13 Mart 2025

Cümə axşamı, 03:15

20 SENTYABR - ƏSRƏ BƏRABƏR GÜN…

Rövnəq Abdullayev: "Neft strategiyasının reallaşdırılması keyfiyyətcə yeni səviyyəyə qədəm qoyub"

Müəllif:

01.10.2009

1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış transmilli neft şirkəti arasında Saziş imzalandı və həmin sənəd tarixin yaddaşına "Əsrin müqaviləsi" kimi həkk olundu. 

Bu, Azərbaycan Respublikasının imza atdığı ilk beynəlxalq neft anlaşması idi və ilk gündən tarixi önəmi və gələcəyə hesablanmış strateji mahiyyəti ilə müstəqillik salnaməmizdə öz layiqli yerini tutdu. Azərbaycan keçmiş Sovet məkanında Qərbin tanınmış nəhəng neft şirkətləri ilə iri neft müqaviləsi imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuş oldu. Bu baxımdan "Əsrin müqaviləsi"nin reallaşması təkcə Azərbaycan üçün deyil, dünyanın bir sıra dövlətləri, habelə Cənubi Qafqaz, Orta Asiya regionu üçün də strateji əhəmiyyət daşıyır. 

"Əsrin müqaviləsi"ndən sonra Azərbaycanın iqtisadi-siyasi, sosial həyatinda müşahidə olunan inkişaf şübhəsiz ki, ən parlaq şəkildə özünü neft-gaz sənayesində göstərdi. Ötən illərin nailiyyətləri barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev "Region plus"a müsahibəsində daha ətraflı danışıb.

- Sentyabr ayında Azərbaycan "Əsrin müqaviləsi"nin 15 illiyini qeyd etdi. Bu müqavilənin imzalanması o zaman heç də birmənalı qarşılanmamışdı. Ötən 15 il hər şeyi yerbəyer etdimi?

- Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu bu müqavilə respublikamızın dövlət müstəqilliyinin mühüm təminatına çevrilməklə, ölkəmizdə azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etdi. Regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün müsbət təməl yarandı, Azərbaycanın Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçdi. 

Təkcə onu qeyd etmək yetər ki, ötən dövrdə Bakıda, həmçinin dünyanın ən böyük paytaxtları - Vaşinqton, Moskva, London və Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır. Bu gün 14 Hasilatın Pay Bölgüsü Sazişi üzrə dünyanın 14 ölkəsini təmsil edən 24 neft şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. 

- Rəqəmlərin dili ilə danışsaq, "Əsrin müqaviləsi" indiyədək Azərbaycana nə qazandırıb?

- Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə, təxminən, 60 mlrd ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdu. Ötən 15 il ərzində neft-qaz sənayesinə sərmayə qoyuluşu 29 mlrd 866 mln dollar həcmində olub. Bundan əlavə, bonuslar, akrhesabı və payverilmələr üzrə ödənişlər 1 mlrd 283 mln dollar təşkil edib. Təkcə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə sərmayələrin həcmi 21 mlrd 395 mln dollar, bonuslar, akrhesabı və payverilmələr isə 413 mln dollar təşkil edib. "Əsrin Müqaviləsi" ilə yanaşı, xarici tərəfdaşlarımızla birgə işlənilən digər qlobal əhəmiyyətli yataq üzrə - "Şahdəniz" layihəsi çərçivəsində də ölkəmizə yatırılan investisiyaların həcmi böyük olub. Belə ki, indiyə qədər "Şahdəniz" üzrə sərmayələr 5 mlrd 409 mln dollar, bonuslar, akrhesabı və payverilmələr 87,8 mln dollar təşkil edib. Azərbaycanda xarici şirkətlərlə birgə istismarda olan 2 əsas ixrac neft və qaz boru kəməri mövcuddur. Ötən müddət ərzində Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə sərmayə qoyuluşu 4 mlrd 996 mln dollar, Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə reallaşdırılmış Cənubi Qafqaz Boru Kəməri layihəsi üzrə isə 1 mlrd 356 mln dollar təşkil edib. 

- Bəs perspektivdə Azərbaycanın neft-qaz tarixini necə görürsünüz?

- Qeyd etmək lazımdır ki, Xəzərin Azərbaycan sektorunda yerləşən yataqlar üzrə təsdiq olunmuş karbohidrogen ehtiyatları hazırda şərti yanacaqla 4 mlrd ton həcmində qiymətləndirilir. Alimlərin proqnozları isə daha nikbindir. Onların fikrincə, Azərbaycanın proqnozlaşdırılan karbohidrogen ehtiyatları şərti yanacaqla 8-10 mlrd ton həcmində qiymətləndirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, gələcəkdə aparılacaq geoloji kəşfiyyat işləri bu rəqəmlərin də artıma doğru dəyişməsinə gətirib çıxara bilər. Ötən dövrdə "Əsrin müqaviləsi" çərçivəsində aparılmış geoloji kəşfiyyat işləri məhz bu cür artımla müşayiyət olunub (ehtiyatların ümumi həcmi 511 mln ton neft, 160 mlrd kubmetr qaz ehtiyatından 925 mln ton neft, 280 mlrd kubmetr qaz həcminə qədər artırılmışdı). Ehtiyatların çoxluğu hələ öz-özlüyündə heç nəyi sübuta yetirmir. Ən əsası budur ki, artıq neft-qaz sənayemiz bu ehtiyatları mənimsəmək üçün lazım olan bütün potensiala malikdir. Bu sənayenin 1994-cü ildən başlanmış fasiləsiz yüksəliş prosesləri bunu sübut edir. 

"Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nda işlənmədə olan yataqların istismarının intensivləşdirilməsi, müasir mədən-geofiziki və neft-mədən avadanlıqlarının istehsalata tətbiqinin sürətləndirilməsi məsələləri başlıca vəzifələr kimi qoyulub. 

1994-2009-cu illər neft sektorunda davamlı inkişaf, maddi-texniki bazanın möhkəmlənməsi illəri kimi yadda qalıb. "Azəri" və "Günəşli" yataqlarının tam istismara daxil edilməsi, burada quraşdırılmış platformalardan yeni quyuların qazılması, eləcə də 12 il əvvəl istismara verilmiş "Çıraq" yatağındakı quyuların neft veriminin artırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı ilbəil artır. Bu yataqlar blokundan indiyədək 170 mln ton neft hasil edilib. Ümumiyyətlə, ötən 15 il ərzində respublikamızda 308 mln tondan artıq neft hasil olunub ki, bunun da 140 mln tondan artığı Dövlət Neft Şirkətinin payına düşür. Cari ildə respublika üzrə 50 mln tondan artıq neft hasil olunacağı proqnozlaşdırılır ki, bunun da 8,5 mln tonu ARDNŞ tərəfindən çıxarılacaq. Yeni yataq və strukturların açılması, istismarda olan yataqlarda yeni-yeni hasilat quyularının istifadəyə verilməsi, eləcə də işlənmədə olan yataqların istismarının intensivləşdirilməsi alimlərimizə növbəti illərdə hasilatın daha da artırılacağını və 2010-2015-ci illərdə ölkəmizdə neft hasilatının 66-67 mln tonadək çatdırılacağını proqnozlaşdırmağa əsas verir. Bu isə Azərbaycan neftinin gələcəyinin uzunömürlü olacagina ümid bəsləməyə imkan verir. 

Alimlərin təqribi hesablamalarına görə, Azərbaycan təkcə "Əsrin müqaviləsi"nin həyata keçirilməsindən, təxminən, 200 mlrd dollardan çox gəlir əldə edəcək. Bu gəlirlər isə istər ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, istərsə də Dövlət Neft Fondu xətti ilə indiki və gələcək nəsillərin firavanlığının təmin olunmasına yönəldiləcək. 

- Deməli, aparılan geofiziki və geoloji tədqiqatlar da yeni müstəviyə cıxıb...

- Əlbəttə. Ötən 15 il ərzində xarici neft şirkətləri ilə dənizdə aparılan axtarış-kəşfiyyat və qazma işləri nəticəsində olduqca böyük nailiyyətlər qazanılıb. İlk növbədə qeyd olunmalıdır ki, 1998-ci ildə ehtiyatlarının həcminə görə orta qiymətləndirilən 2 neft və qaz-kondensat yatağı - "Əşrəfi" və "Qarabağ", 1999-cu ildə isə nəhəng "Şahdəniz" qaz-kondensat yatağı (1 trilyon 200 mlrd kubmetr qaz və 240 mln tondan artıq kondensat ehtiyatlarına malik) aşkar edilib. Eyni zamanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun saziş sahəsində də aparılan kəşfiyyat və 3D seysmik işlər nəticəsində məlum olmuşdur ki, burada neft və qaz ehtiyatları əvvəllər nəzərdə tutulduğundan qat-qat artıqdır. Xəzərin Azərbaycan sektorunda aparılan axtarış-kəşfiyyat qazmasının effektivliyi xüsusilə yüksək olub. Kəşfiyyat işlərinin əhatə etdiyi sahələrin və aşkar olunmuş yataqların neft-qaz ehtiyatlarının artımının təhlili göstərir ki, cəmi 39 quyuda aparılmış qazma işləri nəticəsində 2047 mln ton karbohidrogen ehtiyatları (şərti yanacaqla) artımı əldə edilib. 

Artıq şirkət yeni strukturlarda öz resurslarından istifadə etməklə, müstəqil olaraq işləmək kursu götürüb. Bu sahələrdə, o cümlədən "Ümid", "Babək", "Abşeron", "Naxçıvan", "Zəfər" - "Məşəl", "Qarabağ", "Əşrəfi" və "Dan Ulduzu"nda 2015-ci ilə qədər 19 quyunun qazılması planlaşdırılır. Ümumiyyətlə, 2008-2015-ci illərdə 110 000 metr kəşfiyyat qazması işləri nəzərdə tutulur və yalnız qazma işlərinə 2 mlrd 760 mln.manat sərmayə qoyulacaqdır. 

- "Əsrin müqaviləsi" həm də Azərbaycanı qaz idxal edən ölkədən qaz ixracatçısına çevirdi...

 - "Əsrin müqaviləsi" həyata vəsiqə qazandıqdan sonra görülmüş işlərin nəticəsidir ki, indiyədək "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan, təxminən, 38 mlrd kubmetr qaz hasil edilib. Qeyd etmək lazımdır ki, "Əsrin müqaviləsi"nə əsasən, burada hasil olunan səmt qazının texnoloji proseslərə sərf olunduqdan sonra qalan hissəsi əvəzsiz olaraq ARDNŞ-ə verilir. 

"Əsrin müqaviləsi" çərçivəsində hasilat dövründə - 1997-2009-cu illər ərzində "AÇG" yataqlar blokundan Azərbaycan dövlətinə təhvil verilmiş 16 mlrd 651,8 mln kubmetr qaz ölkənin zəruri ehtiyaclarının ödənilməsi baxımından müstəsna önəm kəsb edir. 

Ümumiyyətlə, ötən 15 il ərzində Azərbaycanda, təxminən, 135,9 mlrd kubmetr qaz hasil olunub.

Məsuliyyət hissi ilə demək mümkündür ki, qaz sənayesinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər faktiki texniki-iqtisadi göstəricilərə görə yüksək səmərə verib. "Şahdəniz" layihəsinin işlənilməsinin 1-ci fazası üzrə xarici tərəfdaşlarla birlikdə, habelə ARDNŞ-nin Qaz Proqramı çərçivəsində müstəqil olaraq həyata keçirilən tədbirlər nəticəsində respublikamız qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan regionda enerji baxımından heç kimdən asılılığı olmayan yeganə dövlətdir. Hazırda bütün dünyada Azərbaycan qazına böyük maraq var. Ölkəmiz Qərbin nüfuzlu dairələrində dəstəklənən möhtəşəm layihələr çərçivəsində ən başlıca potensial təbii qaz tədarükçülərindən biri və ən əsası isə, etibarlı və mühüm tərəfdaş kimi tanınır. Azərbaycan bu gün Gürcüstana, Türkiyəyə və İrana qaz ixrac edir. Azərbaycan qazı artıq Yunanıstana da çatdırılıb. Bu il Rusiyanın "Qazprom" şirkəti ilə ARDNŞ arasında Azərbaycan qazının alqı-satqısı haqda saziş də imzalanıb. Hazırda ARDNŞ üzrə orta gündəlik qaz hasilatının 2006-cı ildəki 12,2 mln. kubmetrdən 2009-cu ildə 20,1 mln. kubmetrə qədər artırılması həm də ona görə böyük nailiyyətdir ki, artıq şirkət ölkəmizin təbii qaza olan daxili ehtiyaclarını tam ödəməklə yanaşı, müstəqil olaraq Gürcüstana da qaz ixrac edir. Cari ilin yanvar-iyul aylarında qonşu ölkəyə 265,3 mln. kubmetr ARDNŞ qazı nəql olunub. 

Azərbaycanın Prezidenti cənab İlham Əliyev ölkənin problemsiz olaraq təbii qazla təmin edilməsi məqsədilə ARDNŞ qarşısında yeraltı qaz anbarlarının aktiv həcmlərini genişləndirmək və 3 mlrd kubmetrə qədər çatdırmaq barədə tapşırıq qoyub. Ölkə başçısının tapşırığına əsasən, Qaradağ Yeraltı Qazsaxlama Anbarının həcminin artırılması məqsədilə 2007-ci ildə yenidənqurma işlərinə ba?lanılıb. Texniki-İqtisadi Əsaslandırmaya əsasən Qaradağ Yeraltı Qaz Anbarının aktiv qaz həcminin 2,3 mlrd kubmetrə çatdırılması nəzərdə tutulub.

- Dövlət Neft Şirkətinin bir tərəfdaş kimi beynəlxalq imicinin formalaşmasında və neft-qaz sahəsində yeni layihələrin reallaşdırılmasında necə, “Əsrin müqaviləsi” hansı rolu oynadı?

- Ötən müddət ərzində xarici neft və qaz, habelə müxtəlif xidmət şirkətləri ilə əməkdaşlığın rəngarəng formaları tapılıb. Hasilatın pay bölgüsü müqavilələri ilə yanaşı, ARDNŞ və onun struktur bölmələri tərəfindən təsis edilmiş 36 birgə müəssisə və 4 alyans bu gün neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir. Təkcə ötən 1 il ərzində ARDNŞ-nin xarici və yerli şirkətlərin iştirakı ilə təsis etdiyi birgə müəssisələrin tərkibinə nəzər salsaq, əməkdaşlığın miqyas və spektrləri haqda aydın təsəvvür yaranar. Bu il ARDNŞ-nin iştirakı ilə "SARMATİA", "SOCAR-ÜMİD", "SOCAR-UGE", "SOCAR-PETROLEUM", "SOCAR Gas Supply Ltd." və "SOCAR TRADİNG" kimi 6 birgə müəssisə təsis olunub. "SARMATİA" MM başlıca fəaliyyət sahəsi Xəzər dənizi regionundan Avropa və beynəlxalq bazarlara neftin nəqli üzrə yeni dəhlizin (Odessa-Brodı neft kəmərinin Plotska qədər uzadılması ilə) inşası üçün texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasından ibarətdirsə, "SOCAR-ÜMİD" və "SOCAR-UGE" MM fəaliyyətlərində prioritet sahə neft və qaz sənayesi sahəsində müasir texnika və texnologiyalardan istifadə edərək, neft və qaz quyularının qazılması, sementlənməsi, bərkidilməsi, təmiri və digər xidmətlərin göstərilməsidir. "SOCAR-Petroleum" və "SOCAR Gas Supply Ltd." MM yaradılmasında isə məqsəd neft məhsullarının alqı-satqısı, həmin məqsədlər üçün liman, terminal, yanacaqdoldurma məntəqələrinin satın alınması, təkmilləşdirilməsi, istismarı və s. bu tipli istiqamətlərdə fəaliyyətlərin göstərilməsidir. 

- Dediklərinizdən də görün-düyü kimi, artıq Dövlət Neft Şirkəti 15 il bundan əvvəlki şirkət deyil. O zaman böyük sərmayələrə ehtiyac duyan şirkət bu gün dünya nəhəngləri ilə bir sırada durur və özü xaricə sərmayə yatırır. Şirkətin xarici investisiya layihələri barədə nə deyə bilərsiniz? Dünya maliyyə böhranı planların gerçəkləşdirilməsinə mane olmadı ki?

- Dövlətimizin başçısı cənab İlham Əliyev ARDNŞ-i mövcud beynəlxalq standartlara, müasir tələblərə cavab verən modern, çevik və güclü bir quruma çevirmək vəzifəsi qoyub. Bu isə ilk növbədə Şirkətin strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasını, idarəetmənin effektivliyinin artırılmasını nəzərdə tutur. Həmin proseslərin tərkib hissəsi olaraq, mühasibat uçotu sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərə başlanılmış, qısa müddətdə nəzərəçarpacaq uğurlar əldə edilmişdi. Məlumdur ki, Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsünə dünyada birinci qoşulan ölkələrdəndir. Bu təşəbbüsdə Azərbaycanın göstərdiyi xüsusi fəallıq ən yüksək beynəlxalq mükafatlarla qeyd olunub. Maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidin ən böyük əhəmiyyəti və iqtisadi üstünlüyü də bu standartlar əsasında tərtib edilən hesabatlarda təqdim edilən informasiyanın şəffafalığı və iqtisadi vəziyyəti real əks etdirməsidir ki, bu da şirkətimizə investisiyanın cəlb olunmasında, xarici banklardan vəsait əldə olunmasında, eləcə də müqavilə bağlanmiş ixtisaslaşdırılmış reytinq təşkilatları - “Fitch Rating” və “Moodys Rating” tərəfindən reytinqin müəyyən olunmasında müsbət təsirini göstərir. Müqavilə əsasında nəzərdə tutulan prezentasiya layihəsi hazırlanıb təqdim edilmiş, həmin sənəd üzərində ilkin müzakirələr tamamlanmışdır. Bu yaxınlarda “Fitch Rating” şirkəti üçün təqdimat mərasimi keçirilib ki, bu da ARDNŞin qiymətli kağızlarının buraxılması prosesinə daha bir addım yaxınlaşması anlamını daşıyır. 

Bütün bunlar istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda ARDNŞ-in etibarını artırır, maliyyə reytinqini yüksəldir. Şirkət yaranmış daha əlverişli şərtlərdən faydalanaraq neft-qaz əməliyyatlarının maliyyələşdirilməsi məqsədilə və dövlət zəmanəti ilə Azərbaycan Mərkəzi Bankının, Maliyyə Nazirliyinin və Azərbaycan Beynəlxalq Bankının iştirakı ilə 750 mln manat həcmində Məqsədli Kredit Müqaviləsi və Zaminlik Sazişi imzalayıb. Həmçinin, ölkədə qaz hasilatının artırılması məqsədi ilə ARDNŞ tərəfindən işlənib-hazırlanmış tədbirlər planının vaxtında həyata keçirilməsi üçün Azərbaycan Beynəlxalq Bankından 474 mln ABŞ dolları həcmində kredit vəsaiti cəlb olunub. Dünyada tüğyan edən maliyyə böhranına baxmayaraq, ARDNŞ əvvəllər beynəlxalq banklar sindikatından əldə etdiyi əlverişli kreditlər üzrə öhdəliklərini də planauyğun şəkildə yerinə yetirməkdədir. 

Bu il uzunmüddətli iqtisadi layihələrinin həyata keçirilməsinə təşkilati kömək göstərmək, ARDNŞ-in beynəlxalq enerji bazarlarına daha sürətli daxil olmasını təmin etmək məqsədilə Qazaxıstan, Türkiyə, Gürcüstan, Rumıniya, İsveçrə, Avstriya, Ukrayna, iran, Almaniya, Böyük Britaniya və başqa ölkələrdə şirkətin nümayəndəlikləri açılıb. Bundan başqa, ARDNŞ-in istehsal etdiyi məhsulların dünya enerji bazarında vasitəçilərin köməyi olmadan istehlakçılara daha əlverişli şərtlərlə satışını təmin etmək və bu fəaliyyət növündən olan gəlirlərin optimal həddə çatdırılması üzrə fəaliyyətin mərkəzləşdirilməsi məqsədilə İsveçrədə SOCAR TRADİNG şirkəti də təsis olunub, bu il onun Sinqapurda törəmə müəssisəsini yaradıb. 

ARDNŞ ölkə rəhbərliyinin tapşırığına əsasən, beynəlxalq enerji bazarlarına yaxınlaşmaq məqsədi ilə 2007-ci ildən xarici investisiya layihələri həyata keçirmək xətti götürüb və qısa müddətdə nəzərəçarpacaq irəliləyişlərə nail olub. Gürcüstanda əldə etdiyimiz Kulevi Qara Dəniz Terminalında böyük yenidənqurma və modernləşdirmə işləri aparılıb. Bu ilin mayında terminaldan neft məhsulları yüklənmiş 100-cü tanker dünya bazarlarına yola salınıb. Yaxın günlərdə isə terminala 3 milyon ton yük qəbul edilib. Həyata keçirilən tədbirlər nəticəsində cari ildə burada idxal olunan neft məhsullarının həcmi 8 -10 mln tona çatdırılacaqdır. Kulevi terminalının bir çox beynəlxalq akkreditasiyaları olan "Moody International" tərəfindən müvafiq sertifikatlara layiq görülməsi burada uğurlu menecmentin aparılmasından xəbər verir. 

ARDNŞnin qonşu Gürcüstanda fəaliyyət göstərən "SOCAR Energy Georgia" törəmə şirkətinin də işi qənaətbəxş hesab edilməlidir. "SOCAR Energy Georgia" MMC 2007-ci ildə Gürcüstanın dövlət büdcəsinə 88 mln 2008-ci li ərzində isə 172 mln laridən cox vergi ödəyərək Gürcüstanın enerji sektorunda fəaliyyət göstərən şirkətlər arasında birincilik qazanıb. Hazırda Gürcüstanda şirkətin 30-a yaxın yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu ilin sonuna kimi daha 9 yanacaqdoldurma məntəqəsinin istismara verilməsi nəzərdə tutulub. Bu kompleksdə çalışan işçilərin ixtisasartırması və müasir biliklərə yiyələnməsi məqsədilə 2008-ci ildə Gürcüstanda analoqu olmayan və beynəlxalq standartlara cavab verən müasir "Təlim-tədris mərkəzi" açılıb. 2008-2009-cu illər ərzində burada 450 nəfər peşə hazırlığı keçərək müxtəlif işlərlə təmin olunub. Onların 250 nəfəri Gürcüstanda yaşayan soydaşlarımızdır. Bundan əlavə, "SOCAR Energy Georgia" Gürcüstanın ali təhsil ocaqlarına test üsulu ilə daxil olan 60-a yaxın soydaşımıza aylıq təqaüdlər verir. 

ARDNŞ növbəti illərdə Gürcüstanın təbii qazla təminatında mühüm rol oynayacaqdır. Şirkətin "SOCAR Georgia Gaz" adlı törəmə müəssisəsi artıq Gürcüstanın qaz bazarında uğurla fəaliyyət göstərir. Bu müəssisə 2008-ci ildə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu ölkənin təbii qazlaşdırma distribyüter şirkətlərinin özəlləşdirilməsi ilə bağlı keçirilən tenderin qalibi elan olunub. Tenderin şərtlərinə görə "SOCAR Georgia Gas" MMC tərəfindən 3 il müddətində Gürcüstanın 30 şəhər və rayonunun qazlaşdırılması (təxminən 150 min abonentdən artıq) və minimum 40 mln ABŞ dolları həcmində irimiqyaslı sərmayə qoyuluşunun həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa Azərbaycan tərəfinin təşəbbüsü ilə soydaşlarımızın ən sıx məskunlaşdığı Marneuli rayonunu əhatə edən "Marneuli Gas" distribusiya şirkəti 2009-cu ilin aprelində alqı-satqı yolu ilə "Wissol Petroleum" Şirkətindən satın alınaraq? "SOCAR Georgia Gas"ın balansına keçirilib. Qeyd etmək lazımdır ki, Gürcüstan hökumətinin müvafiq sərəncamı ilə soydaşlarımızın kompakt yaşadığı Qardabani və Dmanisi rayonlarının qazlaşdırılması 100%, Bolnisi rayonu isə 42,55% "SOCAR Georgia Gas" MMC-nin balansına verilib və hal-hazırda bu istiqamətdə işlərə başlanılıb. 

Şirkətimiz qardaş Türkiyədə də geniş sərmayə proqramı həyata keçirir. Türkiyənin ən iri neft-kimya müəssisəsi olan "Petkim" şirkətinin idarəçiliyi "SOCAR-Turcas-İnjaz" alyansı tərkibində ARDNŞ-ə verilib. Bu holdinqin məhsulları əsasən Türkiyə bazarında reallaşdırılır. "Petkim"in bu bazarda payı 2006-cı ildə 27% olub, əlavə sərmayə qoyuluşu hesabına isə onu 40%-ə çatdırılması nəzərdə tutulur. Bunun üçün ilk növbədə holdinqin xammalla fasiləsiz və etibarlı təchizatı məsələsi həllini tapmalıdır. Bu məqsədlə ARDNŞ öz ortaqları ilə birlikdə "Petkim"in nəzdində yeni neft emalı zavodunun tikintisini planlaşdırır. Artıq zavodun layihələndirmə işlərinə start verilib. Bu, "Petkim"in məhsuldarlığını artırmaqla yanaşı, ARDNŞ-nin istehsal etdiyi neft məhsullarının Türkiyə bazarına daha sürətlə daxil olmasına da imkan yaradacaqdır. 

Bir sözlə, bütün bunlar göstərir ki, "Əsrin müqaviləsi"nin imzalanmasından ötən 15 ildə neft strategiyasının icrası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Strategiyanın məntiqinə əsasən, neft-qaz sahəsində həyata keçirilən qlobal layihələrdən əldə olunmuş valyuta ehtiyatları bu sektorda, habelə qeyri-neft sektorunda gələcək inkişaf üçün geniş imkanlar açır.


MƏSLƏHƏT GÖR:

613