14 Mart 2025

Cümə, 10:41

FOQTSUN İLK QƏLƏBƏSİ

Azərbaycan millisi "DÇ-2010"un seçmə mərhələsi çərçivəsində Lixtenşteyn yığmasını səfərdə məğlub etdi

Müəllif:

15.10.2009

Nəhayət, futbol üzrə Azərbaycan millisinin sevinməsi üçün, xırda da olsa, səbəb yarandı. Səfərdə Lixtenşteyn yığmasını 2:0 hesabı ilə məğlub edən komanda, bununla "DÇ-2010"un seçmə mərhələsinin 4-cü qrupunda son pilləni tərk etdi. Odur ki Almaniyaya məğlubiyyətdən (0:1) sonra Dünya Çempionatının final mərhələsinə birbaşa qatılmaq şansını itirmiş Rusiya millisinin qarşısına Berti Foqtsun yetirmələri aktivində 4 xalla yollandı.

 

"Cırtdanlar"a yerləri göstərildi

Qələbə,  özünə inamını artıq itirməkdə olan milliyə çox lazım idi. Bu da aydındır. İlk dövrədə "cırtdanlar"a öz meydanında qalib gələ bilməyən komandanın düşünüləcək çox şeyi vardı. Millimiz Avropa futbolunda autsayderlər arasında qərarlaşsa da, Lixtenşteynlə qarşılaşma çox suallara aydınlıq gətirməli idi. Rəqib tarixi ərzində seçmə mərhələlərdə cəmi bir qələbə qazanıb ki, bu da 90-cı illərin sonlarında məhz Azərbaycan yığması üzərində əldə edilib. Təbii ki, komandamız revanş istəyi ilə alışıb-yanırdı. Üstəlik, bu qarşılaşma seçmə mərhələnin sonunda əhvalın yüksəldilməsi üçün real xalın qazanılacağı son şans idi.

Sonda milli komanda nəticəni əldə etsə də, ortaya qoyulan oyun haqda eyni fikirləri söyləmək olmaz. Komandamız oyunun ayrı-ayrı hissələrində yaxşı futbol nümayiş etdirsə də, çatışmazlıqlar hələ də qalmaqdadır. Hər halda, Lixtenşteynlə qarşılaşmada Azərbaycan millisi başqa futbol sərgiləməli idi. 

Nəticəyə gəlincə, hər şey ikinci yarıda həll olundu. Əvvəlcə qurulmuş kombinasiyanın sonunda Vaqif Cavadov topu rəqib qapısından keçirdi. Oyunun sonlarına yaxın isə Elvin Məmmədov rəqib müdafiəçiləri yol verdikləri səhvə görə cəzalandırdı. 

Qeyd edək ki, hazırkı seçmə mərhələdə komandanın ən yaxşı bombardiri məhz Elvin sayılır - finlərin qapısına da bu futbolçu yol tapmışdı. Doğrudur,  həmin oyunda Elvinin qolu meydan sahiblərini məğlubiyyətdən qurtarmadı, amma Lixtenşteynlə qarşılaşmada hər şey fərqli oldu. Əlbəttə ki, turnirin perspektivi baxımından bu qələbə komandaya heç nə vermir. Lakin o, seçmə mərhələnin sonunda milliyə özünəinam gətirə bilər.

Şübhəsiz  nəticə,  qarşılaşmaya  imtahana çıxmış Berti Foqtsun da xeyrinə oldu. Yəqin ki, bu oyunda məğlubiyyət və ya xal itkisi halında AFFA almaniyalı mütəxəssisə qapını göstərəcəkdi. Lakin indi onun növbəti seçmə mərhələ üçün müqaviləni uzatmaq şansı var. İstənilən halda, Azərbaycanda fəaliyyətini davam etdirmək istəyən almaniyalı mütəxəssisi hər şey qane edir. Yəqin ki, yetirmələrinin nümayiş etdirdiyi oyunun səviyyəsi daha yüksək ola bilərdi. Komanda yalnız indi-indi nəsə nümayiş etdirməyə başlayır və onun Finlandiya, həmçinin, Alaniya milliləri ilə qarşılaşmalarda heç də pis təsir bağışlamadığını söyləmək olar. Lixteynşteyndə oyunda isə komandamız qeyri-adi nəsə nümayiş etdirmədi, amma necə deyərlər, əsas olanı tablodakı hesabdır.

 

Çempiondan nə gözləməli?

Bu arada ölkə çempionatında da artıq altı tur arxada qalıb. Odur ki, indi müəyyən aralıq nəticələr çıxarmaq olar. Hazırkı mərhələdə birdən-birə 4 komanda turnir cədvəlinin zirvəsində qərarlaşıb və yenidən mübarizəyə atılmaq üçün "DÇ-2010"un seçmə mərhələsi çərçivəsində millilər arasında qarşılaşmaların bitməsini gözləyir. Beləliklə, çempionatın startında hansı sürprizlər yaşanır?

Şübhəsiz, hazırda əsas hadisə kimi "Muğan"ın güclü startını göstərmək olar. Yəqin ki, birinciliyin başlamasından əvvəl salyanlıların özləri də bu pillədə olacaqlarını gözləmirdilər və onların nümayiş etdirdikləri nəticə çempionata rəng qatıb. Altıncı turda "Xəzər-Lənkəran"dan alınan 0:2 hesablı məğlubiyyətə baxmayaraq, onlar hələ ki mövqelərini qoruyurlar. Bu, Kamal Alispaxiçin yetirmələri üçün çempionatda ilk məğlubiyyət olsa da, klub hələ ki turnir cədvəlindəki mövqeyini qoruyub-saxlamaqdadır. Daha dəqiqi, hazırda çempionata 4 klub liderlik edir. Bunlar "Muğan"la yanaşı, "Simurq", "Qarabağ" və "İnter"dir. Əlavə göstəricilərə əsasən, birinci yerdə məhz sonuncu komanda qərarlaşıb.

Hələlik iki dəfə heç-heçə etməklə, rəqiblərini qovmaqda olan "Xəzər-Lənkəran"a sabitlik çatışmır. Lakin komandanın şansları qalmaqdadır və o, aradakı fərqi artırmaqda olan rəqiblərinə çata bilər. Axı çempionat hələ təzə başlayıb. Cənubluların son mövsümlərdə qeyri-sabit çıxış etmələri, tez-tez öz meydanlarında xal itirmələri isə həqiqətdir və onlar üçün bu il də başağrısına çevrilə bilər. Odur ki, çempionatdakı fasilə ənənəvi olaraq, yalnız yüksək yerlər uğrunda mübarizə aparan və birinciliyi hədəf seçmiş "Xəzər" üçün əlverişli olmalıdır.

Hələlik "Simurq" özünü yaxşı göstərir. Çempionata o qədər də yüksək səviyyədə başlamayan klub sonradan ardıcıl olaraq 3 qələbə əldə edə bilib. Özü də görün, kimlər məğlub edilib - "Qarabağ", "Bakı" və bu mövsüm qarşısında çempionluq məqsədi qoymuş "Neftçi". 

Odur ki Roman Pokoranın yetirmələri əla oyun ritmi əldə ediblər və ən yüksək yerlər uğrunda mübarizə apara bilərlər. Üstəlik, "Bakı" ilə "Qarabağ"dan fərqli olaraq, zaqatalalılar avrokuboklarda uğurla çıxış edə bilmədilər və bu onlara daxili yarışa diqqəti artırmağa imkan verdi.

Digər tərəfdən, ölkə çempionu "Bakı"nın hazırkı durumu diqqəti cəlb edir. Hazırda sondan üçüncü yerdə qərarlaşmış klubun aktivində cəmi 1 qələbə var. Odur ki "bankirlər" situasiyanı yaxşılaşdırmaq üçün çətin yol keçməli olacaqlar. Hər halda, çempionatdakı fasilə onların da işinə yaramalıdır. Kollektiv çempionatın mükafatları uğrunda mübarizəni davam etdirmək üçün ilk altılıqda yer almalıdır.

Digər tərəfdən, Azərbaycan çempionatında fasilə başlar-başlamaz, baş məşqçi dəyişikliklərinə də start verildi. "Bakı" və "Neftçi" baş məşqçilərini dəyişməyi  qərara aldı və birinci Coko Hacıyevskinin yerinə Bülənt Qorxmazı, ikinci isə Böyükağa Ağayevin əvəzinə Vaqif Sadıqovu klubun başına gətirdi. 

Lakin yeni mütəxəssislərin tezliklə komandanın oyununda dəyişiklik edə bilib-bilməyəcəklərini zaman göstərəcək.

İlk növbədə, çempion "Bakı"da baş verən dəyişiklik diqqət çəkir. Komanda Hacıyevskinin rəhbərliyi altında ölkə çempionu adını qazanıb, avrokuboklarda uğurlu çıxış edib. Lakin növbəti ölkə birinciliyinin başlanğıcında onun işləri heç də qaydasında getmədiyindən, məşqçi postundan kənarlaşdırılıb. Xatırladaq ki, bu qərar "Bakı"nın "Simurq" və "Qarabağ"a məğlubiyyətindən sonra verilib və rəhbərlik kadr islahatlarının lazım olduğu qənaətinə gəlib. 

Beləliklə, klubun baş məşqçisi postuna bir müddət əvvələdək Türkiyə millisinin aparıcı oyunçusu olmuş Bülənt Qorxmaz gətirilib. Mütəxəssis indiyədək "Qalatasaray"a da rəhbərlik etməyə imkan tapıb və indi o, "Bakı"nı üzləşdiyi çətin durumdan çıxartmağa çalışacaq. Bununla yanaşı, məşqçi bildirib ki, ona niyyətini gerçəkləşdirmək üçün vaxt lazım olacaq - əvvəlcə kollektivin potensialı qiymətləndirilməli və o, oyunçulara öz baxışlarını izah etməlidir.

Hər halda, "Bakı" çempion titulunu qorumalıdır və odur ki, əldə ediləcək nəticələrə görə, məsuliyyət var. Üstəlik, səs-küylü transferlərlə, məhz bu klub çempion heyətinə malikdir. İstənilən halda, klubun geniş ehtiyat oyunçular skamyası var və baş məşqçi heyətdə dəyişikliklərə gedə bilər. Klubun hələ ki ondan gözlənilən nəticəni nümayiş etdirə bilməməsi isə başqa məsələdir. 

Odur ki hazırkı çətin situasiyada "Bakı"nın çempion titulunu qoruması heç də asan olmayacaq.

Artıq qeyd etdiyimiz kimi, dəyişikliklərə qərar vermiş digər klub "Neftçi"dir və komandanın başına 1995-ci ildə onunla ölkə kubokunu qazanmış Vaqif Sadıqov gətirilib. Qeyd edək ki, klub son dövrlərdə azarkeşlərini heç də sevindirmir və bir neçə ildir, o, daxili arenada heç bir titul qazana bilmir. Bu mövsüm komandanın çempionata uğurlu başlaması və turnir cədvəlinin zirvəsində qərarlaşması ilə azarkeşlərin ürəyində ümidlər yenidən baş qaldırıb. Amma bu, uzun çəkməyib və "Neftçi"nin "Muğan" və "Simurq"dan aldığı məğlubiyyətlərdən sonra rəhbərlik V.Sadıqovun xidmətinə ehtiyac duyub. Bunadək isə mütəxəssis milli komandada Berti Foqtsun köməkçisi kimi çalışırdı və yəqin ki, o, bu iki vəzifəni eyni vaxtda icra edəcək. Bir sözlə, çempionatın ilk altı turu yalnız sırf idman baxımından əlamətdar olmayıb və hər ötən gün o, daha da maraqlı təsir bağışlayır.


MƏSLƏHƏT GÖR:

499