
AVARLAR SUYA
Azərbaycan avarçəkənləri beynəlxalq arenada ilk uğurlarını qazandılar
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Azərbaycanda avarçəkmə yüksəlişdədir və deyəsən, vaxtilə beynəlxalq arenadakı güclü mövqelərimizi artıq geri qaytarmaqdayıq. Son illər ərzində Mingəçevirdəki "Kür" avarçəkmə bazasında yenidənqurma işləri aparılmaqdadır və bu, Azərbaycanı yalnız regional yox, həm də Avropanın avarçəkmə mərkəzinə çevirə bilər.
Üstəlik, demək olar ki, bütün proqramlar üzrə idmançılarımızın çıxışları da getdikcə uğurlu alınır.
"Akademiklər" Almaniyanı fəth etdi
Son aylar Timur Kutseba - Aleksandr Qlotov cütlüyü diqqət mərkəzindədirlər. Onlar Almaniyada keçirilən akademik avarçəkmə üzrə üç qayıq yarışında uğurla çıxış ediblər. Millinin baş məşqçisi Rudiqer Xaufe bildirib ki, səfər komandanın hazırlığının qış mərhələsindən sonra planlaşdırılırdı və bunun üçün uşaqlara kifayət qədər yüksək səviyyəli turnirlərdə yarış təcrübəsi lazım idi. Yalnız bu yolla idmançıların hazırkı durumları və gələcək perspektivinin qiymətləndirilməsi mümkündür. "Uşaqlar yaxşı kondisiya toplayıblar və bu səbəbdən biz 3 yarışda iştirak etməyə qərar verdik - Münhen, Köln və Hamburqda", - deyə mütəxəssis qeyd edib.
Bu məqamda onu da qeyd etmək lazımdır ki, Münhendə keçirilmiş yarış, ümumiyyətlə, Avropada gənclər arasında təşkil olunan ən böyük turnirlərdən hesab olunur və bu dəfə oraya dünyanın 20 ölkəsindən avarçəkənlər toplaşmışdı. Onların hər biri üçün bu, sınaq idi - turnirdə hər bir avarçəkəni sınaqdan keçirmək və onun hazırkı formasını qiymətləndirmək olardı. Rəqabət isə çox güclü idi - medallar uğrunda Böyük Britaniya, Rumıniya, Serbiya, yarışa ev sahibliyi edən Almaniya və bir çox digər ölkələrdən olan avarçəkənlər yarışırdı. Lakin bu, bizim Timur-Aleksandr cütlüyümüzə mane olmadı və final səkkizliyinə düşən avarçəkənlərimiz sonda "bürünc" əldə etdilər.
Daha sonra Kölndə təşkil olunmuş yarışda isə Azərbaycan təmsilçiləri ən yaxşı nəticə göstərərək, birinci oldular. Lakin ikinci gün onlar bəzi taktiki yanlışlıqlara yol verdikləri üçün finişə üçüncü çatdılar.
Hamburqa gəlincə, burada ilk gündə ikinci olan cütlüyümüz sonrakı gün hamını geridə qoydu. "Yarışlar uşaqlar üçün lazımi təcrübə, onların özlərinə inamının artması üçün vasitə oldu. Bu uğurun kökündə isə intensiv keçirdiyimiz qış təlimləri dayanır. Məncə, komanda yeni səviyyəyə yüksəlib. Axı, biz indiyədək belə böyük turnirlərdə qələbə qazanmamışdıq. Burada avarçəkənlərin Böyük Moskva qayıq yarışındakı uğurunu da qeyd etmək lazımdır - Rusiya paytaxtında biz 2 qızıl və bir bürünc medal qazandıq. Turnirin statusunu nəzərə alsaq, bu da tarixi uğurdur", - deyə Xaufe bildirib.
Maraqlıdır ki, bir çox əcnəbi mütəxəssislər Azərbaycan avarçəkənlərinin birdən-birə belə sıçrayış edəcəyini gözləmirdi və bu səbəbdən nəticə onlarda müəyyən qədər təəccüb yaradıb. Lakin, Almaniyada - Münhendə keçirilən yarışdakı uğurdan sonra Kutseba ilə Qlotovun Köln və Hamburqda da uğur əldə etməsi nəticənin heç də təsadüfi olmadığını göstərdi. İndi uşaqların qarşısında daha çətin vəzifə durur: 2010-cu ildə Sinqapurda keçiriləcək gənclər Olimpiadasına vəsiqə qazanmaq. Cütlüyümüz üçün bunun üçün Fransada keçiriləcək dünya birinciliyində final səkkizliyinə düşmək lazımdır.
"Mən çox ölkələrdə işləmişəm və burada cəmi yarım ildir ki, çalışıram. Lakin milli federasiya rəhbərliyinin inadkarlığı və ardıcıl işi məni cəlb edir. Onlar milli avarçılıq məktəbini keyfiyyətcə yeni mərhələyə yüksəltməkdə israrlıdırlar və biz bütün gücümüzü məhz buna sərf edirik. Mən yaxşı perspektiv görürəm, əks - təqdirdə burada işləməzdim. Azərbaycanda avarçəkmənin böyük gələcəyi var, yeni üfiqlər isə "Kür" avarçəkmə bazasının fəaliyyətə başlamasından sonra açılacaq. Məşqlər üçün yeni şərait yaranacaq, kütləvilik artacaq və bütün bunlar yaxın gələcəkdə öz nəticələrini verəcək", - deyə Xaufe qeyd edib.
Legionerlər məcburi vasitə kimi
Yerli avarçəkmənin səviyyəsinin yüksəldilməsi üçün Azərbaycana həm idmançı, həm də məşqçi legionerlərin dəvət olunması istiqamətində də addımlar atılır. Bununla əlaqədar milli federasiyanın prezidenti Elçin Zeynalov deyir: "Avarçəkəndən nəticə almaq üçün, ən azı, onun 4-5 il məşq etməsini gözləmək lazımdır. Axı texnika, təcrübə, güc bir neçə min kilometr məsafə qət etdikdən sonra yaranır. Bu məsafəni qət etmək isə 5 - 6 il vaxt tələb edir. Yəni 1 il ərzində yüksək nəticəyə nail olmaq, faktiki, real deyil. Belə olduqda legionerlərin cəlbi məsələsi meydana çıxır. Unutmaq olmaz ki, atlet üçün qarşıda, bir növ, mayak rolunu oynayan rəqibin olması çox mühüm məsələdir. Karyeraya başlayan atletin öz sürət və texnikasının hansı səviyyədə olduğunu dərk etməsi üçün ondan qarşıda gedən, nümunə götürüləcək idmançı olmalıdır. Axı, əgər səndən əvvəl beynəlxalq səviyyəli atlet gedirsə, sən onun məşqlərə, idmana münasibətini görürsən, onun texnikasına, gücünə baxır, təcrübə toplayırsan. Məhz bu səbəbdən də biz baydarka və kanoelərdə yarışmaq üçün əcnəbi idmançıları ölkəyə dəvət etmişik və artıq bunun nəticəsini görürük. Ötən mövsümkü çıxışdan danışsaq, Dünya Kubokunun mərhələlərindən birində Valentin Demyanenko ilin ən yaxşı nəticəsini göstərib. Mayda isə Dünya Kubokunun növbəti mərhələsində bizim idmançılarımız 2 gümüş və bir bürünc medal qazanıblar".
Qeyd edək ki, legionerlər mövzusu yalnız baydarka və kanoelərə aiddir, akademik avar çəkmədə isə onların xidmətindən istifadə olunmur. Hazır idmançıların olmaması böyüklər arasında keçirilən yarışlara qatılmağa imkan verməsə də, komanda gənc və yeniyetmələr arasında keçirilən turnirlərdə fəal iştirak edir. Qeyd edək ki, Ukrayna, ABŞ və Kanada da daxil olmaqla, bir çox ölkədən legioner təklifi gəlsə də, bu idmançıların yüksək standartlara cavab verməməsi səbəbindən, onların yardımından imtina edilib. "Lakin layiqli namizədlər olsa, biz onu mütləq nəzərdən keçirəcəyik. Bizim hələ ki böyüklər arasındakı turnirlərdə uğurumuz yoxdur. Amma kifayət qədər yaxşı gənclərimiz var. Hazırda bizim birinci yığmaya düşə biləcək ən azı 15 avarçəkənimiz var. Bundan başqa, Bakıdan, Mingəçevirdən olan, ölkə çempionatında iştirak edən və ümidverici kiçik yaş qrupuna daxil uşaqlar da diqqət mərkəzimizdədir. Hazırda gənclər səviyyəsində çıxış edən "akademik"lərimizin gələn ildən öz güclərini böyüklər arasında yoxlamaları da mümkündür. Bu, əlbəttə ki, onların hazırlıq səviyyələrindən asılı olacaq", - deyə E.Zeynalov bildirib.
Hazırda isə Federasiyanın qarşısında duran əsas məqsəd Sinqapurda keçiriləcək gənclər Olimpiadasına vəsiqənin əldə edilməsidir - həm akademik avarçəkmədə, həm də baydarka və kaneoda. Bu, minimum hədəfdir. Maksimum hədəf isə həmin yarışda layiqli çıxış və finala yüksəlməkdir.
Uzunmüddətli perspektivə gəlincə, məşqçilər elə həmin uşaqların 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya vəsiqə əldə edəcəyinə ümid bəsləyirlər.
Bütün bunlarla yanaşı, milli federasiyanın rəhbərliyini narahat edən müəyyən məqamlar da var. Məsələn, hazırda avarçəkmə ilə yalnız Mingəçevirdə məşğul olmaq mümkündür. İnsan potensialının daha yüksək olduğu Bakıda bunun üçün tam şərait yoxdur. "Bundan başqa, avarçəkənlərin yetişdirilməsinə yalnız Bakı ilə Mingəçevir cəlb olunub. Lakin Qəbələ, Şirvan, Neftçala, Daşkəsən kimi şəhərlərdə də perspektivli göllər var. Bəs Sovet İttifaqı dövründə milliyə idmançılar necə yığılırdı? Sakit okean, Şimal donanmalarından, Sibirdən, Sankt-Peterburqdan, Moskva və digər regionlardan minlərlə yeniyetmə ilkin mərhələyə cəlb edilir və bundan sonra onların 70%-i geri qaytarılırdı. Nəticədə, bir neçə idmançı seçilərək Mingəçevirə göndərilir və onlar burada ustalıqlarını artırırdılar. SSRİ-nin avarçəkmədə müəyyən uğurları olsa da, ölkə bu idman növündə aparıcı dövlət deyildi. Hazırda Almayniyada iki idmançının yerləşdiyi sükansız qayıqlar sinfində 32 avarçəkənlər ekipajı var. İşin genişliyini təsəvvür edirsinizmi? Odur ki, Bakı da daxil olmaqla ( Xəzərdə bütün ay ərzində külək əsdiyindən, bu idman növü üçün təbii şərait yoxdur), regionlarda da avarçəkməyə şərait yaradılmasa, sözügedən idman növündə ciddi nailiyyətlərdən danışmaq çətin olacaq", - deyə E.Zeynalov bildirib.
Bir sözlə, Azərbaycanda avarçəkmə beynəlxalq arenada ilk addımlarını atır və liderlər qrupuna düşmək üçün o, hələ böyük yol qət etməlidir. Hər halda, bu yolda ilk addımlar atılıb və komandanın əldə etdiyi nəticələrin ildən-ilə artacağına ümid etmək olar. Hələliksə, qalır "Kür" avarçəkmə bazasında yenidənqurma işlərinin başa çatmasını gözləmək - o, yeni avarçəkmə ustalarının hazırlanması və yetişdirilməsi üçün mükəmməl baza olacaq.
MƏSLƏHƏT GÖR: