
NAXÇIVAN MƏRHƏLƏSİ
Türk dünyası beynəlxalq siyasətin nüfuzlu mərkəzlərindən birinə çevrilmək iddiasını ortaya qoyur
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Türkdilli dövlətlərin Naxçıvanda keçirilən IX sammiti bir çox cəhətlərdən əlamətdar hadisəyə çevrildi. Həqiqətən də əsrlərboyu çoxşaxəli mədəni, dini və əlbəttə ki, etnik tellərlə bir-birinə bağlı olan Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri, yaratdıqları inteqrasiya cəmiyyətini yaxın perspektivdə beynəlxalq siyasətin nüfuzlu mərkəzlərindən birinə çevirmək iddialarını ortaya qoydular.
Naxçıvan sammitindən bir neçə gün əvvəl Bakıda da türk inteqrasiyasının əsas mərhələlərindən biri sayıla biləcək əlamətdar hadisə baş vermişdi: sentyabrın sonunda burada Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) ilk plenar iclası keçirildi. Xatırladaq ki, bu qurum 2006-cı ildə Antalyada keçirilmiş türkdilli dövlətlərin VIII sammiti və ötən il İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament rəhbərlərinin görüşündə qəbul edilmiş qərarlar əsasında yaradılıb.
Türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsini Bakıda TürkPA-nın Nizamnaməsinin qəbulu, katibliyin yaradılması və qurumun büdcəsinin müəyyənləşdirilməsi bir daha təsdiq edir.
Türk inteqrasiyasının dərinləşməsinin növbəti mərhələsi Naxçıvanda keçirilən sammitdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə başladı - o, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, başqa sözlə, Türk Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Qurumun məqsədi kimi bu ölkələr arasında iqtisadi, mədəni-humanitar və ekoloji təhlükəsizliyin təmini sahəsində əlaqələrin möhkəmlənməsi göstərilib.
Qırğızıstan prezidenti Kurbanbek Bakiyevin fikrincə, "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına dair razılaşmanın imzalanması onların səylərini birləşdirmələri üçün nadir imkanlar açır".
Sammitin təşkili üçün Naxçıvanın seçilməsi də xüsusi əhəmiyyət daşıyan məqamlardan biridir və bu, sammitin keçirildiyi qədim və gözəl torpağın türk sivilizasiyasına məxsusluğunu bir daha təsdiqləyib. "Azərbaycana, Azərbaycanın qədim torpağı olan Naxçıvana xoş gəlmisiniz!" - deyə sammitdəki çıxışında Azərbaycan prezidenti İlham Əliyev bildirib. - "Naxçıvan qədim tarixə və mədəniyyətə malik olan tarixi Azərbaycan torpağıdır".
Dövlət başçısı xüsusi vurğulayıb ki, "Naxçıvan Azərbaycanın Türkiyə ilə həmsərhəd olan yeganə bölgəsidir. Vaxtilə Azərbaycanın tarixi, qədim torpağı olan Zəngəzurun ondan ayrılaraq, Ermənistana birləşdirilməsi ilə, demək olar ki, böyük Türk Dünyası coğrafi baxımdan parçalanıb. Yəni Türk Dünyasının vahid ailə kimi fəaliyyəti onillər boyunca dayandırılıb. Lakin qəbul edilmiş qərarlar və atdığımız addımlar bu gün bizim əlaqələrimizi daha da möhkəmləndirir. Doğrudur, bu gün coğrafi baxımdan bizim aramızda qədim Azərbaycan bölgəsi olan və hazırda Ermənistanın tərkibindəki Zəngəzur yerləşir. Amma Türk Dünyasının mənəvi, siyasi birliyi, onun iqtisadi layihələrin reallaşdırılmasındakı yekdilliyi və vahid qüvvə kimi çıxış etməsi bugünün reallığıdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bunun davam etməsi, möhkəmlənməsi və xalqlarımız üçün yeni imkanlar açması bizdən asılıdır".
Naxçıvanın yalnız Azərbaycan üçün əhəmiyyət daşımadığını Türkiyə prezidenti Abdulla Gül də qeyd edib: "Naxçıvan Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də doğma və dəyərlidir. Azərbaycanla Türkiyə arasında Naxçıvanda yerləşən sərhəd fiziki baxımdan kiçik olsa da, siyasi anlamda bu 10-12 kilometrlik sərhədin böyük mənası var. Bizim bu sərhədimiz coğrafi baxımdan Türkiyəni türk respublikaları ilə birləşdirən rəmzi sərhəddir. Digər tərəfdən, Naxçıvan Azərbaycanın digər ərazilərindən ayrı olduğu üçün bizim mehriban qonşuluq və qardaşlıq münasibətləri ilə yanaşı, həm də sıx əlaqələrimiz var".
Naxçıvan sammitində bir fikir də təsdiqlənib ki, Azərbaycan Türk Dünyasının Avropa və Asiya hissələri arasında körpü rolunu oynayır. Bu rol həm mədəni-humanitar, həm də siyasi-iqtisadi sahədə özünü göstərir. Azərbaycan prezidenti İlham Əliyevin Türk Dünyasında mədəniyyətlərarası əlaqələrin inkişafı və tarixi abidələrin restavrasiyası sahəsində qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək üçün, TÜRKSOY təşkilatının Fondunun yaradılması təklifinə də məhz bu konteksdən yanaşmaq lazımdır.
Azərbaycan liderinin təşəbbüsünü dəstəkləyən Nursultan Nazarbayev, ona öz təklifini də əlavə edib. O bildirib ki, fond çərçivəsində türk xalqlarının dil və mədəniyyətini araşdıracaq Türkdilli Akademiyanın yaradılması da lazımdır.
Lakin Naxçıvan sammitinin başlıca əhəmiyyəti bu oldu ki, tədbirdə ilk dəfə perspektivdə türk cəmiyyətinin dünya siyasətinin güc mərkəzlərindən birinə çevrilməsinə dair rəsmi səviyyədə təşəbbüs səsləndi. Gələcəkdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qlobal və regional siyasi proseslərə təsir imkanına malik bacarıqlı və nüfuzlu beynəlxalq quruma çevrilməsi istisna edilmir.
"Əgər biz bir yerdə olsaq, ayrı-ayrı məsələlərlə bağlı vahid mövqedən çıxış etsək və bu birliyi sistematik işlə möhkəmləndirsək, beynəlxalq mövqelərimiz daha da möhkəmlənəcək", - deyə İ.Əliyev bildirib. - "Axı türkdilli dövlətlərin bütün imkanları var - təbii resursları, neft-qaz yataqları, əlverişli coğrafi mövqeyi, güclü iqtisadiyyatı, istedadlı insanları, yeni infrastrukturu. Bütün bu imkanları cəmləsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevrilər", - deyə İ.Əliyev qeyd edib.
Bu fikirlərlə sammitin digər iştirakçıları da razılaşıblar. Məsələn, Bakiyev Türk Dünyasının beynəlxalq siyasətdə rolunun artırılmasının vacibliyini bildirib. Nazarbayev isə əcdadlarımızın "Aralıq dənizindən Altaya qədər" hökmranlıq etdiyini və onlardan qalmış böyük irsi xatırladaraq deyib: "Zamanın hökmü ilə türk dövlətləri arasında əlaqələr yeni mərhələyə qədəm qoymalıdır".
Odur ki, Naxçıvan sammiti həqiqətən də türk məkanında inteqrasiyanın formalaşdırılmasının əsas mərhələlərindən biri ola bilər.
Amma bununla yanaşı, o da etiraf edilməlidir ki, hələ heç də bütün ölkələr Türk Dünyasının inteqrasiyasında lazımi fəallıq göstərmir. Naxçıvan sammitində Türkmənistan baş nazirinin müavini Xıdır Saparlıyevlə təmsil olunmuşdusa, Özbəkistan, ümumiyyətlə, tədbirə nümayəndə göndərməyi lazım bilməmişdi.
Sammitdə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun iştirak etməməsinin səbəbi kimi, onun Xəzər dənizindəki Azərbaycana məxsus bir neçə neft-qaz yataqlarının mənsubiyyəti ilə bağlı mövqeyi göstərilib.
Özbəkistanın dövlət başçısı İslam Kərimovun tədbirə qatılmamasını isə onunla izah etmək olar ki, Daşkənd həmişə olduğu kimi, yenə də Türk Dünyasında inteqrasiya proseslərinin güclənməsində maraqlı deyil.
Lakin bütün bunların müvəqqəti xarakter daşıdığı ortadadır. Elə həmin Özbəkistanın Türk Dünyası ilə, həmçinin, Azərbaycanla ikitərəfli səviyyədə çox yaxın münasibətləri var. Odur ki, Daşkəndin, həmçinin, Aşqabadın tezliklə türk birliyi çərçivəsində daha geniş formatda əməkdaşlığının məqsədəuyğun olduğunu etiraf edəcəklərinə şübhə yoxdur.
Bu məsələdə o qədər də uzaq olmayan keçmişi xatırlamaq yerinə düşərdi: postsovet dövrünün ilk illərində Azərbaycan və Türkiyə Orta Asiyanın türkdilli dövlətləri ilə o qədər də sıx əməkdaşlıq etmirdi; bu dövlətlər sanki əlaqələr qurmaqda ehtiyatlanırdılar. Amma vaxt keçdikcə, Bakı ilə Ankaranın həmin ölkələrlə əlaqələri də keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoydu və strateji tərəfdaşlıq üçün böyük perspektivlər açdı.
Türk Dünyası liderlərinin Naxçıvan görüşü isə bütün çətinliklərə baxmayaraq, bu tərəfdaşlığın uğurla inkişaf edə biləcəyini nümayiş etdirdi.
MƏSLƏHƏT GÖR: