14 Mart 2025

Cümə, 21:39

GÜLƏŞÇİLƏR FORMAYA DÜŞÜR

Azərbaycan pəhləvanları Qran-pri yarışında uğurla çıxış etdilər

Müəllif:

01.08.2009

FILA-nın (Beynəlxalq Güləş Federasiyası) Bakının İdman Sarayında baş tutan Qran-pri yarışında Azərbaycanın yunan-Roma, sərbəst və qadınlardan ibarət yığma komandaları birgə səylər nəticəsində 12 medal qazandılar. Yarış məşqçilərə yalnız liderləri sınaqdan keçirmək yox, həm də Danimarkada planlaşdırılan dünya çempionatına aparılacaq gənclərin potensialına tam əmin olmaq imkanı yaratdı.

 

Liderlər kölgədə qaldı

Qazanılmış qələbələrin kəmiyyətindən danışsaq, aktivində 8 mükafat olan sərbəst güləşçilərimizin özlərini daha yaxşı göstərdiklərini deyə bilərik. Yarışın əsl kəşfi isə finaladək yüksələn və həlledici döyüşdə ukraynalı Andrey Stadnikə məğlub olan Xəqan Süleymanov (66 kq) sayıla bilər. İdmançımız hazırkı Avropa çempionu və Pekin Olimpiadasının gümüş mükafatçısı ilə bərabər mübarizə apararaq, ilk hissəni 1:1 hesabı ilə başa vursa da, ikinci hissədə rəqibinə məğlub oldu. Odur ki, Xəqan milliyə düşmək üçün ciddi addım ataraq, oradakı rəqabəti kifayət qədər gücləndirdi. Axı Vilnüsdə keçirilmiş “Avropa-2009”da elə həmin A.Stadnikə məğlub olmuş Cəbrayıl Həsənov da bu çəki dərəcəsində çıxış edir.

Digər tərəfdən, komandanın hazırda tam formada olmadığını və liderlərin əksəriyyətinin optimal kondisiya yığmadıqlarını da unutmaq olmaz. Bu da aydın məsələdir. Axı mövsümün ilk yarısında kollektivin olduqca sıx və qələbələrlə zəngin qrafiki olub - bu dövrdə sərbəst güləşçilərimiz əvvəlcə Tehranda keçirilən komanda Dünya çempionatında qələbə əldə etdilər, sonra isə komanda hesabında “Avropa-2009”-un da qalibi oldular. Bu səbəbdən də Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Təmrəzov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) kimi bir müddət əvvəl uğur qazanmış idmançılar Qran-pridə favorit statuslarını təsdiqləyə bilmədilər. Hərçənd, həlledici döyüşdə Əli amerikalı Tervel Dlaqnevi məğlub etməyə çox yaxın idi - ilk hissə 1:0 hesabı ilə idmançımızın xeyrinə başa çatmışdı. Lakin ikinci və üçüncü yarıda rəqib daha üstün çıxış edərək, qalib gələ bildi. Məlumat üçün bildirək ki, Tervel Dlaqnev 2 gün ərzində Ə.İsayevi iki dəfə üstələyib: Qran-pridən 1 gün əvvəl döşək sahibləri ilə amerikalılar arasında yoldaşlıq görüşü keçirilib. Azərbaycan güləşçiləri 4:3 hesablı qələbə əldə etsələr də, Əli İsayev Tervellə qarşılaşmada məğlub olub.

Zəlimxan Hüseynov (60 kq) və Namiq Sevdimov (55 kq) yarışı qızıl medalla başa vurublar. Qeyd edək ki, sonuncunun uğuru kifayət qədər rəmzi alınıb. Axı 55 kiloqram çəki dərəcəsində o, məşhur olimpiya çempionu Namiq Abdullayevin varisi sayılır. Namiqin böyük idmandakı uğurları isə məhz Qran-pri yarışları ilə başlamışdı. Məlum olduğu kimi, Azərbaycanın sərbəst güləşçilərinin beynəlxalq arenalardakı uğurları, əsasən, Namiqin adı ilə bağlıdır. N.Abdullayev komandanın özünəməxsus lokomotivi olub. Lakin o, bir arzusunu reallaşdıra bilmədi - Olimpiada və Avropa çempionatlarında qələbəyə baxmayaraq, Namiq dünya birincisi adını qazanmağı bacarmadı. Baxmayaraq ki, dəfələrlə mundialın finalında çıxış edib. Amma eybi yox, N.Abdullayev məşqçilik etsə, bəlkə də, bu zirvəni onun yetirmələri fəth edəcəklər. Bir sözlə, N.Sevdimovu hamı Abdullayevin "varisi" kimi qəbul etdiyindən, onun üzərində əlavə psixoloji basqı vardı. Amma Sevdimov Qran-pridə bu basqının öhdəsindən gələrək, finalda yapon İnabo Yasuxiro üzərində qələbə qazandı (1:0, 3:0).

Hələlik isə Danimarkada keçiriləcək dünya çempionatına kifayət qədər vaxt var. Odur ki, məşqçilərin milliyə potensial namizədlərin gücünü yoxlamaq və heyəti müəyyənləşdirmək üçün xeyli imkanı olacaq. Bu gün komandamız Avropa çempionu və Dünya Kubokunun sahibi olduğundan, "sərbəstçilər"imizin üzərinə əlavə məsuliyyət düşür və bunun öhdəsindən gəlmək lazımdır. Digər tərəfdən, komandada rəqabətin artması da sevindiricidir - bu, məşqləri və ustalığın artırılmasını davam etdirən idmançıların yalnız xeyrinədir.

 

Fərid Mansurov özünü göstərdi

Qadınlardan ibarət komandadan danışarkən qeyd etmək lazımdır ki, yığmamız artıq beynəlxalq arenada kifayət qədər güclü rəqibə çevrilib. Özü də yalnız turnirdə üçüncü olmuş Mariya Stadnik (48 kq) yox, bir sıra digər idmançılar da yaxşı nəticələr göstərməyə başlayıblar. Məsələn, Avro-2009-da gümüş medal qazanmış Zümrüd Qurbanhacıyeva (67 kq) Bakıda birinciliyi əldə etdi. O, finalda Rusiya idmançısı Yuliya Bartnovski üzərində qələbə qazandı (1:0, 2:0). 

Həlledici qarşılaşmada yaponiyalı Matsukaşe Çikaqoya məğlub olmuş (0:0, 0:6) Yuliya Radkeviç isə  "qızıl"ın cəmi 1 addımlığında dayandı. Onun yapon rəqibə uduzmasında təəccüblü heç nə yoxdur. Çünki son illər ərzində qadın güləşinin şəksiz liderləri məhz "günçıxan" ölkənin təmsilçiləridir. Bakıda keçirilən Qran-pridə də yaponlarla qarşılaşmalar bizim xeyrimizə bitmədi. Məsələn, finala cidd cəhdlə can atan M.Stadnikin yolunu Sakamato Makiko kəsdi. 

Lakin Pekin Olimpiadasının bürünc mükafatçısı təsəlliverici döyüşdə özünü yaxşı tərəfdən göstərərək, üçüncülüyü əldə etdi. 

Dünya və Avropa üçüncüsü Elvira Mürsəlova (59 kq) da "bürünc" qazandı. Bir sözlə, komandamızın qarşıya qoyulmuş minimum məqsədə nail ola bildiyini söyləmək olar.

Yarış, müəyyən mənada, Azərbaycanın yunan-Roma güləşçiləri üçün xüsusi sınaq idi. Xatırladaq ki, bir müddət əvvəl milliyə rəhbərlik Otar Tatişviliyə tapşırılıb. Və onu çox gərgin iş gözləyir: son Avropa çempionatından cəmi 1 "bürünc"lə qayıtmış milli komandada irəliləyişə nail olmaq üçün çox çalışmaq lazım gələcək. Odur ki, məşqçilər heyəti, demək olar ki, bütün rəqabət bacarıqlı atletləri sınaqdan keçiriblər. Nəticələr isə kifayət qədər maraqlı alınıb. Elə götürək, Rafiq Hüseynovun qalib gəldiyi 74 kiloqram çəki dərəcəsini. Finalda Özbəkistan təmsilçisi Cahangir Muminovu üstələyən (1:0, 1:0) güləşçimiz indi əsas heyətdə möhkəmlənəcəyinə ümid bəsləyə bilər. Liderlərimiz - Olimpiadanın gümüş mükafatçıları Rövşən Bayramov (55 kq) və Vitali Rəhimov isə lazımi kondisiyanı yığa bilmədikləri üçün favorit statusunu təsdiqləməyi bacarmayıblar. Qran-pridə onlar müvafiq olaraq, üçüncü və ikinci yeri qazandılar.

Afina Olimpiadasının çempionu olmuş Fərid Mansurov (66 kq) isə özünü ən yaxşı tərəfdən göstərdi. "Klassik"imizin zədədən əziyyət çəkməsinə baxmayaraq, döşək üzərinə çıxan Fərid ən yaxşı olduğunu sübut etməkdən yorulmur. Qran-prinin finalında da belə oldu - həlledici qarşılaşmada İran təmsilçisi Biabanqard Afşini vaxtından əvvəl məğlub edən güləşçi, yerli publikanı heyrətə gətirdi. F.Mansurov açıq şəkildə göstərdi ki, onu indidən hesabdan silənlər səhv edirlər və o, “Olimpiada-2012”yə lisenziya əldə etmək uğrunda mübarizə aparmaq iqtidarındadır. 

İstənilən halda, Fərid artıq yaxşı formadadır və qarşıdan gələn dünya birinciliyində özünü göstərə bilər.

 

FILA prezidentinin kəşfi

Qeyd edək ki, gələn il Qran-pri yenidən Bakıda keçiriləcək. FILA prezidenti Rafael Martinetti bildirib ki, bu yarış xüsusi statusa malikdir. O, bu fikrini Qran-pri turnirinin Avropa çempionatından sonra və dünya birinciliyi ərəfəsində keçirilməsi ilə əsaslandırıb. "Biz artıq dördüncü dəfədir ki, bu yarışı təşkil edirik və əgər əvvəllər aparıcı atletlər ona o qədər də maraq göstərmirdilərsə, indi turnirin statusu xeyli yüksəlib. Bununla yanaşı, Qran-pridə çıxış etmək əlavə reytinq xallarının toplanılmasına da imkan verir. Odur ki, mən bu turniri dünya və Avropa çempionatından sonra, əhəmiyyətinə görə, üçüncü yarış sayıram", - deyə Martinetti qeyd edib.

Martinetti Azərbaycan Güləş Federasiyasına reverans edərək bildirib ki, bu, belə qısa zamanda beynəlxalq arenada yüksək nəticələr əldə etmiş yeganə təşkilatdır: "Mən artıq 35 ildir ki, güləşdəyəm, bir vaxtlar hakim olmuşam, indi isə Beynəlxalq Federasiyaya rəhbərlik edirəm. Lakin Azərbaycan Güləş Federasiyasından başqa, qısa vaxtda bu qədər ciddi inkişafa nail olmuş ikinci federasiya tanımıram. Dünya Kubokunda, Avropa çempionatı, Tbilisidə gənclər arasında keçirilmiş qitə birinciliyində əldə edilmiş 12 medal bunun göstəricisidir".

Güləşdə qaydaların tez-tez dəyişməsi haqda da danışan FILA prezidenti bildirib ki, 2012-ci ilədək heç bir dəyişiklik nəzərdə tutulmayıb: "Biz qaydalar üzərində ciddi şəkildə işləmişik, xüsusilə kor-koranə püşkatma üzərində xeyli müzakirələr gedib. Yaxın vaxtlarda qaydaların külliyyatını buraxmaq niyyətindəyik, özü də bu qaydalar uzun müddət dəyişməz qalacaq".

Martinetti onu da əlavə edib ki, hər dəfə Bakıya gələndə təəccübünü gizlədə bilmir. "Baxmayaraq ki, mən Bakıya hər il gəlirəm, hər dəfə yenidən heyran oluram. Düşünürəm ki, bir neçə ildən sonra sizin şəhəriniz Rio qədər gözəl olacaq", - deyə ali qonaq qeyd edib.


MƏSLƏHƏT GÖR:

372