
"DÜNYANI YENİDƏN BÖLÜŞDÜRMƏK OLMAZ"
Beynəlxalq Avropa hərəkatının baş katibi D.Pinto Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
Müəllif: Almaz NƏSİB Bakı
Beynəlxalq Avropa Hərəkatının (BAH) baş katibi Dioqo Pintonun Azərbaycana səfəri və onun burada verdiyi bəyanatlar qonşu Ermənistanda kəskin narazılıqla qarşılandı. Və bu da təbiidir. Çünki D.Pinto da digər avropalı siyasətçilər və diplomatlar kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış etdi. Hətta bu münasibətlə Ermənistanın Avropa Hərəkatının başçısı Viktor Yengibaryan Beynəlxalq Avropa Hərəkatının idarə heyətinə şikayətlə müraciət də etdi. Və bundan sonra erməni KİV-ləri məlumat yaydılar ki, guya Azərbaycan mətbuatı D.Pintonun sözlərini təhrif edib. Maraqlısı isə odur ki, D.Pintonun özü nəinki Azərbaycan mətbuatında yazılanları təkzib etmədi, hətta "Region Plus"a müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü əsas prinsip kimi qəbul etdiklərini təsdiqlədi. Üstəlik, BAH baş katibi vurğuladı ki, təmsil etdiyi qurum Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır və onun bu vəzifədə ilk səfərini məhz Bakıya etməsi də təsadüfi deyil.
- Salam, cənab Pinto. Budəfəki gəlişinizin məqsədi nə idi?
- Əvvəlki səfərlərimdə olduğu kimi, bu dəfə də Azərbaycanın ictimai-siyasi mühitini öyrəndik. Eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı müzakirələr aparmaq da missiyamıza daxil idi. Biz Avropaya inteqrasiya edən hər bir ölkə ilə sıx əməkdaşlıq edirik və bu istiqamətdə bir sıra təkliflərimiz olur. Azərbaycanla da bağlı təkliflərimizi keçirdiyimiz görüşlərdə müzakirə etdik. Ümumiyyətlə, əməkdaşlıq etdiyimiz dövlətlərin inkişafı, demokratik dəyərləri, azadlıq və insan haqlarının durumu bizim üçün çox vacibdir.
- Təəssüratlarınız necədir - Azərbaycanın Avropaya inteqrasiyası hansı səviyyədə inkişaf edir?
- Bu yolda təkcə Azərbaycan hökuməti deyil, eyni zamanda onun vətəndaşları da fəal olmalıdır. Elə bizm hərəkatın əsas fəaliyyət istiqamətlərindən biri də hökumətlə yanaşı, onun vətəndaşları arasında da iş aparmaqdır. Hökumətdən çox, insanlar təşəbbüs göstərməlidirlər. Bizim qurumun fəaliyyətində vətəndaşlarla iş aparmaq prinsipi də əsas yerlərdən birini tutur. Avropa Hərəkatı elə bir təşkilatdır ki, onun gördüyü işlər, dövlətlərlə apardığı iş prosesi böyük vaxt tələb edir və nəticədə zaman-zaman nələrəsə nail olunur. Burdakı araşdırmalarımıza əsasən məsləhət görərdim ki, Azərbaycan bu inkişaf yolunu davam etdirsin, bu istiqamətdə çalışsın.
- "Şərq tərəfdaşlığı" proqramının imzalanmasından çox az vaxt keçir. May ayının 7-dən bu yana proqramın həyata keçirilməsi istiqamətində nə kimi işlər görülüb?
- Bu proqram yeni imkanlar yaradır. "Şərq Tərəfdaşlığı" təşəbbüsünə qoşulan ölkələrlə yanaşı, Avropa üçün də bu layihə tam yenidir. Avropa İttifaqı bu proqram vasitəsilə iş aparır. Biz də öz növbəmizdə əməkdaşlıq etdiyimiz ölkələrlə təcrübə mübadiləsi edirik. Bilirsiniz, Avropanın hamıya məlum olan standartları var. Bu standartları qəbul etmək isə dövlətlərin öz hüququdur. Gələcəkdə Azərbaycan, eləcə də "Şərq Tərəfdaşlığı"na daxil olan o biri dövlətlər quruma daxil olmaq istəsələr, bu onların özlərindən asılı olacaq.
- Bilirsiniz ki, Azərbaycanla-Ermənistan müharibə şəraitindədir, Gürcüstanda isə proseslər elə də sabit deyil. Belə bir narahat region nə dərəcədə Avropa İttifaqına lazımdır?
- Bəli, regionda vəziyyət elə də stabil deyil. Amma hardasa həm də stabildir. Regionda olan konfliktləri "dondurulmuş münaqişələr" adlandırırlar. Amma ötən ilin bu vaxtı Gürcüstanla Rusiya arasındakı müharibə sübut etdi ki, bu "donmalar"ı asanlıqla "əritmək" olar. Mənim fikrimcə, konfliktlərlə bağlı biz indi "Nə etməliyik?" sualına cavab tapmalıyıq, gələcəkdə "Nə olacaq?" sualına yox. Avropa Birliyi zorakılığa yol verməmək şərtiylə sülhə nail olmaq prinsipini üstün tutur. Avropa İttifaqı regionda sabitliyin tam təminatı üçün öz dəstəyini əsirgəmir. Ələlxüsus da, bu regionda yaşayan ölkələr, insanlar bilməlidirlər ki, region bölünüb, Avropa da bölünüb. Amma dünyanı bölüşdürmək olmaz. Dünya bir rəngdədir.
- Konkret olaraq Dağlıq Qarabağ münaqişəsi haqqında nə deyərdiniz?
- Rəsmi şəkildə Avropa Birliyi hələ Qarabağ münaqişəsi başlayan ilk vaxtlardan dərhal hadisə ilə bağlı mövqeyini bildirmişdi. Bəyan edilmişdi ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmalıdır. Mütəmadi olaraq indi də Avropa Birliyi Azərbaycanın ərazi toxunulmazlığını qəbul edir. Sual ola bilər ki, Avropa Birliyi konfliktin həlli ilə bağlı nə edə bilər? Qurum ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan hazırkı danışıqların intensivləşdiyini yüksək qiymətləndirir və bunun da nəticəsində siyasi reallıqda gözlənilən qətnaməni dəstəkləyir.
MƏSLƏHƏT GÖR: