ŞƏHƏRƏ KİNOÇƏKƏNLƏR GƏLİR …
Beynəlxalq "Şərq-Qərb" kinofestivalı paytaxtın mədəni həyatının əsas hadisələrindən biri olacaq
Müəllif: Valentina REZNİKOVA Bakı
1998-ci il. "Nizami" kinoteatrı. Tamaşaçılar heyranlıqla salonda əfsanəvi Pyer Rişarı alqışlayırlar. O vaxtlar vəziyyət asan deyildi, çoxları düşmənlərimizin bəd sözlərinə inanaraq? Azərbaycana gəlməyə ehtiyat edirdilər. III Bakı Beynəlxalq Kinofestivalına qonaq və iştirakçı kimi gəlmiş həmin ilk 23 adam Azərbaycanı tərk edəndən sonra verdikləri çoxsaylı müsahibələrində ölkəmiz və azərbaycanlılar haqda müsbət təsəvvürlərini bölüşüblər. Həmçinin qeyd etməyi də unutmurdular ki, onların gəlişinə başlıca səbəblərdən biri də əlbəttə ki, ölkə prezidenti Heydər Əliyevi tanımaları və ona etibar etmələri, həmçinin festivalın ideya ilhamçısı Rüstəm İbrahimbəyovla şəxsi tanışlıqları olub.
Bu il XI "Şərq-Qərb" kinofestivalının açılışı sentyabrın 18-də Heydər Əliyev adına Sarayda olacaq. İlin əsas kinematoqrafiya hadisəsi sentyabrın 23-nə kimi davam edəcək və 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Mərkəzi elan edilməsi ilə bağlı tədbirlərin planına uyğun olaraq keçiriləcək. Paytaxtın mədəni həyatının əsas hadisələrindən biri olan festivalın təşkil edilməsi tam sürətlə gedir və hər il keçirilən tədbirin direktoru Lalə Əfəndiyeva buna böyük zəhmət sərf edir.
O, ciddi adamdır və müsahibə verməyə elə də həvəs göstərmir. Bu fikrindən daşındırmaq üçün xeyli cəhd göstərdik. Onun yalnız tanınmış adamların müsahibəsinin maraqlı ola biləcəyi barədə stereotiplərini sındırmalı olduq. Ancaq söhbət etmək xoşbəxtliyi nəsib olan zaman direktor bizə yalnız nəzərdə tutulan festivalla bağlı deyil, həm də gələcəkdə keçiriləcək festivallarla bağlı təşkilati xarakterli məlumatlar verdi. İndi nə baş verir? Festival iştirakçılarının gəlişi və gedişi tarixləri barədə danışıqlar, kataloq üçün məlumat toplanılması, filmlərin nümayiş planının işlənməsi, festival çərçivəsində yaradıcılıq görüşlərinin və master-klasların keçirilməsinin planlaşdırılması, mətbuatla iş, jurnalistlərin akrreditasiya olunması.
Çox sayda başqa təfsilatlar da var və oxucu üçün maraqlı görünməyə bilər. Amma bütün bu təfsilatlar birləşərək, gözəl və böyük bayrama çevrilir. Bu il festivalın konseptual-mövzu yönümü "Bakı islam dünyasının mədəniyyət mərkəzidir" devizi altında keçiriləcək. Buna görə də festival çərçivəsində Avrasiya və müsəlman ölkələrinin rejissorlarının filmləri göstəriləcək. Festivalın açılışı "Müsəlman mistizmi və onun dünya mədəniyyətinə təsiri" mövzusunda mətbuat konfransı ilə gerçəkləşdiriləcək, tədbir "Şərq-Qərb"in prezidenti tərəfindən təklif edilib.
Nüfuzlu tədbir
Filmlər festivala necə düşür? -Adi qayda ilə. "Avrasiya və müsəlman kinosu üzrə mütəxəssislər çağdaş kino aləmində bədii-tematik maraq doğurduğunu zənn etdikləri bütün filmlərini bizə göndərir, başda festivalın perzidenti olmaqla seçim komissiyası isə onlara baxır. Nəyisə qəbul edirlər, nəyisə qaytarırlar. Sonra biz prodüsserlərlə, rejissorlarla, aktyorlarla danışıqlara başlayırıq. Bizim festival maarifləndirici xarakterlidir. Biz tamaşaçılarımızı dünya kinosunun müxtəlif kinofestivallarının mükafatlarını almış yaxşı işləri ilə tanış edirik. Ancaq ölkəmizə gəlmiş qonaqlara da Azərbaycan haqqında daha çox göstərmək və danışmaq istəyirik", - deyə L. Əfəndiyeva bildirir. Festival müsabiqəli olmasa da, beş nominasiya üzrə mükafatların verilməsi artıq ənənəyə çevrilib: "Dünya kinematoqrafına töhfələrinə görə" (müxtəlif vaxtlarda bu mükafatı Pyer Rişar, Mixail Ulyanov, Kşiştof Zanussi və başqaları alıb), "Bəşəriyyətə ən humanist çağırış", "Ən yaxşı qadın obrazı", "Ən yaxşı kişi obrazı", "Debütə görə".
Lalə xanım hesab edir ki, ölkədə bu cür tədbirlər çox keçirilməlidir. Çünki beynəlxalq festivalların çoxçeşidliliyi Azərbaycanın dünya səhnəsində imicini yüksəldir. "Fakt göz qabağındadır. Nə vaxtsa, xırda ingilis şəhəri Aberdin sadəcə bir əyalət şəhəri idi, mövcudluğundan az adamın xəbəri var idi. Amma indi bütün dünyada məşhurdur, çünki orada müxtəlif incəsənət növləri üzrə festivallar keçirilir. Bunlar teatr və rəqs incəsənəti tamaşaları, etnik musiqi, rəsm və tətbiqi incəsənət, eləcə də başqa sahələrlə bağlı olur. Kiçik balıqçı şəhərciyi Kannı götürün. Onda maraqlı heç nə yox idi. İndi bütün dünya kinematoqraflarının sanki ziyarət ünvanıdır. Bizim də bütün dünyada məşhur şəhərə çevrilməyə çox imkanlarımız var. Bu festival bizim şəhərdə də artıq ənənə oldu. Musiqi ifaçılıq incəsənətinin də əsası qoyuldu. Avqust ayında Qəbələdə beynəlxalq musiqi ifaçılıq incəsənəti müsabiqəsi keçirildi. Mümkündür ki, beynəlxalq teatr festivalı da olsun. Çox şeylər mümkündür. Həyat yerində saymır. Hər gün yeni nəsə gətirir".
"Şərq-Qərb" kinofestivalı nüfuzlu tədbirdir. Bunu onda İtaliyanın tanınmış şairi, yazıçısı və ssenari ustası Tonino Querra kimi görkəmli adamın iştirak etməsi də sübut edir. Federiko Fellini, Mikelancelo Antonioni, Andrey Tarkovski, Lukino Viskonti, Françesko Rozi və Teo Anqelopulos kimi tanınmış kinorejissorlar üçün ssenari yazmış bir adamdır. Özü də Lalə xanımın sözlərinə görə, Querra ona bu günlərdə İtaliyadan zəng edərək kinofestivalda iştirak etmək istəyidiyini bildirib. "O, gələn festivalın da vaxtı ilə maraqlandı və qonaq kimi iştirak etmək istədiyini bildirdi. Artıq bu gün Bakı Beynəlxalq "Şərq-Qərb" kinofestivalının inkişafında öz variantları təklif etməyə hazırdır. Bütün bunlar göstərir ki, tədbir sərhədlərini inamla genişləndirir. O cümlədən coğrafi baxımdan da. Artıq indidən seçki komissiyası yaxşıların yaxşısını seçmək imkanına malikdir. Festivala düşmək istəyələrin ünvanı yalnız yaxın xaric ölkələri - Ukrayna, Rusiya, Gürcüstanla kifayətlənmir. Roma Beynəlxalq Kino Festivalının təmsilçiləri də bizim festivalda iştirak etmək istəyirlər. Onlar festivallar arasında yaradıcılıq əlaqələri təklif edirlər. Avropada yaşayan gənc həmvətənlərimiz sifariş yollayırlar. Dünyanın bir çox radio və teleşirkətləri də festivala informasiya dəstəyi verməyə hazırdırlar.
Kino olan yerdə
"Düşünürəm ki, gələn ilə kimi festival keyfiyyətcə yeni addım atacaq və müsabiqəli olacaq. Ancaq indidən çoxları gəlmək istəyir və biz imtina etməli oluruq. Çünki bizim imkanlarımız büdcə sarıdan xeyli məhduddur. Baxmayaraq ki, bir-iki il qabaq indikindən daha mürəkkəb idi", - deyə "Şərq-Qərb" kinofestivalının direktoru bildirir. Maraqlıdır ki, festivalın önəmli hadisələrindən biri Aleksandra Kremer-Xomasuridzenin bədii fotoqrafiya sərgisi olacaq. Bakıda doğulub-böyümüş, indi Parisdə yaşayan fotoqraf fotokameranın obyektivinin köməyi ilə gözəl yaradıcılıq anlarını zamanında dondurmağı bacarır. Bu da yalnız çağdaş kinonu deyil, həm də keçmişi gələcəklə qovuşduran festivalın layihələrindən biridir. Elə vaxtları ki,hələ Obskurun kamerası hərəkət edən kadrlar yarada bilmirdi və yalnız gerçəkliyi bütün bədii çalarları ilə əks etdirirdi. Lümer qardaşları isə hələ sinematoqrafı kəşf etməmişdilər.
Festivalın yerli və beynəlxalq dəstəyindən danışan L.Əfəndiyeva həmçinin bildirib ki, artıq neçə illərdir ki, festivalın təşkilinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, MDB və Baltikyanı Kinematoqrafçılar İttifaqları Konfederasiyası, Dünya kinosunun 100 illiyi Fondu dəstək verir. Fevtivala ənənəvi dəstəyini Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu göstərir. Xoşdur ki, festival artıq MDB sərhədlərindən kənarlarda da populyarlıq qazana bilir. Harper\’s Bazaar, National Geografik Traveler kimi nəşrlər informasiya dəstəyi təklif etməklə ona diqqət yetiriblər, oktyabrda 10 informasiya zolağı təqdim etməyə hazırdırlar: "Festival onda iştirak etmiş insanların gözü ilə".
İldən-ilə festivala düşmək istəyənlərin sayı artır. Buna görə də festivalın təşkilatçıları Festival Mərkəzinin yaradılması layihəsi üzərində gərgin işləyirlər və bu memarlıq kompleksinin maketi artıq hazırdır. Orada tam yeni avadanlıqla təchiz olunmuş və asanlıqla kinozala çevrilə bilən 450 yerlik zal, festivalın qonaqları və iştirakçıları üçün mehmanxana kompleksi, restoran, konfrans zalı və sərgi salonu nəzərdə tutulub. Bir sözlə, iştirakçıların və festivalın qonaqlarının bizim torpaqda rahat qalması üçün lazım olan hər şey var.
"Biz ümid edirik ki, yaxın gələcəkdə biz bu mərkəzdə festival keçirə biləcəyik. Onda qonaqların gözəl və rahat şəkildə bir yerdə yaşaması ilə bağlı problem öz-özünə həll ediləcək. Deməli, nəqliyyatın verilməsinin təşkili ilə bağlı məsələyə başqa cür baxılacaq və başqa xırda məişət problemləri də həll edilmiş olacaq. Hələ ki, bu problemlər var və kollektivimizin festivalın hazırlanması və keçirilməsi ilə məşğul olan üzvləri bu problemləri çox bacarıqla həll edirlər. Amma biz bir sıra sahələri təkmilləşdirmək istəyirik. Özü də bu mərkəzdə təkcə kino festivalı deyil, həm də getdikcə ənənəvi və lazımi olacaq çox tədbirlər keçiriləcək".
Hələ ki, festival mərkəzinin olmaması və "Nizami" kinoteatrında əsaslı təmir işləri səbəbindən qonaqları və tamaşaçıları "Azərbaycan" kinoteatrında, "İbrus" teatrının və Kinematoqrafçılar İttifaqının zallarında qəbul edəcəklər. "Bu il açılış Heydər Əliyev adına Sarayda keçiriləcək. Orada iki min oturacaq yeri, gözəl texniki təchizat var. Bunun hesabına gözəl səs və dəqiq təsvir əldə edəcəyik".
Burası da vacibdir ki, Tonino Querra Fondu maestronun qarşıdan gələn yubileyi ilə bağlı bir sıra yardıcılıq tədbirləri keçirməyi də təklif edib. Axı, çox az adam bilir ki, maestro rəssamlıqla da maraqlanır. "Bakılılar MDB məkanında ilk dəfə olaraq bu işləri görə biləcəklər. Sonra onun filmlərinin retrospektiv nümayişi gerçəkləşdiriləcək. Bir sözlə, maraqlı tədbirlər nəzərdə tutulur. Maestro ilə birgə İtaliya knosunun bir neçə fövqəladə və populyar ulduzunun bizim festivala can atması göstərir ki, dünyanın yaradıcı adamlarının Azərbaycana marağı artır", - deyə Lalə Əfəndiyeva vurğulayıb.
MƏSLƏHƏT GÖR:

565

