidlər bağlanır, onun istehsal və sənaye potensialı sərmayəçiləri cəlb etməkdə davam edir, onun ölkənin ikinci sənaye mərkəzi statusunun bərpası işi bir an da dayanmır. Və edilən səylər gerçək nəticələr verməyə başlayır. 

Bu il Sumqayıtın 60 yaşı tamam olur və Azərbaycan Respublikasının preidenti İlham Əliyev şəhərin yubileyinin geniş bayram edilməsi barədə 2009-cu il aprelin 24-də sərəncama qol çəkib. Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev "Region plus"la söhbətində bildirib ki, hər bir Sumqayıt sakini üçün dövlət başçısının sərəncamı prezident tərəfindən şəhərə daimi qayğının göstəricisidir. 

 

İldən-ilə

Sumqayıta şəhər statusu 1949-cu il 22 noyabr tarixində Azərbaycan Respublikası Ali Soveti rəyasət heyətinin qərarı ilə verilib. Sumqayıtın bir yaşayış yeri kimi formalaşmasında 1935-ci ilin iyun-iyul aylarında SSRİ Ağır Sənaye Komissarlığının kollegiya iclasında Abşeron yarımadası ərazisində İstilik-Elektrik Stansiyasının və bir neçə ağır sənaye müəssisəsinin tikintisi barədə qəbul edilmiş qərarlar mühüm rol oynayıb. Sonra indiki Sumqayıt Elektrik Stansiyasının yerləşdiyi ərazidə ilk baraklar qurulub, inşaatçılar və mexaniki quraşdırıcılar üçün yaşayış məntəqəsinin, ardınca isə sintetik kauçuk, kimya və boru prokatı zavodlarının, İstilik- Elektrik Stansiyasının tikintisinə başlanılıb.

Böyük Vətən müharibəsinin başlanması ilə Sumqayıtda aparılan tikinti işlərində fasilə yaranıb. Müharibədən sonrakı illərdə Sumqayıt ərazisində ardıcıl olaraq ağır sənaye müəssisələri - kimya, boru prokatı, sintetik kauçuk, alüminium, superfosfat zavodları istifadəyə verilib.

1970-ci ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Sumqayıtda yeni-yeni istehsal obyektlərinin tikintisi geniş vüsət alıb, Sumqayıtın iri sənaye şəhəri kimi inkişaf etməsinə əlverişli şərait yaradılıb. Bu dövrdə ağır sənaye müəssisələri ilə yanaşı, yüngül və maşınqayırma müəssisələri, o cümlədən, Xovlu iplik və üst trikotaj fabrikləri, kompressor zavodu və paralel olaraq çoxsaylı sosial obyektlər istifadəyə verilib.

1980-ci illərin sonlarına doğru Sumqayıtın sənaye müəssisələri istehsal güclərini artırıb və bu dövrdə respublikanın sənaye istehsalında şəhərin sənaye müəssisələrinin payı nəzərəçarpacaq dərəcədə yüksəlib. Lakin SSRİ-nin süqutu bütün İttifaq ərazisində yerləşən müəssisələrin, o cümlədən, Sumqayıtın kimya, metallurgiya və digər sənaye müəssisələrinin əksəriyyətinin fəaliyyətinin də iflic vəziyyətə düşməsi ilə nəticələnib. Ticarət tərəfdaşları və xammal təchizatçıları ilə əvvəldən mövcud olan əlaqələri bərpa etmədən onları bu durumdan çıxarmaq mümkün deyildi.  

Məsələn, kimya sənayesində davam edən durğunluq Ümummilli Liderimiz Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri zamanı "Etilen-polietilen" zavodunun nəzdində "Buxar-generator qurğusu" tikintisi üçün müqavilə imzalanması ilə aradan qaldırıldı. 1999-cu ildə qurğunun tikinti-quraşdırma işlərinə başlanıldı və 2001-ci ildə başa çatdırılaraq istismara verildi.

Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevin sözlərinə görə, Sumqayıtın ölkəmizin ən iri şəhərlərindən biri kimi formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rolu şəksizdir. O, respublikamıza rəhbərlik etdiyi dövrdə 16 dəfə Sumqayıtda olub, onun hər səfəri Sumqayıtın tarixində yeni səhifə açıb. Burada respublikanın bütün bölgələrindən olan insanlar yaşayıb-yaratdıqlarına görə, Ümummilli Lider Sumqayıtı "kiçik Azərbaycan", birlik və həmrəylik şəhəri adlandırırdı. 

"2003-cü ilin aprel ayının 3-də dahi liderimiz Sumqayıta son səfərini edib və onun şəhər sakinləri qarşısında etdiyi geniş əhatəli, dərin məzmunlu nitqi Sumqayıtın sosial-iqtisadi inkişafının uzun illər üçün kompleks proqramı olub. Bu strategiya prezident İlham Əliyevin müəllifi olduğu "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" ilə möhkəmlənib, orada Sumqayıta 11 bənd həsr edilib",- deyə Sumqayıt İH başçısı vurğulayıb. 

 

İqtisadi yüksəliş 

Məhz bu proqramın bəndlərinin yerinə yetirilməsi, həmçinin, şəhərin sənaye şöhrətinin bərpası üzrə görülən irimiqyaslı işlər imkan verib ki, son 6 ildə Sumqayıtda ümumi məhsul buraxılışının və sənaye xarakterli  xidmətlərin həcmi 3,7 dəfə, adambaşına düşən məhsul istehsalının həcmi isə 4 dəfə artsın, şəhər əhalisinin həyat səviyyəsini səciyyələndirən nominal aylıq əmək haqqı isə  3,6 dəfədən çox yüksəlsin.

Sumqayıtın ümumi məhsul və xidmətlər buraxılışının strukturunda təbii olaraq əsas yeri sənaye məhsulları tutur. Son 6 il ərzində  şəhərin sənaye sahəsində  məhsul istehsalının həcmi  2,7  dəfə  artıb.

Bununla yanaşı, son illər şəhər üzrə  ayrı-ayrı sahələrin  inkişafına bütün maliyyə mənbələri hesabına qoyulmuş investisiyaların həcmi  1 milyard 415 milyon  manat təşkil edib, 38 mindən çox yeni iş yeri açılıb ki, bunun da 60 faizindən çoxu daimi iş yerləridir.

Son 6 il ərzində  şəhərdə ümumilikdə 50-dən çox iri və orta istehsal müəssisələri yaradılıb. Bu müəssisələr sırasına "Azkompozit" MMC, "Bismak" Qida Sənaye Kompleksi MMC, plastik boru məmulatları istehsalı sahəsi ("Dizayn Jenay Azərbaycan" MMC), beton məhlulu üçün əlavə qatqılar, metlax-kafel yapışdırıcıları istehsalı  sahəsi ("Basf Kaspian YAP" MMC), elektrik tənzimləyiciləri  istehsalı sahəsi ("Azel  LTD" MMC), plastik və alüminium materiallardan qapı və pəncərə, digər məmulatlar istehsalı sahəsi  ("LAOUMAN" firması) və s.-ni göstərmək olar. 

Sumqayıtda son illər ərzində yaradılmış müəssisələr içində iridiametrli şüşə lifli boru istehsalı üzrə zavod - "Azkompozit" MMC seçilir. Müəssisə Oğuzdan paytaxt Bakıya içməli su nəql edəcək, uzunluğu 260 km olan xəttin çəkilişini təmin edir. 

Elektrik transformatorları istehsalı üzrə ixtisaslaşmış və öz fəaliyyətinə 2001-ci ildə başlamış  Azərbaycan - Türkiyə birgə müəssisəsi "Azel LTD" MMC hazırda bütün respublikanı məhsulla təmin edir. Müəssisənin 7 illik fəailyyəti dövründə istehlakçı şirkətin imkanları yaxşı öyrənilib və seçim keyfiyyət naminə edilir. Müəssisənin baş direktoru Nəbi Nəbiyevin sözlərinə görə, bütün ölkə üzrə servis və zəmanətli xidmətin təmin edilməsi ucuz Çin malları ilə rəqabət aparmağa imkan verir. Bu zaman transformatorlar üçün xammal və ehtiyat hissələrinin  Türkiyədən gətirilməsi önəmli rol oynayır. 

Hazırda Sumqayıtda daha bir neçə iri müəssisə tikilir ki, bu da şəhərin iqtisadi inkişafına önəmli yardım edir. Bunların sırasında MDB məkanında analoqu olmayan, mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqilləri və güc kabelləri istehsal edən "Texnologiyalar parkı",  xam kağız və kardon emal sahələri "Sumqayıt Kardon" MMC və  "Azərsun Holdinq"in kağız fabriki inşa edilir,  pambıq iplik və trikotaj istehsalı nəzərdə tutulan "Sumqayıt Trikotaj" ASC - indiki "İntertekstil" ASC müəssisəsində  yenidənqurma işləri aparılır.

Vaqif Əliyev qeyd edir ki, Sumqayıtda hazırda hüquqi şəxs qismində 2000-dən çox və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində  8000-dən artıq vergiödəyicisi fəaliyyət göstərir. Sumqayıt şəhərində sahibkarlığın inkişafında, yeni istehsal sahələrinin yaradılmasında, iş yerlərinin istifadəyə verilməsinə istiqamətlənmiş layihələrin kreditləşməsində bankların  müstəsna rolu var. Şəhərdə mərkəzi bankların 27-dən çox filialı  fəaliyyət göstərir. Bunların böyük əksəriyyəti son 6 ildə inşa edilmiş ofis binalarında yerləşir.

 

İnfrastruktur yeniləşir

İH başçısı Vaqif Əliyevin sözlərinə görə, cari işlərlə yanaşı, ölkə rəhbərliyinin dəstəyi ilə son 6 ildə Sumqayıtın yollarına və küçələrinə ümumilikdə 3,4 milyon kv.metrdən çox asfalt döşənib, şəhərin Sahil və Çerkassı küçələri tamamilə yenidən qurulub, 160 yaşayış binası əsaslı təmir edilib, 250-dən çox yaşayış binasının fasad divarları isə təmir edilərək zövqoxşayan rənglərlə boyadılıb.  

Şəhər üzrə uzun müddət işləməyən liftlərdən 300-dən çoxu təmir və bərpa edilib, 15 km uzunluğunda müxtəlif diametrli ortatəzyiqli qaz kəməri çəkilib, 4-cü şəhər qaz kəməri istismara verilib.  Şəhərdə sosial obyektlərin istilik sisteminin bərpası ilə bağlı 11 qazanxanada əsaslı təmir işləri aparılıb və yeni mobil tipli qazanxanalar quraşdırılıb.

Şəhər və onun qəsəbələri ərazisində 30 km-ə yaxın müxtəlif diametrli yeni su xətləri və  10 km-dən çox kanalizasiya şəbəkəsi, yağışqəbuledici xətlər çəkilib. Qeyd etmək gərəkdir ki, ötən əsrin 40-cı illərində istismara verilən 10 km uzunluğunda Şollar su xətti prezident İlham Əliyevin tapşırığı və bilavasitə köməkliyi ilə yenidən qurulub. Bu xəttin istifadəyə verilməsi şəhərin 120 mindən çox sakininin su təchizatının yaxşılaşmasına xidmət göstərir.

Sumqayıtın əsası qoyulandan indiyə kimi şəhərə xidmət edən ayrıca təmizləyici qurğunun olmaması səbəbindən məişət çirkab suları birbaşa Xəzərə axıdılırdı ki, bu da hövzənin ekoloji durumuna sözsüz ki,  mənfi təsir göstərirdi. Hazırda inşası sürətlə aparılan gündəlik 200 min kubmetr suları təmizləyəcək qurğunun respublikada öz gücünə görə analoqu yoxdur.

Şəhərin artan imkanları nəticəsində enerjiyə olan tələbatı nəzərə alınaraq, inşasına başlanılan 517 mvt gücündə Sumqayıt Elektrik Stansiyası regionda ən iri stansiya hesab olunur. Təməlqoyma mərasimində prezident İlham Əliyevin iştirak etdiyi və Almaniyanın məşhur "Siemens" şirkətinin quraşdırdığı bu nəhəng stansiya bir nəfər tərəfindən mərkəzi pult vasitəsilə idarə olunmasına imkan verən unikal texnologiyaya malikdir.

Tikinti infrastrukturuna gəldikdə isə, son illər Sumqayıt şəhərində əhalinin mənzilə olan böyük tələbatı və mövcud mənzil fondunun məhdudluğu nəzərə alınaraq,  yüksəkmərtəbəli yaşayış binalarının inşasına başlanılıb və ümumi sahəsi 400 min kv.metrdən  artıq  olan  30 bina  tikilib istifadəyə verilib. Bununla yanaşı, son 6 il ərzində sosial müdafiəyə ehtiyacı olan xüsusi kateqoriyalı ailələr üçün dövlət vəsaiti hesabına 7 yaşayış binası inşa edilərək onların ixtiyarına buraxılıb.

Eyni zamanda, Sumqayıtda  dövlət orqanlarının yerli şöbələri və regional idarələri üçün inzibatı binalar tikilib. Həmçinin, yeni istifadəyə verilmiş Paralimpiya İdman Kompleksi fiziki imkanları məhdud olan insanlara xidmət göstərən nadir mərkəzdir. Bu il Sumqayıtın inkişafında müstəsna xidmətləri olan və daim öz ictimai fəallıqları ilə seçilən şəhərin qurucuları üçün mühüm sosial mərkəz - Ağsaqqallar evi tikilib  istifadəyə verilib, bina şəhərin yaşlı sakinləri üçün həm iş yeri, həm də istirahət guşəsidir.

 

Əhalinin rifahı naminə

Şəksiz ki, cəmiyyətin inkişafının aparıcı komponentlərindən birini təhsil təşkil edir. Bu baxımdan Sumqayıtın öyünməli uğurları yetərincədir. Təhsil sahəsində pilot layihələr bir qayda olaraq məhz bu şəhərdə sınaqdan keçirilərək ölkədə özünə həyata vəsiqə qazanır.

Təhsil sistemində aparılmış işlər - 4 yeni məktəb  binasının, 7 məktəb üçün  2200 yerlik yeni tədris korpuslarının tikintisi, bütün məktəblərin istiliklə təchizatı, dam örtüklərinin əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi ümumilikdə təhsilin məzmunu və keyfiyyətinin artırılması baxımından önəmli rol oynayıb.

Müasir dövrdə həyatın müxtəlif sahələrində informasiya texnologiyalarının tətbiqi xüsusi aktuallıq kəsb edir. Azərbaycanda yerli icra hakimiyyəti orqanları arasında ilk internet səhifə məhz Sumqayıtda yaradılıb, şəhər rəhbərliyinin vətəndaşlarla elektron poçt vasitəsilə ünsiyyəti təmin edilib. Son iki ildə İcra Hakimiyyətində ölkədə yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq sənəd dövriyyəsinin avtomatlaşdırılması məqsədilə aparat daxili şəbəkə sistemi quraşdırılıb.

Sumqayıt şəhərinin sosial-iqtisadi nailiyyətlərindən insan sağlamlığının qorunması kimi mühüm vəzifəni yerinə yetirən səhiyyə sistemi də bəhrələnib. Dövlət səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və onların zəruri tibbi avadanlıqlarla təchiz edilməsi ilə yanaşı, son 6 ildə 13 özəl klinikanın fəaliyyətə başlaması tibbi xidmətin keyfiyyətinə əhəmiyyətli təsir göstərib.

Əksər mədəniyyət ocaqlarında, o cümlədən, Ü.Hacıbəyev adına "Kimyaçı",   S.Vurğun adına və "28 May" mədəniyyət saraylarında, Rəsm Qalereyasında, Mərkəzi Kitabxanada, Bülbül adına Uşaq İncəsənət Məktəbində, Sumqayıtın Tarixi Muzeyində aparılmış əsaslı təmir işləri şəhərin mədəniyyət müəssisələrinin fəaliyyətinin canlanmasına səbəb olub, keyfiyyətcə yeni mədəni proqramların təşkilinə imkan verib.

Fəaliyyətini yeni müstəvidə bərpa edən professional kollektiv - H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı öz rəngarəng tamaşaları ilə nəinki şəhərdə, həm də beynəlxalq festivallarda çıxış edir. 

Təbii ki, şəhərin xarici görkəminə və ekologiyasının yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir.  2003-cü ildən etibarən Sumqayıtda 16 hektardan çox ərazini əhatə edən 13 yeni park, 10 xiyaban salınıb və yenidən qurulub. Bu müddətdə şəhərin ayrı-ayrı yerlərində 100 minə yaxın yeni ağac əkilib. Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26 kv. metr təşkil edir ki,  bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir! Sumqayıt təmizlik işlərinə və məişət tullantılarının idarəçiliyinə görə ölkənin başqa şəhərləri üçün də örnək rolunu oynaya bilər. 

Bütövlükdə, çağdaş Sumqayıt haqqında deyilənlərə yekun vuraraq bildirmək olar ki, 60 il qabaq olduğu kimi, bura bu gün də gənclik şəhəridir. Gənc nəsil üçün burada hər cür - həm yaxşı təhsil almaq, həm layiqli iş yeri tapmaq, özünü mənzillə təmin etmək, sağlam və mədəni olmaq baxımından böyük imkanlar yaradılıb.  Gənclik olan yerdə isə həyat həmişə qaynar və gur olar. Burada həmişə yeni layihə və ideyalar, fəal inkişaf templəri və daha yüksək nəticələr əldə etmək istəyi mövcuddur. Deməli, orada irəliyə - yeni yubileylərə də yol var. 


MƏSLƏHƏT GÖR:

514