14 Mart 2025

Cümə, 21:39

STİL STANDARTLARI

Emin Ağalarovun Bakıda ilk solo-konserti oldu

Müəllif:

01.08.2009

"Emin stilini bir dəfə, yəni  həmişəlik seçib. Bu, hətta stil deyil.  XX əsrdəki parlaq müğənnilərə məxsus  ənənələrin davamıdır. Onlar üçün  hər şeydən vacibi səs idi. Elə bir səs ki, istənilən bəstədə seçilə bilsin, başqalarının mahnılarını ucaltsın, bütün pop-musiqiyə keyfiyyət standartları versin. Təsadüfi deyil ki, bu cür hitləri standart adlandırırlar". Azərbaycanlı ifaçı, həmyerlimiz Emin Ağalarovun yaradıcılığı barədə tənqidçilər belə düşünürlər. Musiqini yalnız hobbi olaraq seçmiş Emin Bakının Yaşıl Teatrında "Emin-life" adı altında öz ilk konsertini verəndən sonra anlamaq olur ki, bu musiqi peşəkarının belə  qiymətləndirmələrə  haqqı  çatır. 

 

Royal, gitara, sevgi 

İyulun 17-də baş tutan bu solo-konsert çoxdan gözlənilirdi. Həmin gün Eminin ifasında Azərbaycan və Amerika musiqi mədəniyyətlərini birləşdirən orijinal sintez kompozisiyalar səsləndi. 

Natiq Şirinovun "Ritm" qrupunun ifasında ənənəvi Azərbaycan nağara ritmləri və Eminin orkestrinin ifasında klassik Amerika rok-n-rollu bir yerdə idi. Bu, Emin tərəfindən xüsusi olaraq Bakı konserti üçün düşünülmüş tamamilə yeni səs qovuşuğudur. 

Rusiya KİV-ləri onu öhdəsinə götürdüyü istənilən işdə  uğur qazanmağı bacarmış  "oxuyan  biznesmen" adlandırıb. Bəlkə də Eminin musiqiyə yanaşmasında öz məntiqi var: "Görülən hər bir iş əla keyfiyyətli, bəlkə də, daha yaxşı olmalıdır". Və Bakıda keçirilən konsert ustalığın, peşəkarlığın göstəricisi, tamaşaçılarla ünsiyyət mədəniyyətinin, layiqli təqdimatın nümayişi olmaqla, bunu sübut etdi. 

Emin yerli şou-biznesin bir çox təmsilçilərindən fərqli olaraq, öz şəxsiyyəti ətrafında şişirdilmiş ajiotaj yaratmadı. O sadəcə oxudu və həzn məxməri səsinə qulaq asmağa gələn insanlarla danışdı. Anşlaq oldu.

Emin royalda və gitarada ifa elədi. Böyük Müslüm Maqomayevin "Azərbaycan" mahnısından başqa ancaq ingiliscə oxudu. "Azərbaycan" insanları riqqətə gətirdi.  Zalın böyük ekranında Müslüm Maqomayevin şəkilləri, onun həyatından bəhs edən kinolentdən və konsertlərindən kadrlar göstərilirdi. 

Emin bu böyük azərbaycanlının yaradıcılığını, onun yüksək insani mənəvi keyfiyyətlərinə vurğunluğunu etiraf etdi. Ondan dünyasını dəyişmiş bir insan kimi deyil, bizimlə birgə yaşayan, öz istedadı ilə hər kəsi heyran qoyan ustad kimi bəhs elədi. Həmin anda zalda oturmuş Tamara Sinyavskayanın hansı hisslər keçirdiyini anlamaq olardı. 

Öz yaradıcılığından tamaşaçılara danışan Emin bildirdi ki, 15 il qabaq  "Ruh"  filminə baxdıqdan sonra özünə söz verib ki, oxumaq ustalığına yiyələndikdən sonra mütləq bu kinolentdəki məşhur saundtreki ifa edəcək. "Mən oxumağı öyrəndim və bu mahnını indi sizin üçün oxuyuram". 

Onun parlaq nömrələrindən biri Natiq Şirinovun "Ritm" qrupunun müşayiəti ilə oldu. Emin səhnədən tamaşaçılara sevgi yağdırırdı və çoxları üçün onun konserti unudulmaz oldu. Elə onun üçün də "Bu, mənim Bakıda ilk konsertimdir. İlk dəfə baş verən hər şey heç vaxt unudulmur. Bakıdakı bu konsertimi bütün həyatımboyu unutmayacağam". 

Emin onu da söylədi ki, Bakıdakı ilk konsertiylə  çox sevdiyi və indi zalda oturan nənəsinə verdiyi sözü yerinə yetirmiş oldu. Sonra əlavə etdi ki, yeni uğurlara can atanda o, çox qürur duyuduğu atasına bənzəməyə çalışır. Əlbəttə ki, Emin "cazibədar, ruh və xoşbəxtlik bəxş edən, ilham qaynağı olan" həyat yoldaşını çox sevdiyini də etiraf etdi. 

Eminin Yaşıl Teatrdakı çıxışı sadə bir konsert deyildi. Söhbət Eminin öz vətənində ilk çıxışından gedir. Bu, ciddi addımdır və indi belə konsert vermək barədə qərar onu  göstərir ki, Emin öz musiqi karyerasını məqsədyönlü şəkildə qurur. 

 

Cəsarətli aranjimanlar  

Eminin musiqi karyerası 2006-cı ildə çıxardığı "Still" albomu ilə başlayıb. Daha sonra ikinci albomu "Incredible" işıq üzü görüb. Emin  həm də öz kompozisiyalarının müəllifidir. Üçüncü albomu "Obsession" isə 2008-ci ilin avqust ayında təqdim edilib. Bir ay qabaq isə ifaçı Moskvada yeni albomu "Devotion"un təqdimat konsertini keçirib. Musiqi tənqidçiləri bildirirlər ki, ilk diski olan "Still"  çox uğurlu alınıb və ictimaiyyət tərəfindən sevilib. Eminin "çətin ikinci albom" adlandırdığı "Incredible"in taleyi  çətin yox, inamlı olub.  Üçüncü albom "Obsession" isə musiqinin Emin üçün yalnız hobbi olması barədə şübhələrə son qoyub. Dördüncü albom "Devotion" birinci albomun çıxmasından cəmi dörd il keçməsinə baxmayaraq, Eminin zirvəyə doğru yolunda növbəti pillə olub. 

Eminin şəxsi ənənəsi isə ən çağdaş aranjimanlardan çəkinməməyə dayanır və başlıcası isə bir diskdə ötən yüzilliyin klassikası ilə öz əsərlərini bir yerdə cəmləməkdir. Yeni "Emin-Devotion" proqramının anşlaqla keçən təqdimatı mayın 28-də Moskvanın ən yaxşı musiqi meydanlarından olan "B1 Maximum"da baş tutub. Orada ən müxtəlif dövrlərin Pol Ankadan və Layza Minellidən tutmuş "Sonic Youth" və "Anthony and the Johnsons"a kimi superulduzları çıxış ediblər. 

Emin Yaşıl Teatrdakı  konsert proqramında narahat ballada  "Devotion"u qeyri-adi  gitara partiyası ilə ifa etdi. O, albom hazır olduğu son məqamda bəstələnib. "Mən qərara aldım ki, onsuz diski çıxarmayacağıq, demo-versiyanı mənim evimdə yalnız vokal və klaviş partiyaları ilə yazmalı olduq. Ancaq aydın idi ki, o, mən hələ studiyaya getmədən yaranmışdı", - deyə Emin albomun təqdimatında bildirdi. 

 "Devotion"a qədər isə albomu başqa, daha şux, çılğın simli çıxışlarla bəzədilmiş "Giving In" kompozisiyası açmalı idi.  "Bir az qeyri-adidir, amma mənim stilimdədir", - deyə müəllif dəqiqləşdirir. "Mənim stilimdədir" ifadəsi "Devotion"dakı mahnıların çoxuna aiddir, istər öz təbiəti ilə tam klassik olan xəyalpərvər lirika "Tomorrow", istərsə də "The Walker Brothers"in  repertuarından olan mahnılara bənzər "Goodbye" olsun.

Yaşıl Teatrdakı konsertdə bir neçə kaver-versiya da səsləndi.  Həmişə olduğu kimi bu da Eminin cürətli seçimi idi. "You Don't Have To Say You Love Me"nin Şirla Bessi, Elvis Presli, Tom Cons kimi ulduzlar tərəfindən ifalarına Emin özününkünü də əlavə etməyə çəkinmədi. Onu retronun qaçılmaz ahəngini tarazlaşdıran çağdaş aranjimanlı xüsusi səslənmə ilə təchiz etməsi də yerinə düşürdü. "Love Story" ("Ruh") isə mövzuya Eminin müəllif versiyası ilə yanaşmasıdır. 

"Bu, mənim iki ən sevimli mahnımdan biridir. "Obsession"də mən "My Way"i yazmışam, indi ikincinin növbəsi çatıb",- deyə Emin bildirir. "Devotion"un CD-si üçün həm də Eddi Arnoldun "You Don't Know Me"si yazılıb. Özü də həmin mahnını müxtəlif dövrlərdə oxuyanların siyahısı maraqlıdır. Burada Rey Çarlz, Elvis Presli, Van Morrison, Maykl Bolton, Maykl Babl yer alıb. Məşhur standart "Unchained Melody"  yalnız fortepianonun müşaiyiətində səsləndirildi. Tamaşaçılar həm də Adriano Çelentanonun kaveri "Fuoco"nu da eşitdilər. Emin bu sevimli müğənnisinin "Torno A Settembre"sini həmişə öz proqramına daxil edir.  

"Devotion" albomu Nyu-Yorkda yazılıb. Ona prodüserliyi Emin özü və əfsanəvi Moskva musiqiçisi Vladimir Ratskeviç edib. Müğənninin sözlərinə görə, onun karyerasında ilk dəfə olaraq disk üçün mahnılar çox yazılıb, nəticədə on beş mahnıdan yalnız on ikisi işıq üzü görəcək. Məhz bunlar Eminin Bakının Yaşıl Teatrının səhnəsində təqdim etdiyi proqramının özəyini təşkil ediblər. 


MƏSLƏHƏT GÖR:

444