24 Noyabr 2024

Bazar, 20:04

CAN DƏRMANI, MUSİQİ

Musiqinin insan orqanizminə təsirinin sirləri hələ tam öyrənilməyib

Müəllif:

15.08.2009

Hələ antik dövrlərə aid mənbələrdə musiqinin  müalicəvi xüsusiyyətlərindən bəhs edilir. Qədim alimlərin fikrincə, nəbzin hər bir ritmi bu və ya digər xəstəliklərə uyğun gəlir. İtaliyanın orta əsrlərdə yaşamış musiqi nəzəriyyəçilərindən Jozef Tsarlinonun məlumatına görə, Senokrat adlı birisinin kəranay adlanan  alətdə (nəfəs aləti) öz ifası ilə dəlilərə şəfa verərək onları sağaltması faktı məlumdur. Başqa bir musiqiçinin isə kifar (simli alət) alətiylə taun xəstəliyinə qalib gəldiyi bildirilir. Davud Peyğəmbərin gözəl səslə oxuması və kifarda çalması yolu ilə Bibliya padşahlarından birini ağır depressiyadan xilas etmişdir. Elə müğənni Orfey də özünün məlahətli səsi ilə nəinki insanların ruhunu ələ ala bilmiş, həm də vəhşi heyvanları və quşları da ram etməyi bacarmışdır. Həkim Asklepiad  musiqi təranələri ilə ixtilafları yatırmış, kərnay  musiqi alətini  səsləndirməklə karların eşitmə qabiliyyətlərini özlərinə qaytara bilmişdir. Pifaqorun şagirdlərindən Damon adlı birisi içkiyə  və şəhvətə  aludə olan gəncləri məlahətli səslə oxuması ilə düzgün yola qatarmağa nail olmuşdur. Homerin "Odisseya" əsərində  Odisseyin müalicə olunmasından bəhs edilir. Gözəl musiqiyə və ifaya qulaq asandan sonra onun yaralarının qanaxması dayanıb. Homer cəngavər Axillesin öz  qəzəbini oxumaq və lirada çalmaqla yatırmasından da bəhs edir. 

Qədim yunanların və romalıların fikrincə, sitra alətində çalınan musiqini dinləyəndə  insanın həzm prosesi yaxşılaşır. İtalyanlar tarantula adlı əqrəbin çalması nəticəsində baş vermiş tarantizm xəstəliyinin müalicəsini  çevik tempdə səslənən rəqs havasına əldən düşənəcən oynamaqda görürdülər. Onlar inanırdılar ki, əqrəbin zəhəri iti oynamaqla bədəndən çıxa bilər.

Demokrit məhvedici infeksiyalar zamanı fleyta musiqisini dinləməyi məsləhət görürdü. Platon başağrısını  dayandırmaq üçün otlardan istifadə zamanı magiya xarakterli mahnıların oxunmasını da faydalı hesab edirdi. O, belə düşünürdü ki, mahnı oxumadan və musiqi səsləndirmədən dərman  müalicəvi xüsusiyyətini itirir. 

Orta əsrlərdə musiqi ilə müalicə praktikası o vaxtlar geniş yayılmış affekt nəzəriyyəsi ilə sıx əlaqədar idi. Həmin nəzəriyyə müxtəlif ritmlər və melodiyalar arasındakı harmoniyaların insanın emosional  ovqatına təsirinin öyrənilməsi məqsədi güdürdü. Müəyyən edilmişdi ki, melanxoliklər arasıkəsilməz kədərli harmoniya əsasında səslənən  musiqini xoşlayırlar. Qanıqaynar sanqviniklər isə  rəqs musiqisinə üstünlük verirlər. Xoleriklər də bu cür harmonik hərəkətlərə cəhd göstərirlər. Fleqmatiklər isə incə  xarakterli qadın səsindən təsirlənirlər. 

Kainatda baş verən bütün hadisələr  titrəyişli hərəkətlərin, yəni vibrasiyaların müəyyən kombinasiyasıdır. Sağlam bədənin ayrı-ayrı orqanlarına  və sistemlərinə harmonik hərəkətlərin, musiqiçilərin dili ilə desək  notların  xüsusi uyarlığı xasdır. Bu baxımdan hər bir insan çox mürəkkəb musiqi əsəridir.  Səslərin  vibrasiyası ilə orqanizm arasında əlaqənin olması müəyyən edilib. Aşağı tezliklər bədənin  aşağı hissəsi ilə, yüksək tezliklər isə yuxarı hissəsi ilə əlaqəlidir. Müasir astroloqlar zodiak bürcü nişanlarının not sırası  səsləri ilə sıx qarşılıqlı əlaqədə olduğunu müəyyən edblər: Qoç- "do" notu və "do-major" tonallığı; Buğa -"do-diyez, eyni zamanda "re-bemol"; Əkizlər - "re" notu; Xərçəng - "re-diyez"; Şir- "mi" notu və "mi- major" tonallığı; Qız - "fa" notu və açarı, "fa-major" tonallığı; Tərəzi- "fa-diyez"; Əqrəb- "sol" notu və "sol-major" tonallığı; Oxatan - "sol-diyez"; Oğlaq - "lya" notu və "lya-major" tonallığı; Dolça- "lya-diyez" notu; Balıqlar -"si" notu və "si-major" tonallığı  ilə uyarlıq təşkil edir. 

 Bu məlumat ayrı-ayrı notların konkret adama, onun doğum  vaxtından asılı olaraq, təsirini düzgün qiymətləndirməyə və müalicə prosesini düzgün qurmağa imkan verir. İnsan xəstələnəndə xaric notlar onun bədəninin "melodiyasına" xəlvətcə daxil olaraq  sağlam orqanizmin vibrasiyasına  xələl gətirir və xəstəliyə səbəb olur. Sağlamlığa orqanizmin harmonik ahənginin requlyasiyası dəstək verir. Ürəyin, qaraciyərin, dalağın, sümüklərin və əzələlərin tonları  bir-biri ilə harmoniyada olanda insan özünü gümrah  hiss edir. Alimlər bu fikirdədirlər ki, səsin, vokal səsinin, vibrasiyanın təsir mexanizminin sirri dünyamızın ən mürəkkəb müəmmalarından biri olaraq qalmaqdadır.          

Hər bir xalqın öz musiqisi mövcuddur. O, insanların yaşamasına kömək edir, nəslin davamına imkan yaradır. Körpənin musiqini hiss etməsi və musiqidən təsirlənməsi çoxdan məlum olan həqiqətdir. Bu xüsusiyyət insanın kəllə-beyin eşitmə sinirlərinin köməyi ilə baş verir. Elmi tədqiqatlar göstərmişdir ki, bu bioloji sistem körpənin dünyaya gəlməsindən üç ay əvvəl  fəaliyyətə başlayır. Əvvəllər belə hesab edirdilər ki, körpə dil açanadək beyni zəif inkişaf etmiş olur, duyğu orqanları  ilə qavrama imkanları yaranır. Körpənin beyni  gələn səslərin səbəblərini tapmağa səy göstərir, o, səs yazan alət kimi fəaliyyətə başlayır - səsləri qeyd və analiz edir. Artıq məlumdur ki, körpələrdə  musiqini, onun ritmini, səsin gücünü, yuxarı və aşağı notları qavramaq qabiliyyəti yaranır. Tədqiqatlar göstərir ki, dölün beynində eşitmə sistemləri hamiləliyin iyirmi altıncı həftəsindən etibarən fəaliyyətə başlayır. Döl ilk öncə ananın orqanizminin səslənməsini qavrayır, xaricdən gələn səslər ana bətnində eşidilmir, uşaq belə səslərdən anasının bədəni vasitəsilə qorunur. Buna baxmayaraq, ritmik muğamlarımızın, habelə musiqi korifeylərinin, məsələn Bethovenin Beşinci simfoniyasının sədaları  həmin səddən nüfuz edə bilir. Ana bətnindəki körpə musiqi ritmlərinə bədəninin hərəkəti  və ürək döyüntüsünün sürətlənməsi ilə reaksiya verir. Amma həzin və melodik musiqi  körpənin ürək döyüntüsünü yavaşıdır. Ucadan eşidilən ritmik  səslər körpənin ürəyinin tez-tez döyünməsinə səbəb olur. Beləliklə də səslər bir tərəfdən dölün hərəki aktivliyini artırır, digər tərəfdən də körpə doğulanadək  onun ətraf mühit haqqında hər hansı  bir informasiya almasına imkan yaradır. Hamiləliyin sonunda  uşaq anasının orqanizminin, məsələn ürəyinin, mədəsinin səsinə bir növ  alışır, hər bir dəyişikliyə dərhal reaksiya verir. Tədqiqatlar göstərmişdir ki, uşağın doğulanadək eşitdiyi  musiqi onun inkişafını sürətləndirir. Hamiləliyinin iyirmi səkkizinci və otuz altıncı həftələrində musiqi dinləyən anaların uşaqları  səslərə başqalarına nisbətən daha tez reaksiya verir, onlarda  melodiyaları tanımaq qabiliyyəti özünü göstərir. Belə uşaqların yaddaşları da yaxşılaşır. Musiqi  insanın beyninin və motorikasının inkişafına təsir göstərir.

Musiqi analitik təfəkkürün inkişafında da önəmli rol oynayır. Musiqi dərsi alan uşaqlar bu işlə məşğul olmayan uşaqlara nisbətən bütün fənləri, xüsusilə də  həndəsə və fizika fənlərini  daha  yaxşı mənimsəyirlər. Alimlər belə bir nəticəyə gəliblər ki, musiqi ilə məşğul olan və günün çox hissəsini valideynlərinin yanında keçirən uşaqlar əqli cəhətdən daha yaxşı inkişaf edirlər. Amerikada doktor Loqan hamilə qadınlar üçün bandac  ixtira etmişdir. Gələcək analara həmin bandacı qarın nahiyəsinə bağlamaq tövsiyyə olunur. Mikrostereokolonkalar geydirilmiş və pleyer ilə əlaqələndirilmiş bandac vasitəsilə 60 audiokasetdən xüsusi musiqi səsləndirilir. Döl halında olarkən həmin melodiyaları dinləmiş  bütün uşaqlar  (1200-dən artıq)  testdən keçiriləndən sonra  onların adi uşaqlara nisbətən dörd dəfə zəkalı olduğu müəyyənləşdirilmişdir. ABŞ-da Şulman soyadlı bir həkim  pasiyentləri insanın müxtəlif  daxili  orqanlarının: ürəyin, ağ ciyərlərin, mədənin, bağırsaqların səslərini dinləmək yolu ilə müalicə edir. Həkimin fikrinə görə, xəstə orqanizm  sağlam orqanların harmonik səslərini "eşidəndən" sonra  müstəqil surətdə sağalmağa başlayır. Çində, Yaponiyada  "Həzm", "Yuxusuzluq", "Miqren", "Qaraciyər", "Ağ ciyər", "Ürək" kimi bizə qəribə gələn adlarla musiqi albomları  buraxılır. Çinlilər və yaponlar həmin musiqi əsərlərini həb yaxud dərman bitkiləri kimi məmnuniyyətlə "qəbul" edirlər. Amerikada keçəlləşən adamların  başlarına   musiqi dinləməklə tük gəlməsi kimi musiqi terapiyası  metodu da məlumdur. 

Moskvanın bir neçə tibb müəssisəsində səs vibrasiyalarının daxili orqanların  vəziyyətinə təsirini öyrənmək üçün eksperimentlər aparılıb. Məlum olub ki, oktavanı təşkil edən 12 səs  orqanizmimizin 12 sistemi ilə əlaqədardır.  Məsələn, ürək bir nota, qaraciyər  digər nota, sinirlər isə  üçüncü nota cavab verir. Musiqi ilə istiqamətləndirilmiş təsir göstəriləndə, səslə oxuyanda  orqan maksimal vibrasiya halına düşür. Buna rezonans effekti deyilir.  Nəticədə immun sistemi möhkəmlənir, maddələr mübadiləsi yaxşılaşır, bərpaolunma,  iltihab əleyhinə mübarizə fəallaşır və beləliklə də insan sağalır. Müxtəlif çalğı alətləri insanın orqanlarına  müxtəlif cür təsir göstərir: skripka, fortepiano əsəbləri  daha yaxşı sakitləşdirir, fleyta və violençel səsindən  insan  rahatlıq tapır  və ürəyin ritmi düzəlir, qaboy, klarnet isə qara ciyərin funksiyasını  musiqidən və günün saatından asılı olaraq aktivləşdirir  ya da  sakitləşdirir. Mədə-bağırsaq traktının rezonans tezliyi  "fa" notuna uyğundur, onun yuxarı tezliyi orqanizmdən toksik maddələri kənarlaşdırır. "Do" notu insanı və Kosmosu birləşdirən vəsilədir. O, psariazın müalicəsinə kömək edir, "si",  "sol" və  "do" notlarının ahəngi  onkoloji xəstəliklərin  terapiyasını yüngülləşdirir.

Bitkilər də musiqini duyur. Bir Çin biofiziki  bitkilərin fotosintezinə və boy atmasına yardımçı olan səs tezlikli generator ixtira edib. Amerikada və Fransada bitkilər üçün vallardan ibarət albomlar buraxılır. "Musiqi dinləyən" bitkilərdə vitaminlər və qida maddələri daha çox olur. Ev heyvanları da musiqiyə biganə qalmırlar. Musiqi müşayiəti ilə yemlənən inəklər iki dəfə artıq süd verir.  Yaponlar müəyyənləşdirmişlər ki, çörəkxanalarda  Motsartın musiqisi səsləndirilndə xəmir on dəfə tez gəlir. Bir sözlə , musiqi əsil CAN  dərmanıdır. Təbii ki, gözəl musiqi...


MƏSLƏHƏT GÖR:

456