14 Mart 2025

Cümə, 10:42

İKT İLƏ ULDUZLARA

Azərbaycan kosmik sənayenin yaradılması istiqamətində ciddi işlərə başlayıb

Müəllif:

01.09.2009

Azərbaycan tərəfindən prioritet inkişaf istiqaməti elan edilmiş informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Qlobal böhran fonunda dünya iqtisadiyyatındakı əksər  nəhənglərin irimiqyaslı layihələrinin çoxunu maliyyələşdirməkdə çətinlik çəkdikləri bir zamanda Azərbaycan prezidenti İlham Əliyev ölkədə yüksək texnologiyaların (hi-tech) tətbiqi və kosmik sənayenin yaradılması barədə sərəncam verdi. 

 

Baza  var! 

Buna inanmayanların şübhələrini dağıtmaq üçün mətləbə keçək: bu qlobal dəyişikliklərə Azərbaycan hələ çoxdan hazırlaşırdı və ona görə də ölkədə yüksək texnologiyalı İT sahəsinin yaradılması üçün artıq bütün əsaslar demək olar ki, var. Sadə nümunə çəkək: yalnız 2009-cu ilin birinci yarısında ölkə üzrə hər 100 nəfərə düşən fərdi kompüter sayı 8-ə çatıb. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 1 iyul tarixinə olan hesabatına görə, ölkə üzrə hər 100 sakinə 7 İnternet istifadəçisi düşür. Halbuki, hələ 2003-cü ildə Azərbaycanda cəmi 123 min fərdi kompüter var idi və 2007-ci ildə bu göstərici 323 minə çatıb. Dövlət Statistika Komitəsinin 2013-cü ilə qədər nəzərdə tutulan iqtisadi inkişaf perspektivlərinə və nəticələrinə görə, artıq 2013-cü ildə ölkədə 906 min fərdi kompüter olacaq. 

Həmin hesabat dövrünə İnternetə evdən çıxışı olan ailələrin xüsusi çəkisi 50%-ə çatacaq, 2003-cü ildə bu, 8% və 2007-ci ildə 28% olub. Hesabatda xüsusi qeyd olunub ki, hazırda Azərbaycanda məhsullar və IT xidmətləri bazarı formalaşıb, bu sahədə yeni xidmət növləri (distansion təhsil, IP telefoniya, rəqəmsal televiziya və s.) tətbiq edilib. İKT sahəsində əsaslı kapitala yatırımların həcmi 2003-cü ildən bu yana 2,9 dəfə, avadanlıq idxalı 3,4 dəfə, İKT məhsulları və xidmətləri istehsalı 3,5 dəfə artıb. 

Əhalinin İKT-yə çıxışının təmini üçün daha hansı tədbirlərin gerçəkləşdiriləcəyindən uzun-uzadı danışmaq olar. Məsələn, innovasiya texnoparklarının, regional innovasiya zonalarının, milli superkompüəter mərkəzinin və elektron ticarətinin tətbiqi üçün informasiya-marketinq məntəqəsinin yaradılmasından da artıq bəhs etmək mümkündür. Bundan əlavə qarşıda qlobal informasiya mübadiləsi layihəsi olan "Transmilli Avrasiya informasiya supermagistralı"nın gerçəkləşdirilməsi durur. Layihə Qərblə Şərq arasında yüksəkkeyfiyyətli rabitə yaradılmasına imkan verəcək, Avropanın və Asiyanın 20 ölkəsi yeni nəhəng dünya transmilli informasiya şəbəkəsinin regionda genişləndirilməsi perspektivi ilə İKT-lərə sadələşdirilmiş çıxış əldə edəcəklər.  

"Bütün bunlar perspektiv qeydləridir!" - deyə skeptiklər bildirəcəklər. Ancaq bəllidir ki, gələcəyi qurmaq Azərbaycanın malik olduğu keçmişsiz mümkün deyil. Ölkənin fəxr etməyə çox şeyləri, o cümlədən kosmik sənayesi də olub. Düzdür, bizim ölkədə raketlər istehsal edilməyib, ancaq 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində Milli Aerokosmik Agentlik  (MAKA) fəaliyyət göstrib.  MAKA-nın mütəxəssisləri SSRİ kosmik sənayesinin parlaq səhifəlirinin yazılmasında az zəhmət çəkməyiblər. 1981-ci ildə MAKA-nın bazasında Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyi (EİB) yaradıldı. Artıq müstəqillik illərində  isə bu qurumun bazasında Azərbaycan Milli Aerokosmik Agentlik (AMAKA) quruldu. 

Azərbaycan prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı ilə AMAKA (daha sonra MAKA) Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə verildi. Hazırda MAKA-nın əsas fəaliyyət istiqaməti Yerin kosmosdan tədqiqi və kosmik fəzanın öyrənilməsi, milli aerokosmik proqramların işlənməsi və yerinə yetirilməsi, beynəlxalq kosmik layihələr çərçivəsində gerçəkləşdirilən işlərin əlaqələndirilməsi və bu layihələrdə iştrak  sahəsində dövlət siyasətinin həyata keçirilməsi, həmçinin kosmik texnologiyaların Azərbaycan iqtisadiyyatının və təhlükəsizliyinin ehtiyacları üçün işlədilməsidir. 

MAKA-nın tərkibində bir sıra bölmələr fəaliyyət göstərir. Bunların sırasına Təbii Qaynaqların Kosmik Tədqiqatları İnstitutunu, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunu, Ekologiya İnstitutunu, Kosmik Cihazqayırma Təcrübə Zavodunu, Xüsusi Konstruktor-Texnoloji Bürosunu və Xüsusi Kosmik Cihazqayırma Konstruktor Bürosunu göstərmək olar. Bütün bunlar sadəcə gurultulu adlar deyil. Məsələn, Kosmik Cihazqayırma Təcrübə Zavodunun buraxdığı cihaz və komplekslər "Salyut" və "Mir" kosmik gəmilərindən kosmosun, yerüstü və yeraltı qaynaqların tədqiqi üçün, həmçinin Çernobl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üçün istifadə edilib. Bu gün isə zavod MAKA tərəfindən işlənilmiş texniki və texnoloji sənədlər əsasında elmi tədqiqatlar üçün nəzərdə tutulan cihazlar, həmçinin xalq istehlakı malları buraxır, müxtəlif xidmətlər yerinə yetirir. 

Başqa sözlə, yeni yüksək texnologiyalı, maksimum tələb olan və yetərincə bahalı ixrac məhsulları istehsalı, yeni iş yerlərinin yaradılması və ölkənin kosmik məhsullar bazarının nüfuzlu iştirakçıları siyahısına daxil olması üçün baza artıq var. 

Şəksiz, kosmik sənayenin yaradılması bir günün işi deyil. Kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramında ölkədə "hi-tech" istehsalatının yaradılması və inkişafı üçün bir xeyli tədbirlər nəzərdə tutulub.

Belə ki, artıq 2009-2013-cu illərdə ötürücü-qəbuledici peyk stansiyası VSAT-ın və başqa terminalların, müxtəlif (İnternet, direct TV, GPS və s.) tipli və funksiyalı peyk qəbuledicilərinin yığımı və istehsalı, element bazasının və başqa hazır avadanlığın istehsalı nəzərdə tutulur. 2010-2011-ci illərdə peykdən yerüstü sistemlərə məlumat alınması və emal edilməsi üçün avadanlıq alınacaq. 2011-2012-ci illərdə milli peyklərin orbitə çıxarılması gerçəkləşdiriləcək. Əlbəttə, xarici mütəxəssislərin çağırılması ilə yanaşı yerli kadrların hazırlanması da təşkil ediləcək. 

Artıq indidən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) bu istiqamətdə öz fəaliyyətini fəallaşdırır, uyğun infrastruktur yaradır. Belə ki, artıq nazirlik Kosmik Naviqasiya Sistemlərinin Regional Mərkəzinin yaradılması perspektivlərini gözdən keçirir. Mərkəz müxtəlif obyektlərin hərəkəti və durumu barədə məlumatın operativ işlənməsini nəzərdə tutan peyk naviqasiya sistemlərinin inkişafında həlledici rol oynayacaq. Bu layihənin gerçəkləşdirilməsində milli peyk "AzerSpace"in resurslarından istifadə ediləcək. 

Dövlət proqramının əsas məqsədi orbitə çıxarılacaq yeni peyklərin rəqabət qabiliyyətinin, peyklərin, cəlb edilmiş peyk sistemlərinin kommersiya effektliyinin  artırılması, həmçinin yeni peyklər vasitəsi ilə göstərilən xidmətlərin qiymətlərinin tənzimlənməsi, peyk xidmətlərinin infrastrukturunun təkmilləşməsidir. Azərbaycanda kosmik sənayenin yaradılması, kosmik məlumatın qəbulu və emalı ilə MAKA, telekommunikasiya peykinin idarəetməsi və istismarı ilə isə  "AzerSpace" ASC məşğul olacaq. Yeni sərəncama uyğun olaraq, dövlət proqramının yerinə yetirilməsinin əlaqələndirilməsi RİTN-ə tapşırılıb. Bu tədbirlər dövlət büdcəsinin hesabına, həmçinin qanunla qadağan edilməmiş mənbələrdən, o cümlədən daxili və xarici sərmayələr, kreditlər, qrantlar hesabına maliyyələşdirilə bilər. Başqa sözlə, kosmik sənayenin yaradılmasında xarici sərmayəçilərin də iştirakı mümkündür. 

 

Dekabr, 2011-ci il  

2011-2012-ci illərdə Azərbaycan iki telekommunikasiya peyki buraxmağı planlaşdırır. Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) mülkiyyət hüququ əsasında Azərbaycana  üç orbital mövqe ayırıb. Özü də iki mövqe ölkənin daxili ehtiyacları, biri isə beynəlxalq istifadə üçün nəzərdə tutulub. 

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, ilk peyk 2011-ci ilin dekabr ayında buraxılacaq. Tender nəticələrinə görə, peykin hazırlanması və orbitə buraxılması ilə Amerikanın "Orbital Sciences Corporation" şirkəti məşğul olacaq. Layihənin ümumi dəyəri 163 mln. manat qiymətləndirilib. Bunun  86-87 mln. manatı peykin öz dəyəridir, 16 mln. manat peykin əsas və ehtiyat idarəetmə sistemlərinə gedəcək. Təxminən 40 mln. manat hazırlıq və raketi orbitə çıxarmaq işlərinə xərclənəcək. 18 mln. manat 100 faizlik sığorta puludur. 

Özü də peykin hazırlanması artıq bu ay ABŞ-da birbaşa Azərbaycan mütəxəssislərinin müşahidəsi altında keçiriləcək. Bununla paralel olaraq kadrların hazırlanması da gerçəkləşdiriləcək. Hələ ki, peykin məhz hansı kosmodromdan buaxılacağı bəlli deyil. Ə.Abbasovun sözlərinə görə, Azərbaycana "mili peykini kosmik orbitə "Baykonur" kosmodromundan sovet istehsallı raket daşıyıcısının yardımı ilə qaldırmaq variantı təklif edilib".

Milli peykin əhatə dairəsinə Avropa və Asiyanın bir hissəsi daxil olacaq. Beynəlxalq peyk bazarına daxil olan Azərbaycan peyk tele və radioyayım, İnternet, məlumatların ötürülməsi, beynəlxalq telefon trafiki üzrə xidmətlər göstərəcək.

Sirr deyil ki, peykin resurslarının yalnız 15-20%-i Azərbaycan tərəfindən istifadə ediləcək, qalanı isə satılacaq. Elə bir güclü məntiq olmadan da anlamaq olar ki, peykin resurslarının  80%-i beynəlxalq bazara çıxarılmalı  və ən başlıcası  sərfəli alıcı  tapılmalıdır. Hazırda bu istiqamətdə də danışıqlar aparılır, özü də belə görünür ki, nəticələr uğurludur. "Danışıqlara konsaltinq şirkətlərinin ekspertləri,  məsləhətçiləri dəvət olunublar. Bu isə peyk resurslarının 80%-inə sifarişin olacağına inanmağa imkan verir", - deyə nazir bildirib. 

Belə ki, peykin resurslarının 40%-nin alınması ilə bağlı ilkin sifariş artıq Malayziyadan gəlib. Qalan 40%  üzrə də sifarişlər daxil olmaqdadır, amma satış barədə qərar hələ verilməyib. Ə. Abbasov əmindir ki, "AzerSpase" rentabelli kommersiya layihəsidir, kapital yatırılmları 5-7 il ərzində öz xərcini çıxaracaq. Qalan 15 ildə isə layihə təmiz gəlir gətirəcək. 

Ancaq həmin müddətə kimi ölkədə müvafiq infrastruktur yaradılmalı və yüksək ixtisaslı kadrlar hazırlanmalıdır ki, Azərbaycan müstəqil şəkildə öz peyklərinə xidmət göstərə bilsin. Kim bilir, bəlkə, Azərbaycanda kosmodrom da tikiləcək.

Yeri gəlmişkən, hələ bu ilin fevral ayında Azərbaycan prezidenti İlham Əliyev Amerikanın CNBS telekanalına müsahibəsində bildirib: "Azərbaycan kosmik sənaye yaratmağın astanasındadır". Dövlət başçısı o cümlədən deyib ki, İKT bölməsində nəzərdə tutulan işlər Azərbaycana yeni inkişaf mərhələsinə çıxmağa imkan verəcək. 

"Bəllidir ki, gələcək neftin və qazın deyil, texnoloji inkişafındır. Neft və qaz ehtiyatları gec və ya tez tükənəcək, bilik və texnologiya isə həmişə inkişafda aparıcı olaraq qalacaq. İndi dünyanın aparıcı ölkələri İKT bölməsinə daha çox sərmayə yatıranlardır, çünki ən qabaqcıl texnoloji imkanlara malikdirlər", - deyə İ.Əliyev vurğulayıb. 

Prezident xatırladıb ki, İKT sahəsi üzrə dövlət proqramında texnoparklar və regional innovasiyalar nəzərdə tutulub. "Biz dövlət tərəfindən ilkin yatırımları etməyə hazırıq. Biz, əlbəttə ki,  xarici və yerli sərmayələrin qoyulmasına da çox şad olarıq. Ancaq bu işə impuls vermək üçün biz bütün hazırlıq işlərini görməli, infrastruktur yaratmalı, sərmayələri təmin etməliyik. Biz energetika layihələri üçün cəlbedici olduğumuz kimi, İKT bölməsinin inkişafı üçün də cəlbedici olmağı bacarmalıyıq", - deyə İ.Əliyev bildirib. 


MƏSLƏHƏT GÖR:

444