
ARTIMA ÜMİDLƏ
Müəllif: Redaksiya
Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına əsasən, 2009-cu ildə dünyada ümumi daxili məhsul (ÜDM) 1,3% azalacaq və bu, 1970-ci ildən üzübəri ümumdünya səviyyəsində ilk tənəzzül olacaq. Doğrudur, artıq 2010-cu ildən dünya iqtisadiyyatı artım mərhələsinə qədəm qoymağa başlayacaq, özü də bu inkişaf bir neçə ay əvvəl proqnozlaşdırıldığından da güclü olacaq. BVF-nin iyul proqnozunda 2010-cu il üçün dünyada ÜDM-in artımının 2,5% təşkil edəcəyi bildirilir, halbuki apreldə bu rəqəmin 1,9 % təşkil edəcəyi gözlənilirdi. Amma qeyd etmək lazımdır ki, bu proqnozlar və rəqəmlər ümumi xarakter daşıyır, çünki müxtəlif ölkələrin iqtisadi durumlarındakı fərqlər çox böyükdür. Bəzi dövlətlər böhranı ciddi itkisiz keçirdiyi və hətta bu dövrdə inkişafa belə nail olduqları halda, digərləri defolt ərəfəsindədir və təcili iqtisadi yardımlara, kreditlərə müraciət etmək məcburiyyətindədir.
ABŞ hələ də resessiya vəziyyətindədir. Economist Intelligence Unit (EIU) tərəfindən verilən proqnoza görə, 2009-cu ildə Birləşmiş Ştatların ÜDM-i 2,7% azalacaq. Amma hakimiyyətin prosesə cəld və çevik reaksiya verməsi ölkədə böhranın daha dərin olmasının qarşısını alıb. Birləşmiş Ştatların Federal ehtiyat sistemi faiz dərəcələrini rekord aşağı həddə endirib, Corc Buş və Barak Obamanın administrasiyaları isə bank iqtisadiyyatının xilası və tələbin stimullaşdırılmasına inanılmaz dərəcədə böyük məbləğlər xərcləyib. Məsələn, 2009 - cu ilin əvvəlində Obama administrasiyası iqtisadiyyatın fiksal stimullaşdırılması ilə əlaqədar 787 milyard dollarlıq proqramın icrasına başlayıb.
Digər inkişaf etmiş ölkələrin hökumətləri isə iqtisadiyyata bu dərəcədə ciddi müdaxilədən çəkiniblər. Məsələn, Almaniyada iqtisadiyyatın stimullaşdırılması tədbirlərinə cəmi 70 milyard, Yaponiyada isə 110 milyard dollar xərclənib. Bu ölkələrin iqtisadiyyatının ixracdan daha çox asılı olduğunu nəzərə alsaq (Almaniya dünyanın birinci, Yaponiya isə dördüncü ixracatçısıdır), daxili tələbatın bu cür stimullaşdırılması yetərli olmayıb. Ona görə də 2009-cu il üçün bu ölkələrdə ABŞ-la müqayisədə tənəzzülün miqyası daha ağır olacaq: Almaniyada ÜDM 6%, Yaponiyada isə 6,1% azalacaq.
Üstəlik, Almaniyada iqtisadi durum ümumilikdə avro məkanına (ÜDM-nin proqnozlaşdırılan azalması 4,4%), həmçinin Almaniyanın əsas bazar rolunu oynayan Şərqi Avropa ölkələrinə də böyük təsir göstərəcək.
Bütün bunların fonunda Çin və Hindistanda vəziyyət daha yaxşı görünür. Bu ölkələr inkişafın müsbət dinamikasını qoruyub saxlayır. Ekspertlərin proqnozlarına görə, 2009-cu ildə Çində ÜDM 7,2, Hindistanda isə 5,5% artacaq.
Bu ölkələrdə inkişafın qorunub-saxlanması daxili tələbatın stimullaşdırılmasına, ixrac bazarındakı itkilərin kompensasiyasına yönələn infrastruktur layihələrinə böyük həcmdə dövlət vəsaitlərinin ayrılması ilə mümkün olub: Çinin stimullaşdırma paketi 586 milyard (və ya ÜDM-un 14%-i), Hindistanınkı isə 44 milyard dollar (3,5%) qiymətləndirilir.
"Çin dünya iqtisadiyyatını bu resessiyadan çıxardacaq ilk ölkələrdən biri olacaq", - deyə Dünya Bankının iqtisadi proqnozlaşdırma departamentinin rəhbəri Hans Timmer nüfuzlu "Wall Street Journal"a açıqlamasında bildirib.
Yeri gəlmişkən, öz inkişafını qoruyub-saxlaya bilmiş Asiya ölkələrinin əksəriyyəti buna məhz Çin və Hindistanın hesabına nail olub. Nəticədə, məsələn, Cənubi Koreya, Tayvan və ya Tailand kimi ölkələr də böhrandan tez və az itkilərlə çıxacaq.
BRHÇ üzvü olan digər iki ölkə - Braziliya və Rusiyaya gəlincə, onlar bu ili itkilərlə başa vuracaqlar. Əsas səbəb isə onların ixracının əsasını təşkil edən xammal sahəsində konyukturanın qənaətbəxş olmamasıdır.
EIU tərəfindən açıqlanan konsensus-proqnoza görə, 2009-cu ildə Rusiyada ÜDM 5%, Braziliyada isə 1,5% azalacaq.
İnkişaf etməkdə olan bazarlar arasında bu il ən pis göstərici Şərqi Avropa ölkələrində qeydə alınacaq. Onların əksəriyyətində ÜDM-in azalması Qərbi Avropa dövlətləri ilə müqayisədə xeyli ciddi olacaq. Bunun səbəbi həmin ölkələrin ixrac və xarici kapitaldan çox asılı olmalarıdır - onlar inkişafın maliyyələşdirilməsində məhz bu amildən daha çox istifadə edirlər.
Lakin Şərqi Avropa ölkələrinin özlərində də inkişafın uzunmüddətli modelləri bir-birindən ciddi şəkildə fərqlənir. Məsələn, sənayeyə xarici investisiyaların cəlb edilməsinə üstünlük verən Polşa, Slovakiya və Çexiyada dərin resessiya yaşanır. Latviya, Ukrayna, Macarıstan, Bolqarıstan da daxil olmaqla, bəzi ölkələr vəziyyətdən çıxmaq üçün BVF-dən təcili maliyyə yardımı istəyib. Lakin kreditləşdirilmənin əsas şərtlərindən biri ÜDM-in iflasına aparan dövlət xərclərinin azaldılmasıdır. Analitiklər Şərqi Avropa ölkələrinin defoltdan qaça biləcklərinə hələ də əmin deyillər. Cəmi bir ölkədə defoltun qeydə alınmsı isə (iqtisadçılar bu barədə Latviyadan daha çox narahatdırlar) bütünlükdə regionda situasiyanın pisləşməsinə səbəb ola bilər.
İqtisadçılar hələ də geriləmənin nə vaxt sona çatacağı və ikişafdan sonra növbəti tənəzzülün başlayıb-başlamayacağına dair yekdil fikir söyləyə bilməsələr də, əsas proqnozlar gələn ildən iqtisadi inkişafın başlanacağını göstərir. EIU-nun konsensus-proqnozlarına görə, 2010-cu ildə ABŞ-da ÜDM 2, avro məkanında isə 0,6% arta bilər. Ciddi artım isə inkişaf etmiş dövlətlərin əksəriyyətində gözlənilir. Bu məsələdə yalnız yüksək işsizlik və tikinti sektorunda kollapsdan əziyyət çəkən İspaniya, Portuqaliya, İrlandiya və Yunanıstan istina ola bilər. Onlarda tənəzzülün bir neçə il davam etməsi mümkündür.
MƏSLƏHƏT GÖR: