14 Mart 2025

Cümə, 21:45

İKİ HƏLLEDİCİ SƏHV

Və ya ötən əsrin 30-cu illərinin sonlarında avropada yaşananlar bizə niyə rahatlıq vermir?

Müəllif:

15.09.2009

Hamı bilir ki, tarix felin lazım formasını qəbul etmir. Amma indinin özündə də çoxumuz bir suala cavab axtarırıq: görəsən, bəşəriyyətin ən dəhşətli faciəsi olan İkinci Dünya müharibəsinin qarşısını almaq mümkün idimi? Faşistlərin ölüm maşınının qarşısını almaq üçün həddindən artıq böyük qurbanlar verildi - milyonlarla insan öldü, əlil, yetim, dul qaldı, minlərlə dağılmış şəhər, yandırılmış kəndlər və sahələr.

Məhz bu səbəbdən də bir sual bizi daim narahat etməkdədir: "Ozamankı siyasətçilər nəyi düz etməyib və ümumiyyətlə, nə edib, həmin vaxt dünyanın taleyi kimlərin əlində idi?".

Deyilərlər ki, əgər insanlar keçmiş müharibələri unudursa, yeni müharibələr başlayır. Hazırkı prezidentlər, hökumət başçıları və nazirlər, ümumiyyətlə hamı, təxminən, bir əsr əvvəl baş vermiş faciəni yaddan çıxarmamalıdırlar. Axı, bu məsələ ətrafında aparılan mübahisələr göstərir ki, hələ heç də bütün yaralar sağalmayıb, nəticələr çıxarılmayıb, hələ vahimə və inamsızlıq qalmaqdadır.

2009-cu il sentyabrın 1-i Qdanskda 70 il əvvəl olduğu kimi başlayıb. Məhz həmin gün Vesterplatte yarımadasındakı Polşa əsgərləri nasist ordusunun hücumuna məruz qalmışdı. Bu hadisənin ildönümü ilə əlaqədar Almaniya kansleri Angela Merkel, İtaliyanın baş naziri Silvio Berluskoni, Rusiya hökumətinin başçısı Vladimir Putin, Avropa Parlamentinin baş katibi Yeji Buzek,  ABŞ nümayəndəsi, həmçinin Litva, Latviya, İsveç, Estoniya, Finlandiya, Hollandiya və Çexiyanın baş nazirləri, Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend Qdanska toplaşıblar. 

Ötən əsrin 30-cu illərində başlamış İkinci Dünya müharibəsinin iştirakçıları olmuş ölkələrin indiki liderlərinin münasibəti bütünlükdə dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Xüsusilə Moskvanın özünü necə aparacağı hər kəsi maraqlandırırdı.

V. Putin Qdanska səfərdən bir müddət əvvəl Polşanın Gazeta Wyborcza nəşrində dərc etdirdiyi məqaləsində, çoxlarının fikrincə, Molotov-Ribbentrop paktı ilə 1938-ci ilin Münhen razılaşmasını eyniləşdirib: "Tam əminliklə və əsaslı olaraq 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktını məzəmmət etmək olar. Lakin axı cəmi 1 il əvvəl Fransa ilə İngiltərə Münhendə Hitlerlə məşhur razılaşmaya imza atmışdılar və məhz bu sənəd faşizmlə mübarizə üçün vahid cəbhə yaratmaq ümidini puç etdi".

Putinin sözlərinə görə, məhz Almaniyanın Çexoslovakiyanın Sudetsk vilayətini qəsb etməsinə səbəb olmuş 1938-ci il müqaviləsindən sonra Hitler belə qərara gəldi ki, o artıq istədiyini edə bilər və Fransa ilə Böyük Britaniya "müttəfiqlərini müdafiə etmək üçün əlini ağdan-qaraya vurmayacaq". 

Xatırladaq ki, sovet dərsliklərində Münhen razılaşması çox vaxt "Münhen sazişi" yox, "Münhen sövdələşməsi", bəzən isə "İmperialistlərin Münhen sövdələşməsi" adlandırılırdı. 

Putinin məqaləsində daha sonra deyilir: "Məgər Birinci Dünya müharibəsini yekunlaşdırmış Versal müqaviləsi özündən sonra çoxsaylı "gec partlayan bomba" qoymamışdımı? Onlardan başlıcası isə Almaniyanın yalnız məğlubiyyəti yox, həm də alçaldılması idi. Məgər Avropada sərhədlər 1939-cu il sentyabrın 1-dən xeyli əvvəldən dağılmağa başlamadımı? Tək Almaniyanın yox, həm də Macarıstan və Polşanın Avropanın  bölünməsində iştirak etdiyi vaxt nə Avstriyanın anşlyusu, nə də parçalanmış Çexoslovakiya var idi. Münhen sövdələşməsinə imza atıldığı gün Polşa Çexoslovakiyaya ultimatum verdi və alman ordusu ilə eyni vaxtda öz qoşunlarını Teşinsk və Friştadsk vilayətlərinə yeritdi. Qərb demokratlarının Hitlerin aqressiyasını "Şərqə" yönəltmək üçün etdikləri gizli cəhdlərə göz yummaq olarmı?".

Molotov-Ribbentrop müqaviləsinin imzalanmasının səbəbləri haqda da danışan Rusiyanın baş naziri bildirir ki, "1939-cu ildə SSRİ iki cəbhədə (məhz 1939-cu ilin avqustunda Xalxin-Qol çayında yaponlarla münaqişə özünün ən gərgin həddinə çatmışdı) müharibə təhlükəsi ilə üz-üzə qalmışdı, SSRİ-nin Qərbdəki mümkün müttəfiqləri isə alman reyxi ilə analoji razılaşmaya gedərək, əməkdaşlıqdan boyun qaçırmışdılar".

Göründüyü kimi, Putin çıxışa yaxşı hazırlaşıbmış. Polşanın digər nəşri - "Dzennik" iddia edir ki, Rusiyanın baş naziri bu ölkəyə səfər ərəfəsində tarixçilərlə görüşlər keçirib, ötən əsrin 30-cu illərində Avropadakı vəziyyətə dair sənədlərlə tanış olub.

Qərb ölkələrinin isə Molotov-Ribbentrop paktına, xüsusilə onun Polşanın taleyinə dair gizli əlavə protokoluna (Polşanın bölünməsi ilə əlaqədar demarkasiya xətti haqqında), həmçinin SSRİ-yə Finlandiya da daxil olmaqla, Baltikyanı ölkələrlə münasibətdə tam sərbəstlik verilməsi faktına öz baxışı var.

70 il əvvəlki hadisələrə nə Münhen sazişi, nə də Molotov-Ribbentrop paktının imzalanması zamanı hakimiyyətdə olmamış siyasətçinin -  Uinston Çerçillin gözü ilə baxmaq kifayət qədər maraqlı və faydalıdır. Çerçillin siyasi, iqtisadi və hərbi məsələlərdəki böyük təcrübəsi, savadı, həmçinin anadangəlmə ağlı və fərasəti ona İkinci Dünya müharibəsi ərəfəsində və müharibənin ilk ilində Avrasiyada baş verənləri ayıq və qərəzsiz şəkildə qiymətləndirməyə imkan verirdi.

"Yuqoslaviya, Rumıniya, Macarıstan və Çexoslovakiya. Bu ölkələri ayrı-ayrılıqda məhv etmək olar. Lakin birləşən zaman onlar böyük qüvvəyə çevrilirlər. Daha sonra Bolqarıstan, Yunanıstan və Türkiyə gəlir. Bütün bu dövlətlər öz fərdiyyatını, milli müstəqilliyini qoruyub-saxlamaq istəyir. Əgər bu dövlətlər Qərbin iki nəhəng demokratiyası (Fransa və Böyük Britaniya) ilə sıx şəkildə birləşsəydi, bu, sabitlik yolunda vacib və bəlkə də həlledici addım olardı. Lakin hələ bu da yalnız başlanğıc olardığ - Avropanın şərqində böyük Rusiya dövləti yerləşir. Bu ölkə sülhə can atır, amma nasizm təhlükəsi ilə üz-üzə qalıb. Bu ölkə adını çəkdiyim Mərkəzi Avropa dövlətlərinə nəhəng fon və əks ağırlıq yaradır. Əlbəttə ki, biz Sovet Rusiyasına nə baş əyməli, nə də ona ümid etməliyik. Amma indi - təhlükənin bu qədər real olduğu bir vaxtda - Rusiyanın da nasistlərə qarşı müqavimət aktına qoşulmasına mane olsaq, bu, yalnız və yalnız axmaqlıq olardı. 

Hələ üçüncü tərəf də var. Söhbət Polşa və şimaldakı digər dövlətlər - Baltikyanı ölkələr və Skandinaviya fövqəldövlətlərindən gedir. Əgər biz adını çəkdiyim qüvvələri bir araya gətirə bilsək, onlara kifayət qədər əhəmiyyətli hərbi sülh zəmanəti verə bilərik. Bu halda Atlantik okeanın ın digər tərəfindən olan Birləşmiş Ştatlar da bizimlə həmrəylik nümayiş etdirər". Bu, həmin vaxt Mühafizəkarlar Partiyasından deputat olan Çerçillin 1938-ci il mayın 9-da Mançesterin "Fri-Treyd Xoll" zalındakı çıxışından bir hissədir.

Həmin vaxt Almaniya artıq Avstriyanı işğal etmişdi, İspaniya parçalanmışdı, aprelin 16-da Böyük Britaniya ilə İtaliya isə Romaya Abissiniya (hazırki Efiopiya) və İspaniyada fəaliyyət üçün sərbəstlik verən razılaşmaya imza atmışdılar. 

İki il əvvəl isə Avropanın büutün dövlətləri Hitlerin ordunu dilmilitarizasiya olunmuş Reynsk vilayətinə necə yeritməsini və Fransa sərhədlərinə necə yaxınlaşmasını müşahidə edirdi.

1938-ci il avqustun 26-da Sudetsk faşistlərinin lideri Qenleyn tərəfdarlarından "özünümüdafiəyə keçmək və marksistlər, məsuliyyətsiz çex elementləri ilə qurtarmaq" göstərişi verdi. Artıq 1938-ci il sentyabrın 29-da Fransanın baş naziri Deladye, Böyük Britaniya hökumətinin başçısı Çemberlen, həmçinin Hitler və Mussolininin iştirakı ilə həmin Münhen konfransı keçirildi. Sovet İttifaqının nümayəndələrinin iştirak etmədiyi toplantı zalına Çexiya təmsilçiləri də buraxılmamışdı.

1938-ci il oktyabrın 1-də Münhendən vətənə qayıdan Çemberlen Londonda öz məşhur açıqlamasını verdi - "Mən sizə sülh gətirmişəm!”

Amma o nə qədər yanılırmış! 

Həmin vaxt Hitler və Mussoliniyə güzəştə gedilməsinə qəti şəkildə etiraz edən Çerçill bildirirdi ki, Çemberlenin Çexoslovakiya üçün əldə edə bildiyi maksimum nəticə odur ki, "əvvəl dadlı tikələri gizlin şəkildə yeyən alman diktatoru, indi tikələri açıq şəkildə - bir-birinin ardınca udur".

"Hər şey bitdi! Yazıq, tənha, sındırılmış Çexoslovakiya qaranlığa qərq olur"  - deyə Çörçil bildirirdi və hesab edirdi ki, Çexoslovakiya "satılıb, məhv edilib, indi isə həzm olunur".

Onun sözlərini Nürnberq prosesinin sənədləri arasında olan Hitlerin Keytelə məktubu da təsdiqləyir: "Mən Çexoslovakiyaya qarşı əməliyyata yalnız qəti əminlik yaranacağı təqdirdə qərar verəcəyəm, necə ki yalnız Fransa və İngiltərənin məsələyə qarışmayacağına əmin olduqdan sonra demilitarizasiya olunmuş zona və Avstriyaya hücum etdim".

Münhen sazişinə etiraz edən yalnız Çerçill deyildi. Bu məsələdə onu İngiltərə parlamentinin yüzdən artıq deputatı da dəstəkləyirdi. Onlar Polşanı da tənqid edirdilər, çünki çexlərlə slovakların dövlətinin xarabalıqları üzərində nasistlərin verdiyi "qonaqlıqdan keflənmiş" Polşa, faktik olaraq Teşen vilayətini zəbt etmişdi. 

Bəzi tarixçilərin fikrincə, o zaman Hitleri dayandırmaq mümkün olmasa da, fikirləşməyə məcbur etmək olardı. Yəni, Avropa ən azı vaxt uda bilərdi. 1938-ci ildə Almaniyada ölkənin genişmiqyaslı müharibəyə hazır olmadığını düşünən qüvvələr də var idi. Lakin səbəbsiz yerə Hitlerə edilən güzəştlər onun ağılsız və təhlükəli ideyalarını reallaşdırmasına şərait yaratdı. 

Beləliklə, ilk həlledici səhvə yol verildi: artıq 1939-cu ilin aprelində İtaliya Albaniyanı işğal etdi, Almaniya isə Polşa ilə hücum etməmək haqda razılaşma imzaladı.

Bütün bunları nəzərə alanda, adama elə gəlir ki, Putinin fikirləri ilə razılaşmamaq çətindir. 

Lakin tezliklə ikinci həlledici səhvə də yol verildi.

Niyə Böyük Britaniya-Fransa-SSRİ üçtərəfli birliyi yaranmadı? Niyə bunun əvəzində Molotov-Ribbentrop paktı imzalandı? Etiraf etmək lazımdır ki, indi heç kəs bu suallara qərəzsiz cavab verə bilməz. Hazırda Rusiyada hərdən (əvvəllər isə Sovet İttifaqında daim) belə bir fikri eşitmək olar ki, Parislə London nasist Almaniyası ilə kommunist Rusiyanın bir-birini əldən salacaqlarına ümid edərək, Moskva ilə razılaşmaya getməyiblər. 

Qərbdə isə deyirlər ki, Stalin özü də Böyük Britaniya və Fransa ilə ittifaqa can atmayıb və bu, onun işğalçı planları ilə bağlı olub. Guya hətta Böyük Vətən müharibəsinin başlandığı zaman Qırmızı Ordu elə mövqedə idi ki, buradan müdafiə olunmaq yox, yalnız hücum mümkün idi. 1941-ci il iyunun 22-dən sonrakı ilk günlər və həftələrdə sovet əsgərləri arasında ciddi itkilərin olması da bununla izah edilir. Buna görə də Stalin öz kəşfiyyatçılarının məlumatlarına inanmırdı, sonradan isə şahidlərin sözlərinə görə, özünü tamam itirdi və xalqa "rəhbər"ə xas olmayan sözlərlə müraciət etdi: "Qardaşlar və bacılar".

İstənilən halda, müharibə ərəfəsində Sovet İttifaqının xarici siyasəti Almaniya tərəfə yönəlmişdi. 1939-cu il avqustun 22-də Molotov-Ribbentrop paktı və yuxarıda adıçəkilən məxfi protokol imzalandı. İkinci Dünya müharibəsinin başlanmasından 17 gün sonra isə Polşanın şərq hissəsinə sovet qoşunları hücum etdi. 

Bir neçə gün sonra alman və sovet qoşunları qarşı-qarşıya gəldi və hətta Brestdə birgə hərbi parad da keçirdi...

Odur ki, Putinin sözləri ədalətli səslənsə də, məntiq başqa şeydən xəbər verir - yuxarıda qeyd olunan hadisələrə bir qədər fərqli bucaqdan baxsaq, belə nəticəyə gəlmək olar ki, SSRİ İkinci Dünya müharibəsinə heç də 1941-ci ilin 22 iyununda qoşulmayıb.

Üstəlik, sovet-fin müharibəsi, həmçinin 1940-cı ilin yayında Moskvanın Litva, Latviya və Estoniyadan olan "zəhmətkeşlərin xahişi ilə" bu dövlətləri SSRİ-yə birləşdirdiyini də unutmaq olmaz.

Yeri gəlmişkən, həmin dövrdə yaşananlar haqda danışan zaman daha bir məqamın qeyd edilməsi vacibdir: hazırda Rusiyada belə bir fikir var ki, Polşanın özü 1934-cü ildə Almaniya ilə hücum etməmək haqda razılaşmaya imza atıb və SSRİ-yə qarşı almanlarla birgə vuruşmağa, Qərbi Ukraynada, Mərkəzi Asiyada və Qafqazda milli azlıqlar arasında separatizmi alovlandırmağa hazır olub. Söhbət Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin (XKX) arxivində olan bəzi məxfi sənədlərdən gedir...

Bununla yanaşı, 1939-cu ildə Molotov-Ribbentrop paktının imzalanmasından sonra, hətta Çerçill də inanırdı ki, artıq "nasist Almaniyasının hücum edə bilməyəcəyi ən azı Şərq cəbhəsi yaranıb". Lakin Almaniya hücum etməyi bacardı. Halbuki, Sovet İttifaqı Berlinlə razılaşmaya əsasən, təxminən 2 il Almaniyaya xammal və ərzaqla dolu eşelonlar göndərirdi.

Hitlerin SSRİ-yə hücumundan sonra Böyük Britaniya Rusiyaya bütün mümkün yardımları göstərməyə hazır olduğunu bəyan etdi. Çerçill yaxşı anlayırdı ki, əgər SSRİ digər ölkələr, məsələn, Fransa kimi məğlub olsa, gec-tez Böyük Britaniya da eyni taleyi yaşayacaq və bu halda dünyanın sonu necə olacaq...

Müxtəlif dövlətlərdə tarixi həqiqətən də müxtəlif formada şərh edirlər. Keçmişə baxış bu və ya digər ölkədəki siyasi quruluşdan, onun milli maraqlarından, həmin dövlətin kiminlə dostluq, kiminlə düşmənçilik etmək istəyindən asılıdır. Keçmiş SSRİ ərazisində, xüsusilə Rusiyada hazırda çoxları İkinci Dünya Müharibəsinin tarixinə Böyük Vətən müharibəsinin gözü ilə baxır və bunu dəyişmək mümkün deyil.

Necə ki, SSRİ-nin müharibədən əvvəl və İkinci Dünya müharibəsinin ilk illərində yol verdiyi bağışlanmaz səhvləri, siyasi və ümumbəşəri mənəviyyat baxımından yolverilməz addımları da artıq dəyişmək olmaz. Öz xalqını planlı şəkildə məhv edən Stalinin Qərb dövlətlərinə qarşı sülhsevər mövqeyindən danışmaq sadəlövhlük olardı. Lakin tarixin bu hissəsində Böyük Vətən müharibəsi hər şeyi olmasa da, çox günahları yudu, o cümlədən, Polşa qarşısında da//...

1945-ci il fevralın 27-də Çerçill Nümayəndələr Palatasındakı çıxışında bunları söylədi: "Rusiya tərəfindən müqavimət və qurbanlar olmasaydı, Polşa almanların əlində tam məhv olardı. Yalnız dövlət kimi Polşa yox, həm də bir millət olaraq, polyaklar Hitler tərəfindən məhvə və ya əsarətə məhkum idilər".

Cəmi bir il sonra isə həmin Çerçill "dəmir pərdə" haqda məşhur fulton çıxışıyla, bir çox tarixçilərin fikrincə, "soyuq müharibə"nin əsasını qoydu.

Bu, tarixə və ya müasir siyasətə birtərəfli yanaşmanın mümkünsüzlüyünə daha bir sübutudur. Məsələn, elə həmin sovet dərsliklərində daim belə bir fikrə rast gəlmişik ki, SSRİ-nin "müttəfiqləri" olsalar da, əslində Böyük Britaniya ilə ABŞ Qərbdə "ikinci cəbhə" açmağı qətiyyən istəməyiblər. Amma axı SSRİ-nin özü də Qərbdə "ikinci cəbhə" açmağa can atmırdı. Unutmaq lazım deyil ki, Böyük Britaniya uzun müddət Hitlerə faktik olaraq, təkbaşına müqavimət göstərib. Axı, 1941-ci il iyunun 22-dən, Moskva ətrafında döyüşlər və Leninqradın mühasirəyə alınmasından əvvəl Britaniya Liviya-Misir sərhəddinə hücum edirdi, Krallığın Hava Donanması alman gəmilərini batırırdı, Britaniya və "Müstəqil Fransa" ordusu Suriyaya yeridilirdi, alman təyyarələri Londonu bombalayıb və gecə ilə Koventrini yerlə-yeksan edirdi və s. və i.

Sonra tarixin yeni dövrü başlandı - İkinci Dünya müharibəsi yerini "soyuq müharibə"yə verdi. Bu zaman Şərqi Avropa ölkələri “Qırmızı Ordu”nun nasist Almaniyası üzərində qələbəsinin digər tərəfini gördülər - bu, yeni totalitar rejimə tabelik idi. 

Və bu gün onların bunu açıq şəkildə bildirməyə haqqı çatır.

İkinci Dünya müharibəsinin səbəbləri haqda sualların səslənməsi, həm də çoxlarının bu gün dünyada baş verənlərlə o zaman yaşananlar arasında oxşarlıq axtarması ilə əlaqədardır.

Məsələn, müşahidəçilərin diqqətini cəlb edən məqamlardan biri ABŞ prezidenti Barak Obamanın Polşada keçirilən xatirə tədbirinə gəlməməsi, yerinə milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyms Consu göndərməsidir. Ya Obamanın başı digər problemlərə qarışıb, ya da sadəcə Şərqi Avropada hava hücumundan müdafiə sistemləri yerləşdirmək haqda planın qüvvədə qalıb-qalmamasına dair sualı eşitmək istəməyib. 

“El Pais” qəzeti yazır ki, Varşava Barak Obama administrasiyasının ondan üz döndərəcəyindən və ölkənin Şərq sərhədlərini möhkəmləndirəcək hava hücumundan müdafiə sistemini bu ölkəyə yerləşdirməkdən boyun qaçıracağından narahatdır.

Digər müşahidəçilər bildirir ki, Polşanın 70 il əvvəl aldığı yaralar hələ də özünü göstərir - Varşava hələ də Rusiya ilə Almaniyanın bütün birgə layihələrinə şübhə ilə yanaşır və "Şimal axını" qaz kəməri layihəsi də belələrindəndir. Polyakların bir çoxu hələ də əvvəlkitək Rusiyaya etibar eləmir, Xatın yaxınlığında polşalı zabitlərin kütləvi qətlini yaddan çıxarmır və hesab edir ki, Moskva nə vaxtsa təsiri altında saxladığı ərazilər üzərində yenidən hökmranlıq etmək arzusundadır. 

“La Repubblica” yazır ki, "ruslar keçmişlə haqq-hesabı tam çürütməyiblər - onların yeritdiyi siyasət SSRİ-nin vərəsəliyi ideyası və prinsipinə söykənir". 

Bəli, problemlər qalır və onlar necəsə həll olunmalıdır, amma əsas odur ki, həll variantı kimi müharibə seçilməsin.

İkinci Dünya müharibəsi nəhəng fövqəldövlətlərin Birinci Dünya müharibəsi zamanı aralarında nüfuz dairələrini tam bölməməsi üzündən başlamışdı. Çünki bəşəriyyət qlobal miqyasda müasir silahlarla müharibənin nə demək olduğunu hələ anlamırdı. Çünki "kollektiv təhlükəsizlik" yox idi, hər siyasətçi isə özünü digərlərindən hiyləgər və ağıllı sayırdı.

Deyirlər ki, istənilən sülh müharibəyə hazırlıqdır. Lakin İkinci Dünya müharibəsi kimi savaşı həqiqətən, heç kim gözləmirdi. O, bir neçə ildə "kapitalistlərlə kommunistləri", müxtəlif millətlərə və inanclara məxsus insanları bərabərləşdirdi. 

Və odur ki, hazırda nasizmlə stalinizmin müəyyən dərəcədə eyniləşdirilməsi və ya kimin daha çox günahkar olması üzərində baş sındırılması yersizdir. Daha vacib olanı elə bir qlobal təhlükəsizlik sisteminin qurulması və dəstəklənməsidir ki, bütün dünyada olan milyonlarla insan yenidən üzərilərinə düşən məsuliyyətin öhdəsindən gələ bilməyən siyasətçilərin girovuna çevrilməsin.


MƏSLƏHƏT GÖR:

542