Müəllif:
Qasımova final qarşılaşmasında qələbə qazanmaq və qızıl medala sahib çıxmaq üçün cəmi 21 saniyə kifayət etdi.
Qeyd edək ki, Elmar Azərbaycan yığmasının Avropa çempionatındakı çıxışına çox effektli nöqtə qoydu. Qızıl medal qazanmaqla yalnız çempion olmadı, həm də onun sayəsində Ermənistanda Azərbaycan himni səsləndi.
Odur ki, bu uğuru tarixi adlandırmaq olar. Hələ Ermənistana yola düşməzdən əvvəl E. Qasımov bildirmişdi ki, artıq indidən Yerevanda bütün rəqiblərini üstələcəyini, birinci yerə qalxıb Azərbaycan himnini dinləyəcəyini təsəvvür edir (azerisport.com). Və onun bu arzuları reallığa çevrildi, cüdoçunun göstərdiyi bacarıq isə bir daha sübut etdi ki, Elmar artıq böyüklərin yarışlarına qatılmağa hazırdır. Yerevanda Elmar öz rəqiblərinin üzərinə, sanki, qasırğa kimi gəlirdi və bütün qarşılaşmaları ipponla qazanırdı. Üstəlik, keçirdiyi 5 qarşılaşmanın heç birində o rəqibə bir xal belə vermədi və kombinasiyalı, parlaq hücum güləşi nümayiş etdirdi.
Odur ki, hələ turnirin ortalarından Avro-2009-da 100 kq-a qədər çəkidə məhz Elmarın qalib olacağına artıq heç kəs şübhə etmirdi.
Onu da qeyd edək ki, finalda Elmarın rəqibi olmuş çexiyalı Lukaş Krpalek gənclər səviyyəsində bütün mümkün titulların sahibidir. O indiyədək dünya və Avropa çempionatlarının qalibi olub, odur ki, həlledici qarşılaşma cüdoçumuz üçün asan görünmürdü. Amma Elmar bu yaxınlarda Rotterdamda böyüklər arasında keçirilən dünya çempionatında ( 5-ci yeri tutdu) hamıya nümayiş etdirmişdi ki, rəqibin titulları onu qorxutmur. Təsadüfi deyil ki, Avropa Cüdo İttifaqının (EJU) saytı da ən parlaq güləş nümayiş etdirən idmançı kimi məhz Elmarın adını çəkib və onun böyük gələcəyi olduğuna işarə edib.
Bir sözlə, cüdoçularımızın Yerevana səfəri yaxşı alındı. Zarafat deyil - turnirə gedən 5 idmançının hamısı vətənə medalla qayıtdı - Elmar Qasımov qızıl, İlqar Muşkiyev (55 kq) gümüş, Rasim Əsadullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) isə bürünc medal qazandılar.
MƏSLƏHƏT GÖR: