14 Mart 2025

Cümə, 21:45

TARİXƏ DÜŞMƏK

Özü də Dünya Çempionatının qızıl medalını qazanmış ilk Azərbaycanlı cüdoçu xanım kimi

Müəllif:

15.09.2009

Rotterdamda keçirilmiş cüdo üzrə dünya çempionatı bu idman növünun tarixində ən yadda qalan turnirlərdən biri olacaq. Eyni fikirləri yarışda yüksək səviyyə və mənəvi keyfiyyət, iradə nümayiş etdirən Kifayət Qasımovanın (57 kq) simasında bir bürünc medal qazanmış Azərbaycan yığması haqda da söyləmək olar. Axı, Qasımova çiynindən aldığı zədəni sağaltmadan yarışa qatılmışdı və odur ki, göstərdiyi nəticəni heç bir şişirtməsiz qəhrəmanlıq adlandırmaq olar.

 

Adi qəhrəmanlıq

Mundial kifayət qədər səs-küylü nəticələrlə yadda qalıb. Məsələn, Yaponiyanın kişilərdən ibarət milli komandasının 1956-cı ildən sonra ilk dəfə bir dənə də olsun "qızıl" qazana bilməməsi diqqətçəkən əsas məqamlardan biridir. 

Bundan başqa, Pekin Olimpiadasının bu ölkədən olan qaliblərindən yalnız Tonq Ven (+78 kq) Rotterdamda keçirilən yarışa qatılmışdı. Elnur Məmmədli də daxil olmaqla, Pekin Olimpiadasının bir çox qalibləri isə mundialda ümumiyyətlə iştirak etmirdilər. Onların yoxluğunda bir sıra digər cüdoçuların özlərini göstərmək şansları yaransa da, bəziləri bu imkandan yararlana bilmədilər. Xüsusilə, mundialadək Beynəlxalq Federasiyanın (IJF) reytinqində 6-cı yerdə gedən Elxan Məmmədov (90 kq) öz imkanlarından son dərəcə aşağı səviyyədə çıxış etməklə, artıq ikinci qarşılaşmada mərakeşli Məhəmməd Əl Əssriyə məğlub oldu. Rotterdam mundialının karyerasında böyüklər arasında üçüncü yarışı olan Elmar Qasımov (100 kq) isə hamını, sözün yaxşı mənasında, təəccübləndirdi. Artıq onun böyük perspektivinin olduğunu söyləmək mümkündür. Sadəcə təcrübə toplamaq və güclülər arasında özünə yer etmək lazımdır. Çünki Elmar artıq hamıya nümayiş etdirdi ki, güclü rəqiblər qarşısında qətiyyən özünü itirmir, onlarla nəinki bərabər səviyyədə mübarizə aparır, hətta qalib də gəlir. Qasımov üçqat Avropa çempionu Ariel Zeyevi məhz bu cür inamla üstələdi, dünya birinciliyinin mükafatçısı Takamasi Anaini isə qarşılaşmanın başlamasından cəmi 1 dəqiqə sonra məğlub etdi. 

Düzdür, yarımfinalda qazax Maksim Rakov, daha sonra isə üçüncülük uğrunda Misirdən olan Ramadan Dərvişə qarşı döyüşdə Elmar məğlub olması isə onu göstərdi ki, deməli, üzərində işlənilməli olan məsələlər var.

Lakin kişilərdən ibarət yığmanın bacarmadığını tatamiyə çıxmazdan əvvəl zədəli çiyninə 1 qutu plastr yapışdırılmış K.Qasımova həyata keçirə bildi. Bu vəziyyətinə baxmayaraq,  böyük yarışlar üçün darıxmış Kifayət mükafatsız qalmadı. Hətta üçqat dünya çempionu Telma Monteyroya qarşı keçirilən yarımfinalda hakim Kifayətin təmiz atışını hesaba alsaydı, o, finala da çıxa bilərdi. 

İstənilən halda, Kifayət sübut etdi ki, o, perspektivdə dünya birincisi titulunu qazanmaq iqtidarındadır. Xüsusilə, nəzərə alsaq ki, bu idman növündə dünya çempionatı hər il keçirilir, onda bu fikri daha da əminliklə söyləmək olar.

Bundan başqa, Kifayətin Rotterdamdakı uğurlu çıxışı onun öz reytinqini artırmasına səbəb oldu. Belə ki, mundialda üçüncü yer 200 balla qiymətləndirilir və bu, idmançının mövqeyini möhkəmləndirməsi üçün heç də pis meydan deyil. 

Eyni fikirləri Hollandiyada 5-ci yeri tutmaqla, hesabına 100 xal yazmış E.Qasımov haqda da demək olar. 

Yeri gəlmişkən, unutmaq olmaz ki, artıq yeni ildən idmançılar Londonda keçiriləcək Olimpiadaya düşmək üçün həm də lisenziya balları uğrunda yarışa başlayacaqlar.

Bütün bunlarla yanaşı, komandamızın Rotterdamdakı çıxışını uğurlu saymaq olar - yığmamız 2001-ci ildən dünya birinciliyində minimum 1 medal qazanmaq ənənəsinə sadiq qala bilib. Özü də hər şey müqayisədə bilinir - Rotterdamda braziliyalılar, gürcülər və bir çox digər komandalar ümumiyyətlə medalsız qaldılar. 

Odur ki, komandamız minimum vəzifəsinin öhdəsindən gəlib və indi növbəti mövsümə hazırlaşmağın vaxtıdır.

 

Bakı dünya çempionatına ev sahibliyi etmək istəyir

Yeri gəlmişkən, dünya çempionatı hələ başlamazdan əvvəl müəyyən müzakirələrə yol açmışdı. Söhbət Beynəlxalq Cüdo Federasiyası (IJF) Konqresinin Bakının adını Dünya çempionatı - 2013-ə ev sahibliyi etməyə iddiaçılardan biri kimi çəkildiyi toplantısından gedir. Son illər komandamız dünya arenasında çoxsaylı ciddi nailiyyətlər əldə edib və indi bu nəticələri təşkilatçılıq qabiliyyəti ilə də möhkəmləndirməyin zamanıdır.

Amma turnirə ev sahibliyi etmək hüququnu qazanmaq o qədər də asan məsələ deyil. Çünki çempionatın harada keçiriləcəyi bir neçə il əvvəldən müəyyən olunur. Odur ki, hazırda "boş" olan ən yaxın dünya çempionatı 2013-cü ildə keçiriləcək turnirdir. Ona ev sahibliyi etmək istəyənlər isə heç də az deyil - Budapeşt, London, Rio. 

 

Üstəlik, ərizə qəbulu hələ də açıqdır

Amma istənilən halda, cüdoçularımızın son illər beynəlxalq arenada əldə etdiyi nailiyyətlər, Azərbaycanın bu təşəbbüsünü məntiqli edir. Həm də axı, Bakı artıq olimpiya idman növü üzrə yarışa ev sahibliyi edib - güləş və bədii gimnastika üzrə yarışları yada salmaq kifayətdir. Bundan başqa, hər il Bakıda Dünya Kuboku keçirilir, vaxtilə isə gənclər və qızlar arasında Avropa çempionatı məhz Azərbaycanda təşkil olunub. Odur ki, bu sahədə təcrübə kifayət qədərdir.

Lakin təbii ki, bu məqsədə nail olmaq üçün yalnız ərizənin təqdim olunması azdır və bununla yanaşı mübarizə də aparılmalıdır. Xüsusilə, rəqiblərin bu qədər bol olduğu bir şəraitdə. Məsələn, onsuz da mükəmməl infrastruktura malik London Olimpiada-2012-dən sonra böyük turnirlərin təşkili üçün imkanlarını daha da artıracaq. Budapeşt isə cüdo üzrə yarışların təşkilində mahirdir, üstəlik, bu il gənclər üzrə dünya birinciliyinə ev sahibliyi edib. 

Rioya gəlincə, 2005-ci ildə mundial bu ölkədə keçirilib və cənubi amerikalılar daha bir turnirə ev sahibliyi etmək üçün mübarizəyə hazırdırlar. 

Bütün bunlarla yanaşı, unutmaq olmaz ki, IJF-nin rəhbəri Marius Vizer dəfələrlə Bakıda olub və bizim hansı təşkilatçılıq qabiliyyətinə malik olduğumuzu yaxşı bilir.

Hər halda, milli federasiya dünya çempionatı uğrunda ciddi mübarizə aparamaq istəyirsə, bəlkə də, bu kampaniyaya təqdimatına xüsusi ehtiyacı olmayan şəxsi - Elnur Məmmədlini də qoşmaq lazımdır. 

Bir sözlə, strategiya haqda hələ ki düşünmək lazımdır. İlk addım isə artıq atılıb - IJF Bakıya yarışın keçirilməsi üçün potensial paytaxtlardan biri kimi baxır.

 

Qaydalarda dəyişiklik olacaq

IJF Konqresi öz növbəsində yeniliklərlə bağlı bir sıra vacib qərarlar qəbul edib. Artıq IJF-nin hakimlər komissiyası cudo qaydalarında planlaşdırılan dəyişiklikləri açıqlayıb. Məsələn, indiyədək qüvvədə olan ayaqdantutmanın istənilən formasına əl atacaq idmançı cəzalandırılacaq. "Biz istəmirik ki, bizim idmanımız digər döyüş növləri ilə qarışdırılsın. Cüdo cüdodur və IJF əsl cüdoya qayıtmaq istəyir", - deyə hakimlər komissiyasının rəhbəri Xuan Karlos Barkos bildirib. 

IJF-də narahatlıq yaradan əsas məqam qarşılaşmalarda tez-tez sambo üsullarından istifadə edilməsidir. "Bu bizim idman növümüzün Olimpiadadakı gələcəyi baxımından yaxşı hal deyil", - deyə Barkos bildirib.

Qeyd edək ki, dəyişikliklər gənclər arasında bu ilin oktyabrında Parisdə keçiriləcək dünya birinciliyində sınaqdan keçiriləcək.

Barkos onu da bildirib ki, cüdonun müasirləşdirilməsi və peşəkarlaşdırılması istiqamətində növbəti addım döyüş zamanı tatamidə 3 yox, 1 hakimin xidmətindən istifadə edilməsi olacaq. Onun sözlərinə görə, bu addımın atılmasında məqsəd keyfiyyətli hakimlik və hakimlərin səviyyəsinin artırılmasıdır: "20 yaxşı hakimin müəyyənləşdirilməsi, onlarla işləmək, bacarıqlarını artırmaq daha asandır, nəinki eyni səviyyəli 40 hakimi tapmaq. Lakin hakim qarşılaşmanın idarə edilməsində tək olmayacaq. Qarşılaşmanı videogörüntüyə alan texnika ona yanlışlıqlardan qaçmağa kömək edəcək, çətinliyin yarandığı təqdirdə görüntülərin izlənməsi ilə dəqiq qərar çıxarılacaq. Parisdə keçiriləcək dünya birinciliyində referi baş hakimlə radioəlaqədə olacaq və bu da lazım gəldikdə dərhal onunla məsləhətləşməyə imkan yaradacaq. Bizim məqsədimiz cüdoda peşəkarlığı daha da artırmaqdır və hakimlər də son dərəcə yüksək səivvəli olmalıdırlar. Digər tərəfdən, tatamidə hakimlərin sayı nə qədər az olarsa, idmançılar üçün meydan geniş, publika və televiziya üçün görünüş daha baxımlı olacaq".

Komandamıza qayıdaraq, qeyd edək ki, dünya çempionatından sonra K.Qasımova Tokioda keçiriləcək "Böyük Dəbilqə" turnirinə dəvət alıb. Ənənəyə görə, təşkilatçılar Olimpiada mükafatçıları və dünya birinciliyində medal qazanmış idmançılara dəvət göndərirlər və demək, Kifayət, avtomatik olaraq, seçilmişlərin sırasına düşüb. 

Lakin o, yəqin ki, dekabrda keçirilməsi nəzərdə tutulmuş turnirə qatılmayacaq: səbəb idmançının çiynindəki zədədir. Yaxın zamanlarda idmançının üzərində cərrahiyyə əməliyyatının keçiriləcəyi gözlənilir. Bununla da, onun gələn ilin lisenziyalı turnirinə hazır formaya gətirilməsinə çalışılacaq. 

Gələn ildən idmançıların Olimpiadaya qatılması üçün lisenziya xalları uğrunda da mübarizə aparılacaq və demək, London uğrunda yarış tezliklə başlanılacaq. 

Şübhəsiz ki, turnirə son dərəcə yüksək hazırlıq formasında getmək vacibdir.


MƏSLƏHƏT GÖR:

441