14 Mart 2025

Cümə, 21:45

PİTTSBURQ FORMATI

"Böyük iyirmilik"in növbəti sammiti bütün səmərəliliyi ilə yanaşı, yenə də aktual suallara cavab vermədi

Müəllif:

01.10.2009

İki gün ərzində ABŞ-ın ən komfortlu şəhərlərindən olan Pittsburq dünya siyasətinin mərkəzinə çevrildi. BMT Baş Assambleyasının 64-cü sessiyasının keçirildiyi Nyu-Yorkdan,  qlobal iqtisadi mövqeyə malik 20 dövlətin və Avropa İttifaqının (Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Koreya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Yaponiya) rəhbərləri məhz bu şəhərə yollanmışdı. Pittsburq sammitinin əsas məqsədi isə bu dövlətlərin nail olduqlarını təbliğ etmək yox, iqtisadi böhrandan çıxmaq üçün vahid strategiyanın (bu isə özündə həm də mövcud dünya düzənində çoxdan tələb olunan islahatların da) hazırlanması idi. 

Pittsburq forumu 2009-cu ildə maliyyə böhranının başlanmasından sonra "Böyük iyirmilik" ölkələrinin sayca 3-cü sammiti (birlik liderlərinin əvvəlki görüşləri Vaşinqton və Londonda keçirilmişdi) idi. Hazırkı sammitin əsas intriqası isə son aylar ərzində iqtisadi böhranın təsiri altında dünya iqtisadiyyatındakı oyun qaydalarının dəyişdirilməsinin zəruriliyi haqda çox danışılsa da, əslində, bu istiqamətdə irəliyə doğru bir addımın belə atılmaması idi. 

Vaşinqton sammitində dünyanın aparıcı dövlətlərinin liderləri birgə xoşməramlı bəyannamənin qəbulu ilə kifayətlənmişdilər. 

London görüşündə isə liderlər konkret razılaşmalar əldə edə bilmişdilər və bu, xüsusilə maliyyə bazarları və dünya ticarətinə 1 milyard dollardan artıq vəsaitin ayrılmasına, hedc-fondlar (ətraf aləm üçün qapalı olan şəxsi investisiya fondarı) üzərində qlobal nəzarətə və bank sirlərinin qorunmasına aid idi. Amma bundan sonra da hər hansı həlledici, strateji dönüş yaşanmadı. 

Pittsburq sammiti ərəfəsində dünya iqtisadiyyatında islahatlar aparılmasının əsas himayədarlarından biri olan Fransa prezidenti Nikolə Sarkozi, hətta bildirmişdi ki, prinsipial qərarlar qəbul edilməsə, o, G-20-nin növbəti sammitini boykot edəcək. Sarkozi prinsipial qərarlar deyərkən, xüsusilə, bankirlərə verilən bonusların azaldılmasını, maliyyə idarəçiliyi mexanizminin şəffaflığını, böhranın yaşanmasına imkan verməyəcək beynəlxalq hesablama münasibətlərinin normalarının tənzimlənməsini nəzərdə tuturdu.

Dünya iqtisadiyyatında islahatların ləngiməsi ilə əlaqədar, qlobal maliyyə böhranından ən çox zərər çəkmiş ölkələrdən olan Rusiya da narahatlığını gizlətmirdi. "Tez bir zamanda razılığa gəlmək, "20-lik" ölkələri və digər dövlətlər üçün həyata keçirilməsi vacib olacaq razılaşma əldə etmək zəruridir. Çünki biz maliyyə münasibətlərində yeni konfiqurasiyada maraqlıyıq", - deyə Rusiya prezidenti Dmitri Medvedev Pittsburq sammiti ərəfəsində bildirirmişdi.

Odur ki, Pittsburq toplantısının, həqiqətən də, ciddi irəliləyişlərin əldə olunduğu sammit kimi yaddaşlarda qalmaq üçün bütün şansları var idi.  Çünki G -20 ölkələri arasındakı fikir ayrılıqlarına baxmayaraq, ən vacib məsələdə - dünyadakı iqtisadi proseslərin tənzimlənməsi səylərinin bütün dövlətlərin maraqlarına uyğun şəkildə artırılması ilə bağlı yekdil mövqe mövcud idi. Hətta, az qala, bütün dünya tərəfindən böhranın səbəbkarı kimi göstərilən və maliyyə maqnatlarının maraqlarına uyğun siyasət aparmaqda günahlandırılan ABŞ da Barak Obamanın prezidentliyi dövründə, mahiyyətcə, az qala, sosialist yönümlü tədbirlər planının əleyhinə çıxış etməyə başlayıb. Dövlətin iqtisadiyyata fəal şəkildə müdaxiləsini genişləndirmiş Ağ ev administrasiyası dünyada iqtisadi balansın bərpası üçün sərt qərarların qəbulunu da vacib sayır və tam ədalətli olaraq bildirir ki, "dünyanın bir hissəsində iqtisadiyyatın tənzimlənməsi digər hissəsindəki tənzimlənmədən zəif olarsa, heç bir yerdə güclü iqtisadi inkişaf yaşanmayacaq". 

BMT Baş Assambleyasının iclasında çıxış edən ABŞ prezidenti Barak Obama da etiraf edib ki, onun sələfi, respublikaçı Corc Buşun rəhbərlik etdiyi administrasiya öz fəaliyyətində dünyanın qalan hissəsinin maraqlarını nəzərə almayıb. Obama birbaşa bəyan edib ki, o, ABŞ-ın qlobal problemləri təkbaşına həll etmək iqtidarında olmadığını anlayır. Ona görə də Ağ ev sahibi bu məsələdə dünyanı əməkdaşlıq erasına başlamağa dəvət edib.

Və belə düşünmək olar ki, Pittsburqda qəbul olunmuş qərarlar çoxdan gözlənilən inkişafın yaşanacağına ümid yaradır. Fransa hökumətinin rəsmi nümayəndəsi Lyuk Şatelin bildirdiyi kimi, "20-liyin" sammiti "XX əsrin səhifəsini çevirməyə imkan verir": "Böhran və onun nəticələrini nəzərə alan "20-lik" liderləri iqtisadiyyatın daha yaxşı idarəolunmasına xidmət edəcək qərarlar qəbul ediblər. Pittsburq sammitində bu cür nəticələrin əldə ediləcəyini,  cəmi bir neçə həftə əvvəl arzulamaq belə, olmazdı".

Samitin əsas qərarı G-20-nin aparıcı dövlətlərin əsas koordinasiya mərkəzi kimi təsdiqlənməsidir (amma hələ ki, G-8-in tam ləğvindən söhbət getmir). Bununla yanaşı, "iyirmilik"in səlahiyyət sahəsinə yalnız antiböhran fəaliyyəti daxil olmayacaq. Pittsburq sammitinin yekun kommunikesində bildirilir ki, "iyirmilik", sadəcə, dünya liderlərinin diskussiya klubu deyil və bundan sonra o, "əsl beynəlxalq institut" kimi, iqtisadi problemlərin həlli üzrə ixtisaslaşacaq. G-20 bundan sonra tənəzzüldən çıxmaqla bağlı strategiyanın reallaşdırılmasına və dünyada iqtisadi siyasiətin koordinasiyasına cavabdeh olan aparıcı beynəlxalq instansiyaya çevrilir. Yəqin ki, G-20 bu formatda ilk toplantısını artıq gələn ilin yayında  Kanadada, G-8-in sammitindən dərhal sonra keçirəcək.

Pittsburqda qəbul edilmiş ikinci vacib qərar bankirlərə verilən bonuslara məhdudiyyət qoyulması ilə bağlıdır. Qeyd edək ki, böhranın başlamasından keçən dövr ərzində Avropa İttifaqı məhz buna nail olmaq üçün əlindən gələni edirdi. G-20 liderləri belə qənaətə gəliblər ki, bankların top-menecerlərinin dünya iqtisadiyyatında riski son dərəcə artıran hədsiz iştahı dövlət səviyyəsində məhdudlaşdırılmalıdır. Odur ki, daha pul mükafatları şirkətin təmiz gəlirindən ümumi faizlərlə məhdudlaşacaq. 

"Böyük 20-lik" ölkələrinin liderləri iqtisadi stimullaşdırma proqramını dünya iqtisadiyyatında uzunmüddətli sabitliyin yaranmasınadək dayandırmamaq haqda da razılığa gəliblər. Bundan başqa, "maliyyə şirkətlərinin ehtimal iflasının qarşısını almaqdan ötru, kapital bazarındakı standartların artırılması" üzərində birgə çalışacaqlarına dair də razılığa gəlinib. 2010-cu ilin sonlarına "Böyük  20-lik"in bank kapitalının keyfiyyəti və həcmini yaxşılaşdıracaq beynəlxalq qaydalar hazırlayacağı gözlənilir.

Pittsburq sammitində inkişaf etməkdə olan dövlətlərin Beynəlxalq Valyuta Fondunun (BVF) İdarəedicilər Şurasında və Dünya Bankındakı (DB) mövqelərinin gücləndirilməsinə dair qəbul edilən qərar da vacib əhəmiyyət daşıyır. DB-də inkişaf etməkdə olan və keçid iqtisadiyyatı yaşayan ölkələrin səsvermə hüququ ən azı 3, BVF-də isə 5% artırılacaq. Bu qərar onu göstərir ki, qlobal iqtisadiyyatda islahatlar çoxqütblü siyasi düzənin yaradılması ilə birbaşa əlaqəli şəkildə həyata keçiriləcək. Hələ dünən "üçüncü dünya" ölkələri adlandırılan dövlətlər, beynəlxalq proseslərdə daha çox təşəbbüs imkanı əldə edəcəklər və göründüyü kimi, "20-lik" formatından, ilk növbədə, yeni dünya düzümünün qurulması və iqtisadi böhrandan çıxmaqla bağlı öz ideyalarının irəli sürülməsi üçün istifadə etməyə çalışırlar. Bununla qlobal siyasətin ənənəvi başçıları, ilk növbədə ABŞ-ın timsalında fövqəldövlətlər də hesablaşmalı olacaqlar. Son zamanlar səslənən açıqlamalarında, xüsusilə, BMT Baş Assambleyasının toplantısındakı çıxışında Barak Obama bir sıra vacib bəyanatları ilə ölkəsinin xarici siyasətinin kökündən dəyişməsə də, ciddi şəkildə fərqli olacağını göstərib. ABŞ liderinin "demokratiyanı zorla qəbul etdirmək olmaz. Hər bir dövlət demokratiyanı öz şəraiti və ənənələrinə uyğun qurur. Heç bir yol tam ideal deyil" bəyanatı, nəyə desən dəyər. Son onillik ərzində Qərbin, ilk növbədə Amerika demokratiyasını yeganə mümkün model adlandıran və digər ölkələrlə münasibətlərini bu əsasda quran fövqəldövlətin rəhbəri indi etiraf edir ki, "Birləşmiş Ştatlar bəzən bu sahədə öz siyasətini həddindən artıq açıq bir xətt üzrə aparıb". Bununla yanaşı, Obama bildirib ki, ABŞ-ın yaratmağa çalışdığı demokratik prinsiplər bütün dünya ölkələri üçün nadir prinsiplərdir və "ABŞ heç zaman insanların öz müqəddəratlarını təyinetmə hüququna dəstəyini əsirgəməyəcək".

Bilavasitə Pittsburq sammitinə gəlincə, qeyd etmək lazımdır ki, o özünün bütün səmərəliliyi ilə yanaşı, heç də aktual sualların hamısına cavab vermədi. Qəbul edilmiş qərarlar bugünkü böhrandan çıxmaq, xüsusilə, gələcəkdə belə hallarla rastlaşmamaq üçün özündə dəqiq razılaşmaları əks etdirmir. G-20 tərəfindən təklif olunan antiböhran layihəsi özündə yalnız iqtisadiyyata dövlət dəstəyinin azalmayacağına dair razılaşmanı təcəssüm etdirir. Yekun bəyannamədə iş yerlərinin artırılması, kasıb təbəqə üçün də ekoloji cəhətdən təmiz enerjiyə yiyələnmək imkanının yaradılması, aktivlərin və kreditlərin qiymətində qeyri-sabitliyə yol verilməməsi və s. haqda yalnız ümumi sözlərə rast gəlmək olar. Görünür, bu və digər problemlər "20-lik"in liderlərinin növbəti toplantısında diqqət mərkəzində olacaq. Bu liderlər isə, yəqin ki, vaxtın çox məhdud olduğunun fərqindədirlər. Dünya dönüş nöqtəsindədir və hər il olduğu kimi, bu dəfə də sammiti kütləvi etiraz aksiyaları ilə qarşılayan antiqlobalçıların fəallığı göstərir ki, öz yaşayışından narazı olan insanlar, buna görə məhz dünya liderlərindən hesab sormaq niyyətindədirlər.



MƏSLƏHƏT GÖR:

394