Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycan artıq 18 ildir Ümumdünya Ticarət Təşkilatında (ÜTT) müşahidəçi statusuna malikdir. Bu vaxt ərzində çoxtərəfli raundlar da daxil olmaqla, danışıqlar seriyası aparılıb. Çox güman ki, yaxın perspektivdə bu beynəlxalq təşkilat ilə danışıqlar neftin dünya qiymətlərinin hiss edilən düşməsi və qeyri-neft ixracının həcminin nəzərəçarpacaq dərəcədə artırmaq zərurəti şəraitndə yeni impuls əldə edəcək.
Martın əvvəlində Cenevrədə Azərbaycanın ÜTT-yə üzv olması üzrə çoxtərəfli və ikitərəfli danışıqların növbəti raundu baş tutub. "Səfər zamanı ABŞ, Yaponiya, İsveçrə və Norveç nümayəndələri ilə ikitərəfli görüşlər də keçirilib. Biz bəzi mövzuları nəzərdən keçirdik, lakin razılaşdırılmalı olan bir sıra açıq məsələlər qalıb. Söhbət kənd təsərrüfatı məhsulları, sənaye malları və s. gedir", - deyə danışıqlar qrupunun rəhbəri, Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.
Təəccüblü deyil ki, ÜTT katibliyi ilə çoxtərəfli danışıqların əsas mövzusu yerli aqrar istehsalın müdafiə aspektləri, kənd təsərrüfatı istehsalçılarının subsidiyalaşdırılması və ümumilikdə, Azərbaycanın ticarət siyasətinə dair müzakirələr olub. "Danışıqların əsas mövzusu aqrar sektora daxili dəstək məsələsi olub: "Azərbaycan üçün kənd təsərrüfatının ölkənin qeyri-neft iqtisadiyyatının əsas sektoru kimi inkişafının nə qədər vacibliyi və bu sahənin müdafiəsi, eləcə də dövlət dəstəyinin zəruriliyi bir daha qeyd edildi, - deyə Mahmud Məmməd-Quliyev bildirib.
"ÜTT-yə üzv olan bəzi ölkələr hökumətin kənd təsərrüfatına göstərilən gücləndirilmiş dəstək siyasətini anladıqlarını bildiriblər, eyni zamanda bəzi ölkələr hesab edirlər ki, biz aqrar sektora çox böyük həcmdə subsidiyalar ayırırıq. Lakin biz hesab edirik ki, bu məbləğ ÜTT-yə inkişaf etməkdə olan ölkələr qismində daxil olanların kənd təsərrüfatı üzrə sazişlərinin müddəalarına tam uyğun gəlir".
ÜTT-nin qaydalarına əsasən, inkişaf etməkdə olan ölkə statusuna malik dövlət aqrar sektorunu ÜDM-in həcminin 10% həddində subsidiyalaşdırmaq hüququna malikdir. Eyni zamanda inkişaf etmiş dövlət üçün analoji planka 5% həddindədir. Əslində, məhz bu məqam - ölkənin status məsələsi - artıq bir il deyil ki, davam edən çoxtərəfli danışıqlar prosesində əsas əngəldir. Hökumət ehtimal edir ki, Ümumdünya Ticarət Təşkilatına inkişaf etməkdə olan ölkə statusu ilə üzv olmaq tamamilə mümkündür. Belə ki, dövlət bunu son illər qızğın iqtisadi inkişafa baxmayaraq, bir milyon qaçqın və məcburi köçkünlərinə görə ölkənin xeyli çətinlik çəkməsi ilə əsaslandırır.
Bu məsələ hələ də açıq qalır və Azərbaycan xarici işlər naziri müavinin sözlərinə görə, nümayəndəlik bu istiqamətdə danışıqların növbəti raundu haqda razılığa gəlib. "Azərbaycan 2012-2014-cü illər üçün ölkədə kənd təsərrüfatına daxili dəstək üzrə yeni cədvəl hazırlayacaq. ÜTT-nin Katibliyi aprelin 15-dək onunla əlaqədar bizə sual və şərhlərini göndərməlidir, biz isə onlara cavab hazırlayacağıq, sonra danışıqlar qrupunun növbəti görüşü təyin ediləcək və orada bu məsələlər yenidən müzakirə olunacaq", - deyə M. Məmməd-Quliyev bildirib. Onun sözlərinə görə, ÜTT-yə daxil olmaq üzrə işçi qrupun işi aktivləşdirilib: hazırda Cenevrədə olan Katiblik üzv ölkələrin suallarını hazırlayırlar və onlara cavablar hazırlandıqdan sonra, işçi qrupunun növbəti görüşünün tarixini razılaşdırmağa başlayacağıq.
Qeyd edilənlərə görə, növbəti raund heç də sonuncu olmayacaq: Azərbaycan danışıqlar qrupunun bu cür dəqiqliyi və hətta ehtiyatlılığı tamamilə əsaslıdır. Azəbaycanın iqtisadiyyatın şaxələndirilməsində, xüsusilə də onun qeyri-neft sektorunun inkişafında hiss edilən nailiyyətlərinə baxmayaraq, yerli ixracın, təxminən, 90%-i karbohidrogen xammalı və onun emal olunan məhsullarının payına düşür. Bundan başqa, yüngül sənayenin, kənd təsərrüfatının, emal və qida sənayesinin dinamik inkişafına baxmayaraq, bu sektorlarda istehsal edilən məhsullar heç də hər zaman beynəlxalq keyfiyyət standartlarına cavab vermirlər. Bəzən hətta qiymət amilinə görə yetərli rəqabətqabiliyyətinə malik deyillər.
Digər tərəfdən Azərbaycan neft və neft məhsullarının ixracı Avropa Birliyinin təqdim etdiyi GSP sistemi çərçivəsində güzəştlərdən yararlanır və ÜTT-yə üzv olmadan da rəqabətqabiliyyətlidir. Qeyri-neft məhsullarının ixracına gəlincə isə onların əsas satış bazarı bu gün hələ də postsovet məkanı və qismən də Avrasiya İttifaqı dövlətləri olaraq qalır. Bir sıra ekspertlər hesab edirlər ki, bu kontekstdə ÜTT-yə üzvlüyə nail olmaq prosesinin gücləndirilməsi bu yaxınlaradək xüsusi önəm daşımırdı.
"Azərbaycan ÜTT-yə daxil olmasını həm də ona görə sürətləndirmir ki, ehtimal ki, bu təşkilata inkişaf etmiş ölkə qismində qəbul olunacaq, - deyə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov güman edir. - Azərbaycanın qeyri-neft sektoru əsasən azad ticarət qaydaları qüvvədə olan Rusiya, Qazaxıstan, Ukrayna və MDB-nin digər dövlətlərinə səmtlənib və bu istiqamətdə bizim ÜTT-yə üzvlüyümüz ticarətin əhəmiyyətli artımı üçün ilkin şərt yaratmır. Əksinə, ekspertin ehtimal etdiyi kimi, ÜTT-yə daxil olmaq Azərbaycanın daxili bazarını açmağa və amerikan, avropalı və hətta türk rəqibləri tərəfindən güclü təzyiq hiss edəcək kənd təsərrüfatı, bank və sığorta sektoru kimi həssas sahələrini risk altına atmağa məcbur edəcək.
Göstərilən arqumentlər tamamilə bəlli faktlara əsaslanır. Eyni zamanda yaxın bir neçə ildə ÜTT ilə danışıqların yekunlaşdırılmasının zəruriliyindən danışan heç də az olmayan bir sıra əsaslı əlamətlər mövcuddur. Belə ki, Azərbaycan hökumətinin uzunmüddətli strategiyası qeyri-neft sektorunun rəqabət qabiliyyətli məhsullarının istehsalının stimullaşdırılmasına hədəflənib. İxracın xeyrinə ənənəvi idxal əvəz edilməsindən çəkilmək yerli bazarın sıx olması ilə bağlıdır.
Son illərin statistikası sübut edir ki, qeyri-neft sektorunun istiqamətləri sırasında - meyvə-tərəvəz məhsulları və şərabçılığın istehsalı, mebel sahəsi və tikinti materialları seqmentində daxili bazarın təmin edilməsinin pik nöqtəsinə nail olunub və məhsulun həcminin gələcəkdə çoxaldılması ancaq onun ölkə hüdudlarından kənara çıxarılmasının artımı ilə bağlı ola bilər. Bu trend hökuməti xammal faktorundan asılılığını bütün mümkün tədbirlərlə azaltmağa məcbur edən neftin dünya üzrə qiymətinin hiss ediləcək azalması və ixracın strukturunu şaxələndirmək şərtlərində xüsusilə aktualdır. Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankının manatın məzənnəsinin aparıcı dünya valyutalarına münasibətdə düşməsinə dair qərarı əksərən onun xarici bazarda rəqabətqabiliyyətliliyini artırmaq məqsədi güdürdü.
Bu və ya digər halda, hökumətin yerli qeyri-xammal məhsullarının ixracının irəliləməsi üzrə səyləri əyani bəhərlərini verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft sektorunun 2015-ci ilin yanvarında ümumi həcmi 124,2 mln. dollar təşkil edib. Bu isə ötən ilin analoji göstəricisini 16% üstələyir. Başqa sözlə, bu rəqəmlər qeyri-neft sektorunun ixracyönümlü sahələrində istehsalın artım dinamikasının əyani şəkildə əks etdirir. Qeyri-neft sektorunun ÜDM-in istehsalında xüsusi çəkisi 2003-cü ildə 38% göstəricisindən 2014-cü ildə 48%-ə qədər yüksəlib. Ümumilikdə isə hesabat dövründə sənaye istehsalının həcmi 2,7 dəfə artıb.
Bu istiqamətdə işləri, xüsusilə əlverişsiz bazar konyuknturu - neftin qiymətinin demək olar ki, ikiqat düşməsi fonunda sürətləndirmək zəruridir. "Azərbaycan hökuməti 2015-2018-ci illərdə qeyri-neft ixracının artırılmasına yönəlmiş tədbirlər kompleksinin keçirilməsini planlaşdırır. Onların sırasında xarici ticarət üçün əlverişli şərtlərin yaradılması, Azərbaycan və əcnəbi sahibkarlar arasında işgüzar əlaqələrin yaradılmasına yardım etmək var", - deyə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova hesab edir. Onun proqnozlarına görə, görülən addımlar cari ildə qeyri-neft sektorunun artım həcminin 24,7%-ə çatmasına və bu plankanı 2016-2018-ci illərdə orta hesabla 20% səviyyəsində saxlamağa imkan verəcək.
Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi üzrə yuxarıda sadalananların hamısının sürətlə reallaşdırılması bizim qeyri-neft ixracımızın coğrafiyasının genişlənməsinin zəruriliyinə, mütləq onun birləşmiş Avropa bazarına çıxışına aparacaq. Bu məsələdə isə ÜTT-yə üzvlük Azərbaycanla Avropa Birliyi arasında azad ticarət zonasının yaradılmasına dair razılaşmanın bağlanması üçün mütləq və təxirəsalınmaz şərtidir.
ARAYIŞ
Bu gün Ümumdünya Ticarət Təşkilatına dünya ticarət dövriyyəsinin 97% payına malik olan dünya ölkələrinin 4/5-ü daxildir. Azərbaycan hələ 1997-ci ildə ÜTT-yə üzv olmaq üçün ərizə verib və bütün bu illər üzrə uzunmüddətli güzəşt dövriyyəsi hüququnu qorumaq ümidilə və hətta bu beynəlxalq strukturda tamhüquqlu üzvlük qazandıqdan sonra, iqtisadiyyatın müəyyən sahələri üzrə imtiyazlar əldə etmək üçün çox ağır danışıqlar aparıb. Bu çətin danışıqlar bir sıra dövlətlərlə yekunlaşıb: Türkiyə, Oman Sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğızıstan ilə protokollar imzalanıb. Çin və Moldova ilə razılaşmalar imzalanma mərhələsindədir. Hazırda Azərbaycan ÜTT-yə üzv 18 dövlətlə intensiv danışıqlar aparır.
MƏSLƏHƏT GÖR: