24 Dekabr 2024

Çərşənbə axşamı, 23:31

BAKI ZOOPARKININ ULDUZLARI

Heyvanlarla işləmək üçün həm cəsarət, həm də eyni zamanda onlara böyük sevgi tələb olunur

Müəllif:

17.03.2015

Tətil günlərində "heyvanlar aləmi"i bütün yaşlardan olan uşaqların əsl "hücumuna" məruz qalır. Onların arasında valideynlərilə gəlmiş hətta 1 yaşlı körpələri də görmək mümkündür. Xoşbəxtlikdən digər ölkələrdən fərqli olaraq, bizdə zoopark şəhərin mərkəzində yerləşir. Ona görə də bura adi günlərdə də boş olmur. İstənilən gün orada övladlarını canlı təbiətlə tanış etmək istəyən valideynləri, romantik cütlükləri görmək mümkündür... Amma zoopark ziyarətçilərin olmadığı dövrdə də "mürgüləmir". Burada həyat hər zaman qaynayır. Axı, heyvanları parklardakı attraksionlar kimi, elektrik şəbəkəsindən ayırmaq mümkün deyil. Beləliklə, Bakı zooparkında günlər necə keçir? Zooparkın direktoru Azər Hüseynov "R+" jurnalına orada saxlanılan heyvanların tarixçəsini, onların həyatını nəql edib. A. Hüseynov eyni zamanda, hər zaman arzulansa da amma hərdən özlərini heç də yaxşı aparmayan ziyarətçilər haqda da danışıb.

 

Yeni "apartamentlər"

Hazırda bəzi volyerlər təmir olunub, onlara beton döşəmə vurulub, kanalizasiya yaradılıb. İndi yeni "apartamentlər"də canavarlar, ayılar, qamışlıq pişiyi və digər heyvanlar yaşayır. Direktorun sözlərinə görə, zooparkın yerinin dəyişdiriləcəyinə dair söhbətlər dolaşsa da, "həyat durmur və bu səbəbdən də, orada heyvanların yaşaması üçün əlverişli şərait bu an da yaradılmalıdır". Suda yaşayan quşlar isə hazırda yeni gölün tikintisini gözləyirlər.

Ümumilikdə, zooparkda 150-dən artıq növə aid mindən artıq "daimi sakin" var. Bununla yanaşı, onların sayı müntəzəm olaraq artır. Bir neçə il əvvəl buraya kenquru, adları "Qırmızı kitab"a düşmüş çox sayda heyvan və quş gətirilib. Onlar, adətən, digər zooparklardan gətirilir - Azərbaycan zooparkı Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür. Assosiasiyaya Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, Moldova və digər postsovet ölkələri, həmçinin Polşa, Çexiya kimi ölkələrdə yer almış bir sıra Avropa zooparkları da üzvdürlər. Assosiasiyanın özü isə Ümumdünya Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür.

Bakı zooparkının "Qırmızı kitab"a düşmüş "ulduzları"na misal kimi əzəmətli Amur pələngini, nəhəng - 2 metrdən artıq boyu olan Qafqaz ayısını, qamətli, uzun ayaqlara malik, ekzotik rəngləri olan, şəhərdə modapərəst qadınları xatırladan flaminqonu, quları göstərmək olar...

Zooparkın ornitologiya hissəsi də müxtəlifliyilə fərqlənir - qutanlar, qriflər, ağbaş kərkəs, quzğun, qırğılar sinfinin Avropada nadir sayılan, öz cinsinin yeganə təmsilçisi toğlu götürən. Qara quzğun da öz volyerində tənha, fikirli-fikirli dolaşır - yeri gəlmişkən, o, tutuquşu kimi müxtəlif səsləri, hətta sözləri belə səsləndirməyi öyrənə bilir. Zooparkın direktoru bildirir ki, bu quşun tənhalığına son qoymaq üçün daha bir qara quzğun axtarırlar və tapan kimi onu zooparka gətirəcəklər. Hələliksə quşu tamaşasına yığılan insanlar darıxmağa qoymurlar. Zooparkda saysız-hesabsız ördək, firəngtoyuğu, sultan toyuğu, qu, tovuzquşu da görmək olar...

 

Çar naharı

Heyvanların saxlanması üçün tələblər və şərtlər çox ağırdır. Möhkəm beton döşəmə və kanalizasiya sistemilə yanaşı, istilik sevən heyvanlar, sürünənlər üçün qəfəslər isidilməlidir. Timsah üçün də isti döşəmə düzəldilib. Heyvanların qidalanmasına da xüsusi diqqət göstərilir. "Mətbəx"də vedrələrlə günəbaxan tumu, buğda, qarğıdalı, arpa var. Meymunların qidalanması üçün hər cür vitaminli meyvələr - kivi, üzüm, alma, armud alınır.

Gövşəyən heyvanlar üçün qarayonca tədarük edilir, sürünənlər üçün canlı qidalar - siçovullar, dovşanlar gətirilir. Sürünənlərə qidaları canlı halda verilir - onlar leş yemir.

Yırtıcılar üçün ət hazırlanır. Onlar gündə 133 kiloqram ət və 8 kiloqram toyuq əti yeyir! Qutanlar və bəzi suda yaşayan quşlar təzə kilkə ilə qidalanır.

Bütün qidalar ya fermerlərdən alınır, ya da topdansatış bazarlarından. Zooparkın fondu yalnız digər zooparklarla mübadilələr hesabına zənginləşdirilmir. İnsanlar buraya yaralı, taqətdən düşmüş heyvan və quşları gətirirlər və onlar qalan həyatlarını zooparkda yaşayırlar. Məsələn, 1990-cı illərin ortalarında Bakı sakinləri zooparka xeyli sayda flaminqo gətiriblər. Bəzi ayıların zooparka gətirilməsi tarixçəsi isə insanı həm hiddətləndirir, həm də ürəkağrısı ilə qarşılanır: əksər ayılar restoranlardan götürülüb - orada ayıları qəfəslərdə saxlayaraq müştərilərin əylənməsi üçün istifadə edirdilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları isə onları restoranlardan götürərək zooparka verib.

 

Əsas təhlükəsizlikdir...

Əlbəttə ki, heyvanlara qulluq edilməsi üçün geniş personala ehtiyac var. Bəs, onlar hansı meyarlara əsasən seçilirlər? Azər müəllimin sözlərinə görə, ilk və ən vacib meyar heyvanlara sevgidir. "Axı, onlar çox ağır işlərin öhdəsindən gəlməli olurlar", - deyə zooparkın direktoru bildirir: "Heyvanları yemləmək, qəfəsləri təmizləmək, tərəvəzləri yığmaq onların həyat fəaliyyətidir... Heyvanları sevmədən burada işləmək mümkün deyil".

A. Hüseynova qulaq asdıqda anlayırsan ki, zoopark direktoru olmaq sadəcə vəzifə tutmaq deyil, bu iş həm də əsil qayğıkeşlik tələb edir. O, ekskursiya və söhbət zamanı belə, öz işini unutmur, hər şeyi diqqətdə saxlayır: həm cığırlarda, həm qəfəslərin ətrafında təmizliyi, həm heyvanların durumunu, həm də personalın işini. Bəs, "sevimlisi" kimdir? Bu suala Azər Hüseynov belə cavab verir: "Əlbəttə, var. Amma heç zaman bunu heç kəsə demirəm. Hətta valideynlər də uşaqlarını müxtəlif cür istəyir, amma bunu sirr olaraq saxlayırlar. Çünki hər kəsə eyni dərəcədə qayğı göstərmək lazımdır".

İşçi seçiminə gəlincə, əsas şərt onların təhlükəsizlik texnikası kursu keçmələridir. Bu olmadan ən sakit və zərərsiz heyvanın belə, qəfəsinə girmək olmaz. Xoşbəxtlikdən Bakı zooparkında indiyədək heç bir ciddi bədbəxt hadisə baş verməyib. Kiçik zədələr isə əlbəttə ki, qaçılmazdır.

 

...müxtəlif vaxtlarda

Bakı zooparkının tarixi o qədər də böyük deyil. Onun hələ 100 yaşı tamam olmayıb. 1928-ci ildə Lunaçarski adına (sonradan Nizami adına park və Luna park) parkda zoologiya guşəsi yaradılmışdı. 1942-ci ildə - ağır müharibə illərində o, zooparka çevrilir. Amma rəsmi açılış 1945-ci ildə, Böyük Vətən müharibəsinin başa çatmasından sonra olub. 1958-ci ildə zoopark Bayıl qəsəbəsinə köçürülüb. Amma ora sürüşmə zonası olduğundan təhlükəsizliyə zəmanət verilməsi mümkün olmayıb. 70-ci illərin ortalarında baş vermiş sürüşmə bir şirin və bir ayının həyatına son qoyub - onlar uçmuş qəfəsin altında qalıblar. Nəticədə, zooparkın köçürülməsi qərara alınıb. Müəyyən axtarışlardan sonra o, Nərimanov rayonu ərazisinə - hazırda yerləşdiyi məkana köçürülüb. Əvvəlcə zooparka 45 hektarlıq ərazinin verilməsi nəzərdə tutulmuşdu. Amma prosesin sürətləndirilməsi üçün işlər yalnız 2,25 hektarlıq ərazidə aparılıb. Sonradan 2001-ci ildə ərazi 4,25 hektaradək artırılıb.

20 ildir zooparka rəhbərlik edən Azər Hüseynovun sözlərinə görə, 90-cı illərin ortalarında burada cəmi 60 növdən 200 baş heyvan var idi.

 

Problemlər

Ümumilikdə, əlbəttə ki, bütün digər strukturlar kimi, Bakı zooparkının da öz problemləri var. Direktor onsuz da məhdud olan imkanları daxilində bu problemləri aradan qaldırmağa çalışsa da, zooparkın Avropa səviyyəsinə yüksəldilməsi bir ilin işi deyil.

Məsələn, su ilə təmin etmə məsələsinə baxaq: heyvanlara tələb olunan həcmdə içməli su verilməlidir və bu işdə qənaət yolverilməzdir. Amma mindən artıq heyvanın saxlanıldığı zooparkın su ilə təchizatı üçün tariflər təşkilatlar üçün nəzərdə tutulduğu həddədir - 1 kubmetrə görə 1 manat. Əhali üçün bu, 30 qəpikdir. Zooparkda gündəlik istifadə olunan suyun həcmini nəzərə alsaq, aylıq supulunun hansı həddə olduğunu təxmin etmək çətin deyil.

Bütün canlılar kimi, zooparkın "sakinləri" də vaxtında tibbi müayinədən keçirilməli, lazımi müalicə işləri aparılmalıdır. "R+" jurnalının keçmiş buraxılışlarında deyildiyi kimi, ölkədə baytarlarla bağlı vəziyyət kifayət qədər gərgindir. Bu, zooparka da aiddir - orada mütəxəssis çatışmazlığı var.

"Bir çox klinikalar baytarları xaricdən dəvət edir. Amma yerli kadrların öyrədilməsi daha ucuz və daha effektiv olardı", - deyə direktor bildirir. A.Hüseynov baytarlıq fakültəsinin məzunlarını və gənc baytarları zooparkda təcrübə keçməyə dəvət edir: "Özəl baytarlıq mərkəzlərinin heç biri təcrübəsiz işçini işə götürməyəcək. Bizdə isə onların işləməsi üçün bütün şərait var".

Birinci Avropa Oyunlarının başlamasına çox az müddət qalır. Demək, ölkəyə çoxlu sayda turist gələcək. Bu, zooparka baş çəkənlərin də sayının artacağı deməkdir. Volyerlər və pavilyonlar arasındakı ensiz yollar isə asfaltlanmayıb, ayrı-ayrı yerlərdə piltələr qopmuş vəziyyətdədir. Direktorun sözlərinə görə, terrarilərdə pəncərələrin dəyişdirilməsinə də ehtiyac var. A.Hüseynov hesab edir ki, bütün bu kosmetik işlərin görülməsi üçün o qədər də çox vəsait tələb olunmur - təxminən, 1,5-2 min manat. Yəni hər hansı xeyriyyəçi və mesenatın zooparka yüngülvari köməyi çox yerinə düşərdi. Hələliksə inzibati və təsərrüfat aparatı öz məhdud imkanlarından istifadə edir: "Bilirəm ki, zooparkın yeri gec-tez dəyişdiriləcək. Amma o vaxtadək mən öz işimi burada davam etdirməliyəm. Axı, zoopark canlı orqanizmdir. Heyvanlara baxmaq, onları yemləmək, əməkdaşlara əməkhaqqı vermək lazımdır (yeri gəlmişkən, onların maaşı cəmi 130-140 manatdır, lakin direktor bilet satışı hesabına onlara daha yüksək əməkhaqqının ödənilməsi yollarını axtarır)".

Zooparkın köçürülməsinə hazırlıq çoxdan gedir. 2008-ci ildə onun yeni məkana keçirilməsinə dair fərman da imzalanıb. Əvvəlcə zooparkın Bakının Güzdək və ya Qobu qəsəbəsinə köçürülməsi nəzərdə tutulurdu. Sonradan heyvanların Ceyranbatan qoruğuna köçürülməsi qərara alınıb. Amma bunun nə zaman baş verəcəyi hələ də məlum deyil. 

Hələliksə zoopark adi həyatını yaşamaqda davam edir...

 

Ziyarətçi, ziyan vurma!

Qəfəsdən kənarda olanlara, yəni ziyarətçilərə də xüsusi diqqət vacibdir. Zoopark üçün istirahətə gəlmiş uşaqlarla, valideynlərin çoxluğu, əlbəttə ki, bayramdır. Amma bəzi ziyarətçilərin qeyri-sivil davranışları həm zooparka, həm də onun "sakinlərinə" ziyan vurur. Söhbət hər 10 metrdən bir zibil qutusunun olmasına rəğmən, yalnız qəfəslərin arasındakı cığırları, qəfəslərin ətrafını zibilləyən şəxslərdən getmir. "Bəzi şüursuz insanlar meymunlara siqaret verir. Halbuki meymunun siqaret çəkmədiyini hər kəs bilir!" - deyə direktor qeyd edir. Bu yaxınlarda isə bir neçə gənc az qala şirə xəsarət yetirəcəkmiş - onlar yatmış şirin ayağa qalxması üçün səkidən daş qopararaq qəfəsə atırdılar. Bundan başqa, bütün zooparklarda qüvvədə olan qaydaya görə, heyvanları yemləmək qadağandır - bu səbəbdən, heyvanlarda tez-tez zəhərlənmə, müxtəlif xəstəliklər baş verir. Ən təəssüfləndiricisi isə bir çox hallarda insanların heyvanları yeməli olmayan şeylərlə "bəsləməyə" çalışmasıdır.

Azər Hüseynov sonda bizim vasitəmizlə zooparkın ziyarətçilərinə müraciət edib: "Zooparka gəlin, istirahət edin, vaxtınızı maraqlı keçirin, amma xahiş edirəm, zooparkın ərazisinə və heyvanlarımıza ziyan vurmağa çalışmayın".



MƏSLƏHƏT GÖR:

886