"QIZIL KİTAB"da AD
Gənc Azərbaycanlı cazmen məşhur opera müğənnisi hüseynqulu sarabskinin törəməsidir
Müəllif: Samirə KAZIMOVA Bakı
Tanınmış opera müğənnisi Hüseynqulu Sarabskinin törəməsi, Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsi olan gənc azərbaycanlı pianoçu İsfar Sarabski Azərbaycanın caz musiqiçiləri sırasında ən gəncidir: noyabrda onun cəmi 19 yaşı tamam oldu. İsfarın caz səhnəsində debütü isə 2002-ci ilin yazına, yəni "Caspian Jazz and Blues" festivalına qatılmasına təsadüf edir. 2004-cü ildə İsfar ixtisaslaşmış musiqi məktəblərinin şagirdləri arasında keçirilmiş respublika müsabiqəsində ikinci yer tutub. Onda gənc musiqiçi "Üfüq" xeyriyyə konsertlərində çıxış etməyə başlayıb. Elə həmin il İsfar "İssık-Kul ulduzları" beynəlxalq klassik və instrumental xalq musiqisi festivalının diplomantı olub.
2006-cı ildə o, Caz Mərkəzində böyük proqramla çıxış edib. Proqram həm klassik, həm də caz əsərlərindən ibarət idi və Azərbaycan cazının təcrübəli ustaları ilə birgə ifa edilirdi. Həmin il İsfara "İstedadlar" sertifikatı verilib. Az sonra o, Bakı Caz Festivalının gənclik proqramına qatılıb, bu il isə festivalda tamhüquqlu iştirakçı olub. 2008-ci ildə musiqiçini Rusiya beynəlxalq caz festivalına və Norveçdə keçirilən "Silda Jazz Festival"a dəvət edirlər. İsfar Sarabskinin adı Azərbaycan prezidentinin əmri ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na salınıb. İstedadına arxalanaraq, 19 yaşında özünü tanınmış kimi hiss etmək necədir? İsfar Sarabski bu barədə və çox şeylər haqqında "Region plus"a danışıb.
- İsfar, bu yaxınlarda Montrödə 43-cü caz festivalı çərçivəsində keçirilmiş müsabiqənin qalibi olmusan. Bu festival yadında nə ilə qalıb?
- "Montreux Jazz Festival" Avropada ən tanınmış və prestijli musiqi hadisələrindən biridir, orada dəyişmədən həmişə dünyanın ən yaxşı musiqiçiləri çıxış edirlər. Montrö caz festivalında Bob Dilan, Stinq, Corc Dyuk, Çik Korea, Bi Bi Kinq və başqa ulduzlar çıxış ediblər, festival bu gün də gənc musiqiçilər üçün start meydanıdır. Buna görə də çağdaş cazın əfsanələri ili yanaşı, həmin festivalda iştrak mənim üçün böyük fəxrdir. Bu il mən birinci yeri gürcü musiqiçisi Beka Qoçiaşvili ilə bölüşdüm.
- Musiqisiz yaşaya bilməyəcəyinizi ilk dəfə nə vaxt anladınız? Uşaq vaxtı hansı sənətin arxasıyca getməyi düşünür-dünüz?
- Ancaq musiqiçi olmalıydım, başqa cür ola bilməzdi. Bizim evdə musiqi həmişə səslənib. Mənim anam 6 saylı musiqi məktəbində skripka sinfinin müəllimidir, atam da bütün həyatı boyu musiqi ilə maraqlanıb. Mənim iki-üç yaşım olanda ən sevimli oyuncaqlarım… plastinkalar idi. Atam mənim üçün nağıllardan tutmuş caza qədər bütün musiqili yenilikləri alırdı. Caza qulaq asmağı sevirdim. Musiqi o qədər enerjili və həyəcanlandırıcı idi ki, mən uşaq şeypuru ilə mənzilimizdə ora-bura qaçaraq gerçək musiqini canlandırırdım. Valideynlərim musiqiyə marağımı görüb, mənə kiçik sintezator da bağışladılar, günboyu ondan ayrıla bilmirdim. Bir az böyüyəndən sonra məni konsertlərə aparmağa başladılar. 6 yaşı olanda isə məni Bülbül adına musiqi məktəbinə götürdülər.
Mənə musiqi ilə məşğul olmaq xoş gəlirdi. Amma səhnəyə çıxmaqdan çox qorxurdum. Yadımdadır, ilk çıxışımda göz yaşlarımı saxlaya bilmirdim. Müəllimim Nilufər xanım Tabasaranskinin yubileyində iki əsər ifa etməliydim. Çıxışdan əvvəl səhnə arxasında idim və həyəcandan titrəyirdim. Məni royalın yanına gətirdilər və mən alətin arxasında oturdum. Əllərim dillərinə toxunan kimi gözümdən sel kimi yaş axmağa başladı (gülür). Təsəvvür edin, mən çalıram, göz yaşlarım dillərin üzərinə damcılayır. Yaxşı ki, tamaşaçılar mənim ilk çıxışıma rəhmli oldular və alqışlarla dəstəklədilər. Bu cür dəstəklərdən həvəsləndiyimdən, artıq ikinci əsəri göz yaşları olmadan ifa elədim.
- İsfar, yəni uşaqlıqda sənin də yaşıdların kimi futbol oynamaq istəyin olmayıb, bunun əvəzinə vaxtını qamma və sonatalara həs etmisən?
- (Gülür) Niyə olmayıb? İlk vaxtlar mən, necə deyərlər, çubuq altında məşğul olurdum. Pəncərədən qonşu uşaqların top oynadığını eşidəndə, mən də küçəyə getmək istəyirdim. Amma böyüdükdən sonra anladım ki, mənim işim musiqidir və royal çalmaq üçün keçirdiyim vaxtlar boşa getməyib.
- İsfar, öz üzərində tanınmış opera müğənnisi, rejissor və ictimai xadim Hüseynqulu Sarabskinin törəməsi olmaq yükünü nə vaxt hiss etmyə başladın?
- Lap uşaqlıqdan mən bilirdim ki, Sarabskinin törəməsiyəm. Tanınmış ulu babamın şəkillərinin də olduğu ailə fotoalbomuna çox baxmışam. Valideynlərim də onun barəsində mənə danışırdılar. Özü də 15 yaşına qədər mən İsfar Məmmədov idim. Bu soyad mənə atamdan keçib. Bakıda keçirilən ilk ciddi müsabiqəni udaraq birinci yer tutandan sonra, atam mənim soyadımı dəyişmək qərarına gəldi. Yadımdadır, atam mənə dedi ki, o əmindir, mən Sarabskilərin adını batırmayacağam və qururla daşıyacağam və o bundan çox xoşbəxtdir. Ümumiyyətlə, tanınmış soyadın xüsusi "yükünü" mən heç vaxt elə də hiss etməmişəm. Mən bilirəm, nəyi etmək olar, nəyi yox ! İstənilən adam eləyə biləcəyi hərəkətlərin sərhədini bilməlidir.
- Maraqlıdır, İsfar üçün tabular varmı?
- (Düşünür) Mən heç vaxt səhnəyə hazırlıqsız çıxmaram. Heç vaxt özümün səhnədə biabır olmağıma yol vermərəm. Heç zaman öz ailəmi biabır etmərəm.
- Sizin kumiriniz kimdir, yaradıcılığınıza hiss olunan təsiri kim edib? Sizin musiqi düşüncənizə daha çox təsir göstərən bir necə cazmenin adını çəkin.
- Mən uşaqlıqda Dizzy Gillespienin və Louis Armstrongun plastinkalarına çox qulaq asırdım. Daha sonra məni Bill Evansın, Duke Ellingtonun, Brad Mehldaunun, Gonzalo Rubalcabanın və Keith Jarrettin musiqisi maraqlandrmağa başladı. Həm də əlbəttə ki, Vaqif Mustafazadənin musiqisi mənim çox xoşuma gəlir. Məhz bu adamlar yaradıcılığıma böyük təsir göstəriblər.
- Sizdən ötrü caz nədir? Bu özünüifadə üçün ideal vasitədir, yoxsa sizin musiqi düşüncələrinizin ötərgi halıdır?
- Caz özünü ifadə azadlığı verir. İstənilən caz musiqiçisi ilk öncə özünü ifadə edir. Axı biz yazılmış notlarla çalmırıq. Bununla yanaşı, mən klassik musiqini də ifa etməyi xoşlayıram. Gələcəkdə klassik əsərlər yazmağı planlaşdırıram.
- Bizim şou-biznes səhnəsində indi yetərincə musiqiçi və psevdomusiqiçilər var. Çağdaş musiqiyə münasibətiniz necədir?
- Mən estradaya laqeydəm. Bu musiqini anlamıram. Mənə çatmır. Bu şou-biznes deyilən şey isə məni maraqlandırmır. Nəsə saxta və qondarmadır. Ulduzlar hansısa qeyri-müəyyən "qazan"da "bişirilir", yalançı həyat yaşayırlar, daim yad rollar oynayırlar. Mən isə səmimiliyi və canlı hissləri sevirəm. Cazda olduğu kimi.
- Musiqiçi İsfar Sarabski işdən azad vaxtlarında nə ilə məşğul olur?
- Futbolu və bilyardı sevirəm (gülür). Görünür, bu idman növünə sevgi məndə uşaqlıqdan qalıb. Onda top qovalamağa sərbəst vaxtım olmayıb. İndi təmiz havaya çıxmağa imkan düşən kimi futbol oynayıram. İtaliyanın "Milan" futbol klubunun azarkeşiyəm. Mayda sevimli komandamın oyununa baxmaq üçün İtaliya futbol çempionatına yola düşmək istəyirəm.
- Eşitmişik ki, oxumağa getməyi planlaşdırırsınız. Musiqi ustalığınızı harada təkmilləşdircəyinizi artıq müəyyən etmisinizmi?
- Xaricdən yetərincə təklif almışıq. Mənim Avropa, Rusiya və ABŞ-da təhsil almaq imkanım var. Artıq oxumaq üçün üç şəhəri - London, Moskva və Nyu-Yorku gözaltı etmişəm. Əlbəttə ki, mən vətənimə gələcəyəm və Azərbaycanın adından çıxış edəcəyəm, hər yerdə öz ölkəmi təmsil edəcəyəm, ancaq təhsilimi xaricdə davam etdirmək istəyirəm. Özü də oxumağa yalnız ulu babam Hüseynqulu Sarabskinin xatirəsinə həsr edilmiş yubiley konsertindən sonra yola düşmək istəyirəm.
Bununla yanaşı, planımda xarici musiqiçilərin də qatılacağı albom yazmaq var. Hazırda danışıqlar aparılır və vaxtından əvvəl kartları açmaq və musiqiçilərin adlarını çəkmək istəmirəm. Yalnız bir şeyi deyəcəyəm: bunlar musiqi dünyasında tanınmış adamlardır. Yaxın plan "Montreux Jazz Festival"ında iştirak durur, orada Azərbaycanı təmsil edəcəyəm. Həmçinin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında klassik solo-konsertim olacaq. Yəni planlarım çoxdur...
MƏSLƏHƏT GÖR:

595

