14 Mart 2025

Cümə, 20:48

SENSASİYA BAŞ TUTDU

"Qarabağ" futbol klubu çempionlar liqasının ilk oyunlarında əsl sensasiya yaratdı

Müəllif:

01.08.2009

"Bakı" və "Qarabağ" Azərbaycanın futbol klublarının Avropa kuboklarındakı şöhrətini qaldırdılar. İki qarşılaşmanın nəticəsinə görə (2:2, 4:2), Litvanın "Ekranas" klubunu yarışdan kənarlaşdıran "bankirlər" Çempionlar Liqasında ikinci seçmə mərhələsinə yüksəldilər, "Qarabağ" isə zəhmli "Rusenborq"u məğlub etməklə, Avropa Liqasının əsas sensasiyasına imza atdı.

 

Coşmuş Feliks

"Bakı" üçün Çempionlar Liqasında ilk iştirak kifayət qədər ağrılı olmuşdu və ona görə də klub bu dəfə avrokuboklara son dərəcə ciddi hazırlaşırdı. Söhbət komandanın bir neçə il əvvəl startdaca Gürcüstanın "Sioni" klubuna məğlub olaraq, yarışı tərk etməsindən gedir. Lakin o vaxtdan çox şey dəyişib - komanda sabitlik qazanıb və bir neçə yaxşı futbolçuları sırasına qatmaqla möhkəmlənib. 

Eyni zamanda baş məşqçi faktorunu da diqqətdən qaçırtmaq olmaz - hazırkı komandanın memarı makedoniyalı mütəxəssis, vaxtilə Azərbaycan millisində də çalışmış Coko Haciyevskidir. Üstəlik, "Bakı" ilə qarşılaşan "Ekranas" da keçilməyəcək rəqib deyildi və yekunda bu fikir özünü doğrultdu. Amma litvalılarla qarşılaşmalar komandanın bəzi problemlərini, xüsusilə müdafiədə çatışmazlıqların olduğunu üzə çıxardı. 

Bütün bunlar haqqında bir qədər sonra.

Sloveniyada məhsuldar təlim keçən klub sonradan onun əsas simalarına çevrilən futbolçularla da möhkəmlənmişdi. Məşqçi heyəti isə artıq ilk qarşılaşmalardaca özünü göstərmiş braziliyalı gənclərə daha çox bel bağlayırdı. Klubun əsas tapıntısı son illəri Nalçikin "Spartak" klubunda keçirmiş Feliks Felipe idi. Qeyd edək ki, o, "Spartak"a doğma "Atletiko Paranaense" klubundan gəlmişdi. Lakin futbolçunun karyerasının Rusiyadakı hissəsi uğurlu alınmadı: ötən mövsüm hücumçu meydana çıxdığı 19 qarşılaşmada bir dəfə də olsun fərqlənə bilmədi. Buna baxmayaraq, C.Hacıyevski bu idmançının gizli tərəflərinin olduğuna əmin idi və bu zaman onun basketbolçuya xas ölçüləri də nəzərə alınmamış deyildi - 197 santimetr boy və 95 kiloqram çəki. 

Yekunda mütəxəssis yanılmadı - cənubi amerikalı Panevejisdə fərqlənməklə yanaşı, Bakıdakı təkrar qarşılaşmada da dubla imza atdı.

Tofiq Bəhramov adına Respublika Stadionunda qazanılmış qələbəyə baxmayaraq, meydan sahiblərinin oyunu ortaya bir sıra suallar da çıxardı. Qarşılaşma ərzində komanda bir neçə qol şansını qaçırmaqla yanaşı, müdafiədə də boşluqlara yol verərək, "Ekranas"dan 2 qol buraxdı. 

Bir sözlə, "Bakı" litvalılara qarşı keçirilən 2 qarşılaşmada topu düz 4 dəfə öz qapısından çıxartmalı oldu və bu, nikbinliyə əsas vermir. Komandanın çox qol vurması, braziliyalı Feliksin isə klubda özünü çox rahat hiss etməsinə baxmayaraq, çatışmazlıqlar göz önündədir. 

Bakıda keçirilən qarşılaşmada növbəti mərhələyə çıxmaq üçün meydan sahiblərinə qolsuz heç-heçə də kifayət edirdi. Lakin "Bakı" birmənalı şəkildə qələbəyə oynadı. Artıq ilk hissədə klub bir neçə imkanı boşa verdi, Feliksin inanılmaz şəkildə topu boş qapıdan keçirə bilməməsi isə xüsusi qeyd edilməlidir. Bütün bunlar artıq qolun yetişdiyini göstərirdi - top ya qapı tirinə, ya da dirəyə tuş gəlirdi.

Nəhayət, fasilədən sonra azarkeşlər 6 qolun şahidi oldular. Panevejisdə olduğu kimi, 2 top yenə də hakimin əlavə etdiyi dəqiqələrdə vuruldu: Şoliç hesabı 4:1-ə çatdırsa da, növbəti hücumda litvalı Qleveçkas hesab arasındakı fərqi azaltdı. Odur ki, "Bakı"nın növbəti mərhələyə yüksəlməsinə baxmayaraq, klubun müdafiə xəttinin gücləndirilməsi üzərində işləməsi vacib idi. Axı qarşıda onu Bolqarıstan çempionu ilə sınaq gözləyirdi. Üstəlik, "Levski" ilə qarşılaşma öncəsi komandamız ciddi itkiyə məruz qaldı: sarı kart limitini dolduran Xalidu Sissoko və reaktiv yarımmüdafiəçi Bəxtiyar Soltanov bu qarşılaşmanı buraxacaqlar. Yeri gəlmişkən, sonuncu "Ekranas"la hər iki qarşılaşmada meydana çıxan yeganə azərbaycanlı futbolçudur.

Maraqlıdır ki, "Bakı" Çempionlar Liqasının ilk mərhələsini adlamağı bacaran üçüncü Azərbaycan klubudur. İndiyədək bunu yalnız "Şəmkir" və "Neftçi" edə bilib. Odur ki, indi Hacıyevksinin yetirmələrinin üzərində əlavə məsuliyyət var - "Levski" səddini keçməklə, onlar Azərbaycan futbolunun tarixində yeni səhifə yaza bilərlər. Bunu etmək isə heç də asan olmayacaq, çünki bu cütlüyün favoriti, şübhəsiz, Bolqarıstan çempionu sayılır. 

Amma hər halda, Bakıda keçirilmiş ilk matç "Bakı"nın rəqibi yarışdan kənarlaşdırmaq gücündə olduğunu göstərdi. "Levski"nin "Ekranas"la müqayisədə daha çətin rəqib olmasına baxmayaraq, oyunda "Bakı"nın qələbə qazanmaq şansı var idi. Amma matç 0:0 hesabı ilə başa çatdı. "Bankirlər"in fərqlənməsi üçün, həqiqətən də, azacıq şans çatmadı - ya Amiran Muciranın cərimə zərbəsindən vurduğu güclü zərbədən sonra Fernando Peres təkrar zərbə üçün özünü topa çatdıra bilmədi, ya da qapıçı Georgi Petkov Batistanın Fabio Suisdən aldığı dəqiq pasdan sonra vurduğu zərbəni qaytara bildi. Yeri gəlmişkən, sonuncu az qala Petkovu aldadaraq, topu qapıdan keçirəcəkdi. Lakin o, oyunun qəhrəmanına çevrilmək şansını əldən buraxdı.

Bütün bunlar azmış kimi, ikinci taymın əvvəllərində müdafiəçi Rabexa tərəfindən karate üsulunda zərbə alan Feliks meydanı xərəkdə tərk etdi. Norveçli baş hakim isə bu epizodu gözdən qaçırdı. Əks halda, komandamız, yəqin ki, rəqib qapısına penalti vurmaq imkanı qazanacaqdı.

İstənilən halda, Bakıda əldə edilmiş qolsuz heç-heçə rəqibi daha şanslı edir. Lakin digər tərəfdən, səfərdə vurulacaq 1 qol mənzərəni tam dəyişə bilər. Axı Azərbaycan çempionunun qarşısındakı hədəf dəyişməyib - davam etmək üçün qol vurmaq lazımdır.

 

Rəşad Sadıqovun superzərbəsi

"Qarabağ" isə Avropa Liqasından zəhmli "Rusenborq"u kənarlaşdırmaqla, turnirin sensasiyasına imza atıb. Rəqiblə səfərdə heç-heçə (0:0) oynayan ağdamlılar "ev"də Rəşad Sadıqovun möhtəşəm qolu ilə əldə edilən qələbəyə sevindi. Qarşılaşmanın qəhrəmanı məhz həm müdafiədə, həm də hücumda oynamağa vaxt tapan R.Sadıqov özü oldu.

"Rusenborq" beynəlxalq arenada qazandığı uğurların fonunda cütlüyün favoriti sayılırdı. Axı vaxtilə məhz bu komanda "San-Siro"da "Milan"ı məğlub edib və bir sıra digər parlaq qələbələr qazanıb. Lakin son illər Norveç futbolunun tədricən öz mövqelərini itirməsi də faktdır və bu, həm klubların, həm də millinin oyunlarında özünü göstərir. Odur ki, norveçlilərin nüfuzu ilə yanaşı, onlar yalnız əvvəlki xidmətlərinə görə favorit sayılırdılar. 

Tronheymdə keçirilən ilk qarşılaşma "Qarabağ"ın psixoloji baxımdan oyuna hazır olduğunu və nəticə əldə edə biləcəyini göstərdi.

Əlbəttə ki, həmin qarşılaşma heyətində Stefan İversenin fəallığı ilə seçildiyi meydan sahiblərinin üstünlüyü ilə keçdi. Məhz bu futbolçu bir neçə dəfə kəskin hücumlar təşkil etdi, künc zərbələrindən sonra hücumu uğurla bitirməyə çalışdı və sair. Lakin müdafiə xəttimiz və qapıçı Fərhad Vəliyev bütün hallarda dəqiq oynadı. 

"Qarabağ" üçün daha bir üstünlük isə Azərbaycan millisinin müdafiəçisi Rəşad Sadıqovun komandaya cəlb edilməsi idi. O, bu dəfə də uğurlu oyunu ilə yenidən əcnəbi müştərilərin diqqətini özünə cəlb edə bildi. Qeyd edək ki, Rəşad komandaya yalnız avrokubok oyunlarında kömək etməyə razılaşıb və bundan sonra karyerasını yenə xaricdə davam etdirmək fikrindədir.

Cütlüyün taleyinin həll olunduğu cavab qarşılaşmasına gəlincə, favorit sayılmasına baxmayaraq, rəqib ikinci oyunda Qurban Qurbanovun komandasının qarşısına keçiləsi mümkün olmayan problemlər qoya bilmədi. Hazırkı "Rusenborq" bir vaxtlar zərif oyunu ilə Avropa meydanlarında uğur qazanmış "Rusenborq"dan pis mənada fərqlənir. Norveçlilər çox bəsit oynayırdılar və bu "Qarabağ"ın vahid mexanizm kimi işləyən müdafiəçilərinin işini yüngülləşdirirdi. 

Müdafiə xəttinin lideri Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov olsa da, digər oyunçular da ona lazımi köməkliyi göstərirdi. Sevindirici məqam isə ondan ibarətdir ki, meydan sahibləri diqqətli müdafiəyə üstünlük verməklə yanaşı, təhlükəli əks-hücumlar da qururdular və nəticədə bir neçə dəfə rəqibi cəzalandıra bilərdilər. Elə Vaqif Cavadovun qapı tirinə dəyən uzaq zərbəsini qeyd etmək kifayətdir.

Ümumiyyətlə, bu qarşılaşmada uzaq zərbələr "Qarabağ"ın vizit kartına çevrilmişdi. Cərimə zərbəsindən vurulan qol isə xüsusi qeyd olunmağa  dəyər. 

45-ci dəqiqədə V.Cavadov topu R.Sadıqovun önünə atdı və sonuncu Roberto Karlosun məşhur zərbələrinə oxşar zərbə ilə topu qapıçı üçün əlçatmaz olan uzaq "doqquzluq"a göndərdi. Qol çox yerinə düşdü və meydan sahiblərinə ruh yüksəkliyi gətirdi. Məsələ ondadır ki, qarşılaşmanın keçirildiyi gün (iyunun 23-ü) Ağdamın işğalı tarixi idi. Təbii ki, belə bir gündə komanda azarkeşlərə kədəri az da olsa unutdurmaq üçün hədiyyə etməyi çox istəyirdi və bu, onda alındı.

Bütün cəhdlərə baxmayaraq, norveçlilər cavab topunu vura bilmədilər. "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev də həmingünkü oyunu ilə ən xoş sözlərə layiqdir. 

Beləliklə, sensasiya baş tutdu və komandamız zəhmli rəqibi yarışdan kənarlaşdırmaqla, bütün futbol Avropasını ona diqqətlə baxmağa məcbur etdi. İndi o, turnirin üçüncü mərhələsində imtahan verən qismində Finlandiyanın "Xonki" klubunun qarşısına çıxacaq.

Qeyd edək ki, ağdamlılar artıq ikinci dəfədir Avropa kuboklarında növbəti mərhələyə yüksəlirlər. Vaxtilə onlar iki oyunun nəticəsinə görə, Hayfa "Makkabi"sini İntertoto Kubokundan kənarlaşdırmış və sonrakı mərhələdə Fransanın "Monpelye" komandasına məğlub olmuşdular. Lakin hazırkı komandanın uğur əldə etmək şansı daha çoxdur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov kluba çətin vəzifələrin öhdəsindən gəlmək bacarığında olan futbolçuları toplayıb. Bu, ölkə çempionatının sonlarında da aydın görünməkdə idi - klub "İnter"dən xal almaqla, onu birincilikdən məhrum etdi, daha sonra isə ölkə kubokunun finalında "bankirlər"i üstələdi. "Qarabağ" Avropa Liqasında yarışa ikinci mərhələdən qoşulduğuna görə də məhz bu qələbəyə borcludur - UEFA prezidenti Mişel Platini bu qərarı verməklə, milli kubok sahiblərinin statusunu artırmağa çalışır.

Bir sözlə, ağdamlılar cəsarətləniblər və indi onlardan hər şey gözləmək olar. "İnter" və "Simurq"un Avropa Liqasından ilkin mərhələdə uzaqlaşmasından sonra "Qarabağ" Azərbaycanın bu turnirdəki yeganə təmsilçisidir. 

Demək, üçünün əvəzinə oynamaq lazımdır.


MƏSLƏHƏT GÖR:

430