14 Mart 2025

Cümə, 21:00

1200 KİLOQRAMLIQ ÜMİD

İran artıq elə bir faktora çevrilib ki, ona əhəmiyyət verməmək, sadəcə, mümkün deyil …

Müəllif:

01.11.2009

İranın nüvə proqramı ətrafında yaşanan hadisələr, gündən-günə ortaya çıxan yeniliklər, intriqalar və fərziyyələr dünya KİV-ni "sevindirməkdədir". Məsələ bundadır ki, bu çətin beynəlxalq problemin həllinə cəhdlərə müxtəlif geosiyasi bölgülər prizmasından baxmaq olar. Məsələn, ABŞ-Rusiya ikitərəfli münasibətləri (və ya Moskva ilə Qərbin daha geniş mənada rəqabəti), ərəb-İsrail münaqişəsi, Yaxın Şərqdəki ümumi situasiya, bu bölgədə liderlik uğrunda mübarizə, enerji resurslarının nəqli marşrutları uğrunda rəqabət aparan dünya mərkəzləri arasındakı qarşıdurma və s.

 

Müvəqqəti həll

İstənilən halda, hazırda İslam Respublikası ətrafında sülh, diplomatiya cəhdləri yeni mərhələyə qədəm qoyur və onun uğuru və ya iflasından çox şey asılı olacaq. İranın xarici işlər naziri Mənuçöhr Möttəkinin oktyabrın 26-da söylədiyi sözlərdən belə çıxır ki, Tehran əldə etdiyi uran ehtiyatının bir hissəsini bundan sonra üçüncü ölkədə zənginləşdirilməsi məqsədilə "bölüşməyə" hazırdır. Bununla yanaşı, Möttəki bildirib ki, "masa üzərində iki variant var" - ya az zənginləşdirilmiş uranın üçüncü ölkəyə göndərilməsi, ya da nüvə yanacağının alınması".

Bu məqalənin yazıldığı vaxt Tehranın məsələ haqda yekun qərarı hələ məlum deyildi.

İranın nüvə proqramına dair danışıqlar aparan tərəflər arasında əldə edilmiş razılaşmaya gəlincə, orada az zənginləşdirilmiş uranının, təxminən, 75%-nin (1200 kiloqram) əvvəlcə MAQATE obyektlərinə göndərilməsi, daha sonra zənginləşdirilmə prosesinin davam etdirilməsi üçün (19,75%-dək) Rusiyaya aparılması nəzərdə tutulub. Bunların ardınca həmin uranın Fransaya göndərilməsi təklifi də var. Çünki Fransada, İran reaktorlarının işləməsi üçün vacib olan yanacaq (onlardan yalnız dinc məqsədlər üçün istifadə edilə bilər) istehsalı texnologiyaları var. Təkliflərə əsasən, bu mərhələlərin nəticəsində İran elə miqdarda nüvə yanacağı əldə edəcək ki, bu, nüvə reaktoru üçün kifayətdir, amma atom bombası üçün çox cüzidir.

Zənginləşdirilmiş uran İrana azgüclü, "yüngül su" ilə işləyən elmi reaktorun fəaliyyəti üçün lazımdır. Bu reaktor tibbi məqsədlərlə (bəzi xəstəliklərin diaqnostikası və müalicəsi üçün) izotoplar istehsal edir. Məlumat üçün bildirək ki, hazırda İran izotopların idxalı üçün ildə təxminən 1 milyon dollar xərcləyir. 

Bununla yanaşı, maraqlıdır ki, sözügedən reaktor İrana hələ şah dövründə "Sülh naminə atom" proqramı çərçivəsində amerikalılar tərəfindən verilib. Ekspertlər hesab edir ki, hazırda İranın məşhur nüvə proqramına start verilməsinin əsas "səbəbkar"ı da məhz odur.

ABŞ, Rusiya və Fransa qeyd olunan planı dəstəkləyib. Onlar hesab edirlər ki, bu, Tehranın nüvə proqramı ətrafında beynəlxalq gərginliyi azalda, növbəti diplomatik addımların atılması üçün vaxt qazandıra bilər. 

Bəzi ekspertlər isə belə düşünürlər ki, bu razılaşma İranın güman edilən nüvə silahı istehsalını, təxminən, 1 il ləngidəcək.

Xatırladaq ki, sözügedən sənəd haqda ilk söhbətlər oktyabrın əvvəlində İran nümayəndələri ilə "altılıq" (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) üzvləri arasında Cenevrədə keçirilmiş görüşdən sonra meydana çıxıb. Cenevrə razılaşmasının inkişafı kimi, oktyabrın 19-da müzakirələr Vyanada davam etdirilib və onun gedişində İran tərəfi razılaşmanın qaralama variantını nəzərdən keçirməyə razılaşıb. Bununla yanaşı, bildirilir ki, İranla razılaşmaya dair Tehranla MAQATE, ABŞ, Rusiya və Fransa arasında gizli müzakirələr çoxdan gedir.

MAQATE-nin baş katibi Məhəmməd əl-Baradeyi ümid edir ki, tərəflər arasında anlaşma əldə olunacağı təqdirdə, razılaşma agentliyin İdarə Heyətinin noyabrın 26-27-də keçiriləcək sessiyasında təsdiqlənəcək.

Belə bir məlumat da var ki, danışıqlar nəticəsində İranın getdiyi digər güzəşt onun MAQATE müfəttişlərinin Qum şəhəri yaxınlığında yeraltı uranın zənginləşdirilməsi kombinatına baş çəkməsinə razılıq verməsidir. Xatırladaq ki, əvvəllər Tehran Qərbə Qum yaxınlığındakı obyektin yarım ildən sonra fəaliyyətə başlayacağını bildirirdi. İran rəsmilərinin sözlərinə görə, orada AES tikintisi üçün tələb olunan az zənginləşdirilmiş uran məhsulu istehsal ediləcək. Məlumata görə, Tehran Qum yaxınlığındakı reaktorda AES üçün xammal istehsal etməkdən ötrü 3 min sentrifuqa quraşdırmağı düşünürmüş. MAQATE müfəttişlərinin burada aparacaqları yoxlamalar nəticəsində BMT və agentlik rəhbərliyi üçün hesabat hazırlanacaq.

İndi əsas sual budur: bütün bunları İranın nüvə proqramı ətrafındakı böhranı aradan qaldıracaq "panaseya" adlandırmaq olarmı? 

İlk növbədə qeyd etmək lazımdır ki, söhbət İranın aşkar edilmiş nüvə yanacağının dörddəüçündən gedir. "The New York Times" qəzeti yazır ki, İran kiçik partiyalarla uranı üçüncü ölkəyə göndərdikdən dərhal sonra onun yerini dolduracaq.

Bununla belə, istənilən halda bu müvəqqəti qərardır. Bildirildiyi kimi, Tehranın uranın zənginləşdirilməsi üçün öz imkanları var. Məsələn, Natanzdəki uranın zənginləşdirilməsi üzrə ixtisaslaşmış və kifayət qədər böyük zavodda, müxtəlif məlumatlara görə, 8 min sentrifuqa işləyir. 

Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, Tehran digər ölkələrdən də zənginləşdirilmiş uran almaq haqda düşünür.

İranın bir çox siyasətçiləri isə hələ də ölkənin uranın zənginləşdirilməsini həyata keçirmək hüququnun olduğunu bildirir və bunu Tehranın bu proqramının birmənalı şəkildə dinc xarakter daşıması ilə əsaslandırır. 

Ölkənin bəzi ictimai xadimləri, həmçinin parlamentin spikeri Əli Laricani isə Vyanada əldə edilmiş həll planını pisləyib. 

Amma məsələyə dair İran rəhbərliyi arasında parçalanmanın hansı həddə olması hələlik bəlli deyil.

 

Parçalanma?

Oktyabrın 18-də İranın Sarbaz şəhərinin Sistan-Belucistan əyalətində törədilmiş və ortaya bir çox suallar çıxarmış terror aktı vəziyyəti daha da mürəkkəbləşdirib. Həmin gün kamikazdenin törətdiyi partlayış nəticəsində 40-dan artıq insan həlak olub ki, ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) 6 yüksək rütbəli zabiti də var. Terror aksiyası İİKK nümayəndələrinin Sistan-Belucistanın şiə və sünni tayfalarından olan rəhbərləri ilə keçirdikləri iclas zamanı törədilib.

Partlayışa görə məsuliyyəti  İranın sünnilərini müdafiə "missiyası"nı yerinə yetirən "Candalla" ekstremist qruplaşması öz üzərinə götürüb. Qeyd edək ki, Pakistanla sərhəddə yerləşən Sistan-Belucistanda əhalinin əsas hissəsini beluclar təşkil edir, onlar isə sünnidirlər və İranın şiələrdən qurulmuş hakimiyyətinə qarşıdırlar. İİKK zabitləri bu əyalətə məhz həmin tayfaların rəhbərləri ilə görüş üçün gəlmişdilər.

Rəsmi Tehran həmlənin Pakistan ərazisində hazırlandığını bəyan edib və "Candalla" lideri Abdul Malik Riqqinin, həmçinin onun silahdaşlarının İrana təhvil verilməsini tələb edib. Əks halda, İran hakimiyyəti "terrorçulara istənilən vasitə ilə cavab veriləcəyini" söyləyib. 

Oktyabrın 22-də isə İslamabadın 18 nəfər "Candalla" üzvünü, həmçinin qruplaşma lideri Abdulla Riqqinin qardaşını Tehrana təhvil verdiyi məlum olub. Riqqinin özü isə bəzi məlumatlara görə, Əfqanıstanda gizlənir.

Bundan sonra İran Əli Laricaninin vasitəsilə terror aktının törədilməsində ABŞ və Böyük Britaniyanı günahlandırıb. O bildirib ki, guya bu dövlətlər İranın Pakistanla sərhədində yerləşən rayonlarındakı hökumət əleyhinə gizli qüvvələrə lazımi dəstək verirlər. Maraqlıdır ki, Laricani bu partlayışla Tehranın ABŞ prezidenti Barak Obama ilə qurmaq istədiyi körpülərin yandırıldığını da bəyan edib.

Daha bir maraqlı məqam: Sarbazda törədilmiş terror aktından bir qədər əvvəl bəzi mətbuat orqanlarında İranın dini lideri Əli Xameneinin ölümü və ya artıq fəaliyyət göstərə bilməməsinə dair xəbərlər də yayılmışdı. Dini liderin mətbuat xidməti isə müəyyən ləngimə ilə olsa da, Xameneinin ölümü və ya səhhətində ciddi problem yarandığını təkzib edən fotosunu nümayiş etdirdi. Bir müddət sonra isə dini lider Tehranın ABŞ-la birbaşa danışıqlar aparmasına qarşı olduğunu bəyan etdi. 

Ölkə parlamentinin vitse-spikeri Məhəmməd Rza Bahonarın sözlərinə görə, hazırda İranın Ali Təhlükəsizlik Şurası və dini  lideri Tehranın xarici siyasətinin "ABŞ-la birbaşa danışıqlardan imtinaya" əsaslanmalı olduğunu düşünür və bu səbəbdən "Tehranla Vaşinqton arasında birbaşa təmaslar olmayacaq".

İran rəhbərliyi arasında parçalanmanı göstərən daha bir məqamı da qeyd etmək yerinə düşər. "Altılıq"la İran arasında danışıqların aparılmasına dair informasiyaların fonunda İsrail KİV sensasion məlumat yayıb (baxmayaraq ki, görüşün ilk detalları artıq Avstraliyanın "The Age" qəzetində yer almışdı). İsrail mətbuatı bildirir ki, yəhudi dövlətinin Atom Enerjisi Komissiyasının silahlanma siyasəti və nəzarəti sahəsi üzrə direktoru Meyrav Zafari-Odizlə İranın MAQATE-dəki nümayəndəsi Əli Əşqar Soltani arasında bu il sentyabrın 29-u və 30-da bir neçə görüş keçirilib. Qeyd olunur ki, 1979-cu ildən sonra İsrail və İran rəsmiləri arasında keçirilmiş ilk görüş beynəlxalq nüvə silahının yayılmaması və tərk-silahı komissiyasının təşkil etdiyi forum çərçivəsində baş tutub. Forumda Ərəb Dövlətləri Liqasının üzvləri İordaniya, Misir, Tunis, Türkiyə, Mərakeş, BƏƏ, Səudiyyə Ərəbistanı, həmçinin Avropa İttifaqı və ABŞ-dan olan müşahidəçilər də iştirak edib. 

Xüsusi olaraq vurğulanır ki, publika önündə İsrail və İran nümayəndələri, təbii ki, bir-birlərinin əllərini sıxmayıblar.

Müşahidəçilər bu görüşün keçirilməsinə səbəb kimi ABŞ prezidenti Barak Obamanın hətta "qatı düşmənlər" və "şər dövlətləri" ilə belə, danışıqlara hazır olduğunu nümayiş etdirməsini göstərirlər. Məlumatda o da bildirilir ki, sözügedən dialoq - əgər onu belə adlandırmaq olarsa - heç bir nəticə verməyib və hətta əksinə, şahidlərin sözlərinə görə, inamsızlıq və qarşılıqlı məzəmmətlər atmosferində keçib. 

Lakin məlumdur ki, hazırkı mərhələdə danışıqların məzmunu yox, onun ümumiyyətlə, baş tutması daha vacibdir. İran və İsrail nümayəndələrinin nə haqda danışdıqları da məlumdur. Tərəflər Yaxın Şərqin nüvə silahından azad məkana çevrilməsi məsələsi ətrafında diskussiya aparıblar. İsrailin atom enerjisi komissiyasındakı mənbə bu faktı təsdiqləsə də, məsələyə şərh verməkdən boyun qaçırıb.

Tehran isə İsrail təmsilçiləri ilə Yaxın Şərqdə nüvə məsələsinə dair hər hansı müzakirənin aparıldığını təkzib edib. İslam respublikasının atom idarəsinin rəsmisi Əli Şirzadian bu haqda deyilənləri "özünəməxsus psixoloji əməliyyat hesab edilə biləcək yalan" adlandırıb. Onun fikrincə, belə informasiyanı yayanlar İran diplomatiyasının "Cenevrə və Vyanada aparılan danışıqlardakı uğurlarına təsir etmək məqsədi güdür".

Məlum olduğu kimi, İsrail qeyri-rəsmi olaraq, Yaxın Şərqin nüvə silahına malik yeganə dövləti hesab edilir. Yəhudi dövləti özü bunu təsdiqləməsə də, təkzib də etmir. Ekspertlər isə hesab edir ki, "altılıq"la İran arasında əldə olunacaq razılıq beynəlxalq ictimaiyyətin İsraildən ya nüvə obyektlərini MAQATE müfəttişlərinin üzünə açmasını, ya da onun belə obyektləri olmadığını sübuta yetirməsini tələb etməsi ilə nəticələnə bilər.

Almaniyanın SPIEGEL ONLINE nəşrinin eyni vaxtda həm Yaxın Şərq üzrə ekspert, həm də eks-casus adlandırılan Alaster Krukla dərc etdiyi müsahibədə Kruk deyir: "Qərb üçün İranın nə vaxt nüvə silahı əldə edəcəyi o qədər də vacib deyil. Daha vacib olanı İsrailin Tehranın regionda aparıcı rola malik olması ilə barışıb-barışmayacağıdır. İran artıq elə bir faktora çevrilib ki, ona əhəmiyyət verməmək mümkün deyil. Tehran İsrailin nüvə silahı monopoliyasını dağıdıb və islam respublikasının regionun liderinə çevrilməsi qaçılmazdır".

İsrailin müdafiə naziri Ehud Barak isə beynəlxalq ictimaiyyəti İrana, ümumiyyətlə, uranla məşğul olmağı qadağan etməyə çağırıb. O hesab edir ki, bu məqsədə nail olmaq üçün danışıqlarla paralel olaraq, Tehrana qarşı sərt sanksiyalar da tətbiq olunmalıdır. Məlumatı "The Jerusalem Post" qəzeti yayıb.

Beləliklə, İranla İsrail arasında separat danışıqların həqiqətən olub-olmadığı dəqiq məlum deyil.

 

Dönməz  proses

Təkrarən qeyd edək ki, hazırda kifayət qədər çox dairələr əmindir ki, artıq İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq mümkün olmayacaq. Güman olunur ki, İran Qərblə danışıqlarda elmi-texniki işlərin həyata keçirilməsi üçün vaxt udmaq və bununla da sürətlə atom bombası istehsal etmək məqsədi güdür. Belə olan təqdirdə, ABŞ-la İsrailin sonda islam respublikasının nüvə obyektlərinə hərbi zərbələr endirmək qərarı verməsi mümkündürmü? Ola bilərmi ki,  Nobel sülh mükafatının sahibi olan Barak Obama, İran probleminin həllinə dair daha bir variantı "ehtiyatda saxlasın"?

İsraili narahat edən məsələlərdən biri də İranın, faktik olaraq, sanksiyaların sərtləşdirilməsindən yaxa qurtarmaq şansı qazanmasıdır. Lakin ilk variant iflasa uğrayacağı təqdirdə, məntiqi olaraq, güc tətbiqi yox, Tehrana qarşı daha sərt sanksiyaların tətbiqi variantı ortaya çıxmalıdır.

Bütün bunlarla yanaşı, məsələyə dair Rusiya ilə Çinin mövqeyi hələ də tam aydın deyil. Son zamanlar Çin rəsmiləri İranla münasibətlərinin, xüsusilə ticarət və energetika sahəsində əlaqələrin sürətlə inkişaf etdiyinə dair fikirlər səsləndirirlər. 

Rusiya haqda isə deyilən odur ki, Moskvanı hər şeydən çox neftin qiyməti narahat edir, bu narahatlığın aradan qalxması üçün isə sabit Yaxın Şərqə ehtiyac var. ABŞ-ın dövlət katibi Hillari Klinton da Moskvaya bir müddət əvvəlki səfəri zamanı Rusiyadan İrana qarşı sanksiyaların sərtləşdirilə biləcəyinə dair heç bir konkret vəd ala bilməyib. Bundan başqa, İranın "şər ölkəsi"ndən "normal dövlət"ə çevrilməsi Kreml üçün həm də ona görə sərfəli deyil ki, bu halda söhbət İranın neft və qaz ehtiyatlarından, onların dünya bazarlarına çıxarılması marşrutlarından gedir.

Rusiya İranla hərbi əlaqələrə də malikdir. VVS xəbər verir ki, Rusiyanın İrana C-300 zenit-raket kompleksləri satmasına dair imzalanmış saziş, bu günlərdə Moskva tərəfindən dondurulub. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Fderal Xidmətindən isə bildiriblər ki, Moskva Tehranla hərbi-texniki əməkdaşlığı davam etdirir və bu, beynəlxalq öhdəliklər pozulmadan həyata keçirilir.

Vyanadan gələn informasiyalarla paralel olaraq, İsraillə ABŞ-ın "Juniper Cobra" raketdən müdafiə sistemi üzrə birgə hərbi təlimlər keçirməyə hazırlaşdıqları da məlum olub. 

Bunlar təsadüfənmi üst-üstə düşüb? 

Məlum olan odur ki, təlimlərdə ABŞ-ın Avropa Komandanlığının, təxminən, 1000 hərbçisi və israilli hərbçilər iştirak edəcəklər. Təlimdə İrandan buraxıla biləcək ballistik raket zərbələrinin qarşısının alınması üçün raketdən müdafiə sistemi sınaqdan keçiriləcək. Bu, Tehrana "mesaj" deyilsə, onda nədir? Bəzi mənbələr hətta iddia edirlər ki, ABŞ Nevadada yeraltı obyektlərin bombardmanı üzrə də təlim keçirəcək.

Xatırladaq ki, bir müddət əvvəl dünya KİV-də Pentaqonun yeraltı bunkerdə 15 tonluq sepurbomba düzəldəcəyinə dair informasiyalar yer almışdı. İsrail hərbçiləri isə mütəmadi olaraq, güc tətbiqinin vacibliyi haqda bəyanatlar səsləndirməkdədir. Son zamanlar yəhudi dövlətinin İranın nüvə obyektlərinə, hətta Vaşinqtonun icazəsi olmadan belə, zərbələr endirə biləcəyinə dair məlumatlar yayılmaqdadır.

Bunların fonunda istefada olan təyyarəçi, ABŞ Müdafiə Nazirliyi aparatının texnologiyaların analizi şöbəsinin sabiq direktoru Ed Timperleyk The "Washington Times" qəzetinə açıqlamasında İsrailin İrana hücum edəcəyi təqdirdə, nələrin baş verəcəyi haqda düşüncələrini bölüşüb. Onun fikrincə, bu halda İran "İsrail əhalisinin sıx yaşadığı rayonları bombardman edəcək" və nəticədə, "ABŞ məsələyə müdaxilə etməli olacaq". Bundan başqa, onun sözlərinə görə, "Tehran NATO-nun İraq və Əfqanıstandakı qüvvələrinə HƏMAS və "Hizbullah"ın əli ilə hücumlar təşkil edə bilər", ABŞ qoşunları isə "bəlkə də adi və qeyri-standart silahlardan istifadə etməli olacaq". "Rusiya, Çin və ya Şimali Koreyanın İrana açıq və ya gizli yardım etmək qərarına gələcəkləri təqdirdə isə münaqişə nəzarətdən çıxa bilər", - deyə Timperleyk bildirir. 

Cansıxıcı perspektiv deyilmi? 

Analitik fikirlərini belə davam etdirir: "Amma İran təklikdə qalsa, onun aviasiyasının məhvi və raket ehtiyatlarının tükənməsindən sonra bütün dünya və Yaxın Şərq daha təhlükəsiz olacaq. Lakin bununla belə, İranın təşkil edəcəyi terror aksiyaları bitməyəcək".

Bu baxımdan, İranın Atom Enerjisi Təşkilatının rəbəri Əli Əkbər Salihinin fikirləri maraq doğurur: "Tutaq ki, bizim bir atom bombamız var. Onda deyin, biz onu harada istifadə edəcəyik? İsraili bombalayacağıq? İsrail dedikdə, ağla ABŞ gəlir. ABŞ-ın nüvə qüdrətinə qarşı kim çıxa bilər?".

Bəlkə də məntiqli səslənir, amma bu, dünya ictimaiyyətinin İranın əməllərinə göz yummalı olması anlamına gətirirmi? 

Bizə yalnız beynəlxalq birliyin buna imkan verməyəcəyinə, həm də İranın nüvə proqramı ətrafındakı böhranı sülh yolu ilə çözəcəyinə ümid etmək qalır. 



MƏSLƏHƏT GÖR:

544