
LAZER NƏZƏRİYYƏSİ
Tibbin yeni nailiyyətləri orqanizmin hüceyrələri ilə artıq "dil tapmağı" bacarır
Müəllif: Zərifə BABAYEVA Bakı
Aparıcı ölkələrin çoxunda lazer texnologiyalarının tibdə tətbiqi geniş yayılıb. Gündəlik həyatda meydana çıxan çoxsaylı tibbi problemlərin həlli istiqamətində yeni imkanlar yaranıb. Bu gün tibbdəki tərəqqini lazer texnologiyaları olmadan düşünmək sadəcə çox çətindir. Kliniki təcrübədə lazer innovasiyalarının tətbiqolunma diapazonu yetərincə genişdir. Tibbin bu növü Azərbaycanda da öz yerini tapıb. 2008-ci ildən fəaliyyət göstərən "MediLaz" lazer mərkəzində lazer tibbinin bütün üç əsas növü - cərrahiyyə, terapiya və diaqnostika uğurla tətbiq edilir. Bu gün Azərbaycanın tibdə lazer texnologiyalarının daha geniş tətbiqinə ehtiyacı varmı? "MediLaz" mərkəzinin rəhbəri, tibb elmləri doktoru, Rusiya Lazer Akademiyasının akademiki Rəşid Bədəlov "Region plus"un əməkdaşı ilə söhbətində bu suala birmənalı cavab verib.
Qansız təbabət
Lazer texnologiyaları insanlara ən müxtəlif həyati anlarda yardım edir. Bu, çağdaş terapevtik, cərrahi və estetik tibbin bütün sahələrində ağrısız effektiv müalicə aparmağa imkan verir. "Məsələn, lazer cərrahiyyəsi bu gün dünya tibbinin ən kamil uğurlarından sayılır, çünki əvvəllər mümkün olmayan incə əməliyyatları indi onun vasitəsilə aparmaq mümkündür, bu əməliyyatların bəzilərini, hətta anesteziya tətbiq etmədən, bədənə əlavə travma müdaxiləsi olmadan - sağlam toxumaları kəsmədən də aparmaq mümkündür", - deyə Rəşid Bədəlov bildirir.
Ancaq təbabətin başqa sahələri kimi lazer tibbi Azərbaycanda hələ inkişaf mərhələsindədir. Akademik bildirir: "Klinikaların çoxunda o, yalnız bir lazer aparatı ilə təqdim edilib. Bu isə o deməkdir ki, ölkədə lazer tibbi sahəsində müsbət inkişaf var. "MediLaz" tibb mərkəzinə gəldikdə isə, biz çağdaş lazer aparatlarının, demək olar ki, bütün növlərinə malikik. Bu baxımdan bizim mərkəz lazer tibbi sahəsində ixtisaslaşmış yeganə özəl tibb qurumudur. Məsələn, bu gün "MediLaz"da karbon, helium-neon aparatları, tam unikal sarı-yaşıl, arsenid-qallium, yarımkeçirici lazerləri və s. var. Biz estetik tibb, kosmetologiya, endorin cərrahiyyə, damar patologiyası, ginekologiya, ürək çatışmazlığının lazer terapiyası, ürəyin, qara ciyərin, mədəaltı vəzin, qulaq-burun boğazın müalicəsi sahəsində uğurla işləyirik. Bunlar lazer işığının özünü yaxşı göstərdiyi sahələrdir".
Doktor Bədəlov etiraf edir ki, xəstəliklərin müalicəsində lazer şüasından istifadə etməyə bir çoxları müəyyən qədər ehtiyatla yanaşırlar, düşünürlər ki, bu, təhlükəli ola bilər. Çünki "şüalanma" sözünü eşidən adamın beynində istər-istəməz "radioaktiv şüalanma" söz birləşməsi canlanır. Ancaq lazer şüalanması fizikanın tamamilə fərqli bölməsinə - kvant fizikasına aiddir. Əslində isə lazer tibbi elektromaqnit şüalanmanın xüsusiyyətlərinə və onların bioloji toxumalara təsirinə əsaslanır. Bucür terapiya isə lazer texnologiyalarının orqanizmə hüceyrə səviyyəsində təsir etmək qabiliyyətindən istifadə edir. Kimyəvi preparatlardan fərqli olaraq tibbi lazerlər arzuolunmaz mənfi effektlər vermirlər və insan orqanizminin başqa-başqa hissələrinə ayrılıqda təsir göstərirlər. Lazerlərin yaşa görə mənfi təsiri yoxdur, müalicəyə alışqanlıq yaratmır. Onlar heç vaxt hüceyrənin molekulyar quruluşunu dağıtmır və yalnız onu qızdırır. Böyük güclərdə isə şüalar yalnız toxumanı buxarlandırır. Lazerlərin cərrahiyyə xüsusiyyəti məhz bununla bağlıdır.
R. Bədəlov qeyd edir ki, lazerlərin populyarlığına və geniş tətbiqinə baxmayaraq, düzü, son 15-20 il ərzində dünya tibb elminin bu sahəsində elə də ciddi uğur qeydə alınmayıb. Son uğurlardan biri kimi fraksel-lazerlə gerçəkləşdirilən gəncləşdirmə prosedurunu göstərmək olar. "Deyim ki, fraksel-lazerlərin gəncləşdirmə prosedurlarının effektivliyi onları istehsal edən fabriklər tərəfindən bir qədər şişirdilib. Bu cür geniş reklam edilmiş aparatları tənqid etməkdən çəkinmirəm. Çünki mən insanlarla işləyirəm və klinikada aparılan bütün prosedurlara görə məsuliyyət daşıyıram. Çox sayda beynəlxalq tibb sərgilərində iştirak etməyim deməyə imkan verir ki, qiyməti 150 min avroya qədər çatan bu cihazlara xərclənən pulla müqayisədə daha yüksək nəticələr əldə olunmalı idi. Buna görə də lazer tibbində bütün yeniliklərə böyük ehtiyatla yanaşmaq lazımdır", - deyə tibb mərkəzinin rəhbəri bildirir.
Əlbəttə ki, istehsalçı zavodun verdiyi reklama kor-koranə inanmağa dəyməz. Həkim müvafiq müalicə almış pasient qarşısında bu prosedurlara görə məsuliyyət daşıyır. Lazer alətdir, o, mütəxəssisin əlində yaxşı, diletantın əlində isə pis ola bilər. Buna görə də hansısa qərarı verməzdən öncə həkimlə danışmaq, onun barəsində məlumat toplamaq və səriştəliliyinə əmin olmaq lazımdır. Bütün dünyada belə edirlər. Lazer tibbi üzrə mütəxəssislərin barmaqla sayıldığı, özü də bir mütəxəssisin yalnız bir aparatda deyil, çox növ lazer aparatında işlədiyi bizim şəraitdə isə həkim barədə məlumat toplamaq çox önəmlidir. Ona görə də tibb elmləri doktoru hseb edir: "Axı həkim və klinika müsbət imici illər boyunca yığır. Həkim öz xəstələrinə qohumları və yaxın adamlarına, özü-özünə yanaşdığı kimi münasibət göstərməlidir. Xəstəliklərin müalicəsində yalnız bu cür uğur qazanmaq olar".
Tələb təklif doğurur
Bu gün "MediLaz" klinikasında lazer işığından istifadə etməklə kompleks etiotrop müalicə tətbiq edilir. Bir sıra müalicə növləri yalnız lazerlə aparılır. Məsələn, sifətdə və ya başqa yerlərdə damar torunun, kapilyarların və ya hemogenlərin ləğv edilməsi ancaq lazer vasitəsi ilə gerçəkləşdirilir. Hazırda dünyada lazerli "face lift" yetərincə populyardır. Qeyd edək ki, bədəndəki uğursuz döymələrin silinməsi və çox vaxt eybəcərlik verən çapıq yerlərin hamarlanması baxımından bu, yetərincə effektiv cavanlaşdırıcı prosedurdur. Klinika özünü otorinolarinqologiya sahəsində də yaxşı göstərib.
"Təsəvvür edin, bu gün ətrafımızda hər gün nisbətən böyümüş badamcıq vəzlərini kəsib götürürlər, bununla da bədəni immun müdafiəsindən məhrum edirlər. Amma biz cəmi bir lazer seansına bu orqanın fəaliyyətini bərpa edirik. Və yaxud burun tıxanması problemini götürək. Bircə seans lazer müalicəsi lazımdır ki, pasient onu illərlə narahat edən problemdən canını qurtarsın. Bundan başqa lazerin yardımı ilə poliplər, adenoidlər, faringitlər rahat müalicə olunur, yuxuda xoruldamağın qarşısını almaq üçün əməliyyatlar keçirilir",- deyə R.Bədəlov bildirir.
Mərkəzdə dəri xəstəliklərinin, məsələn, hamıya bəlli sızanaqların və səpişiklərin müalicəsi də uğurla gerçəkləşdirilir. Papillomanı, göz qapağındakı ksantelazmanı, ziyili və ya piqment ləkəsini bir dəfəyə aradan qaldırmaq olar. Lazer şüalanması ilə müxtəlif hipertrofik və keloid çapıqlar aradan götürülür. Ürəyin, qara ciyərin, mədəaltı vəzin, bronx - ağ ciyər sisteminin xroniki xəstəlikləri zamanı qanın lazer şüalanması gerçəkləşdirilir, bu da müalicənin keyfiyyətini yaxşılaşdırır. Həmçinin lazer texnologiyasından ginekologiyada da istifadə edilir, eroziyaların və psevdoeroziyaların bir dəfəyə vaporizasiyası, yəni buxarlandırılması qadınların müalicəsinə səbəb olur. Cavanlaşdırıcı lazer əməliyyatları, bleforaplastika, orta dartmaları, kiçik həcmlərdə liposasiyalar, kontur plastikası, radioliftinq yenilikdir, bu zaman dərinin kollagen törəmələrinin stimulyasiyası, qanın təmizlənməsi aparılır. Antisellulit proqramı, ozon liposaksiyası, mezoterapiya çox yaxşı inkişaf edib. Bütün bu əməliyyatlar stasionar müalicə tələb etmir və yerli anesteziya keçirilir. Yəni pasient gəlir, xidmət qəbul edir və gedir.
Rəşid Bədəlov əmindir ki, əgər tələb varsa, deməli təklif də olmalıdır. Uyğun olaraq, ölkədə lazer tibbi sahəsində xidmətlər daha geniş təqdim olunmalıdır. "Məsələn, lazer aparatının uğurla tətbiq edildiyi ilk sahə oftalmologiyadır. İndi görmənin düzəlməsi məsələsi demək olar ki, lazerlərin tətbiqi olmadan keçirilmir. Əməliyyatın aparıldığı 5-7 dəqiqədən sonra insan gözlüyü çıxarır. Bu, möcüzədir! Ritinopatiya halında tor qişasında işləmək üçün lazer şüanı nə əvəz edə bilər? Lazer dartmaları, lazer gəncləşdirməsi öz nəticələrinə görə digər estetik prosedurlara baxanda müqayisəolunmaz dərəcədə yaxşıdır. Şəksiz Azərbaycanda bu istiqaməti inkişaf etdirmək və əhaliyə düzgün məlumat çatdırmaq lazımdır", - deyə həkim vurğulayır.
Lazer tibbinin əsas çətinliyi cihazların bahalı olmasındadır. Xidmət və cihazların zaman-zaman sıradan çıxan hissələrinin dəyişdirilməsi üçün də pullar gedir. Bu və ya başqa prosedurun qiyməti də aparatın neçəyə başa gəlməsinə və ona xidmət haqqına uyğun müəyyən edilir.
"Həm də etiraf etmək lazımdır ki, lazer tibbi hələ ki, hər şeyi müalicə etmir. Düşünürəm ki, onu harada daha yaxşı nəticələr əldə edilir, məhz orada da istifadə etmək lazımdır. Sərçəni topa tutmağa ehtiyac yoxdur". Lazer tibb qurğularının istifadəsindəki üstünlüklər isə onunla bağlıdır ki, bunları doğru işlətdikdə çox yaxşı nəticələr verən çağdaş alətlərdir. Məsələn, üzdə yaranmış hər hansı bir törəməni götürmək üçün lazerdən başqa ayrı bir alətlə böyük uğur qazanmaq mümkün deyil.
MƏSLƏHƏT GÖR: