İDDİAÇILAR TURNİRİ BAKIYA QİSMƏT OLACAQMI?
Bu yarışın təşkili üçün əsas şərtlərdən biri 1 milyon avroluq mükafat fondunun yaradılmasıdır
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Azərbaycan şahmat üzrə iddiaçılar turnirinə ev sahibliyi etmək üçün iddiasını ortaya qoymaq qərarına gəlib. Gənclər və İdman Nazirliyi milli federasiya ilə birlikdə bütün detalları razılaşdırdıqdan sonra bu məsələ ilə bağlı FİDE ilə danışıqlara başlamağa qərar verib.
Bu məqsədlə sentyabrda beynəlxalq federasiyanın nümayəndə heyətinin Bakıya səfəri gözlənilir və həmin səfər çox şeyə aydınlıq gətirə bilər.
Xüsusi maraq
İddiaçılar turniri qarşıdan gələn ilin əsas şahmat hadisələrindən biri ola bilər. Məsələ ondadır ki, onun qalibi dünya çempionu ilə qarşılaşmaq hüququ qazanacaq. Bu səbəbdən də turnirə xüsusi maraq var və bu maraq Azərbaycanda da hiss edilir: Azərbaycan turnirə ev sahibliyi etmək üçün ciddi mübarizə aparmaq niyyətindədir. Bir neçə Azərbaycan qrossmeysterinin orada iştirak edə biləcəyi isə əlavə stimul yaradan məqamdır. Axı dünya çempionu ilə qarşılaşa biləcək ən yaxşı səkkizlərin sırasına Qran-prinin ümumi hesabında ilk iki yeri tutan, Xantı-Mansiyskdə keçiriləcək Dünya Kubokunun qalibi, yarışın təşkilatçıların İdan bir nəfər, nəhayət, 2009-cu ilin iyulu və 2010-cu ilin yanvarına ən yüksək reytinqə malik iki qrossmeyster daxil olacaq.
Bu gün üçün təsnifatda ilk yerdə Veselin Topalov, ikinci yerdə isə Vişvanatan Anand gəlir. Dünya şahmat tacının əldə edilməsi uğrunda da məhz bu iki şahmatçı mübarizə aparacaq. Həmin qarşılaşmada məğlub olan şahmatçı isə iddiaçılar turnirinə qatılmaq hüququ əldə edəcək. Həmin yarışda eyni zamanda FİDE-nin reytinqində üçüncü və dördüncü yerləri tutan Maqnus Karlsenlə Vladimir Kramnik də çıxış edə bilərlər.
Hələliksə yalnız 1 şahmatçının turnirdə iştirak edəcəyi dəqiqdir. Söhbət bir müddət əvvəl iddiaçıların qarşılaşmasında Topalova məğlub olan Qata Kamskidən gedir.
Azərbaycan şahmatçılarının turnirdə çıxış etmək perspektivinə hələ qayıdacağıq. Hələliksə Azərbaycanın ərizəsinin xüsusiyyətləri haqda danışaq.
FİDE-nin rəhbəri Kirsan İlyumjinov ölkəmizdə şahmatın inkişaf tempi və dövlətin idmana dəstəyi haqda dəfələrlə danışıb və bunun bir çox ölkələrə nümunə ola biləcəyini söyləyib. Bununla yanaşı, Bakı FİDE-nin birinci Qran-pri yarışı, Prezident Kuboku çərçivəsində keçirilmiş Azərbaycan və dünya millisi arasında qarşılaşma və digər böyük turnirlərə dəfələrlə ev sahibliyi edib. Yeri gəlmişkən, həmin vaxt "ulduzlar"ın heyətində Azərbaycana gəlmiş Anand və Kramnik növbəti dəfə ölkəmizə baş çəkmək imkanından məmnuniyyətlə istifadə edəcəklərini söyləmişdilər.
Milli federasiya, eləcə də Gənclər və İdman Nazirliyi iddiaçılar turnirinə ev sahibliyi etmək niyyətinin baş tutacağı təqdirdə, bunun bizim üçün xüsusi əhəmiyyətli hadisə olacağını bəyan edib. Axı bu, Azərbaycan qrossmeysterlərindən hansınınsa dünya şahmat tacı uğrunda mübarizəyə qoşulması üçün ən qısa və sadə yoldur.
Xatırladaq ki, 2006-cı ildə Teymur Rəcəbov şahmat tacı uğrunda mübarizəyə qoşulmağa çox yaxın olub. FİDE-nin o zaman qüvvədə olan qaydalarına əsasən, reytinqi 2700-dən aşağı olmayan istənilən şahmatçı əvvəlcə milyon dollarlıq mükafat fondunu Beynəlxalq Federasiyaya təqdim etməklə, dünya çempionunu mübarizəyə dəvət edə bilərdi. Həmin vaxt Azərbaycan və Bolqarıstan tərəfləri arasında belə bir razılaşma əldə edilmişdi ki, o zaman dünyanın ən güclü qrossmeysteri olan Topalov Vladimir Kremnik üzərində qələbə qazanacağı təqdirdə, dünya çempionu adı uğrunda Bakıda Rəcəbovla qarşılaşacaq.
Amma bu plan baş tutmadı: Veselin rusiyalıya məğlub oldu və tarixi qarşılaşma alınmadı.
İndi isə bizim ən güclü səkkiz qrossmeysterin turnirini görmək imkanımız var. Bu zaman meydan sahibi kimi, biz özümüzə minimum bir yeri təmin edəcəyik.
Burada "bəlkə də" ifadəsi yerinə düşür. Çünki Azərbaycanın təşəbbüsünə baxmayaraq, turnirə ev sahibliyi etməyə digər iddiaçılar da var. Onların arasında Kramnik və Anandın dünya çempionu adı uğrunda mübarizədə məğlubiyyətindən sonra yenidən Rusiya şahmatının şöhrətini yüksəltməyə çalışan Moskvanın da adına rast gəlinir. Lakin bu işdə maliyyə imkanları çox şeyi həll edəcək. Axı, turnirə ev sahibliyi etmək istəyən ölkə FİDE-nin xəzinəsinə 1 milyon avro keçirməlidir. Özü də buraya turnirin təşkilatçılığı ilə bağlı xərclər daxil deyil.
Odur ki, çox şey FİDE ilə danışıqların necə alınacağından və potensial təşkilatçıların hansı şərtlər irəli sürəcəyindən asılı olacaq.
Bununla yanaşı, Azərbaycan tərəfi artıq onu da bəyan edib ki, turnirə erməni qrossmeyster Levan Aronyanın qoşulacağı təqdirdə, lazımi təhlükəsizlik tədbirləri görüləcək. Bu isə heç də az əhəmiyyət daşıyan məsələ deyil.
İddiaçılar üçün "nokaut"
Maraqlıdır ki, Bakı paralel olaraq, V.Anandla V.Topalov arasında dünya şahmat tacı uğrunda keçiriləcək qarşılaşmaya da ev sahibliyi etmək üçün iddiaçılar sırasındadır. İstənilən halda, məşhur şahmat portallarından olan chessdom.com bildirir ki, Azərbaycan paytaxtı da bu görüşün keçiriləcəyi iddiaçı ölkələr arasındadır, baxmayaraq ki, hələlik bununla bağlı rəsmi ərizə təqdim edilməyib. Hadisələrin gedişi isə qarşılaşmanın Bolqarıstanda keçiriləcəyini göstərir.
Azərbaycan millisi ilə heyətində Anandın da çıxış etdiyi dünya yığması arasında keçirilmiş qarşılaşmaya baxmayaraq, Bakının bu oyuna ev sahibliyi etmək istəyi ilə alışıb,-yandığını demək olmaz. Baxmayaraq ki, hələ Prezident Kubokunun keçirildiyi vaxt milli federasiyanın prezidenti Elman Rüstəmov qurumun bu məsələni nəzərdən keçirəcəyini bildirmişdi. Lakin ən azı qarşılaşmada üz-üzə gələcək şahmatçılar arasında azərbaycanlı qrossmeysterin olmaması üzündən Bakının buna ciddi cəhd göstərəcəyi inandırıcı görünmür.
Bu baxımdan, Azərbaycanın iddiaçılar turnirinə ev sahibliyi etmək uğrunda mübarizə aparması daha məntiqlidir. Axı qrossmeysterlərimizin bu turnirin real iştirakçısına çevirilmək şansları var.
Gələn il keçirilməsi nəzərdə tutulmuş Anand - Topalov qarşılaşmasına gəlincə, çox güman ki, o, Bolqarıstanda təşkil ediləcək. İstənilən halda, bu ölkənin milli federasiyası qarşılaşmanın məhz Topalovun "meydanı"nda keçirilməsi üçün son dərəcə ciddi maraq göstərir. Üstəlik, Bolqarıstanın qarşılaşmanın keçirilməsi və mükafat fonduna yatırmağı düşündüyü 3 milyon avro da onun iddiasının reallığa çevrilmə şansını artırır. Mayda Bakıya baş çəkmiş FİDE prezidenti Kirsan İlyumjinov da bildirib ki, o, sözügedən qarşılaşmanın Bolqarıstan və ya Hindistanda keçirilməsinə etiraz etmir.
Məlumdur ki, iddiaçılar turniri 2010-cu ilin yazında keçirilməlidir. Hər halda, İlyumjinovun mövqeyi belədir: "Biz köhnə sistemin bütün komponentlərini saxlayırıq - Dünya Kuboku, Qran-pri. Bununla yanaşı, qrandlarımızın dünya çempionatında məğlub olacağı təqdirdə yenidən səkkizlik formatında keçiriləcək ikidövrəli turnir vasitəsi ilə dünya birinciliyinə qatılmaq hüququna şərait yaratmaq istəyirik. FİDE-nin baş assambleyasının son toplantısında nümayəndənin guya onların yaratdıqları mükəmməl sistemi dağıtdığımızı söyləməsi və nokaut-sistem üzrə birinciliyi xatırlatdığı zaman mən bildirdim ki, həm "nokaut-çempionat", həm iddiaçılar turniri, həm də Qran-pri mənim övladlarımdır. Onların hər biri mənim üçün əzizdir. Lakin zaman yerində saymır və dövr dəyişir. FİDE də dövrün tələblərinə cavab verməlidir. Biz demokratik seçim prinsiplərimizi qoruyub-saxlayırıq: Dünya Kubokunda bütün ölkələrdən 1287 şahmatçı çıxış edə bilər. İddiaçılar turnirinə isə dünya birinciliyində çıxışdan kənarda qalmış şahmatçılar qatılacaq. Məsələn, Rusiyanın təşkilatçı ölkə olmaq qərarına gələcəyi təqdirdə, bu, Vladimir Kramnik ola bilər".
Əgər məsələnin idman tərəfini nəzərə alsaq, iddiaçılar turnirinin Bakıda keçirilməsi Azərbaycan qrossmeysterlərinə sərf edir. Belə ki, Rəcəbov FİDE-nin Qran-pri turniri hesabında aparıcı mövqelərdən birini tutur və ilk iki yerdən birinə yiyələnməyə çox yaxındır. Bu isə ona yarışa qatılmaq imkanı verəcək. Bununla yanaşı, Teymur Rəcəbov, Vüqar Haşımov, Şəhriyar Məmmədyarov, Qadir Hüseynov və Rauf Məmmədovun timsalında şahmatçı beşliyimiz əsas mükafata da yiyələnə bilər. Turnirə ev sahibliyi edən ölkəyə ayrılan yeri də nəzərə alsaq, ideal halda Azərbaycan turnirdə 3 qrossmeysterlə təmsil olunmaq imkanı qazanacaq.
Özü də turnir dairəvi sistem üzrə keçirilmir - burada 8 şahmatçı mübarizəyə? final mərhləsindən başlayırlar.
Bir sözlə, indi əsas məsələ iddiaçılar turnirinin Bakıda keçirilməsinə nail olmaqdır.
MƏSLƏHƏT GÖR:

476

