14 Mart 2025

Cümə, 21:47

GÖRÜŞ YERİNİ DƏYİŞMƏK OLMAZ

Şərq və Qərb yenidən Bakıdakı Beynəlxalq kinofestivalda görüşdü

Müəllif:

01.10.2009

Kinematoqraflar - pro-düserlər, rejissor və aktyorlar Bakı küləyi və Xəzər dalğalarının gurultusu altında yenə də küləklər şəhəri Bakıya yığışdılar. Heydər Əliyev adına Hava Limanında yerə enən təyyarə birinci olaraq Azərbaycan torpağına Polşa, Çexiya, Macarıstan, Tunis, İran və ABŞ-dan olan qonaqları təqdim etdi. Bir neçə saatdan sonra isə Moskvadan gələn təyyarədən "Şərq-Qərb" beynəlxalq kinofestivalında (BKF) Rusiya, Estoniya, Gürcüstan və Qazaxıstanı təmsil edən  nümayəndələr yerə endilər. Qarşılanma mərasimindən bir gün sonra festivalın açılışı olacaqdı. Ancaq ertəsi gün - sentyabrın 18-də də festival öz qonaqlarını qəbul etməkdə idi.  

Bu il kinofestivalın proqramı yetərincə çox çalarlı alındı və Avrasiya filmləri panoramasını, müsəlman ölkələrinin filmlərini, Yan Sverakın filmlərinə retrospektiv baxışı, Niderland, Çexiya, Fransa, İtaliya filmlərinin təqdim edildiyi xüsusi nümayişi və Almaniya - Niderland - İtaliya - Rusiya - Finlandiya birgə layihəsini əhatə edirdi. Buna görə də ötən illərə baxanda tanınmış qonaqlar yetərincə çox idi. İnna Çurikova, Qleb Panfilov, Kirill Razloqov, Valentin Çernıx, İlya Ştemler, Qerri və Lüsi Fişerlər və başqaları onların sırasında idi. 

BKF çərçivəsində fotorəssam Aleksandra Kremer-Qomasuridzenin  "Live Misic" ("Canlı musiqi") sərgisi keçirildi. Onun işləri kadrların qoyuluşuna, yaradıcılıq anının tutulmasına və quruluşunun əks etdirilməsinə qeyri-adi yanaşması ilə diqqəti cəlb elədi. Bu cür yanaşma yaradıcı insanın ağlının və ruhunun sirli fəaliyyəti üzərindən örtüyü götürmək imkanındadır. Parisdə yaşayan bakılı xanım öz işlərini həm yerliləri üçün həvəslə təqdim etdi, həm də qonaqlarla ünsiyyətdə oldu. O, təbii ki, yanılmamışdı. Çünki  bu yaradıcı insanın bütün işləri,  demək olar ki, böyük maraq və sevinclə qarşılandı. 

Çexiya nümayəndə heyətinin tərkibində Moraviya musiqiçiləri qrupu da var idi. Bu ərazi coğrafi baxımdan Çexiya  və Slovakiya arasında yerləşir. Şəhərciyin adı Uqorske Qradişedir. Bu canlı musiqi ansamblının adı "Gecikmiş toplantı"dır. Ansamblın tərkibində alim, ekoloq, geoloq, elmi işçi və pensiyaçı var. Bu insanların həyatının əsas mənası xalq mahnılarının ifasıdır. Yozef skripkada, Stanislav  simbalada, İvo kontrabasda, Petya skripkada, Vladimir isə skripkada çalır. Onlar hər yerdə -  avtobusda, səhnədə, restoranda, İçərişəhər küçələrində gəzərkən oxuyurdular İnsanlar dayanaraq, onların ardınca baxırdılar, bəyənərək gülümsəyirdilər, əl çalırdılar. 

 

 Birinci gün. Açılış 

"Şərq-Qərb" XI BKF-nin təntənəli açılış mərasimi Heydər Əliyev adına Sarayda baş tutdu. Festivalın keçmişinə qısa konsert nömrələri ilə çuğlaşdırılan qısa videosəyahət bir daha forumun adının özünəməxsus şəkildə təsdiqi oldu.  Burada festivalın ideya müəllifi və prezidenti Rüstəm İbrahimbəyova  TÜRKSOY cəmiyyətinin mükafatı - bürünc "Koroğlu" təqdim edildi. Festivalı Nikolay Dostalın "Petya Tanrı dərgahına gedən yolda" filmi açdı, bu film 21-ci  Moskva BKF-də (2009-cu ildə) "Qızıl Georgi" mükafatı alıb. Səhnəyə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri çıxdılar, festivalın iştirakçılarına və qonaqlara minnətdarlıq etdilər, dedilər ki, BKF-nin adı və ideya istiqaməti baş verənlərə çox uyğundur.

 

Bayram anları 

Festivalın həyatı Rüstəm İbrahimbəyovun "Şərq Şərqdir, Qərb də Qərb, amma onların görüş yeri Bakıdır!" ifadəsindən başladı və yeddi xoş gün ərzində davam etdi. Bunlar görüş, bir-birlərini tanıma, təqdimat günləri idi. Şərq kinematoqrafında müsəlman mistikası mövzusunda "dəyirmi masa", Kşiştof Zanussinin, Yan Sverakın,  Los-Anceles kino məktəbinin, Kirill Razloqovun, Firuz Xosrovaninin,  İnna Çurikovanın və Qleb Panfilovun master-klassları keçirildi. Morav musiqisi səsləndi, ölkənin görməli yerlərinə gəzintilər təşkil edildi. Həmçinin kino incəsənətinin önəmi və fəaliyyəti məsələsinə bir daha qayıdıldı. 

Dünya kinosunun praktikləri və nəzəriyyəçiləri insan faktorunun  tarixi hadisələrin gedişində yenidən dərk edilməsinə və bundakı roluna yenidən baxılması ilə bağlı Şərq və Qərb kino incəsənətlərində görünən meyyillərdən danışdılar. Şərq fəlsəfəsi Qərb insanının həyatı ilə də sıx bağlıdır. Şərq fəlsəfəsinin dünyanın müxtəlif ölkələrinin yaradıcılarının ruhuna və ağlına təsiri göz qabağındadır. Axı ruhi axtarış elə sufizm deməkdir. Qərb və Şərq rejissorları tərəfindən təqdim edilən filmlər tamamilə bu tematik yönümə uyğun gəlir.  Tunisli rejissor Fadhel Cəzirinin  "Otuzlar", türkiyəli rejissor Özər Kızıltanın "Təqva", kazax Rüstəm Abdraşevin  "Stalinə hədiyyə" filmləri, fransalı Yan Artüs-Bertranın "Ev",  polyak Kasiya Adamikin "Evsizlər stadionu", çex Yan Sverakın "Şüşə tarası", "Kolya", "Gəzinti" və "Neftciklər", eston İlmar Raarın "Sinif" sənədli filmləri haqqında bunu demək olar. Bu il proqram yetərincə geniş və çoxçeşidli idi. Ancaq builki proqramın həm də təyinatı var, bu, ötüb-keçməkdə olan mənəviyyatın və ya ruhun axtarışıdır. 

 

Yeddinci gün. Bağlanış 

Həftə sürətlə ötdü və son gün yetişdi. Artıq işləri hamısından yaxşı olanlar öz mükafat və nominasiyalarını almalı idilər. "Tamaşaçıya ən humanist çağırışa" görə mükafatı  Rüstəm Abdraşevin "Stalinə hədiyyə" filmi aldı, ssenari müəllifi Pavel Finndir. "Ən istedadlı debüt" nominasiyası üzrə mükafat Azərbaycan rejissoru Elçin Musaoğluna "40 qapı" filminə görə verildi. "Avrasiya kinematoqrafiyasında görkəmli xidmətinə görə" mükafat SSRİ xalq artistləri İnna Çurikovaya və Qleb Panfilova verildi. "Tamaşaçı rəğbəti" xüsusi mükafatı festivalda göstərilmiş filmlər retrospektivinə görə Yan Sveraka təqdim olundu. 

Bir sözlə, qonaqlar xoşbəxt və razı getdilər, şəhərdən və onun insanlarından, festivalı təşkil edənlərdən xoş əhval-ruhiyyə, minnətdarlıq duyğuları ilə ayrıldılar. Bura ilk dəfə gələnlər bir daha da gəlməyi arzulayırlar. Ola bilər ki, bu arzu baş tutsun. Axı qabaqda düz bir il var. 

Həmçinin qeyd edək ki, BKF-nin təsisçiləri Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçilar İttifaqı və Azərbaycanda dünya kinosunun 100 illiyi Fondu, MDB və Baltikyanı ölkələrin  Kinematoqrafiya İttifaqları  Konfederasiyası idi. 



MƏSLƏHƏT GÖR:

606