Müəllif: Ceyhun NƏCƏFOV Bakı
- Bu yaxınlarda Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun növbəti görüşü keçirilib. Ekspertlər gələcək bəyannamədə yer alacaq 6 maddənin razılaşdırılması məqsədilə ayda 1-2 dəfə görüşmək qərarına gəliblər. Xəzərin hüquqi statusu ilə bağlı az qala 15 ildir davam edən danışıqlar niyə bu qədər çətin gedir? Əsas problem nədən ibarətdir?
- Rusiya, Azərbaycan və Qazaxıstan arasında Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində fikir ayrılığı yoxdur. Məsələyə fərqli yanaşanlar İran və Türkmənistandır. Hazırkı mərhələdə müəyyən qüvvələrin çoxsaylı cəhdlərinə baxmayaraq, Moskva, Bakı və Astana arasındakı münasibətlərə ziyan vurmaq mümkün olmayıb. Rusiya Azərbaycanla və Qazaxıstanla razılıq əldə etməyə müvəffəq olub. Əlbəttə, bir sıra vacib texniki məsələlər hələ də çözülməmiş qalır. Hesab edirəm ki, Xəzəryanı dövlətlər bu günədək kifayət qədər vacib sənədlərə imza atıblar. Həmin sənədlər onlara irəliləmək imkanı verir və dənizin hüquqi statusuna dair konvensiyanın qəbuluna tələsməmək də olar. Məsələn, sahilyanı dövlət başçılarının 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş 3-cü sammitində Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair imzalanmış razılaşma çərçivəsində Xəzər dənizində sabitliyin qorunması üçün real imkanlar var. Sadəcə, bu razılaşmanı reallaşdırmaq lazımdır. Xəzərdə ekoloji təhlükəsizliklə bağlı isə 2006-cı ildə Tehranda Çərçivə Konvensiyası imzalanıb. O, Xəzərin dəniz mühitinin qorunmasını nəzərdə tutur. Bu konvensiya Xəzərdə neft hasilatı zamanı müxtəlif kimyəvi maddələrin dənizə axıdılmasına yol verən şirkətlərə daha sərt yanaşmağa imkan verir. Yəni bu sənəddə yer almış öhdəliklərə əməl olunmasına daha sərt nəzarət etmək lazımdır.
Rusiya üçün sərhədyanı əməkdaşlığın fəallaşdırılması da çox vacibdir. Bu istiqamətdə işlər aparılsa da, onların kifayət qədər fəal getdiyini söyləmək olmaz. Rusiyanın Dağıstan, Həştərxan vilayəti, Kalmıkiya kimi sahilyanı obyektləri üçün Xəzəryanı dövlətlərlə əməkdaşlıq vacib rol oynayır. Xəzərdə gəmiçiliyin inkişafı, Xəzərin dəniz limanlarına xidmətin göstərilməsilə bağlı hələ də həllini gözləyən texniki problemlərin aradan qaldırılması vacibdir. Azərbaycanın Ələt qəsəbəsində və Qazaxıstanın Aktau limanında dəniz xablarının yaradılması bu məsələni daha da aktuallaşdırıb. Rusiya dəfələrlə Xəzəryanı dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafı təklifilə çıxış edib. Yeri gəlmişkən, Xəzərdə yeni beynəlxalq iqtisadi birliklərin yaradılmasına dair də müxtəlif təkliflər irəli sürülüb. Məsələn, Xəzər İqtisadi Əməkdaşlığı təşkilatının layihəsi də var idi. Amma bu ideya sahilyanı dövlətlərin diqqətini çəkmədi. Bunun, əlbəttə ki, tamamilə obyektiv səbəbləri var. Birincisi, Xəzəryanı ölkələr müxtəlif iqtisadi potensiala malikdirlər. İkincisi, onlar eyni məhsulların ixracatçısıdırlar və demək, obyektiv olaraq həm də rəqibdirlər.
Düşünürəm ki, növbəti sammit konvensiyanın qəbulu istiqamətində atılacaq addım olacaq. Xəzərin hüquqi statusuna dair razılaşmanın əldə olunması əvvəllər düşünüldüyü kimi, xəyal deyil. Amma bilavasitə konvensiyanın tezliklə imzalanacağını gözləmək də lazım deyil. Bu, tezliklə baş verməyəcək.
- Türkmənistanla İranın fərqli mövqeyi haqda danışdınız. Tehranla Aşqabadın mövqeyini ortaq məxrəcə gətirmək üçün hansı addımları atmaq olar?
- Düşünürəm ki, Azərbaycan diplomatiyası bu çətin problemi həll etmək iqtidarındadır. Azərbaycanın ən təcrübəli diplomatları bu istiqamətdə çoxdan işləyirlər və bu ziddiyyətlərin aradan qaldırılacağına ümid etmək üçün əsaslar var.
- Rusiya, Qazaxıstan və Azərbaycan dənizinin hüquqi statusu ilə bağlı problem həll olunmadan da, Xəzərin dibini bölüşdürüblər və orada neft-qaz yataqlarının kəşfiyyatını həyata keçirirlər. Belə olan təqdirdə, bizim ölkələrimiz üçün hüquqi statusun müəyyənləşməsi nə dərəcədə vacibdir?
- Hər şey hüquqi status məsələsinin həllinin vacibliyinə hansı tərəfdən yanaşdığınızdan asılıdır. Bəli, neft şirkətləri baxımından bu məsələ o qədər də aktual deyil. Onların konvensiyaya ehtiyacları yoxdur və bu şirkətlər konvensiya olmadan da hasilatla məşğuldurlar. Lakin balıqçılıq, balıqçılıq sənayesi strukturları konvensiyanın qəbulunu vacib sayırlar. Onların fikrincə, dənizin bioresurslarının qorunub saxlanılması yalnız bu halda mümkün olacaq. Sərhədçilər üçün də konvensiya o qədər də vacib deyil. Onlar ən azı hansı ərazinin kimin nəzarətində olduğunu bilirlər.
- Sərhədyanı ərazilərdəki mübahisəli yataqlarla bağlı problemi dənizin hüquqi statusu müəyyənləşmədən də aradan qaldırmaq olarmı?
- Bu daha çox iqtisadi maraqlara bağlı məsələdir. Yəni neft şirkətləri məsələnin hüquqi tərəfini nəzərə almadan bu məsələləri həll edə bilərlər, ya yox? Bu, onların kommersiya maraqlarına nə dərəcədə təsir göstərəcək? Amma daha bir ağrılı məsələ var - Xəzərdəki boru xətləri. Bu, çox çətin məsələdir. Çünki Xəzər dənizi seysmik zonadır. Üstəlik, o, məsələn, Qara dəniz qədər sakit dəniz deyil.
- Xəzərin şərq sahilindən qərb sahilinə çəkilməsi nəzərdə tutulan Trans-Xəzər qaz kəməri layihəsinə necə yanaşırsınız?
- Bu layihə çoxsaylı problemlərlə, maraqların mübarizəsilə bağlıdır. Burada söhbət həm Xəzəryanı dövlətlərin iqtisadi maraqlarından gedir, həm layihə boru xəttinin dənizin dibi ilə çəkilməsini nəzərdə tutduğundan, ekoloji təhlükəsizlik məsələlərindən, həm də siyasi ziddiyyətlərdən. Çünki dənizdə mübahisəli yataqlar var və kimsə sözünü qarşı tərəfə güc yolu ilə qəbul etdirmək fikrinə düşə bilər və sair. Trans-Xəzər qaz kəməri layihəsinin reallaşdırılması müəyyən mənada Xəzərin hüquqi statusu ilə əlaqəli məsələdir.
- Sizcə, Xəzərin hüquqi statusuna dair konvensiya nə zaman imzalana bilər?
- Bu, tezliklə baş verməyəcək. Bütün tərəflərin ortaq məxrəcə gəlməsi üçün çox işləmək lazımdır. Ən azı qarşıdan gələn sammitdə konvensiyanın imzalanacağını gözləmək olmaz.
MƏSLƏHƏT GÖR: