Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Biz Novruzun müdrik fəlsəfəsinə uyğun yaşasaydıq, yer üzündə bircə müharibə və münaqişə də olmazdı. İnsanlar hər bir şəxsin həyatının nə qədər dəyərli olduğunu anlayar, ailə ənənələrinin, mehriban qonşuluğun, mərhəmətin necə qiymətli olduğunu başa düşərdilər. Dostluğun möhkəmləndirilməsi" kimi anlayışlar bir çoxları üçün boş söz olmazdı. Demək, insanlar özləri ilə harmoniyada yaşaya, təbiətin nadir qanunlarını pozmadan ömür sürə bilərdilər.
Məhz bu cür zəngin fəlsəfə sayəsində martın 21-i UNESCO tərəfindən Beynəlxalq Novruz günü kimi tanınıb. Bayram bir çox xalqların, o cümlədən Azərbaycan xalqının mədəni adəti kimi, qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezantativ Siyahısına daxil edilib. Novruz beynəlxalq günə çevrilib və bu gün biz bu bayramın nə qədər müxtəlif tərəflərinin olduğuna, onun mədəni əhatəsinin genişliyinə yalnız heyrət edə bilərik. Maraqlı olanı odur ki, müxtəlif xalqlarda Novruzun qarşılanması ilə bağlı əksər adətlər bir-birinə çox bənzəyir. Bu, Azərbaycan şairi Cabir Novruzun "dünyanı bir ana doğub" misrasının nə qədər düzgün olduğunu bir daha təsdiqləyir.
Novruz: nəsillər və xalqlar arasında əlaqə
Həqiqətən də, Novruz hər tərəfdədir. Çünki yazın gəlişi özündə yalnız təbiətin qanunauyğun dəyişikliyini, gecə ilə gündüzün bərabərləşməsini əks etdirmir. O, ürəklərə də bahar gətirir. Astronomik Günəş təqviminə, əsasən, Novruzun yeni ilin başlanğıcı sayılması da təsadüf deyil.
Alimlər iddia edirlər ki, günəş təqviminə əsasən Novruzu hələ Mesopotomiyada və Babildə eramızdan əvvəl üçüncü minillikdə qeyd etməyə başlayıblar. Yazılı mənbələrdə isə Novruzdan ilk olaraq e.ə. 505-ci ildə bəhs edilib. Nizami Əl-Mülkün "Siyasətnamə"sində, Ömər Xəyyamın "Novruznamə"sində, Abu Reyhan Əl-Biruninin "Ötən nəsillərin yadigarları" əsərində bu bayramın tarixi haqda danışılır.
Novruz, əsasən, islam xalqları tərəfindən qeyd olunur. Amma onun dinlə əlaqələndirilməsinə dəfələrlə edilmiş cəhdlər heç bir nəticə verməyib. Bayram özündə ümumbəşəri, fəlsəfi məna daşıyır və bu, onun təbiətinin əsasını təşkil edir.
Bu gün İraqda və Əfqanıstanda Novruz martın 21-də astronomik Günəş təqviminə əsasən, rəsmən yeni ilin başlanğıcı kimi qeyd olunur. Eyni gündə o, Azərbaycanda, Özbəkistanda, Türkmənistanda, Tacikistanda, Qırğızıstanda, Albaniyada, Makedoniyada, Türkiyədə dövlət bayramı kimi qeyd edilir. Rusiyanın, əsasən, türk əsilli əhalinin yaşadığı bir sıra regionlarında, həmçinin Çinin Sintsyan-Uyğur muxtar rayonunda, İraq Kürdüstanında və Hindistanın bəzi regionlarında isə Novruz milli bayram sayılır. Bahar təqviminə görə də Novruz yeni ilin başlanğıcıdır.
Azərbaycan
Azərbaycanda Novruz gecə ilə gündüzün bərabərləşdiyi gün qeyd olunur. Bayrama hazırlıqlar hələ 1 ay öncədən başlayır. Gecə ilə gündüzün bərabərləşdiyi gündən əvvəlki 4 çərşənbə axşamı onun müqəddiməsi hesab oluna bilər. Bu çərşənbə axşamlarının hər biri özündə bir əsas təbiət ünsürünü təcəssüm etdirir: su, od, hava və nəhayət, torpaq. Bayram günü bu 4 ünsürün hər biri insanlar naminə birləşir, evlərə mənəvi rahatlıq, maddi rifah gətirir.
Bayram ərəfəsində hər kəs yaxınlarının məzarını ziyarət etməlidir. Bu günlərdə xeyriyyə əməlləri, qurban kəsmələr də olur.
Yeni ilə təmizlik işləri aparılmadan keçmək olmaz. Odur ki, Novruz ərəfəsində evlərdə yır-yığış başlayır, yeni geyim dəstləri alınır. Bayram süfrəsinə gəlincə, o, bu və ya digər ailənin maddi durumuna əsasən, yeməklərin sayına və çeşidinə görə fərqlənə bilər. Amma bahar bayramının əsas atributları dəyişməzdir: ulduz rəmzi olan paxlava, Ay rəmzi olan şəkərbura və Günəş rəmzi olan qoğal. İlaxır çərşənbədə yumurta da boyanır. Bayrama hazırlıq prosesi insanları birliyə, qarşılıqlı anlaşmaya çağıran bir sıra işləri özündə cəmləyir. O çətin olduğu üçün qohumlar, dostlar, qonşular bayrama birlikdə hazırlaşırlar. Bayramın əsas yeməyi olan plov isə hər ailədə ayrıca bişirilir.
Bayram süfrəsinin əsas bəzəyi boşqabda cücərdilmiş buğda - səməni və xonçadır. Xonçada şirniyyat, qoz-fındıq, quru meyvələr, boyanmış yumurtalar olur və mütləq şamlar yandırılır.
Novruz günü səhər tezdən oyanarlar. Yuxudan oyanan hər kəs bir-birini təbrik edir, uğurlu il arzulayır. Həmin gün səhər şirin nə isə yemək vacibdir. Bu, ilin də şirin keçməsi üçün edilir. Uşaqlar həmin gün boyanmış yumurtaları döyüşdürür, bununla da, yumurtalardan hansının möhkəm olduğunu yoxlayırlar. Novruz axşamı fala baxılması və "qulaq falı" günün daha bir maraqlı ənənəsidir. "Qulaq falı"na çıxanlar arzu tutur və hər hansı qapının arxasında dayanaraq içəridə gedən söhbətləri dinləyir. İnanca görə, həmin evdə xoş söhbətlər gedirsə, arzunuz yerinə yetəcək, yox, dinlənilən evdən söyüş, mənfi sözlər eşidirsinizsə, arzunuzu yaddan çıxara bilərsiniz. Bu səbəbdən də, bayram günlərində Azərbaycan ailələrində problemlər müzakirə olunmur, mübahisələr edilmir. Bu, ən azı qapı pusanları məyus etməmək üçün belədir. Axı, ətrafdakılara qarşı xeyirxahlıq Novruzun fəlsəfəsindədir. Bu bayramda küsülü insanların barışdırılması, münaqişələrin unudulması adəti əbəs yerə yaranmayıb.
Bayram axşamı həyətlərdə tonqal qalanır. İnanca görə, o, şəri və azarı qovur. Tonqalın ətrafına toplaşmış hər kəs alovun üzərindən 3 dəfə atılmaqla ötən ilin azar-bezarını ocağa tökür, problemləri geridə qalan ildə buraxır. İmkan daxilində Novruz bayramını evdə, ailə ilə birlikdə qeyd edirlər. Əks təqdirdə, "yeddi il avara dolaşmalı olarsan".
Azərbaycan mifologiyasında Novruzun izahı maraqlıdır. Bayram günlərində Kosa və Keçəl kimi personajların iştirakı ilə xalq tamaşalarının təşkili məşhurdur.
Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Ümidə Ayselin sözlərinə görə, folklor personaj olan Kosa bitməkdə olan ilin, zülmətin, ölümün, soyuğun, mənfi sayıla biləcək hər şeyin rəmzidir. O, xeyir qüvvə ilə mübarizədə məğlubiyyətə məhkumdur.
"Novruz da bir çox bu cür bayramlar kimi, keçmişlə gələcək arasında sanki bir sərhəddir. Sayılı günlər ərzində havanın dəyişməsi də bu mübarizənin bir mərhələsi kimi qəbul olunur. Sanki mənfi qüvvələr yerini yeni, həyatverici qüvvələrə güzəştə getmək istəmir. Kosa da qışın rəmzidir. O, xarici görünüşünə görə bitən qışın son günlərini tərənnüm edir. Kosa arıqdır, onun üzündə tük çox seyrəkdir. Keçəl də ondan geri qalmır. Onun daz başını heç cür həyatvericilik rəmzi adlandırmaq olmaz. Baharın rəmzi isə bir çox xalqlarda məhsuldarlıq, münbitlik göstəricisi sayılan keçidir. Kosanın keçini qovması baharın müvəqqəti olaraq geri çəkilməsidir. Lakin bir müddət sonra o, balaları ilə birlikdə geri qayıdır və Kosanı öldürür - bu, həyatın zəfəri, yeni həyat mərhələsinin başlanğıcıdır", - deyə mütəxəssis "R+"a açıqlamasında bildirib.
Hər evdə bahar
Əlbəttə ki, bayram geyimlərinin və tədbirlərinin məzmunu müxtəlif ölkələrdə müxtəlifdir. Amma bu, bayramın məğzini - həyatvericiliyini dəyişmir. Məsələn, Qazaxıstanda Novruzu Ulusun (xalqın) böyük günü adlandırırlar. Orada bayram günü - martın 22-də doğulan oğlan uşaqlarına Naurızbəy, qızlara Naurız adı qoyulurdu. Bayram günü doğulmuş körpə xüsusi şəxs sayılırdı - inanca görə onu daim uğur, zənginlik izləməli idi.
Özbəkistanda bayram, adətən, 15-20 gün davam edir. Onu bütün çayxanalarda qeyd edirlər: adətə görə, nəhəng tiyanlarda koloritli özbək xörəyi olan tuqrama-plov, sumalyak, həlim (buğdadan ətli sıyıq) bişirilir.
Qırğızlar gecə ilə gündüzün bərabərləşdiyi gün bayram münasibətilə festival təşkil edirlər.
Novruz bayramını türkmənlər, taciklər, kürdlər və Türkiyə ələviləri də böyük coşqu ilə qeyd edirlər. İranda isə islam dövlətinin qurulmasından sonra Novruzun qədim adət-ənənələri müsəlman təlimlərilə uyğunlaşmağa başladı. Və onların fikrincə, Novruz İran mədəniyyətinin rəmzinə çevrilib.
Mərkəzi Asiya ölkələrində, İranda, Balkanlarda və Azərbaycanda Novruzun qeyd olunmasındakı müəyyən fərqlərə baxmayaraq, bu regionların hər birinin xalqları onu eyni gündə keçirir, Novruzu özününkü, öz mədəniyyətinin bir hissəsi sayır. Bu xalqların hamısını Novruz və onun rəmzləri olan səməni, plov, tonqal birləşdirir. Bayram günlərində, demək olar ki, bütün xalqlar çoxsaylı oyunlar oynayır, tamaşalar qurur. Onların arasında meydanlarda at yarışlarının təşkili, pəhləvanların güləşməsi, ip üzərində kəndirbazların, akrobatların müxtəlif hərəkətləri və s. xüsusi yer tutur. Və onların hamısı xeyirin şər üzərindəki qələbəsini özündə əks etdirir. Həyat naminə ölüm, təbiətin canlanması, yeni həyat mərhələsinin başlanğıcı!
Bahar və oyanış bayramınız mübarək!
MƏSLƏHƏT GÖR: