15 Mart 2025

Şənbə, 00:44

ALMAN MAŞINININ STATİSTİKASI

Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən qarşılaşma əvvəlcədən gözlənildiyi kimi, meydan sahiblərinin məğlubiyyəti ilə bitdi

Müəllif:

15.08.2009

Dünya Çempionatı-2010-un seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi üçün vacib qarşılaşmalardan olan Almaniya matçı, elə proqnozlaşdırıldığı kimi də bitdi. Özü də bu vaciblik yarışın strategiyası ilə yox (Azərbaycan yığması artıq çoxdandır ki, qrupda yüksək yerlər uğrunda mübarizə aparmır), rəqibin üçqat dünya çempionu olması ilə bağlı idi. 

İstənilən halda, sürpriz qeydə alınmadı və Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

 

İmkanlar var, qol isə yox

Bu kampaniyada komandamız hələ bir dəfə də olsun rəqib qapısına qol vura bilməyib və azarkeşlərlə yanaşı, baş məşqçi Berti Foqts da millinin bu dəfə ənənəni pozacağını gözləyirdi. Azərbaycan klublarının, xüsusilə də "Qarabağ"ın Avrokuboklardakı son uğurlarının fonunda gözləntilər daha çox idi. Məhz bu səbəbdən baş məşqçi meydana, əsasən, "Qarabağ"ın oyunçularını buraxmağa qərar verdi - qapıçı Fərhad Vəliyevlə yanaşı, yarımmüdafiəçilər Elvin Məmmədov və Vüqar Nadirov, hücumçu Vaqif Cavadov, həmçinin müdafiəçi Rəşad Sadıqov ilk dəqiqələrdən meydana çıxdılar. Və demək olar ki, ümumilikdə komanda özünü heç də pis göstərmədi. Hər halda, rəqib qapısı qarşısında qol vəziyyətləri yaradılırdı. Lakin təəssüf ki, onların reallaşdırılması mümkün olmurdu. Özü də, tərifli alman müdafiəsi də o qədər də etibarlı təsir bağışlamırdı. Lakin sonda əsas olanı yaradılmış vəziyyətlər yox, statistikadır - almanlar qapılarında bir qol belə görməyərək, Azərbaycan millisini 2 dəfə mərkəzə dəvət etdilər.

Etiraf etmək lazımdır ki, meydan sahibləri rəqibin hücumlarına kifayət qədər təhlükəli cavablar verirdi. Bu baxımdan matçın ilk dəqiqələrində qapıçı Robert Enke ilə təkbətək çıxsa da, zərbə vurmağı yox, müdafiəçiləri gözləməyi üstün tutan Mahir Şükürovun epizodunu xatırlamaq yerinə düşər. Almaniya isə əlinə düşən ilk məqamdaca topu qapıdan keçirə bildi. Hətta həmin anı 100 faizlik qol epizodu da saymaq olmaz. Bastian Şvaynştayger cərimə meydançası xətti yaxınlığında topu ələ keçirərək müdafiəçiləri önündən çəkdi və zərbə endirdi. Top düz qapıçının əllərinə doğru istiqamətlənsə də, o, zərbənin qarşısını ala bilmədi.

Hesabda önə keçdikdən sonra da ərazi üstünlüyünü əldən verməyən almanlar qarşılaşmaya tam nəzarət edirdilər. Lakin xeyli müddət qapılar qarşısında qol epizodları yaşanmadı. Yalnız ilk yarının sonlarında Miroslav Kloze özünü cinahdan ötürməyə yetirsə də, top qapıçının qarşısında yerə çırpılaraq, çərçivənin üstündən keçdi. 

Amma ikinci yarıda Kloze istəyinə çatdı: Mario Qomesin zərbəsindən sonra qapı tirinə dəyib geri dönən topa özünü yetirən hücumçu onu başla qapıdan keçirdi. 

Bundan sonra almanlar sakitləşərək, təşəbbüsü meydan sahiblərinə verdilər və qeyd etmək lazımdır ki, futbolçularımız elə ilk həmlədəcə qollardan birinin əvəzini çıxmağa yaxın idilər. Meydanın mərkəzində iki rəqib futbolçunu aldadan Şükürov sürətli hücum quraraq, rəqibin "üçə dörd" yaxalanmasına səbəb oldu. Lakin bu hücumdan da maksimum nəticə əldə etmək mümkün olmadı.

Digər tərəfdən, qarşılaşmanın gedişini nəzərə alaraq, demək olar ki, qonaqlar bütün bacarığını ortaya qoymadılar və nəticədə biz Almaniyanın əsl oyununu görə bilmədik. Çünki Şvaynştaygerin 11-ci dəqiqədə gələn qolundan sonra rəqibin qələbəni əldən buraxmayacağı aydınlaşmışdı. 

Bundan başqa, hələ qarşılaşmadan əvvəl Foqts Almaniya üzərində qələbənin real olmadığına işarə etmişdi. Nəzərə alsaq ki, seçmə mərhələnin başlanğıcında Almaniya millisi Helsinkidə finlərlə 3:3 oynayaraq, zorla heç-heçəyə nail olmuşdu, bu, kifayət qədər qəribə mövqe sayıla bilər. Aydındır ki, vaxtilə Almaniya millisinə baş məşqçilik etmiş Foqtsun öz həmyerlilərinə qarşı oyundan danışması asan deyildi. Lakin bunun əksini göstərən təcrübə də var. Hazırda Rusiya millisinin sükanı arxasında olan Qus Hiddinqə Avropa çempionatının dörddəbir finalında Hollandiya yığmasına qalib gəlməyə heç nə mane olmamışdı. Əlbəttə ki, bizim komandamız Almaniya üzərində qələbə qazanmağa hazır deyil. Lakin məsələ ondadır ki, komanda məğlubiyyətə rəğmən, yadda qalacaq oyun da göstərmir. Almaniya ilə qarşılaşmada futbolçularımız nəyəsə cəhd etdilər. Amma güclü yığma qarşısında özünü göstərmək üçün cəhd etmək kifayət deyil. Ümumilikdə götürdükdə, millimiz bundan əvvəlki oyunlarda da olduğu kimi, vahid oyun nümayiş etdirmədi. Almanlar isə Bakıda qazandıqları qələbə ilə qrupda liderliklərini daha da möhkəmləndirdilər və ikinci yerdə qərarlaşan Rusiya millisi ilə xal fərqini 4-ə çatdırdılar. Amma sonuncuların hələ ehtiyatda oyunu var və yəqin ki, qrupun qalibi Moskvada tərəflər arasında keçiriləcək matçda müəyyənləşəcək.

 

"Qarabağ" və "Bakı" pley-off astanasında

Millinin uğursuzluğunu Avropa Liqasının pley-off mərhələsinə yüksəlmiş Azərbaycan klubları kompensasiya edə bilər. Bu baxımdan Hollandiyanın "Tvente" klubu ilə qarşılaşacaq "Qarabağ"ı xüsusi qeyd etmək istərdik. 

Xatırladaq ki, ağdamlılar bu mərhələyə Finlandiyanın "Xonko" klubunu səfərdə minimal hesabla məğlub etdikdən sonra yüksəliblər. Onların mərhələ adlaması üçün T.Bəhramov adına Respublika stadionunda məğlub olmamaq tələb edilirdi və "Qarabağ" bunun öhdəsindən gələ bildi. Finlandiyada rəqib qapısına yol tapdıqdan sonra, Bakıda da hesabı açmaqla ağdamlıların mərhələ adlamaq şansını artıran Elvin Məmmədovu xüsusi qeyd etmək lazımdır. Bunun ardınca dərhal Koskinen hesabı bərabərləşdirsə də, Rəşad Sadıqovun uzaqdan cərimə zərbəsi nəticəsində vurduğu qol cütlüyün taleyini həll etdi.

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, "Qarabağ" nail olduğu uğurları, faktik olaraq, güclü ehtiyat oyunçular olmadan əldə edir. Məsələn, liderlərdən Emin İmaməliyevin zədəsi onun Bakıda meydana çıxmasına imkan vermədi və bu, məşqçilər üçün əsl başağrısı oldu. Lakin buna baxmayaraq, klub Avrokubok yarışlarında kifayət qədər inamlı təsir bağışlamaqdadır. Komandanın əsasını birmənalı olaraq azərbaycanlı futbolçuların təşkil etməsi də az əhəmiyyət daşımır. Yalnız Admir Tellinin legioner olduğu komandada Rəşad Sadıqov, Vaqif Cavadov, Vüqar Nadirov, Fərhad Vəliyev, Elnur Allahverdiyev və digərləri yeni nəsil üçün əsl nümunə sayıla bilərlər. 

Xüsusilə milli çempionatda limitin aradan qaldırılması fonunda Qurban Qurbanovun yerli kadrlara üstünlük verməsi vurğulanmalıdır.

Yeri gəlmişkən, gənc mütəxəssis Avropada uğurlu çıxış edən klub yaratmaqla, özünü ən yaxşı tərəfdən göstərə bildi. Özü də komandanın oyunçulanın əla fiziki formada olması da diqqəti cəlb edir - oyunçular həm "Rusenborq", həm də "Xonka" ilə qarşılaşmalarda fiziki cəhətdən yaxşı təsir bağışlayırdılar.

Azərbaycan millisinin sabiq hücumçusu bir məşqçi kimi artıq minimum vəzifənin öhdəsindən gəlib. Amma indi klubun qrup mərhələsinin bir addımlığında olduğunu nəzərə alsaq, "Qarabağ"ın Avrokubok planlarına, təbii ki, dəyişikliklər edilib. Düzdür, bunun üçün komanda Hollandiyanın "Tvente" klubunu yolundan kənarlaşdırmalıdır ki, bu da çətin görünür. 

Digər tərəfdən, son anadək kluba yalnız Avropa Liqasının startında kömək etməyə razılıq vermiş Rəşad Sadıqovun komandada qalıb-qalmayacağı da aydın deyildi. Onun "Kocaelispor" klubuna qayıdacağı istisna olunmurdu. Lakin Rəşad "Tvente"yə qarşı oyunda da meydana çıxacağını söyləməklə, azarkeşləri sakitləşdirib.

"Bakı" isə Çempionlar Liqasının üçüncü seçmə mərhələsini adlaya bilmədi. Öz meydanında Bolqarıstanın "Levski" klubu ilə heç-heçə (0:0) oynayan bakılılar, Sofiyada keçirilən təkrar qarşılaşmada 0:2 hesablı məğlub oldular. Qeyd etmək lazımdır ki, Coko Hacıyevskinin yetirmələri bu qarşılaşmada hazırkı Avropa turnirlərindəki ən zəif oyunu nümayiş etdirdi. 

Lakin məğlubiyyətə baxmayaraq, "Bakı"nın Avrokuboklarda çıxışı hələ davam edir. Axı, Çempionlar Liqasının üçüncü seçmə mərhələsində məğlub olan klublar avtomatik olaraq Avropa Liqasının pley-off mərhələsinə düşürlər. Bu mərhələdə isə "Bakı"nın rəqibi "Bazel"dir.

Bir daha qeyd edək ki, "Bakı" Sofiyada azarkeşlərin ondan gözlədiyi oyunu nümayiş etdirmədi. Qonaqlar meydanın hər yerində mübarizə aparır, əks-hücumlar qurmağa çalışırdılar. Lakin hər şey onların istədikləri kimi alınmırdı. Top daha çox rəqibdə olur, "Bakı"nın hücum qurmaq istəkləri isə uğursuz alınırdı. Nəticədə, əsas kozır sayılan nəhəng braziliyalı Feliks top üzünə həsrət qaldığından, topa yiyələnmək üçün tez-tez geri çəkilməli olurdu. 

Əlbəttə ki, bütün bunlar bolqarıstanlı müdafiəçilərin xeyrinə idi. Rəqib hücumçular isə "Bakı"nın müdafiədəki səhvlərindən lazımınca yararlandı: Yovov hesabı açdı. Düzdür, buraxılan bu qol "Bakı" üçün heç nəyi dəyişmirdi - istənilən halda vurulan bir top bakılıları növbəti mərhələyə çıxaracaqdı. Lakin komanda rəqib qapısı önündə heç nə yarada bilmədi. Əksinə, "Levski" cinahdan gələn pası qapıya yollayan Georgia Xristovun hesabına fərqi daha da artırdı. 

Bir sözlə, "Bakı" Çempionlar Liqasının növbəti mərhələsinə keçməklə bağlı arzusunu reallaşdıra bilmədi və indi Avropa Liqasında onu "Bazel"lə qarşılaşma gözləyir.


MƏSLƏHƏT GÖR:

368