
GPS XƏRİTƏ İLƏ MƏZUNİYYƏTƏ
Azərbaycanda peyk naviqasiya sisteminin (gps) tətbiqi üçün elektron xəritə hazırlanıb
Müəllif: Zərifə BABAYEVA Bakı
"Sizə nə hisslər keçirdiyimi anlada bilmirəm. Almaniya ərazisinə daxil olan kimi əla Avropa yolunun kənarına çəkildim və avtomobilin damına GPS sistemi quraşdırdım. Bütün kabelləri qoşandan sonra mən özümü cib displeyinin elektron xəritəsində şosse yolunun qovşağında dayanmış sönüb - yanan qalın nöqtə şəklində gördüm. Yəni işləyirdi. Sevincimin həddi yox idi. Sadəcə möcüzədir. Sən avtomobillə gedirsən, radio sənə deyir ki, "sağa dön", "sola dön", "sağ tərəfə keç", "sol tərəfə keç" və düz otelə qədər belə oldu".
Azərbaycanlı turist İlkin Quliyev bu üsulla Avropanın çox hissəsini maşınla gəzərək, Amsterdama, Utrextə, Parisə, Vyanaya, çox sayda kiçik və böyük şəhərlərə baş çəkib. Amsterdamdakı dostları ona SMS şəklində öz ev ünvanlarını göndəriblər, o da cibindəki GPS qəbuledicisində ünvanı yığaraq, ən əlverişli marşrut üzrə bütün təlimatları alıb və birbaşa göstərilən evin giriş qapısına qədər gedib çıxıb. Özü də ağıllı maşın bilir ki, hansı küçə ilə hansı tərəfə hərəkət etmək lazımdır və avtomobili heç zaman giriş qadağan olan tərəfə aparmaz.
Səyyahlar üçün naviqator, qiyməti ölçüyəgəlməyən əvəzsiz cihazdır. İlkin GPS qəbuledicini və Qərbi Avropanın xəritə dəstini məzuniyyətdən qabaq alman internet mağazasında sifariş etmişdi. Tezliklə poçtalyon ona iki qutu disk gətirdi. Təəssüf ki, sistemin necə işləməsini yoxlamaq mümkün olmadı, çünki Azərbaycanın xəritəsi işlək xəritələr içində yox idi. Qəbuledicinin fəaliyyət əhatəsinə düşmək üçün Polşanın sərhədini keçmək lazım idi. Ancaq İlkin bu yararlı "danışan" elektron xəritənin nə olduğunu Almaniyada, Avropa səyahəti üçün kirayə götürdüyü avtomobilin üzərinə qəbuledici avadanlıq quraşdırdıqdan sonra bildi.
GPS Azərbaycanda
Göründüyü kimi, kompleks elektron-texniki sistemi GPS rahat işləyir və təkcə səyyahlar üçün yararlı olmaqla qalmır. Sevindiricidir ki, bu sistem artıq Azərbaycanda da işləyir. Bu barədə "Region plus"a "CaspianNavTel" şirkətinin baş direktoru Sənan İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda şirkət naviqasiya sistemi çərçivəsində bu xidməti yalnız şəhər sakinlərinə deyil, iş adamlarına, dövlət qulluqçularına, turistlərə, Azərbaycan paytaxtından kənara çıxan vətəndaşlara da göstərir. Həmçinin bu sistem uşaqlarının daim harada olduğunu bilmək istəyən vətəndaşlar üçün də yararlıdır. Bu zaman İsmayılov bildirib ki, "CaspianNavTel" Azərbaycanda fəaliyyətin müxtəlif sahələri üçün naviqasiya sistemi təklif edən ilk qurumdur.
"GPS-naviqasiya (Global Positioning System) peyk naviqasiyası üzrə kompleks sistemdir və hərəkət edən obyektin koordinatlarını bir neçə metr dəqiqliklə əldə etməyə imkan verir. Peyk naviqasiya sistemi ilk dəfə ABŞ-da layihələşdirilib və ilk zamanlar hərbi sənaye kompleksinin ehtiyacları üçün nəzərdə tutulurdu.
2000-ci il may ayının 1-də isə ABŞ hökuməti GPS sistemindən istifadə üzrə xüsusi şərtləri ləğv edəndən sonra mülki şəxslər də artıq bu texnologiyadan yararlana bildilər. Obyekti GPS qəbuledicisinə qeyd edən istifadəçi GPS naviqasiyası sisteminin yardımı ilə monitorinq aparmaq imkanı qazanır. Bu sistem yaxta, kater, qatar və ya avtomobil kimi obyektlərin izlənməsi üçün əlverişlidir. Bir çox iri nəqliyyat şirkətləri öz avtomobillərinin dəqiq yeri barədə məlumatı GPS naviqatorların yardımı ilə əldə edirlər. Misal üçün; avtomobilə GPS naviqatoru quraşdırmaqla siz həmişə maşınınızın harada olması barədə məlumat əldə edə bilərsiniz. Peyk naviqasiyasının imkanları dispetçerə və ya göyərtə kompyuterinə obyektin dəqiq koordinatlarını bildikdən sonra istənilən nöqtəyə ən optimal marşrutu seçməyə imkan verir. GPS naviqasiya həm quruda və həm də dənizdə zərər çəkmişlərə və ya azmış turistlərə vaxtında yardım etmək üçün lazımdır", - deyə həmsöhbətimiz bildirir.
Hazırda "CaspianNavTel"in işçi qrupu Azərbaycanın GPS-in ümumi sisteminə tətbiq edilmiş rəqəmsal vektor xəritəsinin yeniləşdirilməsi ilə məşğuldur. Bu, hazırda Azərbaycanın ən geniş xəritəsidir. Orada hətta ölkənin ucqarlarda yerləşən ən kiçik kəndi barədə də məlumatlar var. Elektron xəritə yalnız xəritə deyil, bu, coğrafi informasiya sistemi, optimal marşrutlar, evlərin ünvanları, görməli yerlər və hətta seçilmiş marşrut üzrə avtomobili və ya piyadanı müşayiət edən yol işarələri haqqında özünəməxsus məlumat bazasıdır. Xəritənin yarım ildən çox çəkən layihələndirilməsinə dövlət qurumları qarışmayıb. Mütəxəssis qeyd edir ki, buna paralel olaraq, Bakının xəritəsi yeniləşdirilir, çünki paytaxt sanki yenidən tikilir. Və "CaspianNavTel" bu gün Bakının ən ətraflı xəritəsinə malik bir qurumdur. Bu isə o deməkdir ki, şirkət Azərbaycanda naviqasiya sisteminin tətbiqi üzrə yüksək səviyyədə xidmət göstərir.
Ən sonda şirkət GPS texnologiyaları ölkə həyatının bir çox sahələrinə tətbiq etmək niyyətindədir. Çünki sistem geniş əhatəyə malikdir və ondan həm nəqliyyat şikrətləri, həm də avtomobillər yararlana bilərlər. "Biz artıq bunu turizm sahəsinə, şirkətlərin nəqliyyat vasitələrinin, yüklərinin GPS-lə izlənməsini tətbiq etmişik. Avtomobil həvəskarları GPS texnologiyalardan, o cümlədən şəhərdəki ekstremal hallar zamanı yararlana bilərlər. Elektron xəritə obyektlər, mağazalar, şirkətlər, bu və ya başqa marşrutun avtombil hərəkətinə uyğunluğu barədə məlumatlara da malikdir", - deyə İsmayılov bildirir.
Şirkət avadanlığı və qurğuları Çindən, Honkonqdan və Tayvandan gətirir. Mobil telefonlar üçün xüsusi təminat proqramları var. "CaspianNavTel" şirkətinin başçısı hesab edir ki, Azərbaycanda GPS texnologiyaların tətbiqinin indiki mərhələsində əhalinin bu məhsul barədə geniş məlumatlandırılması vacibdir. Dövlət qurumları ilə sazişlərə gəldikdə isə, S. İsmayılovun sözlərinə görə, "CaspianNavTel" hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir.
Bu necə işləyir?
Peyk naviqasiya sistemlərinin iş prinsipi obyektlərdə quraşdırılmış və koordinatlarını dəqiqliklə ölçməyin vacib olduğu antennadan vəziyyəti böyük dəqiqliklə məlum olan peykə qədərki məsafənin ölçülməsinə əsaslanır. Bütün peyklərin yerləşmə cədvəli almanax adlanır və istənilən peyk qəbuledicisi ölçmənin başlanğıcına qədər ona malik olmalıdır. Adətən, qəbuledici almanaxı son söndürülmə anındakı şəkildə yadında saxlayır və o, köhnəlməyibsə, ani olaraq istifadə olunur. Hər bir peyk öz siqnalında bütün almanaxı ötürür. Beləliklə, sistemin bir neçə peykinə qədər olan məsafəni bilərək, adi həndəsi quruluşların yardımı ilə almanax əsasında obyektin fəzadakı yerini öyrənmək müm-kündür.
Peykdən antennaya qədər olan məsafəni ölçmə üsulu radiodalğaların yayılma sürətinə əsaslanır. Radio - siqnalın yayılma vaxtının ölçmə imkanını gerçəkləşdirmək üçün naviqasiya sisteminin hər bir peyki atom saatlarının dəqiq sinxronlaşdırılmış vaxt sistemlərindən istifadə etməklə, öz siqnalının tərkibində dəqiq vaxt siqnalları şüalandırır. Peyk qəbuledicisinin işi zamanı onun saatı sistem vaxtı ilə sinxronlaşdırılır. Siqnalların sonrakı qəbulunda siqnalda olan şüalanma vaxtları və siqnalın qəbul edilməsi vaxtları arasındakı gecikmə hesablanır. Bu məlumatları əldə edən naviqasiya qəbuledicisi antennanın koordinatlarını hesablayır. Müəyyən zaman kəsiyi ərzində bu məlumatları əlavə olaraq toplamaqla və emal etməklə sürət (cari, maksimal və orta sürət ), gedilən yol və s. kimi hərəkət parametrlərini ölçmək mümkün olur.
MƏSLƏHƏT GÖR: