15 Mart 2025

Şənbə, 04:24

SƏRT DÖNGƏLƏR ARXADA QALDI

İlham Əliyevin ikinci prezidentlik müddətinin birinci ili başa çatdı - Azərbaycan qlobal böhranı uğurla adladı

Müəllif:

01.11.2009

İlham Əliyevin ikinci müddət prezidentliyinin birinci ili dünya iqtisadiyyatı üçün narahat zamanlara düşdü. Böhran, demək olar ki, əksər ölkələrin sənayesini sındırdı. Neftin qiymətinin kəskin düşməsi isə böyük dövlətlərin onsuz da çökməkdə olan iqtisadi əsaslarının "axırına çıxdı".  Nəzəri baxımdan Azərbaycan üçün də hər şey çətin olmalı idi. Hər halda, bu il neftin orta qiyməti barrelə görə 54 dollarıq səviyyədən yuxarı qalxmayıb, ilkin proqnoz kimi isə barrel üzrə neftin qiyməti $70 götürülmüşdü. Yəni iqtisadiyyatın çox seqmentlərində tənəzzül gözləmək olardı.  

Ancaq Azərbaycan böhranın ağır nəticələrindən yaxa qurtara bildi. Burada prezident seçkilərindən sonra dövlətin iqtisadi siyasətinin dəyişməməsi əsas rol oynadı. Dövlət başçısı 2003 - 2008-ci illərdə başlanmış iqtisadi həyatın bütün sahələrində sabit artım siyasətini davam etdirməyə başladı, eyni zamanda, böhran nəzərə alınmaqla müəyyən məqamlarda düzəliş aparıldı. Məsələn, maliyyə resursları ilə daha mühafizəkar idarəetmə siyasətinə keçildi. Qəbul edilən qərarların nəticələri isə göz qabağındadır. 

 

Nəzərəçarpacaq sonuclar 

İlham Əliyev özü Nazirlər Kabinetinin bu ilin 9 ayının sonuclarına həsr edilmiş iclasında bildirib ki, "Azərbaycan böhran dövründə hər hansı başqa ölkəyə və ya beynəlxalq maliyyə qurumuna müraciət etməmiş azsaylı ölkələr sırasındadır. Biz öz hesabımıza yaşayırıq. Buna görə də Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini müdafiə edə bilir və müstəqil siyasət yürüdür. Bu siyasət Azərbaycan xalqına fayda gətirir". Başqa sözlə, hazırda Azərbaycan üçün ən önəmli məsələlərdən biri, hətta dünya böhranı ilə bağlı çətinliklərə baxmayaraq, ölkənin iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsidir. 

Əslində, dünya iqtisadiyyatında baş verən hadisələrin fonunda ümumi daxili məhsulun, (ÜDM)  hətta birfazilik artımı önəmli uğurdur. Ölkənin əsas məhsulu olan neftin qiymətinin düşməsi, böhranla bağlı iqtisadiyyatın başqa sahələrində ixrac imkanlarının zəifləməsi, bu fonda bir sıra sahələrdə istehsal göstəricilərinin azalması kimi amillər iqtisadi artım göstəricilərinə təsir göstərməyə bilməzdi. 

Ancaq bir çox xarici analitiklərin və nüfuzlu beynəlxalq maliyyə institutlarının  gözləntilərinin əksinə olaraq, 9 ay ərzində ÜDM-də 6,1 faizlik artım əldə edildi. Nəzərə almaq lazımdır ki, bu göstərici 2008-ci ilin yekunlarına görə 10 faizlik həddi bir az keçmişdi. Ölkə başçısı bu göstəricini "Azərbaycan iqtisadiyyatının diversifikasiya edildiyini və iqtisadiyyatın hər hansı bölməsindən asılı olmadığını sübut edən gözəl nəticə, böyük uğur" adlandırıb. 

Region ölkələrinin, demək olar ki, əksəriyyətində sənaye sahəsində tənəzzül olduğu halda, Azərbaycanın bu seqmentdə 5 faizlik artım əldə etməsi də diqqəti cəlb edir. Ölkə nəinki mövcud müəssisələrinin inkişafıını davam etdirir, həm də yenilərini işə salır. Bunun üçün həm yerli sərmayələri, o cümlədən dövlət tərəfindən özəl bölməyə verilən güzəştli kreditlərlə yanaşı, indi çox qıt olan xarici sərmayələri də cəlb etməyi bacarır. Halbuki MDB ölkələrinin əksəriyyətində ilin əvvəlindən ÜDM orta hesabla 9%, sənaye məhsulunun istehsalı isə 14% azalıb. 

Qeyd etmək gərəkdir ki, diversifikasiya proseslərində ölkə üzrə genişlənən infrastruktur layihələri az rol oynamır. Əhalinin nəqliyyat-kommunikasiya və başqa həyat şəraiti ilə yanaşı, bu layihələr ölkənin sənaye bölməsini sifarişlərlə təmin edir, yeni iş yerləri yaranır. Düzdür, ilin əvvəlində bu layihələrdən bəziləri bir qədər gecikdirildi, amma dünyada böhran durumunun tənzimlənməsi şəraitində dövlət başçısı onların sürətləndirilməsi barədə sərəncam və tapşırıqlarını artırmaqdadır. Bu isə göstərir ki, gələn il də yeni infrastruktur layihələrinin açılması mərasimlərinin sayı az olmayacaq, bu ilin ilk üç ayında da bu cür tədbirlər yetərincə qeydə alınıb.

Bu il Azərbaycan ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün bir sıra vacib addımlar atıb. İlk dəfə olaraq rekord həcmdə - 3 milyon ton taxıl istehsal edilib. Bu, aqrar bölmədə gerçəkləşdirilən kompleks tədbirlərin hesabına əldə olunub. Tez xarab olan aqrar məhsulların saxlanılması barədə tədbirlər görülür. Bütün bu tədbirlər sonucda hökumətin artıq bir neçə ildir, mübarizə apardığı ərzaq qiymətlərinin əsassız şəkildə artırılması hallarının qarşısının alınmasına imkan verəcək. 

Bundan başqa, Azərbaycan hökuməti, hətta böhrandan fayda da görüb və son illərin önəmli iqtisadi problemi olan inflyasiya məsələsini həll edib. Son doqquz ay ərzində bu göstərici cəmi 2,1% olub. Halbuki 2008-ci ilin yekunlarına görə,  20,8%-ə çatmışdı! Mərkəzi  Bankın (MB) proqnozlarına görə, bu ilin sonuna ölkədə inflyasiya 2-2,5% təşkil edəcək. MB İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, gələn il üçün də inflyasiyanı bu həddə saxlamaq barədə qarşıya məqsəd qoyulub. Qeyd edək ki, 2010-cu il üçün Azərbaycanda gözlənilən inflyasiya göstəricisi 3-5%-dir, amma istisna edilmir ki, o, daha da aşağı səviyyəyə düşə bilər. 

Bu amil təbii şəkildə və tamamilə müsbət olaraq əhalinin gəlirlərinə təsir göstərir. Çünki maaşlar və pensiyalar azalmayıb, amma bəzi məhsulların qiyməti düşüb. Beləliklə, doqquz ay ərzində əhalinin gəlirləri 10%-ə qədər artıb, başqa sözlə, onun real artımı 8% təşkil edib. Prezident İlham Əliyevin dediyi kimi bu, böhran ilində dünya üçün yetərincə nadir göstəricidir. Gəlirlərin artması məntiqi ardıcıllıqla banklarda əhalinin əmanətlərinin artmasına səbəb olub, insanlar "artıq" pulları yığmağa başlayıblar. Özü də diqqətəlayiqdir ki, bu, baş verən zaman dünyanın çox ölkələrində müştərilərin çoxu müflislik qorxusu altında pullarını banklardan çıxarmışdılar. Görün-düyü kimi MB-nin həm bank sisteminin dəstəklənməsi, həm də manatın sabitliyinin qorunması barədə vaxtında gördüyü tədbirlər  təkcə əhalinin etibarını qorumaqla kifayətlənməyib, həm də onu gücləndirib. 

 

Uğurun təməli 

Bütün yuxarıda sadalananlar göstərir ki, Azərbaycan iqtisadiyyatı 2009-cu ili gözlənildiyindən də yaxşı bitirəcək. Ümumiyyətlə, adətən, optimist  proqnozlar vermək sarıdan təmkinli olan beynəlxalq maliyyə institutları da buna şübhə etmirlər. Belə ki, ölkə ÜDM-nin real artımı 2009-cu il üzrə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən 7,5%, Asiya İnkişaf Bankı (AİB) tərəfindən 8%, 2010-cu il üzrə isə uyğun olaraq 7,4%  və 6,7% səviyyəsində qiymətləndirilir. Bundan başqa, BVF gələn il ölkənin neftdənkənar bölməsində dinamik inkişafın 5% davam edəcəyini bildirir, AİB isə 5-7% artım proqnozlaşdırır. 

Bununla yanaşı, artıq bu gün Azərbaycan ÜDM-də özəl bölmənin payı 85% təşkil edir və yaxın gələcəkdə bu göstərici daha da artacaq. Buna rəvac verən amillər sırasında, birincisi, biznesin güzəştli kreditləşdirilməsinin sadələşdirilməsini, ikincisi, institusional xarakterli sahə islahatlarının davam etdirilməsini və dövlətin iri layihələrdə iştirakını bilərəkdən məhdudlaşdırmasını göstərmək olar. Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabət qabiliyyəti göstəricisi üzrə Azərbaycan dünyada 51-ci, MDB-də isə  birinci yerdədir ki, bu da ölkə iqtisadiyyatının diversifikasiyasını göstərir. 

Neftin builki dövlət büdcəsində nəzərdə tutulmuş qiyməti ilə real bazar qiymətinin uyğun gəlməməsi baxımından büdcə proqnozlarının yerinə yetirilməməsi ehtimalına gəldikdə isə, bu, hələ ki elə ciddi narahatlıq doğurmur. Belə ki, 9 ay ərzində dövlət büdcəsi daxilolmaları üzrə proqnoz 91,9% səviyyəsində yerinə yetirilib. Bu zaman xərclərin 30,1%-i və ya 1 mlrd 942 mln manatı sosialyönümlü olub ki, bu da ötən ilin uyğun dönəmi ilə müqayisədə 426,5 mln manat və ya 28,2% çox olub. Belə ki, ili kəsirsiz bitirmək üçün bütün şanslar var. 

Bir sözlə, bütövlükdə, keçən 9 ay ərzində Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini uğurlu saymaq olar və daha öncə qeyd olunduğu kimi, bunun bünövrəsi 2003-2008-ci illərdə qazanılmış uğurlar vasitəsilə qoyulub. Əgər ölkə qlobal böhranın tüğyan etdiyi bir anda belə nəticələr əldə edə bilibsə, onda  sabitlik dövründə  daha yaxşı göstəricilər əldə ediləcəyinə şübhə yoxdur. 


MƏSLƏHƏT GÖR:

488