14 Mart 2025

Cümə, 20:48

ƏMİRİN SİRLƏRİ

Zülmkar işğalçı, yoxsa Qurucu Teymur?

Müəllif:

01.08.2009

Tarixdə  yenilməz  sərkərdə  və fateh kimi tanınan Əmir Teymur 1370-ci ildə özünün qoşun rəislərinin qurultayında Mavərənnəhrin yeganə hökmdarı elan  edilən kimi dövlətin paytaxtının Səmərqənd olması qərarına gəlmişdi.

«Səmərqənd açıq havada zəngin muzey-şəhərdir». Onun  yaşı  2500-2700 arasında hesab edilir. Səmərqəndin rəsmi mərkəzi hələ Teymurləngin vaxtından Registan meydanı sayılır. Onun fars dilində hərfi mənası «qumlu ərazi» deməkdir. Carçılar hökmdarın fərmanlarını oxumaq üçün camaatı bu meydana toplayırdılar. Qanuna əməl etməyən cinayətkarları bu meydanda xalqın gözü qarşısında edam edirdilər. Müharibələrin  başlanması və qurtarması xəbərləri  xalqa bu meydanda çatdırılırdı. Müharibədən qələbə ilə qayıdan sərkərdələr qarət   olunmuş malları və çox bahalı əşyaları  bu meydanda nümayiş etdirirdilər. Şəhərin əsas küçələri hələ indi də bu meydanda kəsişir. Timuridlər sülaləsinin üzvlərinin dəfn olunduğu Qur-Əmir (əmirin goru) məqbərəsi meydanın cənubundadır. Rudəki, Babur, Cami, İbn Sina, Nəvai, Uluqbəy, Mukimi Firqət kimi böyük elm və sənət adamlarının  adları bu şəhər ilə bağlıdır. 

1370-ci ildən 1405-ci ilədək, yəni 35 il Orta Asiya və dünyanın  tabe  olunmuş  digər dövlətlərinin xalqları üzərində hökmranlıq etmiş Teymurləng  Səmərqəndi  Sırdəryadan və Zərəfşandan Hind və Qanqa qədər, Tyanşandan Bosforadək uzanan imperiyasının paytaxtı kimi özünün zövqünə uyğyn  qurmaq istəmişdi. Bu məqsədlə dünyanın ən istedadlı memarları və inşaatla əlaqədar digər sənətkarları  quruculuq işləri aparmaqdan ötrü Səmərqəndə gətirilmişdi. Teymurun vaxtında tikilmiş gözoxşayan Şahizində (fars dilində  «zində» diri, sağlam deməkdir), Bibixanım məscidi, Qur Əmir  sərdabəsi  memarlıq şedevri sayılır. Səmərqəndin kənarında Bağiçinar (Çinar bağı), Bağidilguşə (ürəkaçan, nəşələndirən bağ), Bağişimal (şimal küləyi əsən bağ) və s. bu kimi  behişt təsiri bağışlayan bağlar salınmışdı. Ona görə də Teymura Qurucu Teymur deyirdilər. Teymurləng öz paytaxtını əlçatmaz gözəl şəhərə döndərmək arzusunda idi. Onun digər dövlətlərin paytaxtlardan  üstünlüyünü qabarıq nəzərə çatdırmaq üçün Səmərqənd yaxınlığındakı kəndlərə Misir, Dəməşq, Bağdad, Sultaniyyə, Şiraz adları  qoymuşdu. Bu adlar indimizdə də Səmərqəndin bəzi məhəllələrinin  adları kimi qalmaqdadır.  

Teymurləng memarlıq baxımından dünyada tayı-bərabəri olmayan Quri Əmir məqbərəsini vuruşda həlak olmuş sevimli nəvəsi Məhəmməd Sultanın şərəfinə tikdirmişdi. Hökmdar  heç ağlına da gətirməzdi ki,  özünün  də son mənzili bu sərdabə olajaq. Böyük Əmiri sağlığında narahat edən bir məsələ vardı. Narahat idi ki, ölümündən sonra övladları onun imperiyasını qoruyub-saxlaya bilməzlər. Belədə düşmənlərinin gəlib məzarları murdarlaya biləcəyi ehtimalını özünə gizli dərd eləmişdi. Ona görə də sərdabədəkı məzarların iki yarusda - alt və üst yaruslarda olmasını istəmişdi. Üst yarusdakı qəbirlər zənni azdırmaq üçün boş qəbirlər idi.   Sovetlər dövründə günlərin birində yağan güclü yağış   sərdabənin  döşəməsini basmışdı. Yağışdan sonra sərdabəyə dolmuş suyun divarın yaxınlığında  burularaq axdığını görəndən sonra  həmin yeri genişləndirmək qərarına gəlmişdilər. Fəhlələr  aşağıya pilləkənlərin olduğunu görəndə çaşıb qalmışdılar. Pillələr  qurtaran kimi məqbərənin alt yarusu aşkar olunmuşdu. Əsl qəbirlər  də burada idi. Ehtiyatı heç bir vaxt əldən verməyən qeyzli hökmdar bu məsələdə də aldadıjı manevr etmişdi. Qur Əmirdə Teymurdan savayı onun iki oğlu - Şahruh və Miranşah, nəvələri Məhəmməd Sultan və böyük astronom Uluqbəy, habelə Teymurun mənəvi  müəllimi Mədinədən gəlmiş Mirseyid Bereke və Şahxoja da bu məkanda uyuyurlar.   Mavzoleyin günbəzinin daxildən aşağı hissəsi qiymətli mineral olan yaşıl onikslə dövrələnmişdir. Səhərçağı günəş şüaları  həmin mineraldan keçərkən qəribə bir mənzərə yaranır:  firuzə ilə üzlənmiş günbəz sanki havada asılı vəziyyətdə qalır. Mavzoleyin gözəlliyini sözlə ifadə etmək mümkün deyildir. Gərək gedib öz gözlərinlə görəsən. 

Teymur həyatının son illərində Çin üzərinə yürüş etməyi planlaşdırmışdı. Lakin Çini istila etmək  ona müyəssər olmamışdı. Yürüşün başlanğıcında qarlı və soyuq qış özünü göstərdiyindən Əmir Otrar adlanan yerdə dayanmaq haqqında əmr vermişdi. O, güclü şaxtalardan əziyyət çəkən qoşununun ovqatını yaxşılaşdırmaq və onu qələbəyə ruhlandırmaq üçün  dəllək çağırmış,   qurşağa qədər soyunaraq döyüşçülərin qabağında başını qırxdırmışdı. Bərk soyuq dəydiyindən yatağa düşüb 69 yaşında-1405-ci ilin fevral ayında dünyasını dəyişmişdi.  Başlanmış hərbi əməliyyatı yarıda dayandırmamaq üçün Teymurun ölümünü gizli saxlamaq qərara alınmışdı. Onun cənazəsi Səmərqəndə aparılıb gizli şəraitdə Quri Əmir sərdabəsində dəfn edilmişdi. Bir tərəfdən məlum idi ki, Teymur  türkləşmiş  monqoldur, digər tərəfdən isə çox sayda orta əsr  məxəzlərində Teymurun hind-Avropalı görünüşlü olması iddia edilirdi. İndimizdə bu iddiaların əsassız olduğu söylənilir. Monqol Teymuru hind-Avropa tipinə  aid etmək nə qədər də gülünc görünür. Digər tərəfdən isə məşhur antropoloq   M. Gerasimov Teymurun  qafa tası əsasında onun heykəltəraşlıq portretini  yaradandan sonra  təəccüblə görmüşdü ki,  böyük istilaçı əsl avropalı  görkəmindədir.  Üzü yastı yox, qabarıqdır. M. Gerasimov bu azmış kimi, Teymurun  saçlarının kürən olduğunu da üzə çıxarmışdı. Əgər Teymur  monqol idisə bəs nə üçün saçları qara yox, sarı-qırmızı idi. Ənənəyə sadiq alimlər çoxdan bilirmişlər ki,  Teymur kürən olub. Bu isə onun monqolmənşəli olması ilə düz gəlmir. Vəziyyətdən çıxış yolu kimi onun saçlarının hər halda qara olması fikri ilə razılaşmalı olmuşdular. Demişdilər ki, Teymurun saçlarının kürən görünməsinin səbəbi onun başına xna yaxması ilə  əlaqədardır. Zil qara saçlara xına yaxmaqla onlara kürənlik vermək inandırıcı görünmür. M. Gerasimov 1992-ci ildə  Moskvada nəşr olunmuş  «Tamerlan» kitabına salınmış «Tamerlanın portreti» məqaləsində  yazmışdır: «Teymurun saqqal tüklərinin mikroskop altında tədqiqi də  onun natural sarı - qırmızımtıl olmasını təsdiq edir. Bəlkə də bu, onun  vaxtilə Böyük Monqol imperiyasında yaşaması ilə əlaqədardır. Bildiyimiz kimi, həmin imperiya   Qədim Rusda təşəkkül tapmışdı. Teymur, görəsən, doğrudanmı  avropalı olub? Bunu bir  Allah bilir».

Teymurləng 11 mart 1336-cı ildə  Buxara xanlığının Şəhrisiyabz  ərazisindəki Keş şəhərinin Xoca İlqar kəndində  doğulmuşdur. Türkləşmiş barulas monqol qəbiləsindən Tarqay bəyin oğludur. Teymurun  cavan vaxtlarında  Orta Asiyadakı monqol Jaqatay ulusu  parçalanmış, Amudərya ilə Sırdərya arasındakı Mavərənnəhr adlı ərazidə 1346-cı ildən başlayaraq hakimiyyət türk əmirlərinin əlinə keçmişdi. İrəlidə deyildiyi kimi, hərc-mərclik dövründə Teymur silahlı quldur dəstəsinin başçısı idi və qoyun sürülərini oğurlamaqda ad çıxarmışdı. Teymur sonralar siyasətlə maraqlanmağa başlamış və öz dəstəsi ilə ilə barulas qəbiləsinin başçısı, həm də  Keş şəhərinin (Qaşqadərya vilayəti) hakimi Hacıya xidmət etmişdi.  1360-cı ildə Mavərənnəhr Şərqi Türküstanın monqol xanı Toqluk Teymur tərəfindən işğal ediləndən sonra  Teymur  onunla sazişə  girib  Keş şəhərinin hakimi təyin olunmuşdu. Keş hakimi Hacı canını götürüb Xorasana qaçmışdı. 1861-ci ildə Toqluq Teymurun ordusu  yenidən Orta Asiyaya qayıtmış  və Keşə gəlmiş Hacını yaxınları ilə birlikdə şəhərdən qovmuşdu. Teymur Qaşqadərya vilayətinin başçısı və Toqluq xanın Mavərənnəhrdəki  canişini İlyas xocanın (xanın oğlunun) köməkçisi təyin olunmuşdu. Az sonra Teymur monqol xanı  və oğlu ilə əlaqəni kəsərək  onların rəqibi sayılan  Səmərqənd və Bəlx  əmiri Hüseynlə sazişə girmiş, həm də onun bacısını almışdı. Hər iki əmir az sayda tərəfdarları ilə macəra axtaranlar həyatı  keçirmiş və qonşularına xeyli sayda hücumlar da etmişdilər. 1364-cü ildə   monqol orduları Mavərənnəhrdən çıxdıqdan sonra ölkədə hakimiyyəti Hüseyn ələ keçirmiş, Teymur isə yenidən Qaşqadərya vilayətinə başçılıq etməyə başlamışdı. Hüseyn və Teymur 1366-cı ilədək bir yerdə fəaliyyət göstərmiş, xalq azadlıq hərəkatının iştirakçıları olan sərbədarların (sözün hərfi mənası «dar ağacından asılmalı» deməkdir) Səmərqənddə  üsyanını  yatırmışdılar. Teymur 1366-cı ildə Hüseynə qarşı çıxmış, 1368-ci ildə onunla  barışmışdı.   Teymur 1369-cu ildə təzədən üsyan qaldırmış, Əmir Hüseyn əsir düşmüş və qətlə yetirilmişdi. 1370-ci ilin aprelində sərkərdələrin qurultayında Teymur «böyük əmir»  elan edilmiş və paytaxtı Səmərqənd olmaqla Mavərənnəhrin vahid rəhbəri kimi fəaliyyətə başlamışdı. O, sələflərinin yolunu davam etdirərək xan taxtında formal da olsa, Çingizxan sülaləsinin nümayəndələrini saxlamağa qərar vermişdi. Amma nə  Suyurqatmışın, nə də ki onun oğlu Mahmudun əllərində real hakimiyyət qalmamışdı. Teymur Hüseynin hərəmxanasını ələ keçirərək Çingiz nəslindən olan Saray-Mülklə evlənərək özünü xanın kürəkəni adlandırmışdı. Köçəri zadəganların, oturaq feodalların və müsəlman  ruhanilərin köməyinə arxalanan Teymurləng bütün Orta Asiya torpaqlarını öz nəzarəti altında birləşdirməyə başlamışdı. Çingizxan kimi, Teymur da ordunun və kəşfiyyatın təşkilinə xüsusi diqqət yetirirdi, hərbi dəstələrin komandirlərini şəxsən özü təyin edir, hərbi yürüşlərin planlarını da özü işləyib hazırlayırdı. Onda istedadlı sərkərdə  qabiliyyəti vardı. O, 1380-ci ildə İranın istilasına başlamış, 1382-ci ildə Heratı ələ keçirmişdi.1332-ci ildə Xorasanı alaraq oğlu Miranşahı  onun hakimi təyin etmişdi. 1332-ci ildə  Seistanın (müasir Əfqanıstanın  cənub-qərbinin) istilasını başa çatdırmışdı. Teymur 1386-1389-cu illərdə Qərbi İranda  döyüşmüşdü.  Lakin Qızıl Orda (əsası 13-cü əsrin 40-cı illərinin başlanğıcında  Batı xan tərəfindən qoyulmuş monqol-tatar  feodal   dövləti) xanı Toxtamışın Xarəzmə hücumundan xəbər tutan  Teymurləng hərbi əməliyyatları  dayandırıb  oraya qayıtmış, xarəzmlilərdən  Toxtamışla ittifaqa girdiklərinə görə intiqam almışdı: Xarəzmi yerlə-yeksan etdikdən sonra ərazisində arpa əkməyi tapşırmışdı. Sonra da Toxtamışı və onun müttəfiqi olan  Yeddisu monqollarını təqib edərək onların şimalda İrtış çayınadək, şərqdə Böyük Ulduzadək  torpaqlarını viranə qoymuşdu. 1391-ci ildə Qızıl Ordanın Volqaboyu torpaqlarını ələ keçirmişdi. Böyük Əmirin sonrakı illəri monqol-tatar xanı Toxtamışla müharibəyə və Qərbi İranın istilasına həsr olunmuşdu. Onu da deyək ki, Teymura qarşı fəal çıxışlar edən Toxtamış bir neçə il Teymurun qulluğunda durmuşdu. O, Əmir Teymurun böyüklüyündən və geniş imkanlarından xəbərdar idi. Qızıl Orda xanı Urus xan öləndən sonra Toxtamışın Qızıl Ordada hakimiyyətə gəlməsinə kömək etmişdi. Lakin Toxtamış Əmir Teymura qarşı dönük çıxmış, onun yaxşılıqlarını tez unutmuşdu. Teymur 1392-ci ildə Xəzəryanı əraziləri, 1393-cü ildə İranın qərbini və Bağdadı özünə tabe etmişdi. Fəth olunmuş ərazilərə oğlanlarını - Farsa Ömər Şeyxi, Azərbacana və Cənubi Qafqaza Miranşahı hakim qoymuşdu. Toxtamışın Cənubi Qafqaza soxulması xəbəri Teymurləngin 1395-ci ildə Cənubi Rusiyaya hərbi yürüşünə səbəb olmuşdu. Həmin ilin avqust ayının 26-da moskvalılar Məryəm ananın ikonası qarşısında diz çökərək  onu Teymurləngin qoşunlarının Moskvanı  qarət edib yandırmamasına köməkçi  olmağa çağırmışdılar. Lakin Teymur üsyankar Qızıl Orda ulusuna baş qoşmayaraq Moskvaya yürüşünü dayandırmış və qəfildən  Yelets şəhərinə yol alaraq onu viran qomuş, sonra da Krımın zəngin ticarət şəhərləri Azovu  və  Kafunu (Feodosiyanı) talan etmiş, Qızıl Ordanın paytaxtı  Saray-Berkeni və Həştərxanı  yandırmışdı. Qızıl Ordanın varlığına son qoyulsa da, bu əraziləri öz  imperiyasına qatmamışdı. Qafqaz dağları  Teymur imperiyasının şimal sərhədləri kimi qəbul olunmuşdu. 1396-cı ildə Səmərqəndə qayıdan Teymurləng  1397-ci ildə  kiçik oğlu Şahruhu Xorasanın, Seistanın və Mazandaranın hökmdarı təyin etmişdi. Teymurləng 1398-ci ildə Çinə yürüşə başlamaq istəyirdi. Amma nə səbəbdənsə fikrini dəyişərək Hindistana yürüş etmiişdi. O, yolda ikən Kafiristan dağlılarını məğlub edib,   Dehliyə yaxınlaşmışdı. Böyük Əmir Dehli sultanının qoşunlarını məğlubiyyətə uğradaraq  şəhərə daxil olmuşdu. Teymurun qoşunları Dehlini qarətə başlamışdılar. Bir il sonra böyük sərkərdə Qanqa çatmış və gözlənilmədən  Səmərqəndə qayıtmaq əmri vermişdi.

Onun yürüşləri həmişə Avropa dövlət başçılarını  qorxu  içərisində saxlayırdı. Konstantinopolun imperatoru və Misirin sultanı Teymurun hakimiyyətini bəyəndiklərini və xərac verməyə hazır olduqlarını bildirmişdilər. İngiltərə kralı IV Henrix, Fransa kralı VI Karl Teymurləngdən qorxduqlarından, ona yaltaqlanaraq  həmişə qələbə çalmasını arzu etmişdilər. Avropa Teymurləngin növbəti hücumlarını gözləyirdi. Amma Teymur bu dəfə də hamını təəccübləndirdi. Əmirin döyüşçüləri öz atlarını Səmərqəndə tərəf yönəltdilər. Teymurləng böyük sayda qoşun toplayaraq, Çinə yürüş etmək istəyirdi. Amma istəyinə çata bilmədi. İrəlidə deyildiyi kimi, yolda soyuqdəymədən vəfat etdi. Onun dini və dünyəvi bilikləri, hətta böyük müsəlman tarixçilərini heyran qoyurdu. Qəhrəmanlıq dastanlarına xüsusi maraq göstərən Teymur həmin dastanların döyüşçülərində igidlik ovqatı yaradılmasına səy göstərirdi.

Teymur öz imperiyasında böyük quruculuq işləri aparılmasına çalışdığına görə, ona Qurucu Teymur da deyirdilər. O, əla yollar şəbəkəsi yaratmışdı. Yolların kənarında karvansaraylar tikdirmiş, keşikçi məntəqələri qoydurmuşdu. Səyyahlar həmin karvansaraylarda dincələ, yorulmuş atlarını təzələyə bilirdilər, oğru-quldurlardan yaxşı mühafizə olunurdular. Mükəmməl nəqliyyat sisteminin yaradılması əmirin hakimiyyət orqanlarının bütün imperiyada normal fəaliyyət göstərməsinə imkan verirdi, çaparlar istənilən əyalətdən istənilən xəbərləri bir neçə günə Səmərqəndə çatdırırdılar. Canişinlər görülmüş işlər barədə Teymurun dəftərxanasına vaxtında informasiya göndərmək məcburiyyətində idilər. Məxfi agentlər işlərin necə getməsi barədə daim məlumat verdiklərindən, idarələrin fəaliyyətinə nəzarət etmək mümkün idi. Məxfi agentlər  imperiyanın xaricindəki olaylardan xəbər tutur, düşmənin irəliləməsi, onun maddi təminatı ilə maraqlanırdılar. Bütün bunlar Teymurun həmişə yürüşlərdə olmasına baxmayaraq, geniş ərazilərə rəhbərlik etməsinə imkan verirdi. Hətta at belində ola-ola yararsız canişinləri vəzifələrindən kənarlaşdırır, mübahisələri həll edir, xəzinə işlərini nəzarətində saxlayırdı. Teymur ticarətin sürətli  inkişafı üçün tacirlərdən cüzi miqdarda rüsum və yolhaqqı alırdı. Tacirlər Hindistan, Çin və Avropa arasında möhkəm əlaqə yaratmışdılar. Əkinçilərdən vergi məhsul yığımından sonra alınırdı və torpaqların münbitliyindən asılı idi. Tutulan vergi bütün məhsulun üçdəbirinin dəyərindən artıq olmurdu. Teymur cinayətkarlıqla mübarizəni uğurla aparırdı. Oğurlanan əşyaların dəyəri şəhər hakimiyyəti başçılarının və yol keşikçilərinin şəxsi vəsaiti hesabına ödənildiyindən,  onlar oğrularla barışmaz mübarizə  aparmalı olurdular.

Teymur çox mahir sərkərdə idi. Hərbi strategiyanın tətbiqində tayı-bərabəri yox idi. Yürüşlərə əvvəlcədən hazırlaşırdı, kəşfiyyatçıların ona düşmən dəstələrinin harada olması barədə xəbərlərini dərindən təhlil edərək  qəti qərara gəlirdi. Teymur yürüşə hazırlaşarkən heç bir vaxt özünün real planlarını açıqlamırdı. Böyük əmir  düşmənlərinə qəfil zərbələr endirmək ustası idi. O, Makedoniyalı Aleksandrın və Prussiya kralı və məşhur sərkərdə  İkinci Fridrixin cinahlardan çəpinə zərbə döyüş taktikasından bacarıqla istifadə edirdi. Teymurləng seçilmiş atlı dəstələri sağ cinahda cəmləşdirir, düşmənə sol cinahdan zərbə endirirdi. Zərbəyə dözməyən düşmən  Teymurun  süvari dəstəsini cəbhə arxasına buraxırdı. Əmir  sağ cinahın həmlələri sona yetməmiş, sol cinahı hərəkətə gətirmirdi. Özü isə mərkəzin arxasında güclü ehtiyat dəstələrinə rəhbərlik edirdi. Həmin ehtiyat hissələrlə həm sağ cinahı, həm də sol cinahı gücləndirmək olurdu. Teymur  bütün qoşunlarla qarşı-qarşıya cəngə girməyi xoşlamırdı.  Çünki bu cür qarşılaşma böyük itkilərlə nəticələnirdi. Böyük əmir seçmə qoşunlarını sağ cinahda cəmləşdirməklə  məhz onların düşmən xəttinə yaxınlaşmasına  imkan verirdi. Həmin təmas nöqtəsində say üstünlüyü sayəsində düşmənin sol cinahını  dağıdıb onun  arxa xəttinə keçmək  mümkün olurdu.

Sovet ideologiyasının hər bir məsələdə hakim olduğu dövrdə Teymur xanı insan qanına susamış vəhşi kimi təqdim edirdilər. Bütün bunlar öz təsdiqini tapmayan cəfəngiyat idi. Teymur yaratdığı imperiyada yaşayan xalqların əmin-amanlığının qorunması, rifahının yaxşılaşması, iqtisadiyyatın inkişaf etməsi, qurujuluq işlərinin genişlənməsi yolunda ölçüyəgəlməyən işlər görmüşdür. Vaxtilə Daşkəndin mərkəzində Marksa qoyulmuş qırmızı mərmər büstün yerində indi böyük əmirin heykəli  ucalır.  1996-cı ildə Özbəkistanda «Əmir Teymur ordeni»nin təsis edilməsi haqqında qanun qəbul olunmuşdur. Məktəblərdə onun həyatı və əməlləri öyrənilir.  Çünki tarixi şəxsiyyətlər həmişəyaşar olurlar.


MƏSLƏHƏT GÖR:

523