Müəllif: Natiq NAZİMOĞLU Bakı
Gürcüstanda daxili siyasi mübarizə yenidən qızışıb. Bu dəfə vəziyyətin gərginləşməsinə Gürcüstan milli valyutasının (lari) dəyərdən düşməsi yol açıb.
Lari dəyərini hələ ötən ilin sonlarından itirməyə başlayıb. Gürcüstan prezidenti Georgi Marqvelaşvili yaranmış vəziyyətin müzakirəsi məqsədilə martın 13-də parlamentin növbədənkənar iclasını çağırıb. Halbuki o, bir qədər əvvəl - fevralın sonunda müxalifətin tələbinə rəğmən, parlamentin növbədənkənar iclasını çağırmaqdan imtina etmişdi. Parlamentin növbədənkənar iclasının çağırılmasına Nazirlər Kabinetinin milli valyutanın sabitləşdirilməsi planını martın 5-dək təqdim edəcəyinə dair vədinə əməl etməməsi səbəb olub. Nəticədə, prezidentin iqtisadi məsələlər üzrə məsləhətçisi Georgi Abaşişvili dövlət başçısının adından nazirləri vədə əməl etməyə çağırıb.
Amma parlamentin toplanması ilə bağlı prezidentin təşəbbüsü (o cümlədən müxalifətin israrı) iflasa uğrayıb. Üstəlik, bu, çox bayağı səbəbdən mümkün olmayıb - "Gürcü arzusu"ndan olan çoxluq parlamentin toplantısına qatılmadığından, kvorum olmayıb. Toplantıya qatılmaqdan hökumət üzvləri də imtina ediblər. Söhbət iqtisadi qurumların rəhbərlərindən gedir. Nəticədə, iclasda əsasən parlamentdəki müxalif azlıq iştirak etsə də, onlar hakimiyyəti "rüsvayçılıq lövhəsi"nə vurmaq istəyini reallaşdıra bilməyiblər.
Bütün bunlar Gürcüstanı bürüməkdə olan yeni hökumət böhranının əlamətləridir. Müxalifət hakimiyyəti "yanlış iqtisadi siyasət" yürütməkdə ittiham edir. Bununla yanaşı, hakim düşərgədə də ciddi fikir ayrılıqları yaranıb. Parlamentdəki çoxluğun ölkə prezidentinin parlamentin növbədənkənar iclasının çağırılması haqda qərarına məhəl qoymaması bunun bariz nümunəsidir. Bu, prezident Georgi Marqvelaşvili ilə baş nazir İrakli Qaribaşvili arasında ciddi fikir ayrılıqlarının olduğuna dair fikirlərin doğruluğunu göstərir.
Hakimiyyət daxilində ziddiyyətlərin olduğunu göstərən amil yalnız bu deyil. Gürcüstan Milli Bankının rəhbəri Georgi Kadaqidze hökuməti "yanlış xərclərlə bağlı xəbərdarlıqlara məhəl qoymamaqda" günahlandırıb. Nazirlər Kabineti isə öz növbəsində valyuta böhranını tezliklə çözəcəyini bildirir. Amma larinin sabitləşdirilməsi üçün görülən tədbirlərin - dövlət obyektlərinin özəlləşdirilməsinin sürətləndirilməsi, inzibati xərclərin azaldılması və biznesi stimullaşdıracaq qanunvericiliyin qəbulu - arzulanan nəticələri verib-verməyəcəyini zaman göstərəcək. Hələliksə yalnız onu birmənalı şəkildə, demək olar ki, Qaribaşvili hökuməti ciddi sınaqla qarşı-qarşıyadır və bu, onun gələcək fəaliyyəti üçün ciddi təhlükədir.
Tənqidçilərin fikirlərinə münasibət bildirən baş nazir parlamentin növbədənkənar iclasının çağırılmasının onu narahat etmədiyini söyləyib. O, fikrini belə izah edib: "Şou göstərmək yox, işləmək lazımdır".
Əksər ekspertlər isə parlamentin Qaribaşvili və kabinetinin istefaya göndərilməsi məsələsini gündəmə gətirə biləcəyini düşünür. Onların fikrincə, hakim "Gürcü arzusu" daxilində müşahidə olunan narazılıqlar da bunu göstərir. Hakimiyyət daxilindəki narazı düşərgənin əsas məqsədi ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına görə məsuliyyəti bilavasitə baş nazir Qaribaşvilinin üzərinə qoymaqdır. Yeri gəlmişkən, Gürcüstanda sosial-iqtisadi vəziyyətin ağırlaşması hakim qüvvələrin reytinqini itirməsilə müşayiət olunur.
Hökumət isə bütün bunlara sinə gərmək üçün yaxşı şanslara malikdir. Gürcü ekspertlər və siyasətçilərin etiraf etdikləri kimi, hökumətin taleyi konkret deputat qruplaşmalarının fikrindən yox, "Gürcü arzusu"nun faktiki lideri, milyarder Bidzina İvanişvilinin iradəsindən asılıdır. İvanişvili isə hökumətin iflasa uğramasına imkan vermək niyyətində deyil. Onun Milli Bankın rəhbəri Georgi Kadaqidzenin ünvanına səsləndirdiyi ittihamlar da dolayısı ilə bunu təsdiqləyir. İvanişvili bildirib ki, "larinin dəyərdən düşməsinə məhz Milli Bank rəhbərliyinin fəaliyyətsizliyi səbəb olub".
Hökumət və onun arxasında dayanan İvanişvili ilə Milli Bankın rəhbəri arasındakı "söz atışması"ndan danışarkən bir amili də yaddan çıxarmaq olmaz. Kadaqidze bu posta hələ eks-prezidenti Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat" (VMH) partiyasının hakimiyyəti dövründə təyin olunub. Bu mənada İvanişvilinin bir bəyanatı da maraqlıdır: "Son zamanlar yaşanan hadisələr açıq şəkildə göstərir ki, biz "Milli hərəkat"ın, onun "ekspertləri"nin spekulyativ sövdələşmələrlə, yaratdıqları ajiotajlarla qarşı-qarşıyayıq. Pul-kredit siyasətini Milli Bank müəyyənləşdirir".
Bu göstərir ki, "Gürcü arzusu"nun liderləri, ilk növbədə, Bidzina İvanişvili hökumət dəyişikliyində maraqlı deyil. Çünki bundan hakimiyyətin rəqibləri yararlana bilər. "Gürcü arzusu" Qaribaşvilini baş nazir postundan kənarlaşdırmaq, onun yerinə "öz adamını" təyin etmək üçün parlamentdə kifayət qədər səsə malik olsa da, bu addımı atılmayacağını göstərən bir çox məqamlar var. Belə qərarın qəbulu "Gürcü arzusu"nun mövqelərinin laxlaması ilə nəticələnə bilər və müxalifətin, xüsusilə Mixail Saakaşvili tərəfdarlarının fəallaşması fonunda bu, heç də arzuolunan deyil.
Müxalifətçi VMH hakimiyyətə təzyiqləri, həqiqətən də, getdikcə artırır. Prezident Georgi Marqvelaşvilini parlamentin növbədənkənar iclasını çağırmağa əsasən Saakaşvilinin tərəfdarlarının sərt tələbləri vadar edib. VMH-nin fəallaşması bu partiyanın daha çox Qərbin, ilk növbədə, ABŞ-ın maraqlarını ifadə etməsilə də bağlıdır. Güman ki, Saakaşvilinin tərəfdarları genişmiqyaslı etiraz aksiyalarına başlamağa da hazırlaşırlar. Hər halda, onlar artıq martın 21-də Tiflisin mərkəzində mitinq keçirmək niyyətlərini bəyan ediblər.
Maraqlıdır ki, Saakaşvili dövrünün bir sıra aparıcı fiqurları, həmçinin eks-prezidentin özü hazırda "Maydan"ın qələbə qazandığı Ukraynada neoliberal kurs yürüdən hökumətinin əsas məsləhətçiləri kimi çıxış edirlərsə, Gürcüstanın özündə eks-prezidentin Qərb dairələrinin dəstəyinə arxalanan partiyası "Tiflis maydanı"na hazırlaşır. Bu, "Gürcü arzusu" hökumətinin qərbpərəstliyini inkar etmir. Sadəcə, görünən odur ki, ABŞ VMH-i dəstəkləməklə, ondan mötədil və heç də həmişə Avro-Atlantik mövqe nümayiş etdirməyən Bidzina İvanişvili kimilərinə təzyiq vasitəsi kimi istifadə etməkdə maraqlıdır. Şübhəsiz ki, bu alət gələn il son dərəcə yerinə düşəcək. Xatırladaq ki, gələn il Gürcüstanda növbəti parlament seçkisi keçirilməlidir. Bu seçki ərəfəsində Gürcüstan kimi ölkədə daxili siyasi durumun gərginləşməsi ciddi təəccüb doğurmur - postsovet dönəmində bu ölkə dövlət çevrilişləri, sərt partiyalararası mübarizə ilə yadda qalıb.
MƏSLƏHƏT GÖR: