Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Bazar günü işlərimizi və istirahət imkanlarımızı planlaşdırmaq üçün hamımız həftədə ən azı iki-üç dəfə hava haqqında proqnozu izləyirik. Bununla bərabər, ayrıca, xüsusi iqtisadi xəbərlər - istər birjada kortirovkalar, neftin qiyməti, qızıl, valyuta məzənnələri olsun - bu yaxınlardakı keçmişə qədər əhalinin böyük əksəriyyətini maraqlandırmırdı. İndi isə vəziyyət kəskin şəkildə dəyişib - əgər biz hələ də həftədə bir neçə dəfə hava proqnozu ilə maraqlanırıqsa, artıq hər səhər neftin qiyməti, valyuta məzənnələri və birja proqnozlarını izləməyə çalışırıq.
Neftin qiymətinin düşməsi onun bir barelinin 100 dollar həddində yaşamağa öyrəşən və ikiqat azalma ilə üzləşmiş bir çox hasiledici ölkələrin iqtisadiyyatlarına artıq mənfi təsir göstərir.
Hərçənd son bir neçə həftədə "Brent" markalı neftin qiyməti London birjasında 60 dollar səviyyəsində qalsa da, bir çox ekspertlər hesab edirlər ki, bu müvəqqətidir.
Belə ki, "Citybank" analitiklərinin məlumatlarına görə, neft bazarı, ehtimal ki, cari ilin birinci rübünün sonu - ikincinin əvvəlində ən aşağı səviyyəyə çatacaq. Bu vaxta qədər Nyu-Yorkda "WTI" markalı neftin barelinin qiyməti "40 dollardan da çox" enə və müəyyən müddət 20 dollar ətrafında dayana bilər. Hazırda "WTI" markalı neft, təxminən, 50 dollardır.
Bundan başqa, bank "Brent" markalı neftin orta qiymətinin proqnozunu 2015-ci il üçün bir barelinin 63 dollardan 54 dollara, 2016-cı il üçün 69 dollardan 68 dollara endirib. "WTI" markalı neftlə bağlı bu ilin proqnozu 55 dollardan 46 dollara, 2016-cı ildə 62 dollardan 61 dollara qədər azaldılıb. Bununla yanaşı, qeyd etmək lazımdır ki, hələ iki ay bundan əvvəl yanvarın ortasında "Brent" markalı neftin bareli 45 dollar təşkil edirdi. Hazırkı səviyyəyə yüksəlməyə isə Amerikadakı soyuqlar səbəb olmuşdu ki, bu da tələbatı artırmışdı. İraqda yaşanan qum qasırğası da hasilatın azalmasına gətirib çıxarmışdı.
Neftin dünya qiymətlərinin əsas tənzimləyicisi OPEK-də hesab edirlər ki, aşağı qiymətlərə baxmayaraq, hasilat səviyyəsinin azalmaması ilə bağlı noyabr qərarı özünü doğruldur. Təşkilatın fevral proqnozuna əsasən, OPEK-in hasil etdiyi neftə tələbat 2015-ci ildə 29,2 mln. barel təşkil edəcək. Bu, yanvar ayının proqnozundan 400 min barel çoxdur. Bu isə neftin digər regionlardan tədarükünün azalması və ilk növbədə, ABŞ-da neft hasilatının artım templərinin ləngiməsi sayəsində mümkün olacaq. Əvvəlcədən məlum oldu ki, şist neft yataqlarının işlənməsi 50-60 dollardan aşağı qiymətdə mənfəətli deyil. Və qiymətlərin düşməsi ABŞ-da qazma əməliyyatlarına tədricən təsir göstərir - "Baker Hughes" amerikan neft-qaz xidməti şirkətinin məlumatına görə, qazma qurğularının sayı dünyada son beş ildə minimal səviyyədədir. Eyni zamanda qazma əməliyyatlarının azalması ABŞ və Kanadanın - şist neftini əsas hasil edənlərin payına düşür. Halbuki dünyanın digər regionlarında bu neftin miqdarı gah artırdı, gah da dəyişməz olaraq qalırdı. ABŞ-ın Enerji Məlumatları İdarəsinin (EİA) xəbərinə görə, artıq 2015-ci ilin aprelində şist neftin hasilatı dayanacaq, həm də bir sıra yataqlarda neftin istehsalı ümumiyyətlə, azalacaq.
Hərçənd OPEK ABŞ-ın şist nefti ilə qiymət müharibəsini təkzib etsə də, nəticələr bu mərhələdə aşağı neft qiymətindən kimin daha çox uduzduğunu göstərir. Kartelin baş katibi Abdal əl-Bədrinin sözlərinə görə, OPEK-in neft hasilatının kvotasını azaltmamaq qərarı ötən ilin noyabar ayında ABŞ-da şist neftinin hasilatına zərər vurdu. "OPEK kvotanı azaltmamaq qərarına gəldikdə, amerikan şist bazarı üçün hər şey puç oldu", - deyə o, bildirib. Daha doğrusu, bu faktorlar sanki qiymətlərin yüksəldilməsi və ya heç olmasa, saxlanılması imkanlarından xəbər verir. Lakin neftin qiymətinin azalmasının əsas səbəbləri yenə də gündəmdə qalır - dünya bazarında neftin istehsalı tələbatı 1,5 mln. barel üstələyir. Bundan başqa, bütün dünya üzrə neft anbarlarının doldurulma səviyyəsi artıq boş yerlərin (həcmlərin) defisitini yaradır. Məsələn, ABŞ-da neft ehtiyatları 80 illik maksimuma çatır. Anbarların həcminin 70%-i neftlə doludur. Avropada bu göstərici 90%, Yaponiya və Cənubi Koreyada - 80% təşkil edir. Bu isə ehtiyatların əriməli olduğu dövrdə - qış mövsümünün, demək olar ki, çıxdığı vaxtdır.
Bir çox ekspertlər proqnoz verirlər ki, ehtiyat güclərinin boşaldılması üçün treyderlər satışı artıracaqlar. Bu isə qiymət artımına gətirib çıxaracaq.
Buraya tələbata heç də müsbət təsir göstərməyən Çinin artım templərinin zəifləməsini, Avropada durğunluq əlavə etsək, yaxın yarım il ərzində dünya neft bazarını, həqiqətən, qara günlər gözləyir. Neftin qiymətinin düşməsi üçün daha bir müjdəçi İranın nüvə proqramına dair razılaşma və sanksiyaların sonrakı ləğvi ola bilər.
"Reuters"in məlumatına görə, İranla danışıqlar aparan vasitəçi "altılıq" ölkələr artıq sanksiyaların yumşaldılması üzrə qətnamə layihəsini BMT-nin Təhlükəsizlik Şurasına təqdim etməyi müzakirə edirlər.
"Bloomberg" xəbər verir ki, digər tərəfdən İran sanksiyalar ləğv olunacağı təqdirdə, neftinin potensial alıcıları ilə danışıqlara artıq başlayıb. İranın nüvə proqramına dair razılaşma 2015-ci ilin mart ayının sonuna qədər bağlanmalıdır. Sanksiyalar ləğv ediləcəyi halda Tehran qısa zamanda neft ixracını hazırkı 1,3 mln. barel səviyyəsindən sutkada iki dəfə artıra biləcək.
İstiləşmə ilə birlikdə yuxarıda sadalanan bütün amillər, habelə dünyada neft emal edən zavodların mövsümü təmir dövrü, onsuz da az olan tələbatı aşağı salır və neftin qiymətlərini aşağı çəkir. Neftin qiymətinin nə qədər düşəcəyini proqnozlaşdırmaq son dərəcə çətindir. Amma olduqca xeyli amil neftin qiymətinin qlobal miqyasda düşməsindən, ən azı yay mövsümü üçün, xəbər verir. Lakin çətinliklərlə birgə bu qiymətlər orta və uzunmüddətli perspektivdə yuxarı hiss edilən sıçrayış üçün zəmin də yaradır. Neftin aşağı qiyməti təkcə şist layihələrin bağlanmasına deyil, həm də ənənəvi neft hasilatı sahəsinə investisiyaların azalmasına gətirib çıxarır. "Layihələr təxirə salınır. Sərmayələr nəzərdən keçirilir. Xərclər azaldılır, - OPEK-in rəhbəri bildirib. Neftin nəqli artmazsa, defisit yaranacaq və qiymətlər yenidən qalxacaq". "IHS" tədqiqat şirkətinin məlumatlarına görə, 2014-cü ilin nəticələrinə əsasən bütün dünyada, təxminən, 16 mlrd. barel neft ekvivalenti həcmində yeni neft və qaz ehtiyatları tapılıb. Bu isə son 20 ildə minimal göstəricidir. Göstərici dördüncü il ardarda düşür ki, bu da 1950-ci ildən mənfi dinamikanın ən uzun müddəti hesab edilir. Ötən il 500 mln. bareldən artıq neft ekvivalentində ehtiyata malik heç bir iri yataq aşkar edilməyib. Kəşfiyyatın azalması dünya bazarına tədarüklərlə bağlı vəziyyətin mümkün pisləşməsinə işarədir. Bunu "The Financial Times" yazıb. Bir halda ki, yataqda kəşfiyyatdan tutmuş hasilatın başlanmasına qədər bir neçə il keçir, ehtiyatların azalması tədarüklərə 2020-ci ildən sonra təsir göstərəcək.
Əlbəttə ki, uzunmüddətli perspektivdə neftin qiyməti bir barelə görə 100 dollar səviyyəsinə kimi arta bilər. Hərçənd bu, yaxın iki ildə gözlənilmir. Bu halda çox şey, ilk növbədə, tələb amilindən - Avropa, Çin, Hindistan, Cənub-Şərqi Asiyada artımın sürətlənməsindən asılıdır. Lakin şist nefti amili hələ də neft bazarının gələcəyinə təsir edəcək. Şist neft və qaz yataqlarında yeni quyuların qazma həcminin nə qədər azalmasına baxmayaraq, texnologiya qısa müddətdə bu layihələrdə hasilatı bərpa edəcək və sürətlə artıracaq. Və deməli, qiymət artımının ardınca növbəti həddindən artıq istehsal və kortirovkaların azalması da gələ bilər. Texnologiyanın inkişafı nəzərə alınmaqla, şist neftin maya dəyəri daha da aşağı ola bilər. Bununla, hesablaşmamaq da olmur.
MƏSLƏHƏT GÖR: