15 Mart 2025

Şənbə, 00:44

MİLAN QAMBİTİ

Mütəxəssislər boksçularımızın dünya çempionatında çıxışı ilə əlaqədar ehtiyatlı proqnozlar verirlər

Müəllif:

15.08.2009

Azərbaycanın boks üzrə milli komandası üçün bu il əsas yarış Milanda keçiriləcək dünya çempionatı olacaq. Onun başlanmasına isə çox az vaxt qalıb - artıq sentyabrın 1-də ilk qarşılaşmalar keçiriləcək. Ona görə də komandamız hazırlığın həlledici mərhələsinə qədəm qoyub. 

Komandanın əsas özəyinin hələ yaranmadığını, həmçinin son illər ərzində milli boks məktəbinin beynəlxalq arenada mövqelərini möhkəmləndirdiyini nəzərə alaraq, İtaliyadan görəsən hansı nəticələri gözləmək olar?

 

Sabitliyə baxılmır

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev durumu təhlil  edərək bildirib ki, bir sıra faktorlar üzündən boks ustalarımızın mükafatlar uğrunda yarışması asan olmayacaq: "Yenilənmiş komandanın konturları hələ indi  müəyyənləşir və bu səbəbdən boksçularımızın yüksək hədəflərə nail olmaları çətindir. Ən azı, qarşıdan gələn mundialda. Çünki komanda üzvlərinin beynəlxalq təcrübə toplamaları, böyük rinqə uyğunlaşması üçün vaxta ehtiyac var". 

Onu başa düşmək olar. Axı hazırda komanda daha çox Londonda keçiriləcək Olimpiadaya hazırlaşır və dünya birinciliyi onun üçün, sadəcə, eksperimentlər meydanıdır. Üstəlik, Milanda Pekin Olimpiadasının bürünc mükafatçısı Şahin İmranov da çıxış etməyəcək. O, karyerasında taym-aut götürüb və bu, ehtiyat idmançılara özlərini göstərmək üçün yaxşı şans verir.

Digər tərəfdən, atletlərimiz hələ ki o qədər də sabit çıxış etmirlər və bu, komandanın liderlərinə də aiddir. Məsələn, 2007-ci il mundialının bürünc mükafatçısı Samir Məmmədov (54 kq), dünya və Avropa çempionatının mükafatçıları Romal Amanov (69 kq) və Elçin Əlizadə (91 kq) son zamanlar xeyli geriləyiblər və hazırda vaxtı ilə yüksəldikləri idman formasını nümayiş etdirə bilmirlər. Halbuki həmin formanın məhz indi nümayiş etdirilməsi çox vacibdir, çünki komanda qələbələrə susayıb.

Qarşıdan gələn dünya çempionatı orada təmsil olunacaq ölkələrin və idmançıların sayına görə rekord sayıla bilər - Milanda rinqə 113 ölkədən 772 boksçu çıxacaq. Müqayisə üçün qeyd edək ki, Çikaqoda keçirilmiş son mundialda 101 ölkədən 557 boksçu iştirak edib.

Azərbaycan komandası turnirdə bütün çəkilərdə, yəni 11 çəki dərəcəsində təmsil olunacaq 23 komandadan biridir. Amma kəmiyyət heç də keyfiyyət demək deyil. Məsələn, biz Pekin Olimpiadasında yalnız Samir Məmmədov (51 kq) və Şahin İmranovla (57 kq) təmsil olunsaq da, bürünc medal qazana bilmişdik. Amma bu, yəqin ki, sadəcə, xoş istisnadır. Son vaxtlar rəsmi yarışlarda millinin göstərdiyi nəticələr qəflətən aşağı düşməyə başlayıb, qarşıdan gələn mundialda isə şöhrətin yenidən qaldırılması son dərəcə çətin olacaq. Ən azı ona görə ki, 2007-ci ildə Çikaqoda keçirilmiş mundial siyasi motivlər üzündən ABŞ-a yollanmamış kubalı boksçuların iştirakı olmadan keçirilib. İndi isə Azadlıq adası təmsilçiləri əksinə, tam heyətlə Milana yollanmaq fikrindədirlər və demək, mükafatlar uğrunda rəqabət kifayət qədər güclənəcək. Boksçularımızın bu rəqabətə davam gətirə bilib-bilməyəcəyi böyük sual altındadır. Boks üzrə dünya çempionatının 2 ildən bir keçirildiyini nəzərə alsaq, planetin ən güclüsü titulunun qiymətinin necə yüksək olduğu aydınlaşar.

İstənilən halda, hələ ki millinin məşqçilər heyətinin vaxtı var və hazırda hazırlıq özünün həlledici mərhələsinə qədəm qoyur.

Yeri gəlmişkən, çempionatda bir sıra yeniliklərə də imza atılacaq: ilk dəfə olaraq, turnirin püşkatması AIBA reytinqinə əsasən aparılacaq, döyüşlərdə hesab isə tamaşaçılar və boksçular üçün açıq olmayacaq. Ümumiyyətlə, assosiasiyanın püşkatmanı boksçuların statusuna əsasən keçirməkdə gecikdiyini söyləmək olar. Bu qayda bir çox idman növlərində tətbiq edilir, məsələn, cüdoda Beynəlxalq Federasiya reytinqləri az qala hər həftə açıqlayır. İndi isə boksçular da mundialda yüksək reytinqlilərin sırasına qatılmaq üçün mübarizə aparmalıdırlar. Amma artıq bu xalların toplanması üçün vaxt qalmayıb - ranqlar haqda tabel avqustun 29-da açıqlanacaq və oradakı vəziyyət dünya çempionatının püşkatmasında əsas götürüləcək. 

Onu da nəzərə almaq lazımdır ki, bizim bir sıra atletlərimiz qiymətləndirilmədə o qədər də yüksək yerləri tutmurlar və bu, o deməkdir ki, həmin boksçular yarışın ilk mərhələlərindəcə favoritlərlə qarşılaşa bilərlər. 

Digər tərəfdən, indiyədək şəffaf hesab olunan hakimlik yenidən qapalı xarakter alır. Əvvəllər boksçular qarşılaşmanın gedişində hesabdan xəbərdar olurdularsa, indi onlar bu haqda yalnız döyüş başa çatdıqdan sonra məlumat alacaqlar. Əlbəttə ki, bütün bunlar idmançılarda əlavə əsəbilik yaradacaq və bu, xüsusilə medalların bir addımlığında keçiriləcək qarşılaşmalarda hiss ediləcək. Axı, həmin mərhələdə, demək olar ki, bərabər güclü idmançılar qarşı-qarşıya gəlir.

 

Qadın boksu Olimpiadada?

Bu arada 2012-ci il Olimpiadasında qadın boksunun debüt etmək şansı kifayət qədər yüksəkdir. Əgər bu ideya həyata vəsiqə qazanarsa, bu, yalnız kişilərə aid kateqoriyanın ixtisarı nəticəsində baş verəcək. Bu isə, əlbəttə ki, Azərbaycanın xeyrinə deyil.

Son zamanlar kifayət qədər fəallaşmış Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) artıq qadın boksunun Olimpiadaya daxil ediləcəyi təqdirdə hansı kateqoriyaların olacağını da müəyyənləşdirib. Nəzəri baxımdan o, 3 çəki dərəcəsində təmsil ediləcək - 51 kiloqramadək, 60 və 75 kq. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Proqram komitəsi bu məsələni Berlində keçiriləcək toplantısında müzakirə edəcək və yekun qərar BOK-un Konqresinin bu ilin oktyabrında Kopenhagendə təşkil olunacaq yığıncağında çıxarılacaq.

Bununla yanaşı, unutmaq olmaz ki, AIBA-nın planı reallaşarsa, kişilər arasında çəki dərəcələrinin sayı azaldılacaq. Hazırda onun sayı 11-dir. Lakin qadın boksu Olimpiadada təmsil olunarsa, o, 8-dək azaldıla bilər. "Biz təkliflər hazırlamışıq və onları Beynəlxalq Olimpiya Komitəsinin müzakirəsinə çıxaracağıq. Boks yeganə olimpiya idman növüdür ki, orada qadınlar çıxış etmir", - deyə AIBA-nın rəhbəri Çinq Ko Vu bildirib. 

Yeri gəlmişkən, qadın boksunun 2008-ci il Olimpiadasına daxil edilməsinə dair 2005-ci ildə göstərilmiş cəhd uğursuzluqla nəticələnmişdi. O zaman BOK hesab etmişdi ki, qadın boksu hələ dünyada kifayət qədər geniş yayılmayıb. Bu dəfə BOK-un qərarı müsbət olarsa, qadın boksçular üçün 2012-ci il Olimpiadası üçün ilk seçmə mərhələ 2010-cu ilin oktyabrında Barbadosda keçiriləcək dünya birinciliyi olacaq.

Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hesab edir ki, hər bir idman növündə hansısa daxili dəyişikliklərin baş verməsi normaldır, lakin oyunlarda bu və ya digər idman növləri üçün ayrılmış medalların sayı dəyişməz qalmalıdır. Bu, qılıncoynatmada da özünü göstərib - bu idman növündə qadınlar arasında yarış Olimpiadaya yalnız 2004-cü ildə salınıb. "BOK-un əsas ideyası Olimpiya proqramının daha müasir, baxımlı, cəlbedici olması, eyni zamanda iştirakçılar və qazanılan medalların balansının pozulmamasıdır. Lakin əgər hər idman növündə kişilərlə yanaşı qadınlar da yarışarlarsa, bunu etmək çox çətin olacaq - demək, mükafat dəstlərinin sayı artacaq. Əgər iştirakçıların heyətini tənzimləmək mümkündürsə, mükafatlarla bağlı bunu etmək çox çətindir", - deyə Ç.Hüseynzadə bildirib.

Maraqlıdır ki, güləşdə də oxşar situasiya yaranıb. Burada qadınlar arasında çəki dərəcələrinin artırılması gündəmdədir. Beynəlxalq Federasiyanın (FILA) rəhbəri Rafael Martinetti də hələ bir müddət əvvəl bəyan edib ki,  bu məsələ ilə bağlı BOK-la ilkin razılıq əldə edib. 

Boksa qayıdaraq, qeyd edək ki, bu növdə mükafatlar uğrunda mübarizənin aparıldığı çəki dərəcələrinin sayının dəyişməz qalacağını güman etmək olar. Əgər ideya reallaşarsa, kişilər 8 çəki dərəcəsində mübarizə apararaq, onlardan 3-nü qadınlara verəcəklər. Bu zaman isə Azərbaycanın Boks Federasiyası artıq qadın boksunun inkişafına da diqqət ayırmalı olacaq. 

Hələliksə, bizə yalnız hadisələrin inkişafını izləmək qalır.


MƏSLƏHƏT GÖR:

505