
EY ZAMAN, DAYAN …
Tanınmış Paris fotorəssamı, bizim həmvətənimiz Aleksandra Kremer-Xomasuridzenin sərgisində böyük musiqiçilərin həyatı başqa rakursdan görünəcək
Müəllif: İradə KARAÇAYEVA Bakı
Sentyabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Şərq-Qərb" Beynəlxalq Bakı kinofestivalı çərçivəsində tanınmış Paris fotorəssamı, uşaqlığı Bakıda keçmiş Aleksandra Kremer-Xomasuridzenin "Live music" adlı fotosərgisi keçiriləcək. Sərginin mövzusu musiqiçilərin, dünyanın tanınmış maestrolarının insanlardan gizli olan həyatı, yəni bir növ aysberqin görünməyən tərəfidir. Bu, böyük insanların yaşadığı və yaratdığı dünyadır. "Region plus"un əməkdaşı Aleksandranın işləri ilə hələ əvvəllər, 15 illik əməyinin bəhrəsinin bakılılara təqdim edilməsindən çox-çox qabaq tanış olmaq imkanı qazanıb. Bu, onun doğma şəhərinə qısamüddətli səfəri çərçivəsində baş tutmuşdu.
Ustadın çəkdiyi şəkillərdən anlamaq olur ki, Aleksandra xoşbəxt insandır, özünü tamamilə yaradıcılığa həsr edib, var olmanın hansısa bir görünməz həlqəsinin prosesində yaşayır, şəkillərini öz emosional həyatını yaşadığı anda qapamaqla məşğuldur. Aleksandranın özü hesab edir ki, doğma və sevimli şəhərində, təmir olunmuş və ürəyinə çox doğma filarmoniyada öz işlərini göstərmək üçün ona gözəl imkanlar yaradıblar. "Bakı sərgisi mənim üçün həyəcanlandırıcı hadisədir, bu, köhnə, sevimli və qonaqpərvər dostun dəvətidir. Bu, keçmiş, bu gün və gələcək arasında görüş, dialoq və vizual körpüdür", - deyə o bildirib.
- Niyə siz, deyək ki, siyasətçiləri yox, məhz musiqiçiləri çəkməyə başlamısınız?
- Bu, vəziyyətlə bağlıdır. Mənim şəxsi həyatım musiqi dünyasından olan bir insanla- Qidon Kremerlə bağlı olub. Uyğun olaraq bir yerdən başqa yerə köçməyə, tez-tez yerini dəyişməyə imkan verən peşə ilə məşğul olmaq lazım idi. Mənim baza təhsilim rəssamlıq olduğundan fotoşəkillər mənə çox yaxın idi. Başqa tərəfdən, musiqiçilərə marağım onunla bağlıdır ki, mənə qədər onları heç kim belə çəkməmişdi. Əvvəlcə mən sadəcə, şəkillərini çəkirdim, belə bir layihə ilə məşğul olmaq fikrim yox idi. Mənim dünya haqqında fotoşəkillərlə dolu başqa kitabım artıq hazır idi. Onun adı "Kontrast" dır. Yuri Karsman onu görəndən sonra çap etməyi təklif etdi və həm də sözgəlişi bildirdi: "Yəqin ki, sizin unikal arxiviniz var". Demək olar ki, sərgi haqqında ideya məhz onda yarandı. Və mən layihə üzərində işləməyə başladım. Ümumilikdə, artıq olan materialları yığmağa və başqa müğənniləri, əlavə kompozisiyaları çəkməyə iki il getdi.
- Musiqiçilərlə necə razılaşırdınız?
- Birincisi, mənə bütün vaxt Qidon yardım edirdi. İkincisi, mən onların qrafiklərini ətraflı öyrənirdim, nə vaxt onlara yaxınlaşa biləcəyimə qərar verirdim. Onların saytlarına, fotoşəkillərinə baxırdım, təkrarçılığa yol vermək istəmirdim. Sonra agentlərinə zəng edirdim və gözləyirdim ki, maestro nə vaxt "hə" deyəcək.
- Bu səviyyədə ulduzları çəkmək çətin olmurdu?
- Pletnevi çəkmək çox çətin oldu, çünki o heç zaman öz emosiyalarını biruzə vermirdi. O həmişə "dzen" halında olur. Ancaq ifa zamanı bir neçə kadr çəkmək mümkün oldu.
- Çəkilişdən sonra sizdə hanısı hisslər qaldı?
- Bir tərəfdən, çox yaxşı - bu, uğurlu kadrlar edəndə baş verirdi. Başqa tərəfdən isə dəhşətli hisslər qalırdı, çünki bu, çox ağır işdir. Çünki sən daim onlara mane olursan, səs dünyasına fotoaparatın çıqqıltısı ilə müdaxilə edirsən.
- Məgər siz onların "şəxsi məkanına" müdaxilə etməmisiniz?
Axı yaradıcı insanlar şəkillərinin çəkilməsini sevmirlər.
- Mən çalışırdım ki, onlar mənə alışsınlar. Birincisi, onların çoxu məni uzun illərdir ki, tanıyırdılar. Mən özüm də bu dünyanı çoxdan tanıyıram: bilirəm ki, necə, harada, hansı məqamlarda çəkmək olar/. Mən bunu hiss edirəm, çalışıram ki, öz qəhrəmanlarıma toxunmayım, çünki onların əməyinə hörmət edirəm. Çalışıram ki, səhnəyə açıq müdaxilə və s.-lərlə məşğul olan başqa fotoqraflar kimi onlara maneçilik törətməyim... (gülür). Mənim aparatım uyğun gəlir - çox sakitdir. Bu məsələdə mən artıq peşəkaram. Buna görə də tamamilə öz dünyamda idim. Əlbəttə ki, onlar da öz dünyalarında idilər.
- Səslərin arasında çəkmək nə cürdür? İki şeyi birləşdirməyi bacarmısınızmı -eyni vaxtda həm çəkib, həm də musiqiyə qulaq asa bilmisinizmi?
- Yox, bu, demək olar ki, mümkün deyil. Yalnız indi mən layihə üzərində işi qurtarandan sonra özüm barədə düşündüm: yəni mən də indi bir ağ adam kimi konsert zalında otura, musiqiyə qulaq asıb həzz ala bilmərəm? Çəkiliş zamanı musiqiyə qulaq asmaq mümkün deyil, çünki sən hər zaman uğurlu kadr axtarışında olursan. Həm də konsert zamanı sən kulisdə dayanaraq gözləyirsən ki, musiqiçinin nə zaman, necə və hansı emosiyalarla çıxdığını, necə geyindiyini görəsən. Ancaq elə hallar da olurdu ki, musiqi mənim işimdən güclü çıxırdı və ondan həzz aldığıma görə mən sadəcə, işləyə bilmirdim. Məsələn, mən uzun müddət Yevgeni Kisini çəkə bilmədim. O mənə məşqlər zamanı çəkməyə icazə vermişdi. Ancaq o, elə gözəl çalırdı ki, mən çəkə bilmirdim. Böyük salonda məndən və onun həm də müəllimi olan anasından başqa heç kim yox idi. Mən unutmuşdum ki, buraya nəyə gəlmişəm. Düyməni basmağı özümə rəva bilmirdim. Bu, bütün layihə boyunca ən çətin şəkillər idi.
- Bütün bunları buraxaraq yüngül işlə məşğul ola bilməzdiniz?
- Əlbəttə, belə fikir bir neçə dəfə yarandı. Mən sadəcə başladığım işi başa çatdırmağa borclu idim.
- Sizə musiqiçilərdən hansısa müraciət edibmi ki, "bəlkə, mənim də şəklimi çəkəsiniz?"
- Yox, bir dəfə də. Onların, demək olar ki, bizim fotoşəkillərə ehtiyacı yoxdur.
- Siz öz işlərinizin nəticələrini maestrolara göstərdinizmi? Onlar öz fotoşəkillərinə necə reaksiya verdilər?
- Bəzi şəkilləri onlar görürdülər, bəzilərini də yox. Bu, elə də vacib deyil. Onlar hamıya xoş gəlirlər. Onlar çox emosionaldırlar. Allaha şükür ki, hələ heç bir problem olmayıb. Hər şey həmişə çox müsbət keçib. Heyrət edirdilər, əlbəttə, bir-birlərinin şəkillərinə gülürdülər: "Bu, ayrı aləmdir!" Onlar həmişə həmkarlarının şəkillərinin necə çıxmasına baxmağı xoşlayırdılar.
- Sizin qəhrəmanlar poza almağı xoşlayırdılarmı?
- Yox-yox, heç biri poza almağı xoşlamır! Onlar hərdən mənim obyektivimə baxmağa çalışırdılar, amma mən həmişə deyirdim: "Nəbadə, mənə baxarsınız, mən burda yoxam. Çox diqqətli olmayın və çalışın ki, poza almayasınız. Bu mənim istəmədiyim bir şeydir. Mən istəyirəm ki, siz məni görməyəsiniz, çünki mən sizin həyatınızın bir hissəsiyəm və sizin həmin o həyatınızın foto şəklini çəkmək istəyirəm".
- Niyə sizin fotoşəkillər ağ-qara üslubda çəkilib?
- Ağ-qara mənim sevimli üslubumdur. Mənə sfumato üslubu çox xoş gəlir, italyanca "sfumato" ört-basdır edilmiş, duman kimi yoxa çıxmış deməkdir. Rəsmin üslubu təsvir edilən əşyaların, mənzərənin, fiqurların cizgilərini və bütövlükdə onların işıq-kölgə modelləşdirilməsini yumşaltmaqdır ki, bu da onları bürüyən havanı təsvir etməyə imkan yaradır. Sfumato üsulunda hava perspektivinin ən vacib elementlərindən biri səpilmə prinsipidir ki, bunun da əsası nəzəri və təcrübi olaraq Leonardo da Vinçi tərəfindən qoyulub.
Həm də musiqiçilərdə müəyyən monoxromluq var, notlar, geyimlər, bir sıra alətlər ağ-qaradır. Mənə elə gəlir ki, boyaların peyda olması ilə emosiyaların hansısa hissəsi yoxa çıxa bilər. Həm də çəkiliş şəraiti tamam fərqlidir. Orada işıq, demək olar ki, azdır. Əgər rəngli şəkil çəksəm, sarı rəngdə alınacaq. İşıq yoxa çıxır, əgər rəng peyda olsa, işıq olmayacaq. Mən hətta qara rəngin niyə mənə xoş gəlməsini izah edə bilmirəm. Musiqiçilərin portertlərinin rəngli variantı məndən ötrü, demək olar ki, heç nə demir. Mən onlarda harmoniya görmürəm. Bu mövzuda mən rəng görmürəm. Ola bilər ki, sonrakında mümkündür.
- Sonrakı mövzu nə olacaq?
- Neft.
- Klassik musiqiçilərdən sonra neft?
- Hə, mən bütün buruqlara baş çəkmişəm. Orada gözəl insanlar işləyir. Tamamilə başqa dünyadır, özünəməxsus mimikaları var. Orada çəkiliş üçün hər şey - işıq, rəng və insanlar var. Mən bu mövzunu çox sevirəm.
- Bu sizi nə ilə cəlb edir?
- Fotoqraf yaxşı bildiyi bir şeyi çəkməlidir. Onda nəsə gerçkdən maraqlı bir şey alınır. Mən artıq Neft Daşlarını çəkmişəm. Bütün neftli yerləri Sibiri, Qazaxıstanı, Meksika körfəzini, həm də İran körfəzini çəkməyə çalışıram.
- Siz söylədiniz ki, musiqiçiləri ona görə çəkməyə başladınız ki, o vaxt sizinlə birgə olan adam musiqiçi idi. Neft çəkilişləri həyatınızda bu sahə ilə bağlı bir adamın, deyək ki, neft maqnatının peyda olması ilə bağlı deyil ki?
- Yox, heç bir maqnat yoxdur (gülür). Mən axı Bakıda böyümüşəm. Bu mövzu mənə çox yaxındır. Mən tez-tez eşidirəm: "Sən neftin nəyini çəkmək istəyirsən, axı o çox pis qoxuyur". Əgər onda gözəllik görürəmsə, niyə çəkməyim? İndi detallara varmaq istəmirəm, layihə hazır olanda hər şeyi özünüz görəcəksiniz. Əvvəlki musiqili mövzu çox mürəkkəb idi. Çünki orada peyzaj yox idi. Ondan sonra neft əladır.
- Bəllidir ki, qadınlar və kişilər məsələlərə fərqli yanaşır. Fotoincəsənətdə vəziyyət necədir? Sizcə, fotoincəsənətdə "qadın baxışı" nə ilə seçilir? Axı fotoqraflıq kişi sənəti sayılır.
- Mən düşünürəm ki, qadın baxışı daha yumşaq, sentimental, artistikdir. Kişi baxışı isə tamamilə məlumat yönümlüdür. Bəlkə də, bu cür tutuşdurmalar aparmaq düzgün deyil, çünki tam mənada kişilər aparıcıdır. Haradasa 80%-in 20%-ə nisbətində. Qadınlara çəkiliş zamanı çoxlu işıq, rəng və çox sayda xoş xırdalıqlar lazımdır. Şəxsən mənə qadınların fotoqrafiyası xoş gəlir.
- Kişi fotoqraflar qadın həmkarlarına necə baxırlar?
- Sürücü qadınlara baxan kimi (gülür). Onlar buna bir az da kinayə ilə yanaşırlar, deyirlər işlə görək, nə çıxacaq. Özünüz baxın, bu gün nə qədər çox qadın sükan arxasında olsa da, onlara qarşı münasibət elə əvvəlki kimidir. Amma gərək düzünü deyəsən, model fotoqrafiyasında kişilər daha yaxşıdır, onlar buna fərqli baxırlar. Biz sadəcə obyektə baxırıq, onlar isə qadını görürlər. Müharibəni də yaxşı çəkirlər. Müharibədə də podiumda olduğu kimi qadınlar heç bir iş görə bilmirlər. Orada cəldlik və sürət lazımdır. Biz modelin nə geyindiyinə, hansı daş-qaşları taxdığına baxana kimi kişi onlarla kadr edəcək. Tematik məsələlərdə isə qadınların yanaşması fərqlidir, daha dərin və həssasdır.
- Kadr arxasınca bu köçəri həyat sizi yormur? Səfər zamanı da nəsə çəkirsinizmi?
- Səyahət etmək çox xoşuma gəlir. Bununla belə səfər zamanı mənim hansısa məqsədim olmalıdır. Br qayda olaraq, işçi məqsəd olmalıdır. Asiyanı sevirəm. Bununla belə paralel olaraq, heç nə çəkə bilmirəm. Əgər mən hansısa məqsədlə hansısa ölkəyə gedirəmsə, məndən ötrü işdən başqa heç nə olmur. İstirahət başqa, iş tamam başqadır. Hər şeyin öz həddi olmalıdır. Mən nə vaxt musiqiçiləri çəkirəmsə, onunla yaşayıram və həmin anı gərək olan kimi çəkirəm.
- Daim musiqili cəmiyyətdəsiniz. Heç vaxt musiqi ilə məşğul olmağı düşünməmisiniz?
- Yox, təəssüf ki, elə məşğul olmaq mümkün deyil. Bizim ailədə, demək olar ki, hamı musiqiçi idi. Filarmoniya və Opera Balet və Teatrı Bakıda mənim ikinci evim idi. Çox təəssüf edirəm ki, anam məni musiqi məktəbinə verməmək qərarına gəldi. Çünki onda mənim həyatımı "əlavə olaraq" xarici dillə yükləmişdilər, yəni məsələyə tamam fərqli baxış var idi. Düşünürəm ki, hər bir insanın musiqi təhsili olmalıdır. Hər bir uşaq məcburi qaydada musiqidə oxumalıdır. O, musiqiçi olmasa belə, onu başa düşməlidir.
- Sizin sərgiyə gələn kənar tamaşaçıya nəyə diqqət yetirməyi məsləhət görərdiniz?
- Mən çox istərdim ki, bu sərgiyə gələn tamaşaçı daha çox emosionallığa fikir versin, bu məndən ötrü çox önəmlidir. Həyatda ən başlıcası emossiyalar, hisslər, sevgi və həvəsdir. Bütün bunlar mənim fotoşəkillərimdə var. Mən çox istərdim ki, tamaşaçı musiqi dünyasının necə emossional olduğunu, musiqi dünyasından olan insanların da belə olduğunu, onların işinin nə qədər mürəkkəbliyini anlasınlar. Musiqiçilər axı çox vaxt kürəklərini tamaşaçıya doğru çevririrlər, ona görə də tamaşaçı onların sifətində nə baş verdiyini görə bilmir. Bunlar tamamilə fərqli insanlardır. Onları çəkmək çox maraqlı idi, buna görə də işin məğzini görməyə ehtiyac var idi. Mənim sərgimdə bir az da bu var. Yəni onların səhnədə, səhnə arxasında və həyatda necə olmasını vermişəm.
- Sərgidə 80-dən çox iş göstəriləcək. Onların arasında özəli, sevimlisi varmı?
- Onların hamısı mənim üçün özünəməxsus şəkildə doğmadır. Amma Mstislav Rostropoviçin Qiya Kançeliyanı qarşıladığı səhnə çox xoşuma gəlir. Violonçel ustası xanım Butmanın gülməyini də bu sıraya daxil edərdim. Çünki onu nadir halda gülən görmək olur, burada kadr çox gözəl alınıb. Emossional şəkilləri çox sevirəm. Musiqiçilər, dirijorlar rejissor və yazıçılardan fərqli olaraq, çıxış zamanı çox emosionaldırlar.
Fotorəssam Aleksandra Kremer-Xomasuridze musiqi dünyasının səhnəarxası həyatını tamaşaçılara göstərməyi bacarıb: səslərin və notların yaranması, konsertlər və məşqlər, ötərgi görünən, amma insanda ən çılğın hisslər yaradan məsələlər üzərində gündəlik ağır və gərgin iş onun obyektivində yer alıb.
MƏSLƏHƏT GÖR: