
EXTRA OLD ETALONLARI
Əfsanəvi Konyak Evi "Hennessy"nin başçısı Moris Rişar Hennessi Bakıda qonaq olub
Müəllif: Sabirə MUSTAFAYEVA BAKI
Nəsə sarsılmaz bir şeylə rastlaşanda bizim dünyanın dəyərlərinin nəyin üzərində qurulduğunu anlamağa başlayırsan. İnsanlar gəlib-gedirlər, amma onlar haqqında xatirələr qalır. Və nə qədər ki biz yaşayırıq, bu insanlar - yazıçılar, bəstəkarlar, sənətkarlar, böyük kulinarlar və şərabçılar da bizimlə yaşayırlar. Əgər diqqət yetirsək, bizi əhatə edən hər şeydə qorunması üçün mübarizə apardığımız əbədiyyətin hissəciklərinə rast gəlmək olar. Çox gözəl anlayırıq ki, gələcək nəsillərin yaddaşında qalmaq hüququ, möcüzələr yaratmaq hüququ uğrunda mübarizə aparırıq. Bax, buna görə insanlar yaşanan hər yeni gündə daha da qiymətli olan dəyərlərə çatmağa can atırlar.
Bu odur - əfsanəvi konyak evi "Hennessy"nin başçısı Moris Rişar Hennessi, bu sehrli və unudulmaz içkinin hazırlanmasına birbaşa dəxli olan insan! Bütün kübar dünyası və taxt-tac sahibləri bu içkinin pərəstişkarıdır. İndi o, Bakıdadır. Qarşıda oturub danışır, suallara cavab verir və dostcasına gülümsəyir. Birdən anlaysırsan ki, bu anı xatırlamaq və bütün yaşamboyu özünlə daşımaq gərəkdir. 1765-ci ildə "Hennessy" konyak evinin əsasını qoymuş Riçar Hennesinin səkkizinci nəsildən birbaşa törəməsini bir də nə vaxt görmək qismət olacaq?
Moris Rişarın atası nüvə fizikası ilə məşğul olub, o özü isə ulu babasının yolu ilə getməyə qərar verib. Morisin üç qızı var, buna görə də düşünür ki, övladlarının hansısa son məqamda bu estafeti davam etdirəcək. Hər halda, fransız kralı XV Lüdovikin ordusunda muzdla qulluq etmiş və 1765-ci ildə Fransanın Konyak şəhərində məskunlaşmış irland zabiti Moris Rişar Hennessini düşünəndə anın qiymətli olduğunu başa düşmək olur. Gənc Hennessi brendinin dadına ilk dəfə məhz Konyakda baxıb və bu içkinin taleyində tarixi dəyişiklik edib. Riçard Konyakda öz şirkətini qeydiyyatdan keçirir və bu cazibədar içki ilə alış-verişə başlayır.
Moris Rişar Hennessi bir filosof və aristokrat, incə məsələlərdən başı çıxan adamdır. Bütövlükdə, çox danışan deyil. Amma sevimli işindən, yəni zərif "Hennessy" konyakından danışan zaman onun sifəti canlanır və Moris Hennessi bütün suallara cavab verməyə hazır olur. Bütün fransızlar kimi emosionaldır, eləcə bəlkə də bütün irlandlar kimi dalğındır. Hennessi etiraf edir ki, uşaqlıqda fermer olmağı arzulayıb. Amma sonradan yaşı altı ildən sonra 250-yə çatacaq ailə biznesinə başçılıq etmək perspektivi ona daha çox xoş gəlib.
İndiyə kimi Azərbaycan brendinin və ya şərabının dadına baxıb-baxmadığı barədə suala cavab verən Moris Hennessi açıq bildirdi ki, hələ belə imkan düşməyib. Amma İçərişəhərin çox xoşuna gəldiyini, oradan ev ala və Azərbaycan şərabının tamına baxa biləcəyini də bildirir. Ola bilər ki, İçərişəhərdə ev almaq barədə cənab Hennessi zarafat edir. Amma onu konyaka hələ yeniyetmə ikən atasının öyrətdiyi, ona dadına baxmaq üçün üzərinə konyak hopdurulmuş qənd parçası verdiyi heç də zarafat deyil. Öz etirafına görə, 23 yaşında Moris Rişar bu içkini gerçəkdən sevməyə başlayıb.
Bu əfsanəvi evin varisi 1984-cü ildən Avropa, Şimali və Cənubi Amerika səyahətlərinə başlayıb, şirkətin prestijli və önəmli müştərilərinə baş çəkməyə başlayıb, onlar üçün dequstasiya mərasimləri keçirib. Və bu yaxınlarda "Jas Hennessy & Cie." şirkətinin və "Moet-Hennessy" qrupunun məhsullarının idxalçısı olan "Apeks Limited" şirkətinin "MEY" şərab qalereyasının təşəbbüsü ilə Moris Rişar Bakıda olub. Azərbaycan paytaxtında da o, çox işlər görməyi bacarıb: şəhərlə tanış olub, jurnalistlərlə görüşüb, konyakın prestijli qammalarının dequstasiyasının keçirildiyi ənənəvi VIP şam yeməkləri təşkil edib. Bu mərasimlərdə cənab Hennessi öz şirkətinin məhsullarını özü şəxsən təqdim edib və həm də "Region plus"un əməkdaşı ilə görüşüb.
- Bu sizin Bakıya ilk gəlişinizdir. Şəhər haqqında təəssüratlarınız necədir və Azərbaycan paytaxtına səfərinizin məqsədi nədir?
M.H.: - Hə, ilk gəlişimdir. Və şəhəriniz çox xoşuma gəldi. Gözəldir, ekzotikdir və çox müasirdir. Gəlişimin ilk günü Bakıda gəzdiyim cəmi yarım gün ərzində gördüm ki, paytaxtda "luxury" bazarı - "Christian Dior", "Armani", "Gucci", "Zilli", tanınmış zərgərlik brendi "Chopard" başqaları geniş təqdim olunub. Bu çox xoşagələn və yaddaqalandır. Mənim səfərimin məqsədi isə "Hennessy" konyak evinin məhsullarının yayımının genişləndirilməsi ilə bağlıdır, potensial müştərilərlə, jurnalistlərlə, bazarda fəaliyyət göstərən iştirakçılarla görüşləri nəzərdə tutur.
- Bəllidir ki, burada Azərbaycanda siz "Molt-Hennessy" qrupunun məhsullarının eksklüziv distribüteri "Apeks Limited" ilə işləyirsiniz. Bilmək olarmı, Azərbaycanın konyak həvəskarları hansı markalara üstünlük verirlər?
M.H.: - O... Azərbaycan auditoriyasının gözəl zövqü var və mənim iş tərəfdaşlarım deyirlər ki, burada daha çox "Hennessy X.O (Extra Old)" konyakını soruşurlar. Bu, bir butılkada yaşı 20-30 arasında dəyişən 100 növdən çox konyak spirtinin qarışığıdır. Konyaklarımızın zirvə versiyalarından olan "Cognac Hennessy Paradis"ə və "Richard Hennessy"yə də maraq çoxdur. Sonuncuya yaşı 200 ilə qədər çatan konyak spirtləri daxildir. Onların qiyməti "Hennessy X.O"dan bahadır. Amma bu gün biz deyə bilərik ki, "Hennessy X.O" doğrudan da Azərbaycanda populyar içkiyə çevrilib. Satınalmaların strukturuna baxdıqda görmək olur ki, "Hennessy X.O" Azərbaycanda, az qala, xalq konyakına çevrilib. Azərbaycanda başqa konyak markaları da nəzərə alınmaqla, konyak satışlarının 60-65%-ini "Hennessy X.O" təşkil edir.
Əgər bu içkinin tarixindən danışsaq, o, 1870-ci ildə mənim ulu babam Moris Hennessi tərəfindən ailə üzvləri və yaxın dostlar üçün yaradılıb. Amma elə oldu ki, tezliklə bu konyak nəinki Hennessinin dostlarına, həm də onun dostlarının dostlarına xoş gəlməyə başladı. Beləliklə, bu konyak geniş populyarlıq qazandı. Bu, şirkət üçün çox önəmli hadisə oldu və yeni "Hennessy - Extra Old" növü yarandı.
İçkiyə bu ad ona görə verilib ki, o, ailənin ən köhnə spirtlərindən hazırlanıb, onlardan bəziləri hətta XVIII əsrdə çəkilib. Maraqlıdır ki, ulu babamın yüngül əli ilə "Extra Old" konyakların tamamilə yeni kateqoriyasına çevrildi. Və demək olar ki, 80 il ərzində "Hennessy" "X.O" konyakları istehsal edən yeganə konyak evi oldu. Bu anlayış bütün konyak istehsalçıları üçün hansısa bir standart idi. On il qabaq isə Moris Hennessi koynak dünyasına daha bir önəmli yenilik - konyakların qiymətləndirilməsi üçün qiymətləndirmə sistemi gətirdi, bu sistem indi mehmanxana şəbəkəsində də uğurla işlədilir. İdeya sadədir: 5 ulduzlu konyak ən bahalı və keyfiyyətlidir, 1 ulduzlu isə daha ucuz və nisbətən dadsızdır. 1947-ci ildə isə kapitan Riçard Hennessinin birbaşa törəmələrindən biri "X.O" üçün üzüm salxımlı və yarpaqlı məşhur butılkanı yaradır. "X.O" konyakının ətri tünd və möhkəmdir, palıd taxtasının, yetişmiş meyvələrin, köhnə dərinin və çiçəklərin incə notlarının parlaq çalarlarını özündə birləşdirir. Görünür, ona görə də koynak həvəskarları arasında böyük populyarlığa malikdir.
- Cənab Moris Hennessi "Hennessy" konyak evinin hansı konyakını xoşlayır?
M.H.: - "Hennessy" konyaklarının hamısı yüksək keyfiyyətlidir və mən onların hamısını sevirəm. Bütün markaların xüsusi üslubu, dadı və ətri var. Əgər biz dünya musiqi incilərinə baxsaq, görərik ki, böyük Şubert, Çaykovski, Mosart fərqli kompozisiyalar yaradıblar; onlar bir-birlərindən fərqlənsələr də, hamısı əvəzolunmazdır. Bunu "Hennessy" konyakları barədə də demək olar. Ancaq əgər nəyəsə üstünlük vermələrdən danışsaq, onda hər şey bu gözəl içkini nə ilə içməyinizdən, yəni buzla, yoxsa hər hansı bir yeməkdən sonra içməyinizdən asılı olacaq. Konyakı müşayiət edən şeylərdən - vəziyyətdən, atmosferdən, əhvali-ruhiyyədən çox asılıdır. Önəmli məsələ bu prosesi hansı hadisələrin müşayiət etməsidir.
- Axı konyakı anlamağın özü də böyük incəsənətdir...
M.H.: - Hə, şəksiz. Və mən artıq bildirdiyim kimi, atmosfer konyak üçün əlverişli olmalıdır. Yalnız belə olan halda bu prosesin önəmini dərk etməyə başlayırsan. Dadından onun mənşəyini və yerli üzümün xüsusiyyətlərini anlamağa başlayırsan. Konyakı nə zaman və necə içməyi problemə çevirməyə dəyməz. Hər şeydən öncə sadəcə konyakı sevmək lazımdır. Axı o, həzz üçün yaranıb. Başlanğıc üçün konyaka uyğun gələn qədəhləri seçmək lazımdır. Konyakın qarışdırılması üzrə mütəxəssislər zanbağabənzər qədəhləri məsləhət görürlər, ancaq hamıya tanış olan alçaq, kürəvari qədəh də işə yarıya bilər.
- "Hennessy" konyakının üslubu başqa konyakların üslubundan nə ilə fərqlənir?
M.H.: - "Hennessy" konyakları Konyak vilayətinin dörd rayonunun - Qran Şampan (Grand Champagne), Pti Şampan (Petite Champagne) , Borderi (Borderies) və Fin Bua (Fins Bois) rayonlarının üzümlüklərindən əldə edilən konyak spirtlərindən hazırlanır. Bu konyak spirtləri artıq taninlərinin bir qismini itirmiş çəlləklərdə uzunmüddətli saxlanılır. Məhz buna görə, "Hennessy" konyakları çox incə, bir az ədviyyatlı, yüngül qönçə ətri və darçın çalarlı palıd ağacı ətrinə malikdir. Dadı harmonik və nəfisdir, yüngül bal və biyan kökü dadı ilə fərqlənir. Və bizim evdə artıq üç əsrdir ki, məhsul yığımından başlayaraq, hər şey eyni texnologiya çərçivəsində edilir. "Hennessy" konyakının əldə edilməsi üçün yalnız bir üzüm növündən - Uni Blandan (Ugni Blanc) istifadə edilir. Gözəl konyakın yaradılması böyük konyak spirti ehtiyatları olmadan mümkün deyil. Bu, şərabçının öz əsərini yaratmaq üçün istifadə etdiyi materialdır. Hazırda ailəmizin nadir konyaklar anbarı var. Onların bəzilərinin yaşı 200 ilə çatır. "Hennessy" dünya üzrə ən böyük köhnə üzüm spirtləri ehtiyatlarına malikdir. Hər il bu ehtiyatların 3 faizə qədəri buxarlanma nəticəsində itirilir, buna "mələklərin payı" (la part des angels) deyirik. 2600 üzümlük sahibi öz məhsullarını şirkətə verir. 28 distilə mərkəzində şərab çəkilir. Əldə edilən konyak bölgədə yerləşən 35 anbarda saxlanılır.
Bizim ən qədim konyak 1800-cü ilə aiddir, onun 209 yaşı var. Bu, yeganə istehsalçıdır ki, konyak istehsalı 1800-cü ildən bir şərabçı sülaləsinə - Filyu ailəsinə əsaslanır. Düşünürəm, başqa konyak istehsalçılarında texnologiyanın belə bəlirlənməsi, belə müntəzəmliyi yoxdur. Demirəm ki, başqa istehsalçıların konyakı pisdir, təkrar edirəm, sadəcə, bizim evdə koynakın keyfiyyəti artıq 1800-cü ildən bu yana bir şərabçı usta sülaləsi tərəfindən dəstəklənir. Bu ənənələr və vərdişlər nəsildən-nəslə ötürülür.
-"Hennessy" konyak evinin uğurlarının sirri nədədir? Üç əsrə yaxındır ki, "Hennessy" konyakının qiymətli içki kimi qalmasına nə səbəb olur?
M.H.: - Açıq danışacağam. Hennessi ailəsi üzvlərinin heç də hamısı konyak hazırlanması ilə birbaşa məşğul olmur. Amma kimlərin bununla əlaqəsi var, onlar üçün artıq Fransanın Konyak şəhərində yaşamaq əsas şərtdir. Orada şərab hazırlamağın özü hörmətli missiya və fəaliyyətdir. Məsələn, mənim işimin böyük hissəsi ölkələri gəzib məhsulumuzu təqdim etmək, potensial müştərilərlə əlaqələr qurmaqdır. Mən özüm şərabçıyam və üzümçülüklə məşğulam. Şərab hazırlamaq ruhverici fəaliyyətdir. Əgər siz üzüm becərirsinizsə, şərab istehsal edirsinizsə, əgər bu sizdə yaxşı alınırsa, bundan yaxşı fəaliyyət növü yəqin ki, yoxdur. Bu bir sevgidir! Düşünürəm, məhz buna görə də bizim ev dünyaya bu fəxri missiyanı təqdim edir, çünki "Hennessy" konyakları unu-dulmazdır.
Xatırladım ki, biz "Hennessy" konyaklarının hazırlanmasında tək deyilik. 1971-ci ildə "Hennessy" şampan istehsal edən "Moöt & Şendon" (Moet & Chandon) firması ilə birləşərək "Moöt-Hennessy" (MH) qrupunu yaradıb; o da tezliklə dəbdəbə əşyaları istehsalında ixtisaslaşmış "Lui Vyuiton" (Louis Vuitton - LV) şirkəti ilə birləşib. Nəticədə, LVMH konserni yaradılıb. Bu kommersiya qurumunun yara-dılması ilə "Hennessy" daha da populyarlaşdı və koynakın hazırlanması ilə bütün ailənin məşğul olmasına ehtiyac qalmadı. Şirkətin idarəetmə strukturu təkmilləşdirilidi və "Hennessy" markası yeni inkişaf mərhələsinə çıxdı. Hazırda LVMH konserni çoxsaylı şərab, şampan və konyak markalarının sahibidir. Özü də "Hennessy" tam müstəqilliyə malikdir.
- Yeni konyak markaları tez-tezmi yaradılır? "Hennessy" evində nə vaxt yeni marka yaratmağın vaxtı çatdığını düşünürlər; bu hər hansı önəmli hadisə ilə bağlı ola, ona həsr edilə bilərmi?
M.H.: - Dünyada, təxminən, 400 marka konyak var. Bu çox böyük rəqəmdir. Bunların içində "Hennessy" konyak evinə məxsus olanı az deyil. Bizim son markamız "Hennessy Black" adlanır. Bu, "Hennessy V.S"in bazara çıxdığı 1961-ci ildən bu yana ilk lonçz, yəni bazara çıxardığımız yeni məhsuldur. Yeni "Hennessy Black" ilkin olaraq ABŞ-ın 10 seçmə ştatında bazara çıxarılacaq. Bunlar Arizona, Corciya, İllinoys, İndiana, Luziana, Nyu-York, Ohayo, Vaşinqton və Massaçusets ştatlarıdır. "Hennessy Black" qara butılkaya yerləşdirilib. Bu, açıq taxta və al-qırmızı çalarlı, zərif çiçək ətirli 35-45 konyak spirtinin unikal toplusudur. Bu konyak istifadədə ən azı beş il olmuş fransız palıd çəlləklərində saxlanılır. Son nəticədə yumşaq və yüngül dad, yasəmən, nərgiz, portağal, sitrus meyvələri, bal və təzə üzüm çalarları əldə edilir. Bununla yanaşı, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın şərəfinə xüsusi limitli koynak seriyası "Hennessy - 44" buraxılıb. Bu konyak xüsusi olaraq ABŞ-ın yeni prezidentinin inauqurasiya günü münasibətilə buraxılıb və satışa 12 yanvar 2009-cu ildə çıxarılıb. Və ya məsələn, bizdə "Davidoff Selection Classic" və "Davidoff Selection Extra" konyak markaları var. Bunlar "Hennessy" konyak evinin başqa marka altında satılan yeganə məhsullarıdır. Bu konyaklar parlaq vanil və palıd çalarlı bol və zəngin ətirə malikdir, hətta siqar kimi parlaqdır. Bu o deməkdir ki, yeni konyaklar üçün spirti yenidən yaratmaq lazım idi, güclü ağac çalarları əldə etmək üçünsə tamamilə yeni çəlləklərdən istifadə olunmalıdır. "Hennessy" və "Davidoff"un birgə əməkdaşlığı nəticəsi əvvəlcə "Davidoff Selection Classic" konyakı, sonra isə "Davidoff Selection Extra" konyakı oldu. Tündlüyünün 43 dərəcə olmasından başlayaraq, tərtibatına qədər onların özəllikləri var. Xüsusi şüşədən hazırlanmış eksklüziv butılkalar əvvəlcə şərab butılkası kimi açılır, sonra xüsusi tıxac gəlir.
-"Hennessy" konyakları kimin üçündür?
M.H.: - Anlayrısınızmı, "Davidoff Selection Classic" və "Davidoff Selection Extra" kübar içkiləridir. Onlar yalnız siqar çəkməyi sevən varlı insanlar üçündür. Buna görə də "Hennessy"nin "Davidoff" konyakı yalnız elit restoranlarda və mağazalarda satılır. Qeyd etmək lazımdır ki, 1765-ci ildə "Hennessy" brendinin peyda olmasından sonra, "konyak" kəlməsi avropalıların leksikonuna Fransada yerləşən şəhər kimi yox, tanınmış adamlar üçün nəzərdə tutulmuş içki kimi daxil oldu. Bu, önəmli işdir. Qeyd etmək lazımdır ki, "Hennessy"nin populyarlığında İngiltərə kralı IV Georqun bu içkinin pərəstişkarı olması da rol oynayıb. Məhz buna görə bütün saray əhli "Hennessy" içməyə başlayıb. Konyaka biganə qalmaq, sadəcə, mümkün deyildi. O, diqqət çəkirdi, dadına baxandan sonra onun niyə sarayda sevildiyini anlayırdılar, axı saray əhli ən yaxşı şeylərlə təmin edilməli idi.
Təəccüblü deyil ki, tanınmış adamlar onu öz dostlarına tövsiyə edirdilər və çevrə genişlənirdi. "Hennessy" imkanlı adamlar üçün standarta, üslub etalonuna, zövq əlamətinə çevrilmişdi. Amma zaman dəyişirdi, aristokratlar və əyanların artıq vaxtı bitirdi. Cəmiyyətdə yeni elita biznesmenlər, aktyorlar, müğənnilər, idmançılar peyda olmağa başlamışdı. Şirkət XX əsrdə məhz onlar üçün işləməyə başladı. Varlı adamlara qulluq edən bahalı klublar, otellər bizim konyaklardan ehtiyat etməyə başladılar. Dəbdəbəli mehmanxanada "Hennessy"yə sahib olmaq hər bir rəhbər üçün vacib məsələyə çevrildi. Axı yüz illər boyunca bu cür köhnə və keyfiyyətli məhsullara zövqlü, imkanlı adamlar arasında böyük tələbat var. Bu suala daha dolğun cavab vermək lazım gələrsə, deyə bilərəm ki, "Hennessy" konyakları daha zövqlü qadın və kişilər, maliyyə baxımından uğur qazanmış insanlar üçün nəzərdə tutulub, çünki içki doğrudan da ucuz deyil.
- "Hennessy" konyaklarının süzüldüyü butılkalar barədə nə deyə bilərsiniz? Axı onlar da gerçək incəsənət əsərləridir...
M.H.: - Bildirmək gərəkdir ki, XVIII əsrin əvvəllərində "Hennessy"nin satışları üzərində ailə gerbi, yəni əlində təbərzin tutmuş cəngavər təsvir edilmiş butılkalarda deyil, adi çəlləklərdə satılırdı. Bu da Riçarda əlavə problemlər yaradırdı. Onun konyakını saxtalaşdırmağa başladılar. Düzdür, kiminsə həmin dad keyfiyyətlərini əldə etməsi çətin məsələ idi, amma insanların çoxu, sadəcə, fərqi duya bilmirdi. "Hennessy"nin butılkalarda satışına artıq XX əsrin ikinci yarısından başladılar, onda şirkətin başında Moris Hennessi dururdu. 1964-cü ildə o artıq əfsanəvi olan konyakın kütləvi istehsalı üzrə ilk zavodun təntənəli açılışını keçirdi. Təbii ki, zavod Fransada açılıb. Məhz Morisin vaxtında konyak butılkalarda satılmağa başlayıb. Özü də bu çox maraqlı formada olub. Bu, içkinin böyük populyarlığına imkan yaradıb. Qeyri-standart butılkalar düzəltmək ideyası isə şirkətə Asiyadan gəlib.
- Son zamanlarda "Hen-nessy" evinin zavodlarında istehsal xəttinin modernləşdirilməsi aparılıbmı, yoxsa konyak istehsalında üstünlük yenə də hələ XVIII əsrdə mövcud olan ənənəvi üsullarla verilir?
M.H.: - Bütövlükdə, bizim üsullar üzümlüklərə qulluqdan tutmuş, məhsul yığımına, konyakın yaradılmasına qədər hər şeydə ənənələri saxlanır və nəsillərdən-nəsillərə ötürülür. Konyakı biz polad çəlləklərdə saxlayırıq və ikiqat distilədən keçiririk, sonra onları başqa konyak spirtləri ilə qatırıq. Amma yeni texnologiyaların istifadəsi də bizə yad deyil. İndi biz çəlləklərin üzərinə rəqəmli kodlar çəkirik, bu bizə məhsulun saxlanılması, qiyməti, keyfiyyəti barədə məlumat verir. Həm də yeni texnologiyalar konyak spirtinin saxlanması üçün temperatur rejiminin tənzimlənməsində istifadə edilir. Bu avadanlıq temperaturu sabit saxlamağa imkan verir. Sonra istismara yeni soyuducu avadanlıqlar verilib.
- Sizin Azərbaycanda planlarınız necədir?
M.H.: - Azərbaycanda "Hennessy" konyakının populyarlığı nəzərə alınsa, artıq Bakıda bu içkini sevənlərin klubunu yaratmağın vaxtı çatıb (gülür). Yaxın planlarda isə sizin bu unudulmaz paytaxtınıza növbəti səfər, sizin içkilərlə tanışlıq və konyakların dequstasiyası üçün yeni VIP şam yeməklərinin təşkil edilməsi durur.
- Bakını necə gördünüz?
M.H.: - Bakı liman şəhəridir və liman şəhərlərini dəqiq təsvir etmək çox çətindir. Bir tərəfdən iddia etmək olar ki, Bakı Asiya ilə Şərqi Avropanı birləşdirən forpostdur, amma başqa tərəfdən qeyd etmək lazımdır ki, Azərbaycan paytaxtı kimi şəhərlər müəyyən vaxtdan sonra yetərincə dəyişir. Bir çox xalqlar və millətlər burada öz izlərini qoyurlar, bu da sonrakı nəsillərə öz təsirini göstərir. Bir şeyi də deyim, fransızlar Bakı haqqında Fransa tarixindən, XX əsrin əvvəllərində baş vermiş hadisələrdən bilirlər. Bakı haqqında Fransa tarixinin 1918-ci ilin avqust ayında baş vermiş hadisələrində bəhs edilir. Onda İngiltərə qoşunları Arxangelsk və Zakaspi vilayətini işğal etmişdilər. 1919-cu ilin yanvar ayında isə İngiltərə və Fransanın daxil olduğu Antanta hərbi blokunun qoşunları Odessaya, Krıma, Bakıya və Batumiyə çıxmışdılar. Bir sözlə, Bakı çox maraqlı şəhərdir və bu gün burada çoxlu maraqlı hadisə və görüşlər keçirilir.
MƏSLƏHƏT GÖR: