14 Mart 2025

Cümə, 10:42

PULUN VAR ?

Dünya maliyyə böhranı şəraitində müasir pulların təkamül prosesini xatırlamaq maraqlı olardı

Müəllif:

15.10.2009

Məşədi İbadın təbirincə desək, "Pul elə şeydir ki, qocanı cavan eylər və pulsuzluq da cavanı qoca eylər". Üzeyir bəyin "Arşın mal alan" komik operasında da qulluqçu Tellinin nökər Vəli  ilə tanışlığı zamanı ilk sualı "Pulun var?" olur.

Böyük fransız bəstəkarı Fransua Şarl Qunonun  məşhur "Faust" operasının personajı şeytanəməlli Mefistofel də pula eyhamla belə deyir: "İnsanlar metal uğrunda məhv olurlar". Rəmzi mənada "metal" mövzusu özündə böyük enerjini, sonsuz marağı, qorxunu və illüziyaları ehtiva edir. İnsanlar həmişə pul haqqında xüsusi ehtirasla danışıblar. Gürcü filmi olan "Xanuma"da acgöz erməni tacir pullarını sayarkən 1 qəpiyin yerə düşdüyünü görüb, döşəmədə iməkləyə-iməkləyə onu tapır və sevinərək deyir: "1 qəpik çatmayanda milyon milyon olmur". 

Çox qədim dövrlərdə varlı adamların dəfni zamanı onların məzarına başqa əşyalarla bərabər, çoxlu pul da qoyurdular ki, bəlkə o biri dünyada gərəyi oldu. Çox-çox minilliklər bundan əqdəm adamlar pulun nə olduğunu bilmirdilər. Ona görə ki, heç nə  satmır, heç nə də almırdılar. İnsan özünə lazım olanı təbiətdən  əldə edirdi. İbtidai icma quruluşunda qəbilə  halında yaşayan insanların ailə əmlakı, yeməyi ümumi idi.  Əməyin sayəsində əldə olunan hər bir şey hamının idi. İnsanlar həyatın gedişində anlamağa başladılar ki, tək əldən səs çıxmaz. İnsan təklikdə heç nə edə bilməz, birlikdə isə istədiyinə nail ola bilər. İlk dövrlərdə qəbilə üzvlərinin hamısı eyni işlə məşğul olurdu - birlikdə ov edir, birlikdə balıq tutur, birlikdə meyvə və bitki kökləri toplayırdı. Sonralar başa düşdülər ki, əgər əmək bölgüsü olsa, hər kəs öz bacardığı işdən yapışar və işlər yaxşı gedər - güc və vaxt sərfi azalar, məhsul isə bol olar. Beləliklə də insanlar öz əmək məhsullarını mübadilə etməyə başladılar. Əmək bölgüsü primitiv mübadilənin inkişafına şərait yaratmışdı. Bir çox qəbilələrin nümayəndələri qonşu qəbilələrlə mal mübadiləsini  belə bir üsulla aparırdılar. Onlar öz mallarını əvvəlcədən razılaşdırılmış yerə gətirir, torpaq üstünə düzür və qoyub gedirdilər. Qonşu qəbilələrin nümayəndələri də gələndə  öz mallarını qoyur, mübadilə üçün nəzərdə tutulmuş malları götürüb aparırdılar.  Müasir dövrümüzdə "barter" adlandırılan bu cür natural mübadilə müəyyən narahatlıq yaradırdı. Buna görə də mübadilə əməliyyatını asanlaşdırmaq üçün müəyyən dəyər ekvivalenti  tapıldı. Beləliklə, böyük tələbat olduğundan, həmişə yaxşı alınan mal müəyyən edildi. Həmin mal universal dəyər simvolu kimi qəbul edildi. Beləliklə də ibtidai pulun əsası qoyuldu.  Qədim xalqların bir çoxunda pul  kimi qaramaldan istifadə olunurdu. Buna görə də pul sözü qaramal mənasında işlədilirdi. Məsələn,  rusların "tovar" sözü türkcə davar, yəni qaramal sözündən götürülmüşdü və indiyədək də belə işlədilir. 

Qədim yunan şairi Homer  bəzi döyüş silahları haqqında danışarkən onları öküzlə dəyərləndirirdi. Çox qədim zamanlarda ən geniş yayılmış pul forması  qaramal idi. Həmin dövrün xalqları inəyi, öküzü, qoyun-quzunu pul hesab edirdilər. Bizim  ədəbiyyatdan tanış olduğumuz "kapital", "kapitalizm" sözlərinin mənasını yaxşı bilirik. Lakin çox adam bilmir ki, "kapital" sözü  latınca "kaput", yəni baş sözündən götürülmüşdü. Axı qaramalı baş hesabı  ilə alıb-satırdılar.  

Müasir Almaniya ərazisində  eramızdan qabaq "inək pulları" mövcud idi. Şimal xalqlarında pul vahidi kimi maral götürülürdü. Digər kiçik xalqlarda pul deyəndə şəkər, fil sümüyü, xəz, tiryək, kakao və i. a. nəzərdə tutulurdu. 

Bəzi ölkələrdə pul kimi paxla, tənbəki yarpaqları, preslənmiş çay işlədilirdi. Tropik Afrikada, Yeni Qvineyada, Qədim rus ərazisində dəyər və ödəniş vahidi kimi qul alveri geniş yayılmışdı. Bəzi ölkələrdə nizə başlıqları, it dişi, diametri 2 metrə çatan qaya parçaları, mis baltalar, hətta donuz dişləri pul əvəzinə işlədilirdi. Qaytana keçirilmiş donuz pulu dəstinin uzunluğu bəzən 12 metrə çatırdı. 

Qədim Elladada ticarət əməliyyatı zamanı çubuq şəkilli dəmir külçələrdən istifadə olunurdu. Bu pullar bəzən halqa, yarımhalqa, çubuq şəklində düzəldilirdi. Slavyanların pulları kiçik balta, qədim çinlilərdə miniatür tunc kərki, bıçaq, zınqırov şəklində olurdu. Melaneziya adalarında və Okeaniyanın digər yerlərində dəyər ölçüsü incə toxunmuş həsir idi. Həsiri  rulon şəklində bükür və qaytanla bağlayırdılar. Avropadan alverə gəlmiş məmurlar pulla aldıqları həmin rulonları möhürləyirdilər. Məsələn, Anqolada portuqaliyalılar möhürlənmiş həsir rulonları qanuni pul hesab edir və vergi ödənişi zamanı  hesaba alırdılar. 

Şimal-Qərbi Amerikada yaşayan hindilər arasında "pul-yorğanlar"dan istifadə olunurdu. 

Sudanda və Qvineyada ödəniş vasitəsi kimi pambıq parça işə gedirdi. Tibetdə isə  haqq-hesabı xadak adlanan ipək parça ilə çürüdürdülər. 

Afrikada duzdan bülöv daşı şəklində pul məlum idi. Nikobar adalarında fındıq dəstindən ibarət pul dəbə minmişdi. Tibetdə isə qoz,  Mikroneziyanın Karolina adalarında qurudulmuş banan qabığı, hətta pendir pullar istifadədə idi. 

Çox zaman  narkotiklər, yaxud digər cuşagətirici vasitələr  pul rolunu oynayırdı. Sibirdə, İndoneziyada yaxud Afrikada tənbəki yarpaqları pul yerinə işlədilirdi. Bir tənbəki yarpağına iki ananas almaq olardı. Yeddi tənbəki yarpağı öz dəyərinə görə yeddi fransız frankına bərabər tutulurdu. 

Çinin Xaynan adasında tiryək valyutası tədavüldə idi. Spirtli içkilərdən də pul kimi istifadə olunurdu. İlin yağışlı vaxtında  bir yumurtanı yarım stəkan roma, quraqlıq aylarda isə bir stəkan roma almaq olardı. Üç keçini üç butulka roma və bir pambıq parça kəsiyinə satırdılar.

Yüksək qiymətləndirilən digər ödənc vasitəsi donuz pulları idi. Bu pullar, əsasən, Melaneziyanın Yeni İrlandiya  adasında tədavüldə idi. Bu pullar sayı iyirmi minə çatan mərcan dairələrdən, it dişlərindən,  şüşə muncuqlardan ibarət olurdu. Qaytana keçirilmiş bu  donuz pullarının ucuna həmişə bir və ya iki donuz quyruğu bağlanırdı. Həmin pullar, əsasən, donuz və qadın almaq üçün sərf olunurdu. Qadın alanda əlavə olaraq it dişindən iki bağ da ayrıca verilirdi. Kamerunda yerli əhali abuq adlandırdıqları inciləri pul kimi yüksək dəyərləndirirdi. İki-üç ovuc belə pula adam almaq olardı.

Geniş yayılmış pullardan biri də nadir formalı heyvan dişləri idi. Heyvan dişinin inkişafı zamanı  ona istənilən formanı vermək üçün xüsusi tədbirlər həyata keçirirdilər. Məsələn, qabanın halqa şəklinə salınmış  kəsici dişləri daha yüksək dəyərləndirilirdi. Qabanın dişinin halqa şəkli alması üçün südəmər qabanların yuxarı kəsici dişlərini çəkib çıxarırdılar. Müəyyən müddət sonra alt dişlər  çıxanda aşağı əyilərək halqa şəklini alırdı. Papuaslar həmin halqaları bilərzik kimi qollarına da taxırdılar. 

Yeni Qvineyada və Melaneziya adalarının şimal hissəsində it dişlərindən pul  geniş yayılmışdı. İtin qaytana keçirilmiş yalnız  dörd köpək dişi  pul   kimi dəyərləndirilirdi. Yeni Qvineyada qadın, yaxud gənc oğlan, təqribən, yüz it dişinə alınıb-satılırdı. Həmin diyarda kenquru və opossum (kisəli siçovul) dişindən, Sakit okeanın  Bugenvil adlanan vulkanik mənşəli adasında yarasa  və delfin dişləri  pul kimi işlədilirdi. Burada balina dişlərindən də xırda pul düzəldilirdi. 

Xüsusilə Okeaniyada xüsusi pul növlərindən biri müxtəlif formalı quş lələkləri hesab edilirdi. Toxunmuş parça zolağına taxılmış  iki minə qədər lələk böyük sərvət hesab edilirdi. Ona görə ki, bu pul bağını öldürülmüş yüz minlərlə quşun lələklərindən hazırlayırdılar. To-yuğun gözlərinin qıraqlarındakı incə lələklər daha baha hesab olunurdu. Belə pullara qız, yaxud iki donuz almaq olardı. Lələk pullara cücülərin xəsarət yetirməməsi üçün  pul bağlamasını ağac qabığından parçaya büküb ocaq başından asırdılar. Pul bağlamaları nəsildən-nəslə irs kimi qalır, yalnız  qırmızı lələklər  korlanandan sonra öz dəyərini itirirdi. 

Müxtəlif qəbilələrdə pul kimi kəllələrdən  istifadə olunurdu. Assamda (Hindistan) inək kəllələri, Kalimantanda (İndoneziya) isə pul kimi insan kəlləsi yüksək qiymətləndirilirdi.

İlkin pul növlərindən biri də kauri adlanan mərcan idi. Belə pular  eramızdan 2000 min il əvvəl Çində meydana gəlmişdi. 5, yaxud 10 mərcandan ibarət kauri sapı  əsas pul vahidi sayılırdı. İndiki Çin ərazisində olmuş Şan dövlətinin çariçası Fu Xaonun sərdabəsində  7000 kaurinin tapılması  həmin qadının çox varlı olmasına dəlalət edirdi. Hətta dövriyyəyə metal pullar buraxılandan sonra da kauri  öz əhəmiyyətini itirməmişdi. Metal pulları da kauri formasında buraxırdılar. 

Sakit okeanda Yap adlı  bir ada var. O, Mikroneziya Federativ Ştatlarının paytaxtıdır. Buranın əhalisi alış-veriş əməliyyatında indiyədək ortası deşik yastı daşlardan pul kimi istifadə edir. Həmin "pul" dünyada ən ağır və orijinal valyuta sayılır. Yap "Daş pullar adası" adlanır. Yapın rəsmi valyutası ABŞ dollarıdır. Yerli əhali ərazidə açılmış iki kommersiya bankının sivil  pul əməliyyatına nifrət edir. 

Ortası  dəlinmiş  bu dəyirmi daş disklərin (pulların)  diametri beş metrədək olur. Onların dəyəri diametrin artması və qalınlığının azalması ilə yüksəlir. Böyük daş pul qadının, qayığın və yaxud donuzun dəyərinə bərabər  tutulur. 

Daş pulun ölçüləri onların gündəlik alış-verişdə istifadəsini mümkünsüz  etdiyindən, onu sahibinin koması qarşısına qoyurlar. Pul sahibi uzaqda yaşayan  adamla ticarət edən zaman alıcı gəlib daş pulun keyfiyyətini diqqətlə yoxlayır, pulun görkəmindən razı qalanda, onu əvvəlki yerində qoyub gedir. Yerli sakin vergi, yaxud cərimə ödəməli olursa, onda hökumət adamları gəlib onun daş puluna  möhür vururlar.  Daş pulun sahibi dəyişəndə  köhnə möhür yeri silinir və təzə möhür vurulur.

Bəşəriyyət  metal pullardan istifadəyə keçənə qədər yüzlərlə pul nümunəsindən istifadə etməli olmuşdu. 

 Misirdə və Mesopotamiyada  eramızdan əvvəl ikinci minillikdə mal mübadiləsi üçün vasitə kimi tunc halqalardan   istifadə edirdilər. Tunc halqa pulların dəyəri onları tərəzidə çəkməklə müəyyənləşdirilirdi. Qədim Babildə metalın çəkisi standartlaşdırılmışdı və onun əslliyi rəsmi hökumət möhürü vurulmaqla təsdiq edilirdi. 

İtaliyada sikkə pullar meydana gələnə qədər  mal mübadiləsi əməliyyatında çəki ilə qəbul edilən mis külçələrdən istifadə olunurdu. Sonralar tədricən başa düşdülər ki, külçəni  müəyyən sabit çəkidə hazırlamaq daha yaxşıdır. Metal pulların əvvəlki  primitiv pullardan bir sıra üstünlükləri var idi. Əvvəla, metal korlanmırdı, ondan  istənilən qədər istifadə  etmək olurdu. İkincisi, metal pul az yer tuturdu, onu istənilən yerə aparmaq çətinlik törətmirdi, üçüncüsü, metalı hissələrə bölmək və xırda ticarət əməliyyatları üçün yüksək dəyərli külçəni aşağı dəyərli  külçəyə çevirmək olurdu. Qızıl və gümüş pulların saxtalaşdırılmasına imkan verməmək üçün dövlət hakimiyyəti metal pullara hökumətin möhürünü həkk edirdi. Bu, külçədə  müəyyən keyfiyyətli metalın olduğunu bildirirdi. Beləliklə, hər dövlətin özünün milli sikkələri meydana gəlmişdi. 

Herodotun, Ksenofanın və qədim dövrlərin digər alimlərinin əsərlərində göstərilir ki, ilk metal   pullar (sikkələr)  eramızdan əvvəl,  təqribən, 650-ci ildə indiki Qərbi Türkiyə ərazisində  mövcud  olmuş Lidiya dövlətində  kəsilmişdir. Həmin pullar Lidiya çayı hövzəsinin filizli torpaqlarından çıxarılan təbii qızıl və gümüş xəlitəsindən paxla şəklində hazırlanırdı. Pulların bir üzündə  kral Giqesin şir emblemi,  o biri üzündə isə metalın çəkisini və təmizliyini təsdiq edən  yazı olurdu.

Hindistanda  və Çində   gümüş lövhələrdən   ibarət pullardan istifadə  edilirdi. Həmin pullarda hökmdarların, tacirlərin,  ya da bankirlərin rəmzləri təsvir olunurdu.

Çində  eramızdan əvvə 9-cu əsrdə bıçaq formasında  tökmə pullar buraxılırdı. Sonralar pullar balina cəmdəklərini parçalamaq üçün istifadə oluna biləcək  bıçaq şəklində hazırlanırdı.

Metal pulların bir çoxu öz adını  tərəzi və tərəzi daşı adından götürmüşdür. Latın sözü libra tərəzi deməkdir. Romalılarda isə libra çəki vahidi mənasındadır. Bu ad bizanslılara  "litra", italyanlara isə "lira" kimi keçmişdir. 

Qrivna nə vaxtsa çəki kəmiyyəti, müəyyən vaxtdan sonra pul  mənasında işlədilmiş və nəhayət qrivennik, yəni on qəpik şəklini  almışdır. İngiltərənin funt-sterlinqi   bir funt gümüş (libra)  demək idi. Buna görə də funt-sterlinq L hərfi ilə göstərilir.  16-cı əsrdə  Çexiyada pul hazırlamaq üçün  xammal  hasil edilən böyük gümüş  mədənləri var idi. Həmin gümüşdən hazırlanan metal pullara taler deyilirdi. ABŞ dollarının adı da "taler" sözündən əmələ gəlmişdir.

Tarixi məxəzlərdən məlum olduğu kimi, kağız pullardan istifadəyə eramızdan əvvəl 140-87-ci illərdə Çində başlanmışdı. Həmin dövrdə monqol köçərilərinə qarşı davam edən hərbi yürüşlər nəticəsində  imperiya xəzinəsi boşalmaqda idi. Metal pulların tez-tez zərb edilməsi səbəbindən  onların nominal dəyəri kəskin şəkildə azalmışdı. Buna görə də imperator U-di  zərbxanaların çoxundan hər birinin dəyəri 400 000 mis pul  olan xəzinə biletləri buraxılmasını tələb etmişdi. Biletlər ağ  maral dərisindən kvadrat formasında hazırlanır və üstündə xüsusi  şəkil olurdu. Lakin pul-kredit tənzimlənməsi sahəsində bu qeyri-adi eksperiment ağ maralların çox az sayda olması səbəbindən uğursuzluğa düçar oldu. Çinlilər kağız pul ideyasının həllinə   bir daha 9-cu əsrdə başladılar. Külək həmin "kupyuraları" asanlıqla apara bildiyinə görə, onlara "uçan pullar" deyirdilər. İlk Avropa kağız pulları  1601-ci ildə İsveçdə çap edilmişdi. Hazırda hər ölkənin öz milli pulları var. Onlara Azərbaycanda manat, Rusiyada rubl, İtaliyada lir, İspaniyada peset, Almaniyada marka, İngiltərədə funt-sterlinq, Fransada frank, Ukraynada qriven, Yaponiyada  iyen, Çində yuan, Hindistanda rupi, İsveçdə kron, Amerikada dollar, Braziliyada kruzeyro, Meksikada peso...deyilir. 

Qlobal böhran şəraitində bütün bu valyutalar özlərinin heç də yaxşı dövrlərini yaşamır. Onlardan bəziləri tamamilə qiymətdən düşüb, bəziləri isə gərginliyə güclə davam gətirir. Beynəlxalq ödənişlərdə daha çox istifadə olunan Amerika dolları da mövqelərini itirməkdədir. Böyük dövlətlərin dollara alternativ tapmaq cəhdləri isə hələ ki cəhd olaraq qalır...


MƏSLƏHƏT GÖR:

599