14 Mart 2025

Cümə, 10:44

KÜLƏKLƏ ÖTÜŞMƏ

Azərbaycanlı sprinter Ramil Quliyev dünya çempionatında tarixi nailiyyətə imza atdı

Müəllif:

01.09.2009

Sprinter Ramil Quliyev Berlində keçirilən dünya çempionatında uğurlu çıxışı ilə Azərbaycanın yüngül atletika tarixində parlaq səhifə açdı. İndiyədək heç bir idmançımız ən güclü səkkizliyə daxil ola bilməmişdi və Quliyev Almaniyada imza atdığı nailiyyətlə öz karyerasının da yeni mərhələsinə qədəm qoydu. Hər halda, 200 metr məsafəyə qaçışda 7-ci yeri tutmaq böyük nəticədir və bu, Ramilin qeyri-adi potensialından xəbər verir.

 

Bolta  qarşı "sayğısızlıq"

Son ildə Ramil xeyli irəli gedə bilib və onun dünya çempionatındakı uğurlu çıxışını heç də təsadüf saymaq olmaz. Hələ bir neçə ay əvvəl onun Belqradda keçirilən Universiadada gənclər arasında Avropa rekorduna imza atması (20,04) göstərmişdi ki, sprinter yüksək səviyyəli idmançıya çevrilə bilər və yuxarı yaş qrupları arasında da itib-batmaz. Ramil artıq indidən sübut edib ki, o, ən yüksək hədəflərə nail olmaq və 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya doğru plan üzrə irəliləmək iqtidarındadır. İndidən Ramilin hazırkı templə irəliləyəcəyi təqdirdə, Olimpiadayadək hansı sürəti yığacağını güman etmək mümkündür.

Dünya çempionatına gəlincə, qeyd etmək lazımdır ki, R.Quliyev finala yüksəlmək üçün yarımfinal qaçışında ilk dördlüyə düşməli idi. O, bu işin öhdəsindən uğurla gələ bilib - 20,28 saniyəlik nəticə ilə finişə dördüncü gələn idmançımız üçüncü olan ABŞ sprinteri Çarlz Klarkdan cəmi 0,1 saniyə geri qalıb. 

Bununla yanaşı, Quliyev heç də pis başlamayaraq, daha bir amerikalı Uollas Spirmon və Yamayka idmançısı Stiv Mullinqsin də daxil olduqları lider dördlükdə özünə yer edib. Maraqlı olanı odur ki, yaşlılar arasında böyük turnirlərdə yarışmaq təcrübəsi olmayan sprinter Berlində elə çıxış edib ki, sanki elita kampaniyasında artıq bir neçə mövsümdür ki, yarışır. 

Prinsipcə, atletimizin itirəcəyi heç nə yox idi. Finalda üçqat olimpiya çempionu Useyn Boltla yarışmağın özü nəyə desən dəyərdi. Əlbəttə ki, yamaykalı möhtəşəm formadadır, rekordları sıralamaqda davam edir, lakin bununla yanaşı, Ramilin nəticələrinin də tədricən "Bolt nəticələri"nə yaxınlaşdığını unutmaq olmaz. Yeri gəlmişkən, azərbaycanlı sprinter özü də buna oxşar fikir səsləndirib: "Əgər nəticələri analiz etsək, görərik ki, Bolt da 19 yaşında olan zaman təxminən mənim göstərdiyim nəticələri göstərib. Ola bilsin ki, bir qədər sürətli olub. Odur ki, hər şey realdır. Hesab etmirəm ki, Bolt məğlubedilməz rəqibdir. O, çox yüksək nailiyyətlərə malik güclü idmançıdır. Lakin Boltda fövqəltəbii heç nə yoxdur".

 

Yolun başlanğıcında

Sprinterimizin yaşını nəzərə alsaq, bu günə dünya çempionatının finalı onun üçün ən yüksək nailiyyətdir. Necə olsa da o, hələ gəncdir və Almaniya mundialına xüsusi hazırlaşmamışdı. Yarışlar onsuz da kifayət qədər idi - Quliyevin Avropada gənclər rekorduna imza atdığı (20,04) Belqrad Universiadası, gənclər arasında qitə birinciliyi və çoxlu sayda yoxlama qaçışları. 

Xatırladaq ki, qitə birinciliyində Quliyev 100 metr məsafəyə qaçışda "gümüş" qazanmaqla yanaşı, 200 metr məsafədə birinci olub. "Dünya çempionatında mənimçün xüsusi heç nə olmadı. Bizim məşqçi ilə planlaşdırdığımız nəticələri mən hələ mövsümün lap əvvəlində əldə etmişdim. Əsas yarışda isə finaladək irəlilədim. Açığını desəm, mən mövsümün ağırlığını nəzərə alaraq, Berlində çıxış etməyi heç planlaşdırmıdım da. Lakin sonda yarışa qatılmalı oldum. Mənim yaşım üçün bu, çox ağır yükdür. Amma yenə də Berlinə yollanmağa güc tapdıq. Məşqçilərlə birlikdə getməyə qərar verdik, artıq hər kəs 200 metr məsafədə finala düşməyin tam real olduğunu anlayırdı. Mənim göstərdiyim nəticələri nəzərə aldıqda, bu, heç də əlçatmaz hədəf deyildi. Artıq indidən deyə bilərəm ki, mən hər şeydən razıyam və Berlində qarşıma qoyduğum hədəflərə nail olmuşam. İndi daha iddialı hədəflər uğrunda mübarizə aparacağım növbəti mövsümü gözləmək lazımdır. Düşünürəm ki, hər şey əla olacaq!"- deyə Ramil bildirib.

Bir sözlə, R.Quliyev dünya çempionatına hazırlaşmadan qatılsa da, finala qədər irəliləməyi bacardı. Odur ki, sprinter minimum məqsədə nail olduğundan, finalda onun hansı nəticə göstərəcəyinin o qədər də böyük əhəmiyyəti yox idi. Finala gəlincə, Ramil özünün heç də ən yaxşı nəticəsini göstərməyib (20,61) və finişə 7-ci çatıb. Lakin bu məqamda yenə də onun hələ gənc olduğunu unutmayaq.

Finalda birinciliyi isə yeni dünya rekorduna imza atan (19,19) Useyn Bolt əldə edib. Onun bu qədər parlaq nəticələri necə asanlıqla əldə etdiyinə təəccüblənməmək mümkün deyil. Lakin bu nailiyyətin arxasında böyük zəhmətin dayandığı da şübhə doğurmur. Bir müddət əvvəl isə Bolt bildirib ki, əfsanəyə çevrilmək üçün iki mövsüm qalib olmaq kifayət deyil. Bu fikri bir qədər dəyişərək, demək olar ki, Ramil üçün yuxarı yaş qrupunda bir mövsüm, daha doğrusu, bir yarış güclülər arasında möhkəmlənmək üçün azdır. İdmançımız bu istiqamətdə çalışır və onun bu fəaliyyətinin kifayət qədər uğurlu alındığını söyləmək olar.

 

İrsən keçən qabiliyyət

Bununla yanaşı, Ramil artıq yeni mövsüm üçün hədəflərini müəyyənləşdirib və onların arasında ilk yeri 100 metr məsafəni 10 saniyəyə qaçmaq, daha sonra 200 metri 20 saniyəyə qət etmək gəlir. "Bu hədəflərə çatmaq üçün o qədər də çox qalmayıb - cəmi 0,4 saniyə. Nəhayət, bu saniyələri əritməyi çox istəyirəm. Ümid edirəm ki, hər şey plan üzrə getsə və zədə olmasa, gələn mövsüm hər şey alınacaq", - deyə R.Quliyev qeyd edib.

Son ildəki irəliləyişi haqda danışan idmançı məşqlərdə heç bir dəyişiklik etmədiyini və hər şeyin məşqçilərin əvvəlcədən hazırladıqları plan üzrə getdiyini söyləyib: "Qeyri-adi heç nə baş vermir. Ötən mövsüm mən sprinterlər üçün klassik sayılan zədə almışdım. Məhz bu səbəbdən o zaman nəyə qadir olduğumu göstərə bilmədim. Bu mövsüm isə hələlik hər şey bizim qrafikimizə uyğun gedir. Yeri gəlmişkən, atam Eldar Quliyev 200 metr məsafəni idman ustası səviyyəsində qaçıb. 20-25 il əvvəl o, 21,00 nəticə göstərib. Yəni, yəqin ki, mənə bu bacarıq genlə keçib. Vaxt keçdikcə atam yüngül atletika sahəsində məşqçiliyə başlayıb və məni də hazırlayıb. İndi mənim iki məşqçim var - atam və yenə keçmişdə sprinter olmuş Oleq Muxin".

Tezliklə idmançının qan pasportunun da olacağı istisna edilmir. "Yüngül atletikanın ən universal idman növü olduğunu, yəqin ki, heç kim inkar etməz", - deyə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe bildirib: "Yüngül atletika həm də yay olimpiadası proqramının əsas idman növüdür. Biz dopinqlə bağlı uzun-uzadı müzakirələr aparmışıq və əsas müzakirə qan pasportunun yaradılması ilə bağlı olub. Şübhəsiz ki, qan pasportunun yaradılması irəliyə, gələcəyə atılan addımdır. Lakin indi həll edilməli olan bir sıra məsələlər var. Onlardan birincisi və ən əsası qan nümunəsinin göndərilməsi, dondurulması və saxlanması ilə bağlıdır. Əgər qan nümunəsi hansısa isti qitədə, məsələn, Afrikada götürülübsə, onun analiz üçün Avropa laboratoriyasına göndərilməsi texniki baxımdan çox çətin və bahadır. Biz hazırda Ümumdünya Antidopinq Agentliyi ilə işləyirik və burada məqsəd qurumun, birincisi, qan nümunəsinin götürülməsi və saxlanması prosedurunu yüncülləşdirməsinə, ikincisi, akkreditasiya edilmiş laboratoriyaların sayının artırmasına nail olmaqdır. Hazırda dünyada agentlik tərəfindən akkreditasiya olunmuş laboratoriyaların sayı çox azdır. Bu test növü əladır, lakin o, cəmi 2 növ dopinqi üzə çıxarır: EPO və qanköçürmə. Bu test isə anabolik steroidləri və digər preparatları "tanıya" bilmir. Yeni analiz üsulları bu problemlərin aradan qaldırılmasına imkan verəcək. Amma bütün bunların texniki baxımdan reallaşdırılması da asan məsələ deyil. Bu işdə biz daim Ümumdünya Antidopinq Agentliyi ilə əməkdaşlıq edir, bununla da problemləri maksimum effektiv çözməyə çalışırıq".

Yeri gəlmişkən, gələn ildən etibarən, yanlış start qaydası ləğv ediləcək. Bu qərar Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) tərəfindən qəbul edilib. Onun qəbulu zamanı Şura üzvlərinin 97-si yeniliyin lehinə, 55-i əleyhinə çıxıb, 6 üzv isə bitərəf qalıb. Assosiasiya prezidenti Lamine Diakın fikrincə, 2010-cu il bu eksperimentin keçirilməsi üçün ideal ildir. "Reuters" agentliyinin məlumatına görə, Diak bu qaydanın növbəti il qüvvəyə minməsinin vacibliyini bildirib: "Bu, hər kəsin adaptasiya üçün kifayət qədər vaxtının olması üçün vacibdir". 

İAAF-ın texniki komissiyasının rəhbəri Xorxe Salsedo isə hesab edir ki, hazırkı sistem fırıldaqçılar üçün sərfəlidir: "Bəzi idmançılar rəqiblərini həyəcanlandırmaq üçün bunu bilərəkdən edirlər".

Qeyd edək ki, indiki qaydalara görə, cəmi bir yanlış starta icazə verilir. İkinci dəfə bunu təkrarlayan sprinter ilk yanlışlığa kimin yol verməsindən asılı olmayaraq, yarışdan kənarlaşdırılır.


MƏSLƏHƏT GÖR:

488