15 Mart 2025

Şənbə, 00:42

DAMA - DAMA GÖL OLAR

Beynəlxalq maliyyə korporasiyası enerji səmərəliliyinə sərmayələri artırmağı tövsiyə edir

Müəllif:

15.08.2009

Elektrik enerjisi istehlakındakı sərt nəzarət hesabına Azərbaycan əhalisi son illər yavaş-yavaş elektrikə qənaət etməyə alışır. Müxtəlif cür möhtəkirliklərin artıq mümkün olmadığı sayğaclar, borcun ödənilməməsi üzündən işığın kəsiləcəyi barədə mütəmadi xəbərdarlıqlar və nəhayət, yüksək tariflər ölkə vətəndaşlarında otaqdan çıxarkən işığı söndürmək, adi lampaları daha qənaətcil lampalara dəyişmək, müstəqil qaz-qızdırıcı sistemi çəkdirmək kimi vərdişlər formalaşdırıb. Əlbəttə, həm "Azərenerji" ASC,  həm də paylayıcı şəbəkələr tərəfindən keçirilən maarifləndirici tədbirləri də burada unutmaq olmaz. 

Ancaq əhali ilə, yəni fiziki abunəçilərlə münasibətdə müəyyən inkişaf əldə etmək mümkün olubsa, hüquqi şəxslərlə, yəni müəssisələr, təşkilatlar və idarələrlə iş elə də ürəkaçan deyil. Əlbəttə ki, Azərbaycan kimi təbii qaynaqlarla zəngin ölkələrin müəssisələrində ənənəvi olaraq enerji səmərəliliyi (ES) məsələsinə diqqət yetirməyiblər, bu xüsusilə də kiçik müəssisələrdə daha çox unudulub. Ancaq dünya maliyyə böhranı vəziyyəti yetərincə dəyişib. Tariflərin daim artması fonunda müəssisələrin enerji səmərəliliyi onların həyat uğrunda mübarizəsinin əsas məsələsinə çevrilir. Beynəlxalq Maliyyə Korporasiyasının araşdırmasına görə, bu sahədə tam optimallaşma əldə etmək üçün Azərbaycanda hələ çox işlər görülməlidir. 

 

Dünya təcrübəsi yoluxucudur

Bütün dünya üzrə nisbətən inkişaf etmiş ölkələr enerji səmərəliliyi məsələsini başlıca prioritetlərindən birinə çeviriblər. Enerji səmərəliliyi məsələsində ardıcıl siyasət və səmərəli tədbirlər bir çox Avropa ölkələrinə böhranlı iqtisadi durumun öhdəsindən gəlməyə və öz energetika təhlükəsizliyini təmin etməyə imkan yaradıb. 

Energetika və ekoloji səmərəliliyin yüksəldilməsinə yönəldilmiş tədbirlərə böhran əleyhinə zərflərin yetərincə nəzərəçarpacaq hissəsi ayrılır. HSBC analitikləri tərəfindən hazırlanmış "Sağlamlıq üçün iqlim" (A Climate for Recovery) məruzəsi bunun sübutudur. Ekspertlər 20 dövlətin toplam dəyəri $2,8 trln. olan stimullaşdırıcı tədbirlərini təhlil ediblər.  Bu zaman bərpa olunan enerji mənbələrinə yatırılan sərmayələri, istilik elektrik stansiyalarında yanmış karbohidrogenlərin istixana qazlarının tutulması, binaların enerji səmərəliliyinin artırılması, qənaətcil avtomobillərin istehsalının stimullaşdırılması, aviasiyaya alternativ kimi dəmir yolu nəqliyyatının inkişafı, elektrik şəbəkələrinin inkişafı, su qaynaqlarının və tullantıların idaredilməsi səviyyəsini də hesablayıblar. 

Bəlli olub ki, orta hesabla stimullaşdırıcı zərflərdə səmərəliliyə xərclər 15,6% təşkil edir. Burada ən yüksək göstəricilər Cənubi Koreyaya (80%) və Avropa Birliyinə (60%) məxsus olub. 

Səmərəliliyə yatırımlar üzrə mütləq liderlik başqalarını çox geridə qoyan Çinə məxsusdur- $586 mlrd. yatırılıb. Bərpa olunan enerji mənbələrinin inkişafına ən çox ABŞ kapital ayırır, sərmayələri  $32,8 mlrd. olub.  

Beləliklə, gözlənilir ki, neft və qaza tələbatın zirvəsi yaxın 10-15 ilə təsadüf edir, sonra tənəzzül başlayacaq. HSBC məruzəsindən belə görünür ki, iri ölkələr iqtisadiyyata dəstək verməklə eyni vaxtda öz enerji təhlükəsizliyini təmin etmək üçün istər bərpa olunan, istərsə torpağın altında olan yerli mənbələri inkişaf etdirməyə çalışırlar. ABŞ və Avropa Birliyi bununla yanaşı həm də böhranın qarşısını almaq məqsədi daşıyır. 

Məsələ bundadır ki, energetika təhlükəsizliyinin, büdcənin gəlir hissəsinin, iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsi, əhalinin sağlamlığına və ətraf mühitin qorunmasına nail olunması baxımından iqtisadiyyatın enerji tutumunun yüksək olması ölkəyə baha başa gəlir, həm də bununla yanaşı iqtisadi baxımdan yetərincə böyük imkanlar deməkdir. 

Müəssisələr, ilk növbədə kiçik müəssisələr dəyişən iqtisadi konyuktura şəraitində iri miqyaslı eneji səmərəliliyi layihələrini sonraya saxlamalıdırlar. Bununla belə, xərclərin azaldılması çox vacibdir. Bu problemi həll etmək üçün enerji səmərəliliyi üzrə xərc tələb etməyən və ya az tələb edən tədbirlər görmək lazımdır. Bu tədbirlər əsasən müəssisənin öz gücü hesabına gerçəkləşdirilməlidir və qoyulan xərclər bir il ərzində çıxarılmalıdır, kənardan alınan borc minimal olmalı və ya ümumiyyətlə, belə borcdan imtina edilməlidir. Belə tədbirlər sırasına binaların istilik izolyasiyasını, işıqlandırmanın müasirləşdirilməsini, əməkdaşların enerjidən səmərəli istifadəsi üçün kampaniyaların keçirilməsini daxil etmək olar. Əldə edilən qənaət enerji məsrəflərini 5-10% azalda bilər. 

 

Problemin həlli yolunda 

Bununla yanaşı, Dünya Bankının qurumu olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) araşdırmalarına görə, Azərbaycan hələ ki regionun ən enerjitutarlı ölkələri sırasındadır. Qurum bu nəticəyə Azərbaycan müəssisələrində enerji səmərəliliyi məsələsi üzrə sorğu keçirdikdən sonra gəlib. 

Bununla belə, ölkədə enerji səmərəliliyinin təmin edilməsi üzrə qanunvericilik bazası 1996-cı ildən, yəni "Enerji resurslarının xərclənməsi qaydaları haqqında" qanun qəbul edilən gündən var. 2004-cü ildə ölkə prezidenti tərəfindən "Alternativ və bərpa olunan enerji qaynaqlarının işlədilməsi barədə" dövlət proqramı təsdiq edilib.  IFC təhlilçilərinin fikrincə, ölkənin erenji səmərəliliyi istiqamətində ciddi addımlar atmasına əsas mane olan məsələ neft bölməsidir və hələ ki bu bölmə enerji ehtiyatlarının tükənəcəyi barədə qorxu yaranmasına imkan vermir. 

Bununla belə enerji səmərəliliyi üzrə proqramlar iqtsadi və ekoloji baxımdan vacibdir və araşdırmalara görə, Azərbaycan sahibkarları bunu yaxşı anlayırlar. Belə ki, son üç ildə enerji səmərəliliyinin yüksəldilməsi, o cümlədən istehsal avadanlığının yeniləşdirilməsi üzrə bir sıra tədbirlər görülüb. Bütün bunlar müəssisələrin öz sərmayələri hesabına gerçəkləşdirilib.  Bu sahədə yeyinti və maşınqayırmada çalışan müəssisələr öndədirlər. Özü də aparılan sorğunun nəticələrinə görə, bir sıra şirkətlər öz enerji səmərəliliklərinin artırılmasına sərmayələri 7 dəfə yüksəltməyi düşünürlər. 

Ancaq müəssisələrin menecerlərinin heç də hamısı enerji səmərəliliyinin vacibliyini anlamırlar. Çünki düşünürlər ki, ən yaxşı halda 10-15%-ə qənaət etmək mümkündür. Lakin təcrübə göstərir ki, qabaqcıl texnologiyalar tətbiq etməklə 20-30% enerji səmərəliliyi əldə etmək olar. Bu da, təbii ki, son məhsulun qiymətində və onun bazar rəqabətinin yüksəlməsində özünü göstərir.  Ancaq hələ ki bizim menecerlərimiz az məlumatlı olmaları üzündən və həm də "artıq pul" xərcləməmək istəyi ilə bu məsələdə gözləmə mövqeyi tutmaqdadırlar. Bundan başqa, çox vaxt müəssisənin enerji səmərəliliyinin auditi aparılmır və bu da işin nə yerdə olmasının dəqiq mənzərəsini görməyə mane olur. 

IFC təhlilçilərinin fikrincə, daha bir problem  Azərbaycan müəssisələrinin enerji səmərəliliyinin artırılması məsələsində xarici maliyyə mənbələrinə müraciət etmək istəməmələridir. Bununla belə sorğu iştirakçılarının 46%-i bu istiqamətdə tədbirlər görülməməsini pul çatışmazlığı ilə izah ediblər. Onların yalnız 15%-i bu məsələ ilə bağlı xarici kredit qurumlarına müraciət ediblər və yetərincə əlverişli şərtlərlə borc alıblar. 

Bütün bu məsələləri, həmçinin iqtisadiyyatın enerji səmərəliliyini artırmaq üzrə dünyada gedən prosesləri nəzərə alan  IFC Azərbaycana maarifçilik yolu və müəssisələrdə elektrik enerjisinin işlədilməsinə ciddi nəzarət etməklə, həmçinin köhnə avadanlığı daha çağdaş və qənaətcilə dəyişərək onların fəaliyyətini təkmilləşdirməklə, bu problemə diqqəti artırmağa çağırır. Araşdırmalar göstərir ki, bu sahəyə sərmayələr artırılarsa, yaxın üç ildə ölkə müəssisələrinin enerji səmərəsini 2007-ci ilə baxanda 20% artırmaq mümkündür. 

Başqa ölkələrin təcrübəsi göstərir ki, əgər məsələ dövlətin nəzarətinə götürülərsə, daha böyük nəticələr əldə etmək mümkün olar. Dövlət öz fəaliyyətini təkmilləşdirmək istəyən müəssisələrə yardım edə bilər. Əgər enerji səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlər ümummilli xarakter alarsa, o zaman ölkənin neft amilindən asılılığı azalar. Bu da qarşıdakı illərdə Azərbaycanın iqtisadi inkişafının başlıca məqsədidir. 


MƏSLƏHƏT GÖR:

427