25 Dekabr 2024

Çərşənbə, 17:48

MEDAL ÜMİDİ

Karateçilərimiz Avrooyunlarda Azərbaycana ən çox medal qazandıran komandalardan biri olacaq

Müəllif:

17.03.2015

"R+" oxucularını ilk Avropa Oyunlarında təmsil olunacaq idman növləriylə tanış etməkdə davam edir. Bu dəfə Azərbaycanda çox sevilən və kifayət qədər uğur əldə etdiyimiz karatedən danışılacaq.

Karate dünyada sürətlə inkişaf edən təkbətək döyüş növlərindən və Birinci Avropa Oyunlarında keçiriləcək dörd qeyri-olimpiya idman növündən biridir. Karateyə müxtəlif texnika, o cümlədən qarşı tərəfi bloka salmaq, yaxud onun hərəkətinə mane olmaq, zərbələr, zərbədən qaçmalar, hücumlar və birgə manipulyasiyalar daxildir. Karate təlimi üç aspektə bölünür: "kihon" (əsas texnika), "kata" (ardıcıl texniki hərəkətlər) və "kumite" (əlbəyaxa döyüş). Bakı-2015 Avropa Oyunlarında kata və kumite üzrə medal uğrunda yarışlar nümayiş olunacaq.

Yüz ildən daha az müddət əvvəl karate döyüşü kiçik Okinava adasını tərk edib və bütün dünyada milyonlarla insanı cəlb edib. Avropa Karate Federasiyası (AKF) Olimpiya Nizamnaməsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq həvəskar əsasda öz fəaliyyətlərini həyata keçirir. Hazırda dünyada karate üzrə üç aparıcı ölkə Avropadandır.

Bakı-2015 Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 2015-ci ilin 13-14 iyun tarixlərində keçiriləcək. Orada medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında öz istedadlarını nümayiş etdirəcəklər. Karate üzrə təsnifat yerləri əvvəlki təsnifat yarışlarındakı reytinqlərə, yerli MOK üçün ayrılan yerlərə və universallıq prinsiplərinə görə müəyyən olunacaq. Kişi və qadın karateçilər Avropa Oyunlarında 5 çəki dərəcəsində mübarizə aparacaq. 

Ölkəmizdə karate yaradılmasından sonra fəal inkişaf etməyə başlayıb. Azərbaycan Milli Karate Federasiyası 1997-ci ildə Ümumdünya Karate Federasiyasının (WKF) rəsmi üzvü oldu. Federasiyaya Dünya və Avropa çempionu, 7-ci dan qara kəmər sahibi Yaşar Bəşirov başçılıq edir.

Fəxrlə söyləyə bilərik ki, karate üzrə Azərbaycan yığma  komandası dünyada ən güclülərdən biridir. Keçən zaman ərzində karateçilərimiz Avropa və Dünya çempionatlarında dəfələrlə parlaq nəticələr göstərib. Yığma komandanın heyətində dünya səviyyəli ulduzlar: dəfələrlə Avropa və Dünya çempionu, Ümumdünya oyunların qalibi Rafael Ağayev, yeniyetmələr və gənclər arasında dünya çempionu İsrafil Şirinov, Ayxan Mamayev, Avropa çempionları Ceyhun Ağasiyev, Rüstəm Mədətov, Niyazi Əliyev, Fəyyaz İldırımzadə, Avropa Sempionatının bürünc mükafatçıları Amal Atayev, Şahin Atamov və Rəşad Hüseynov kimi idmançılar var. Karate üzrə yeniyetmələr və gənclər arasında 39-cu Avropa Çempionatını keçirmək hüququnun ölkəmizə verilməsi Azərbaycan karatesinin nailiyyətlərinin tanınmasına sübutdur. 

Rəhman Hətəmovun rəhbərlik etdiyi məşqçilər korpusu ilk Avropa Oyunlarında iştirak edəcək heyəti mayda açıqlamağı düşünür. Millimizin mötəbər yarışda çıxış edəcək təxmini heyəti isə belədir - kumitə Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (84+ kq), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), kata - Tural Balcanlı və Ədilə Qurbanlı. Zədə olmasa təqdim etdiyimiz heyətdə dəyişiklik olmayacaq. Çünki adları çəkilən idmançılar ölkənin ən güclü karateçiləridir. Məşqçilərin onlara etibar etməsi əsaslıdır.

Avropa Oyunlarında medal gözlədiyimiz idman növlərindən olan karate mütəmadi olaraq azarkeşləri böyük uğurlarla sevindirir. 2014-cü ildə komanda hesabında Avropa çempionu olan millimiz fərdi yarışlarda da dünyanın ən güclüləri sırasındadır. Bu mənada Azərbaycan yığmasının lideri və kapitanı Rafael Ağayevin adını çəkmək kifayət edir. Dəfələrlə dünya və Avropa çempionu olan Ağayev Ümumdünya Karate Federasiyasının Prezidenti Antonio Espinos tərəfindən  "Dünya karatesinin brilyantı" adlandırılıb. Uzun müddət ardıcıl qələbələr qazanan idmançımız əksər rəqibləri üçün "qorxulu yuxu"ya çevrilib. Məşqləri davam etdirən Rafael Ağayevin hazırda ən böyük arzusu Avropa Oyunlarında qızıl medal qazanmaqdır: "2015-ci il bütün karateçilər üçün çox vacib və məsuliyyətli ildir. Bildiyiniz kimi, karate Yay Olimpiya Oyunlarının proqramına daxil edilməyib. Dəfələrlə dünya və Avropa çempionu, bir sıra mötəbər turnirlərin qalibi olduğum üçün arzum olimpiadada iştirak etmək olub. Lakin karate olimpiadada yoxdur. Bu mənada karatenin Avropa Oyunlarında proqramda olması bizə böyük sevinc bəxş etdi. İlin əvvəlindən biz bu yarışa hazırlaşırıq. Bütün fikrimiz Avropa Oyunlarına yönəlib, istəyirəm ki, Bakıda çempionluq sevinci yaşayım".

84 kq-dan yuxarı çəkidə çıxış edəcək Şahin Atamov da millimizin medal ümidlərindan sayılır. Son illər bütün yarışlarda mükafatçılar sırasında yer alan Atamovun karyerasında Avropa Oyunları özünəməxsus yer tutacaq: "Əvvəlcədən danışmaq bir qədər yaxşı hal deyil. İlk Avropa Oyunlarının Bakıda keçiriləcəyi təsdiqlənəndən sonra təmsil olunacaq idman növləri barədə düşünməyə başladıq. Karate siyahıya daxil edildiyi zaman çox sevindik. Bu yığmamızın hər bir üzvü üçün uğur qazanmaq üçün gözəl fürsətdir. Doğma azarkeşlər qarşısında medal qazanmaq ikiqat çətin və qürurverici olur. Bilirəm ki, qitənin ən güclü karateçiləri ölkəmizə gələcək. Bununla belə, biz onlarla mübarizəyə hazırıq. Heç kimdən çəkinmirik. Ölkəmizdə keçiriləcək mötəbər yarışa töhfəmizi verməliyik. İnanıram ki, karateçilərimiz bu sınaqdan üzüağ çıxacaq".

Qeyd edək ki, qarşıdakı aylarda idmançılarımız bir sıra turnirlərdə iştirak edəcək. Maydan etibarən isə son hazırlıq başlayacaq. Əminliklə söyləmək olar ki, karateçilərimiz 20 idman növü arasında ən çox medal qazanan komandalarımızdan biri olacaq.



MƏSLƏHƏT GÖR:

723