
GİMNASTLARIMIZIN YAPON MÖCÜZƏSİ
Azərbaycan gimnastları dünya çempionatında əla nəticələr əldə ediblər
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Bədii gimnastika üzrə Azərbaycan millisi yeni səviyyəyə yüksəlib. Miedə (Yaponiya) keçirilmiş Dünya çempionatında əldə edilən nəticə cəsarətlə bunu deməyə imkan verir. Belə ki, yığma ardıcıl olaraq, ikinci dəfə komanda hesabında bürünc medal qazanıb, fərdi proqramda isə Aliyə Qarayeva topla hərəkətdə ikinci yeri tutub.
Odur ki, mövsümün əsas yarışında gimnastlarımızın uğurlu çıxış etdiklərini söyləmək olar.
"Gümüş" Aliyə
Aliyə mundialda fərdi proqram üzrə medal qazanmış ilk Azərbaycan idmançısı kimi, ölkə gimnastikasının tarixində yeni səhifə açdı. Rusiya, Ukrayna, Belarus, Bolqarıstan və digər ölkələrdən ciddi rəqiblərin olmasına baxmayaraq, Aliyə Qarayeva topla hərəkətdə ikinci olmaqla, öz yüksək səviyyəsini sübut etdi.
Qeyd edək ki, mövsümün ilk yarısında Aliyə o qədər də inamlı çıxış etmirdi və Bakıda keçirilmiş Avropa çempionatında fərdi proqramda mükafatlar uğrunda yarışa bilməmişdi. Lakin bir neçə ay əvvəl Tayvanda keçirilən Ümumdünya oyunlarında gimnast özünü pis göstərmədi və lentlə proqramda bürünc medal qazandı.
İndi isə mundialdan da uğur gəldi.
Maraqlıdır ki, bu il Azərbaycan gimnastlarında topla hərəkətlər daha yaxşı alınır - "Avro-2009"da Anna Qurbanova bu proqram üzrə üçüncü yerə sahib çıxıb və indi estafeti ondan Aliyə Qarayeva alıb. "Əlimdən gələni və məşqçilərimin düşündüklərini həyata keçirdim. Əvvəlki günlərdə ip və halqa ilə hərəkətlərdə səhvlərim olmuşdu. Finalda isə topla hərəkətdə hər şey daha yaxşı alındı və bunun sayəsində ikinci yerə sahib çıxdım", - deyə Aliyə bildirib.
Anna da mükafatlar uğrunda mübarizəyə qoşularaq, ayrı-ayrı növlər üzrə bir neçə finalda gücünü sınasa da, sonda fərdi hesabda fəxri kürsüyə qalxa bilmədi. Görünür, onun hazırlığının zirvəsi Bakıda keçirilmiş "Avro-2009" yarışı idi. Yaponiyada isə bütün cəhdlərə baxmayaraq, Anna Avropa birinciliyində ona medal qazandırmış keyfiyyətlərini tam ortaya qoya bilmədi.
Amma bu, komanda hesabında qazanılan bürünc medalla kompensasiya edildi və milli artıq ardıcıl olaraq, ikinci dəfədir ki, bu nəticəni qazanır. İlk dəfə Patrasda keçirilən lisenziyalı dünya birinciliyində yığmanın heyətində fərqlənən A.Qarayeva, A.Qurbanova, Z.Cavadlı və S.Mustafayeva Yaponiyada da uğurlu çıxışlarını davam etdirərək, ukraynalı rəqiblərini mükafatçılar sırasından sıxışdırıb çıxardılar. Qeyd edək ki, komandalar arasında mübarizə son anadək kəskin formada davam edib - əvvəlcə Azərbaycan öndə olsa da, sonradan Ukrayna bizi geridə qoyub. Amma finişdə yenə də idmançılarımız rəqibi üstələyib. Gözlənildiyi kimi, qələbəni Rusiya, ikinci yeri isə Belarus əldə edib. "Üçüncü yerin qazanılması bütün qızların xidmətidir. Həm Anna Qurbanova, həm Zeynəb Cavadlı komandanın maksimum yüksək nəticə göstərməsi üçün əllərindən gələni ediblər. Millimizlə Ukrayna arasında "bürünc" uğrunda çox ciddi mübarizə gedirdi və hansısa məqamda biz hətta dördüncü yerə düşmüşdük. Lakin sonda "bürünc"ü əldə edə bildik", - deyə A.Qarayeva bildirib.
Yeri gəlmişkən DÇ-2009, Beynəlxalq Federasiyanın (FIG) bir müddət əvvəl qəbul etdiyi yeni qaydalarla keçirilib. İndi hakimlər yanlışlığa yol verilməsi ehtimalının son dərəcə yüksək olduğu "risk elementləri"ni- çətin elementləri də qiymətləndirirlər. Əgər əvvəllər qızlar bu hərəkətləri tamaşaçıların və özlərinin zövqünü oxşamaq üçün edirdilərsə, indi həmin hərəkətlər idmançıya müəyyən xallar gətirir. Bununla yanaşı, bir çıxış zamanı göstərilməsi vacib olan elementlərin sayı 18-dən 12-yə endirilib. Onlardan 8-i vacib, 4-ü isə idmançının seçimindən asıldıır. Lakin 10 ballıq üçüncü qiymətləndirmə də meydana çıxıb və bu xal xoreoqrafiya və musiqiyə görə verilir.
Başqa sözlə, artıq lazımi artistizm olmadan, göstərilən texnika qəbul edilmir. Musiqinin yalnız fon kimi istifadəsi, hərəkət zamanı ritmə düşməmə, surətin kifayət qədər açılmaması isə ağır cəzaya səbəb olur. Odur ki, idmançılar çıxış zamanı risk, yüksək baza qiyməti və etibarlı çıxış arasında ciddi balans yaratmalıdırlar.
Yaponiyada Azərbaycanın qrup komandası da yaxşı çıxış edib. Gənclərin Bakıda keçirilmiş "Avro-2009"da üçüncü yeri tutmaqla əldə etdikləri uğuru bu dəfə müxtəlif növlər üzrə dördüncülük qazanan və iki dəfə finalda çıxış edən böyüklərdən ibarət komanda davam etdirib. Söhbət Vəfa Hüseynova, Ceyla Quliyeva, Valeriya Yeqay, Dina Qorina, Anastasiya Prasolova və Stefaniya Trayanovadan gedir. Üç lent və iki iplə hərəkətlərdə komanda altıncı, finalda beş halqa ilə çıxış zamanı isə yeddinci yerə sahib çıxıb.
Müqayisə üçün qeyd edək ki, Yunanıstanda keçirilmiş son mundialda komanda ikinci onluqda yer almışdı, odur ki, irəliləyiş göz qabağındadır.
Onu da nəzərə almaq lazımdır ki, son illər "qrupçular" arasında rəqabət xeyli güclənib və fərdi çıxışda uğur qazana bilməyən bir çox komandalar məhz bu növdə yarışa üstünlük verir. Bu, Azərbaycan yığmasına da öz nəticəsini yaxşılaşdırmağa və maksimum uğurun qarşıya məqsəd kimi qoyulmasına mane olmur.
Bütün bu nəticələrin arxasında isə, şübhəsiz ki, aylarla yeni proqramlar və kompozisiyalar üzərində çalışan idmançıların zəhməti dayanır.
İrina Vinnerin tərifi
Rusiya millisinin baş məşqçisi İrina Vinner də Azərbaycanın "qrup" komandasını yüksək qiymətləndirib: "Azərbaycan komandası əla çıxış etdi! Möhtəşəm məşqçi və ansambl! Rusiyanın nümayəndə heyəti azərbaycanlı gimnastlara görə həyəcan keçirirdi. İki finalın hər birində çıxış - bundan yaxşı nə ola bilər?! Azərbaycan komandasına uğurlar diləyirəm və bunu əminliklə edirəm. Yadda saxlayın ki, şans həmişə var. Sadəcə, bundan vaxtında və düzgün istifadə etmək lazımdır".
Həqiqətən də, qrup komandamız son zamanlar xeyli irəliləyib və yaşlılardan ibarət qrupun uğurları gənclərin nailiyyətlərini tamamlayır. Xüsusilə, Bakıda keçirilmiş "Avro-2009"da gənc "qrupçular" üçüncü yeri tutmuşdusa, dünya çempionatının finalında yaşlılardan ibarət komanda özünü layiqincə göstərib və böyük perspektivə malik olduğunu nümayiş etdirib.
Miedə keçirilmiş dünya birinciliyinin əsas qəhrəmanı isə dörd proqramın hər birində qızıl medal qazanmış Olimpiya çempionu Yevgeniya Kanayeva olub. Daha sonra rus gözəli müxtəlif növlər üzrə yarışda da qazandığı medalı onlara əlavə edib və bununla da ən güclü olduğunu bir daha isbatlayıb.
Müxtəlif növlər üzrə yarışda Azərbaycan gimnastları da çıxış edib - A.Qarayeva 8-ci, A.Qurbanova 9-cu yeri tutub.
Bu gün üçün Yevgeniya fenomenal nəticə göstərir və planetin ən güclü gimnastı olduğuna heç bir şübhə yeri qoymur. Onun aldığı yüksək qiymətlər də bunun daha bir sübutudur.
Beləliklə, ruslar iki il əvvəl Patrasda ukraynalı Anna Bessonovanın əldə etdiyi titulu - müxtəlif növlər üzrə yarışda planetin ən güclüsü adını geri qaytarıblar.
Bizim gimnastlarımız üçünsə hələ ki belə nəhəng turnirlərdə sözügedən proqramda medallar uğrunda yarışmaq asan deyil. Bunun üçün minimum dörd əşyanın hər biri ilə kompozisiyanı eyni cür ifa etmək tələb olunur. Odur ki, gimnastlarımız hələ ki ayrı-ayrı proqramlara diqqət ayırır və bu, öz nəticəsini verir.
Digər tərəfdən, çempionat gələcək üçün qüvvələrin sınaqdan keçirilməsi baxımından da özünəməxsus turnir oldu. Axı, mövsümün əsas yarışı məhz mundial idi.
Doğrudur, Bakıda keçirilmiş "Avro-2009"da da medallar uğrunda qızğın mübarizə gedirdi. Lakin, necə deyərlər, "dünya" "dünya"dır. Bu gün bütün aparıcı gimnastlar Avropada cəmləşsə də, dünya çempionatı, şübhəsiz ki, xüsusi yarışdır.
İndi Azərbaycan gimnastlarının qarşısında çətin vəzifə durur -Yaponiyada göstərilmiş səviyyənin, minimum, qorunub saxlanması. Əlbəttə ki, bu, asan olmayacaq. Lakin hadisələrin gedişi göstərir ki, son illər gimnastlarımızın çıxışı getdikcə yüksələn xətt üzrə inkişaf edir, qızlar irəliləyir və bunun nəticəsi kimi, müxtəlif turnirlərdə özlərini yaxşı tərəfdən göstərirlər.
Odur ki, gimnastların nəinki hazırkı səviyyələrini saxlamaq, növbəti yarışlarda nəticəni daha da yaxşılaşdırmaq üçün imkanları var. Əsas məsələ, arxayınlaşmamaqdır. Çünki rəqiblər çox ciddidir: Rusiya ilə rəqabət aparmaq mümkün olmasa da, sonrakı yerlər uğrunda Azərbaycanla Belarus və Ukrayna arasında kəskin mübarizə gedir.
Demək, daha da təkmilləşmək üçün stimul var.
MƏSLƏHƏT GÖR: